Tanrıya məktub
İlahi,
sənindəmi
Dərdin başından aşır?
Beynində min cür xəyal,
Min cür fikir dolaşır?
Yoxsa niyə sən mənim,
Səsimi duymayasan.
Hər gün qapına gələn,
Sənə ən yaxın olan
Kəsini duymayasan.
Hərdən məni də eşit,
Oyan yuxudan, oyan.
İzin
vermə, İlahi,
Dualarıma qıyam.
Mən hər gün əllərimi
Səmadan asdım, Allah!
İntihar günah idi,
Bağışla, bir də olmaz,
Bağışla, çaşdım, Allah!
Ah çəkirəm göyün
də,
Yerin də silkələnir.
Günəşin od içində
Başıma kül ələnir..
Bəlkə də dərdlərimi,
Eşitsən əvəzimə
Bir ömür
qəm çəkərsən.
Tanrı,
özünü qoru,
Mən bir az gözü sulu
Göylərdə çox uzanma,
Gözümdən nəm çəkərsən...
Darıxmaq dərd deyil
Nə başını ağrıdım,
Hər şey elə həminki.
Sən gedəndə də susdum,
Heç
bir söz demədim ki…
Qapı,
bacası açıq,
Gördüyün o evdəyəm.
Gəlib
eləmirsən ki,
Yenə
könlünü alam,
Yenə
sənə yalvaram
Yenə
məni sev deyəm..
Hər gün bir az qırılıb,
Öz içimdə
ölürəm.
Sən gedəndən yuxumu,
Saatlara bölürəm.
Nəfəs-nəfəs çəkirəm,
Təkliyi ciyərimə.
Dağ da olsa dözməzdi,
İnan mənim yerimə.
Mən indi darıxmağı,
Dərd hesab eləmirəm.
Daha sənə "qayıt, gəl,
Bir də getmə," demirəm.
İnsan
darıxmaqlara,
Öyrəşir elə bil ki.
Mən də qəşəng öyrəşdim,
Darıxmaq dərd deyil ki...
Sevdasına birinin
Öz-özünü yaxasan,
Dərddən göyə çıxasan.
Pəncərədən baxasan,
Dünyasına birinin.
Hər dərdinə yetəsən,
Ürəyində bitəsən.
Bir gün qurban gedəsən,
Sevdasına birinin.
O can mənsiz qəm yemir,
"Geri dön, qayıt" demir.
Qərq
olasan bir ömür,
Dəryasına birinin.
Başım, gözüm üstünə
Dəli
darıxmaq gəlir
Sən düşəndə
yadıma.
Heç
kim təsəlli
olmur,
Özün yetiş dadıma.
Gör,
haçandı görmürəm,
Xəyalın da nazlanır.
Sən tərəfə uçacaq,
Ürəyim pərvazlanır.
Havalar da soyuyub,
Əllərimdən buz düşür.
Görəsən bircə dəfə,
Yadına bu qız düşür?
Gəl,
bir anda yox eylə,
İllərin həsrətini.
Vallah qorxma, cəhd elə,
Bir addımdı
çətini.
Bütün darıxmaqları,
Bir gecəyə
sığışdır.
Bu dağınıq ömrümü,
Gəlişinlə yığışdır.
Gəl,
bax fani dünyadı,
Altı nə ki, üstü
nə.
Bütün olar-olmazın
Başım, gözüm üstünə.
Əfsanə RƏVAN
Ədəbiyyat qəzeti.-
2020.- 8 fevral. S. 7.