Biz məhz o sənədlərin
əsasında real tariximizin mənzərəsini yarada bilərik
Müzakirə
saatı: Milli ədəbi-mədəni düşüncə
tariximizə baxış
Yeni milli təfəkkürün
və məfkurə istiqamətinin düşüncədə
və əməldə ifadəsi necə keçir? Həm bədii fikrin, həm də tarix və ədəbiyyat
elminin bu istiqamətdə həmrəyliyi necədir? Milli yaddaş mənəvi sərvət kimi humanitar
tədqiqat və təhlillərimizdə öz əksini necə
tapır? Bu suallara cavab tapmaq məqsədilə
"Ədəbiyyat qəzeti"nin Müzakirə saatına
qoşulurlar: Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə
Əhmədova, filologiya elmləri doktoru Alxan Bayramoğlu,
filologiya üzrə fəlsəfə doktoru Şahbaz
Şamıoğlu, filologiya elmləri doktoru Elnarə Akimova və
"Ədəbiyyat qəzeti"nin
baş redaktoru Azər Turan.
E.Akimova: Xoş gəlmisiniz. "Ədəbiyyat
qəzeti"nin Müzakirə saatında ədəbiyyatımızın
müxtəlif yaradıcılıq problemlərini mütəmadi
olaraq analiz etməyə çalışırıq. Bu gün də belə bir məqsədlə
toplaşmışıq. Əsas məram
milli məfkurə, milli şüur oyanışı proseslərini
aktuallandırmaqdır. 2018-ci il
Cümhuriyyətin 100 illiyi kimi yadda qaldı. Ötən il də Cümhuriyyətlə bağlı bir
sıra işlər görüldü. Əhməd
bəy Ağaoğlunun 150, Əli bəy Hüseynzadənin 155
illiyi qeyd edildi. Öncə belə bir sual: Azərbaycanda
məfkurə dövrü hardan başlayır?
Ş.Şamıoğlu: Azərbaycanda məfkurə
dövrü, hesab edirəm ki, öz rişəsini XIX
yüzillikdən götürür. Bu da Azərbaycanın
ədəbi, mədəni, ictimai fikrinin çox böyük
və təkrarsız nümayəndəsi Mirzə Fətəli
Axundzadənin adı ilə bağlıdır. Ümumiyyətlə, hesab edirəm ki, XIX əsr Azərbaycan
ədəbiyyatı Axundzadənin adı ilə
bağlıdır. Vaxtilə Vayt
yazırdı ki, Balzaka qədər Avropada XIX əsr yox idi və
Avropanın XIX əsrini Balzak yaradıbdır. Biz həmin fikri bir qədər inkişaf etdirsək,
əminliklə deyə bilərik ki, Azərbaycanın yeni əsrini
- XIX əsrini Axundzadə yaratdı. Axundzadənin
"yaratdığı XIX əsr"
düz XX əsrin 20-ci ilinə qədər Azərbaycanda
Cümhuriyyətin süqutuna qədər davam elədi. Axundzadə doğrudan-doğruya fikir adamı, məfkurə
adamı idi. Amma öz dövründəkilərdən,
öz dövründə yaşamış böyük şəxsiyyətlərdən
tamamilə seçilirdi. Belə deyək
ki, XIX əsrin birinci yarısı deyəndə şübhəsiz
ilk yada düşən Bakıxanov olur, ağıla Vazeh gəlir,
Qutqaşınlı gəlir. Axundzadə
bunlardan dövr olaraq sonrakı mərhələdir.
E.Akimova: Artıq maarifçilik
epoxasının sütunudur.
Ş.Şamıoğlu: Bəli, böyük
maarifçidir.
E.Akimova: Sizcə, niyə, məhz M.F.Axundzadə
seçilə bildi?
A.Turan: Mirzə Bala Məmmədzadə
"Azərbaycan misaki-millisi" əsərində
İstiqlal bəyannaməsini təhlil edərkən məfkurə
tariximizin üç mərhələdən ibarət
olduğunu bildirir: Məfkurəyə hazırlıq
dövrü. Məfkurə uğrunda mücadilə
dövrü. Məfkurənin həyata tətbiq
edilməsi dövrü. Mirzə Bala Məmmədzadənin
belə bir qənaəti də vardı ki, Mirzə Fətəli
əlli il sonra dünyaya gəlsəydi, Azərbaycan
İstiqlal bəyannaməsi də əlli il sonra
yaranacaqdı. O səbəbdən ki, bunların arasında
sıx bir münasibət və əlaqə vardı.
