Yağış damlasında gəl...

 

...Quş qanadında qayıt... Bir misra yazının başlığı, bir misra isə yazının birinci cümləsidir. Əfsanə Rəvanındır misralar, Şəkidə yaşayıb-yaradan istedadlı şairin:

 

Vallah, qınayan olmaz,

 

Keç inadından, qayıt.

 

Yağış damlasında gəl,

 

Quş qanadında qayıt.

 

Gördünüzmü, Əfsanənin dili necə rəvandır. Sosial şəbəkələrdə yayınlanan şeirlərini xeyli müddətdir izləyirdim. Bu yazıda nümunə gətirdiyim misraların hamısı bu günlərdə "Bir qələm" nəşriyyatında çapdan çıxan "Amma bağışladım" kitabından deyil. Mən hələ bu kitab çap olunmamışdan əvvəl sevmişdim onun şeirlərini. Amma kitabı da oxudum... Oxudum qənaətimdə yanılmadığıma sevindim.  Azərbaycanın, sözün həqiqi mənasında, əvəzolunmaz şairi Ramiz Qusarçaylının kitaba yazdığı "Gözlərin and yeri" adlı ön sözünü oxumaq bu şairi sevməyə yetər.

 

Əfsanə Rəvanın içi həsrət dolu şeirlərindəki həsrətin özü gerçəkdir. Çünki bu  həsrətin yaratdıqlarını da Əfsanə Rəvan sevgidən keçirib qələmə alır. Dünyada gerçək olan varsa, gözəldir. Həsrətin özünü sevgi yaratmayıbmı... Bu sevgi deyilənin ayrılığı olmasaydı, həsrət adlı bir nəsnədən danışmağa dəyərdimi... Bu həmin sevginin həsrəti deyilmi... "Düşmən" aşikar olanda  ürəklə "düşmənçilik" edərsən.

 

Həsrətdən əzab çəkən hər kəsin içində bir bağışlama istəyi var. Amma çox vaxt "yox, özümü sındırmayım" düşüncəsinin qarşısında guya bağışlamaq ağlımızın ucundan belə keçmir. Guya... Dedim axı, hər kəs bağışlamaq istəyir, sadəcə istəyir. Çox vaxt ürək eləmirik. Əfsanə Rəvanın amma bağışladım deməsi, hər şeydən öncə bir böyüklük düşüncəsidir. Axı, bir az əvvəl

 

Bəxtimin geyindiyi,

 

Paltarlar da qaraymış.

 

Dərdin ayaqlarında

 

Çəkmələrim darıymış

 

- demişdi.

 

Amma... Amma bağışladı ha... Çoxunun eyləyə bilmədiyi etiraf, köklənə bilmədiyi düşüncədi bu. Bəlkə ona görə deyir ki,

 

Gəl, bir anda yox eylə

 

İllərin həsrətini.

 

Vallah, qorxma, cəhd elə,

 

Bir addımdı çətini.

 

Çünki artıq bağışlanıb. Qayıtmağın yollarını da şair özü göstərir. Birinci addımı at, çətini odur... Yox, əgər yenə "yox, özümü sındırmayım" düşüncəsinin qulu olacaqsansa, olacaqlara qatlanacaqsan. Axı, bağışlayanın da darıxmaq deyilənə öyrəşməsi var. Ən dəhşətlisi budur:

 

İnsan darıxmaqlara,

 

Öyrəşir elə bil ki.

 

Mən qəşəng öyrəşdim,

 

Darıxmaq dərd deyil ki...

 

Zamanın darmcal vaxtında bir belə həsrətli yaşantıları poetik misralara çevirə bilən adam, son anda Yaradana da bədii sual göndərir:

 

İlahi, sənindəmi,

 

Dərdin başından aşır?

 

Bu boyda harayı eşitməmək olarmı?.. Amma bağışlayandan sonra da bu həsrətin güzəştə gedən tərəfi hələ ki, müəllifdir:

 

İnan mənə, uzaqdı sənə gələn yollarım,

 

Şaxta, boran, sazaqdı sənə gələn yollarım,

 

Hər döngəsi tuzaqdı sənə gələn yolların,

 

Bilmirəm hardan gəlim...

 

Çıx bu "yox, özümü sındırmayım" düşüncəsinin təsirindən, heç olmasa sənə gələn yolların koordinatını göstər. Biz sənin həsrətinin yazdırdığı bu şeirlərin müəllifini sevdik, sən o sevginin böyüklüyünü qoru...

Əfsanə Rəvanın bir neçə şeirini "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirik.

 

 

Vasif Süleyman

Ədəbiyyat qəzeti.- 2020.- 8 fevral. S. 7.