Ş.Şamıoğlu: Söhbət ondadır ki,
deyək Bakıxanov böyük mütəfəkkir idi,
böyük ədəbiyyat adamı idi. Təkcə
Azərbaycanın yox, Şərqin tanınmış
simalarından biri idi. Geniş
dünyagörüşünə, zəngin biliyə malik idi,
ancaq o, şərqli olaraq qaldı. O, Şərqin
hüdudlarından kənara çıxa bilmədi. Eləcə
də M.Ş.Vazeh və digərləri... Şərqin
sərhədlərini xəyali də olsa aşıb
dünyaya çıxan ilk mütəfəkkir M.F.Axundzadə
oldu. O, yaradıcılığında da bunlardan bəhs
edirdi. İlk şeirlərindən olan "Zəmanədən
şikayət"də o dövranın çox qaranlıq
olduğunu, mühitin insanı usandırdığı,
yorduğundan şikayətlənir və deyir ki, mənə
dedilər "sən qəm yuvasından uzaqlaşıb
hökmən Tiflisə getməlisən". İlk dəfə
qaranlıq mühitindən işıqlı mühitə can
atan Axundzadə oldu. O, Tiflisə gedir. Fikir
verirsinizmi? Səbuhi olaraq o,
çıxış yolunu Tiflisdə görürdü.
Çünki Tiflisdə yeni bir dünya var, yeni
ədəbi mühit, yeni ictimai mühit vardı. Gənc
şair Səbuhi olaraq Tiflisə can atır. Tiflis mühiti onu
yetişdirir, müxtəlif xalqların nümayəndələri
içərisində inkişaf edir, rus, gürcü ədəbiyyatı
nümayəndələri ilə görüşür,
dünya ədəbiyyatı ilə tanış
olur. Amma Axundzadə dərk edir ki, Tiflis də
yetərli deyil. Bu səbəbdən onun qəhrəmanı
Şahbaz bəy Fransaya - Parisə getmək istəyir. Orada maraqlı bir epizod var. Əmisi deyir ki, sənin
Parisdə nə işin var? Yeni dil öyrənmək?
Dilləri bilirsən, ərəbi bilirsən, farsı
bilirsən, türkü və rusu da bilirsən. Şahbaz
deyir: "İnişil biz Tiflisə arx çəkdirməyə
getmişdik. Orada Allahverdi bəyin oğlunun xətri
mənim xətrimdən üstün tutuldu. Çünki o, firəng dilini bilirdi". Ona görə bu missiya Mirzə Fətəli Axundzadənin
boynuna düşdü ki, insanların beynində olan sindromu -
şərqli olmaq sindromunu ilk dəfə Axundzadə
sındırdı. Ondan sonra avropalaşma
hərəkatının əsası qoyulur. Birinci olaraq da oğlu Rəşidi Brüsselə -
Avropaya oxumağa göndərir. Baxın
ha Peterburqa yox, Brüsselə. Rəşid
gedənə qədər bizim yaxın və ya uzaq xaricdə
oxuyan kimlərimiz var idi? Mən bir
neçəsinin adını sayacam. Qafqazın birinci
şeyxülislamı Axund Məhəmməd Hüseynzadə
Bağdad Universitetini, ikinci şeyxi Şeyxülislam Fazil
İrəvani Qahirənin Əl-Əhzər Universitetini
bitirmişdi, sonrakı mərhələdə Seyid Əzim
Şirvani Bağdadda universitet bitirmişdi. Onların
hər biri əsl şərqli idi. İlk
dəfə şərqli qiyafəsini soyunan və özündən
sonra gələnlərə müasir qiyafəni geyindirən
Axundzadə olmuşdu. Oğlunu göndərir.
Ondan sonrakı mərhələdə Əhməd
Ağaoğlu Parisə gedir, Sarbon Universitetini oxuyur, həmin
müddətdə Əli bəy Hüseynzadə əvvəl
Peterburqda oxuyur, sonra İstanbul Universitetinə gedir, daha sonra Vəzirov,
Zərdabi Rusiya mühitində təhsil alır. Demək istədiyim odur ki, bu ənənəvi şərqlilikdən
dünyaya çıxışda, millətlərin və
xalqların tərəqqi uğrunda mübarizə
apardığı bir dövrdə Axundzadə öz millətini
digər millətlərin içində görmək istəyirdi.
E.Akimova: Ona görə də
"qamışlıqdan" çıxmaq məsələsini
qabardırdı.
Ş.Şamıoğlu: Bəli,
"qamışlıqdan" çıxmaq məsələsi
də var, başqa bir şey də var. Vurğulamalıyıq
ki, Axundzadə var ki, arxasınca Zərdabi gəlir. Axundzadə var ki, arxasınca Mirzə Cəlil gəlir,
Ömər Faiq gəlir, yəni kök Axundzadədir. Onlar da 3 xətlə inkişaf edir. Xəttin biri ilə C.Əfqani gedir. Digər xətlə Əli bəy Hüseynzadə,
Əhməd Ağaoğlu, Məmməd Əmin Rəsulzadə
gedir. Başqa bir xətlə də Həsən
bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Haqverdiyev və
b. gedir. Sonda onların hamısı gəlib
Azərbaycan Xalq Cümhuriyyəti məsələsində
birləşirlər. Yəni Axundzadənin
istər bədii yaradıcılığının, istər
epistolyar irsinin təhlili göstərir ki, onun konsepsiyası
Azərbaycan Xalq Cümhuriyyətinin konsepsiyasında əksini
tapır.
A.Turan: Axundzadə bu konsepsiyanı konkret
hansı əsərində irəli sürmüşdü?
Ş.Şamıoğlu: Axundzadənin müasirləşmə
konsepsiyasına həm onun müasirlərinə
yazdığı məktublarda, həm elmi əsərlərində,
həm də bədii yaradıcılığında təsadüf
edilir. O, məmur idi, çinovnik idi. Qafqaz
canişinliyində işləyirdi, rusca
danışırdı, dünyaya rus dili vasitəsilə
çıxırdı, amma inteqrasiyanı Avropada
görürdü. Avropa fəlsəfəsini
yaxşı bilirdi.
A.Turan: Avropanın hansı fəlsəfəsini?
Ş.Şamıoğlu: M.F.Axundzadənin müasirləşmə
konsepsiyasının, dünyagörüşünün
formalaşmasında Miltonun, Con Lokkun, Con Stüart Millin rolu var
idi. Hətta Con Stüart Millin
"Azadlıq" essesi ilə bağlı ayrı bir əsəri
də var. Lakin ədəbi nöqteyi-nəzərdən
formalaşmasında fransız ədəbiyyatının təsiri
vardı. Molyerdən üzü bu tərəfə
araşdırılmalıdır. Çünki
həm Şərq ədəbi fikri, həm də rus ədəbi
irsi fransız ədəbi düşüncəsinə
söykənirdi. Puşkinə qədərki
rus ədəbiyyatı tamam fərqli ədəbiyyatdır,
Puşkindən sonra onlarda yeni bir ədəbiyyat
başlayır. Lermontov, Turgenev, Tolstoy, Çexov
yetişir, Saltıkov-Şedrin yetişir, nəhəng bir ədəbiyyat
meydana gəlir. Bunu özləri də qeyd edir
ki, bu ədəbiyyata görə fransız ədəbiyyatına
borcluyuq. M.F.Axundzadə dram əsərləri
yazmaq, professional tənqidçi olmaqla təkcə ədəbiyyatı
və ədəbiyyatşünaslığı yeniləşdirmirdi,
cəmiyyətin yeniləşməsini istəyirdi. Ona görə də cəmiyyət quruculuğu məsələsində
o, ilk olaraq ingilis filosoflarına müraciət edirdi.
E.Akimova: O dövrdə, sanki hədəflər
də, tədqiq predmətləri də eyni idi. Diqqət
edək, Axundzadənin "Kəmalüddövlə məktubları",
Hüseynzadənin "Siyasəti fürusət",
Ağaoğlunun "Üç mədəniyyət" əsərlərinin
hər birində Şərqin məzlumluğunun kökündə
duran məsələlər dəqiq göstərilirdi.
Ş.Şamıoğlu: İndi onlara da
aydınlıq gətirəcəm. İstər
adi, müasirlərinə yazdığı məktublar olsun və
ya "Kəmalüddövlə məktubları". Sovet dövründə onu filosoflara vermişdilər
ki, bu, ateist bir əsərdir, onun tədqiqi ilə siz məşğul
olun.
A.Turan: "Kəmalüddövlə məktubları"
ilk dəfə nə vaxt üzə çıxıb?
Ş.Şamıoğlu: 1865-cı ildə "Kəmalüddövlə
məktubları"nı yazır. Sonra Mirzə Yusif xanla birgə farscaya, sonra da Adolf
Berje ilə ruscaya tərcumə edirlər. Bu əsərin Axundzadə ölənə qədər
onlarca nüsxəsi olur.
A.Turan: Amma C.Məmmədquluzadə yazırdı
ki, "Diqqət etməli burasıdır ki, Oktyabr
inqilabına qədər Mirzənin tərcümeyi-halından
rəvayət edənlər bu barədə heç bir isnad və
işarə eləməyiblər və onun dinsizliyindən
söhbət düşəndə, bir müəyyən dəlil
və sübut göstərməyiblər. Mərhumun
dinsizliyini onun əsərlərinin heç biri ilə təsdiq,
mərbut tutmayıblar".
Ş.Şamıoğlu: Burda belə bir məsələ
var da. Axundzadənin yaxın ətrafından
başqa, bu əsərin ona məxsus olduğunu heç kəs
bilmirdi. Sadəcə, 3 nəfər belə
bir əsərin müəllifinin Axundzadə olduğundan xəbərdar
idi. Biri Axund Əhməd Hüseynzadə
idi, çünki Axundzadə bu kitabı yazanda Əhməd
Hüseynzadə ayrı-ayrı yerlərdən onun
üçün yeni kitablar gətirirdi. Məsələn,
İbn Xəldunun "Tarix" kitabını İstanbuldan o
gətirmişdi. İkinci adam Qafqaz
müftisi Hüseyn Əfəndi Qayıbov idi.
A.Turan: Bəs siz Şeyx Əhmədin
bundan xəbərdar olduğunu haradan bilirsiz?
Ş.Şamıoğlu: Məktublarından.
Yazırdı ki, mən müəllif olduğumu gizləyirəm,
çünki həmvətənlərim, mollalar, din
adamları bilsələr ki, mən belə bir əsər
yazmışam sakitliklə qarşılamazlar. Amma
bizim şeyxülislam çox maarifpərvər bir insandır
və o məlum əsəri yazmaqda mənə kömək
edir. Hətta bu günlərdə mənə
İbn Xəldunun "Tarix" kitabını gətirdi.
Əlavə edir ki, sənə göndərdiyim
nüsxədə filan səhifədə düzəliş edərsən.
Axundzadənin arxivində belə bir müqavilə
var ki, orada 3 nəfərin imzası var - M.F.Axundzadə, A.Berje
və H.Ə.Qayıbov. Qeyd olunub - bu kitab
M.F.Axundzadəyə məxsusdur, A.Berje tərcüməçidir.
A.Turan: Şeyxülislam Hüseynzadə,
doğrudur ki, ümmətçilikdən milliyyətçiliyə
keçid dövründə müstəsna xidmətlər
göstərdi. Bütün islam tarixində
milli ədəbiyyat tarixini yazmağa təşəbbüs
göstərən ilk şeyxülislam oldu. Dünyəvi
elmlərin öyrənilməsini vacib bildi. Amma əlimizdə
heç bir sənəd yoxdur və olması da mümkün
deyil ki, "Kəmalüddövlə"nin
yazılmasında o, Axundzadəyə yardım etmiş olsun. Ümumiyyətlə, dünyasını dəyişənə
qədər Axundov ateist kimi tanınmamışdı,
heç bir yerdə və heç bir yazısında dinsizlik
etməmişdi.
Ş.Şamıoğlu:. Doğrudur, əvvəlcə
Cəlil Məmmədquluzadə də bunu bilmirdi. 1928-ci ildə M.F.Axundzadənin yubileyi ilə əlaqədar
üzdə olan insanlara tapşırılmışdı ki,
onunla bağlı yazılar yazsınlar. C.Məmmədquluzadə
2 məqalə yazır: biri "M.F.Axundov və qadın məsələsi",
ikincisi "M.F.Axundov dinlər haqqında". Orada
da M.F.Axundovla bağlı qeyri-dəqiq məsələlər
əksini tapır ki, bu da dövrlə əlaqədar şeylərdir.
İlk dəfə "Kəmalüddövlə
məktubları" ilə bağlı doğru məlumatı
əsrin əvvəllərində Ö.F.Nemanzadə verir.
A.Turan: Axı o, əsrin əvvəllərində
deyil, daha sonralar yazmışdı bu barədə.
Ş.Şamıoğlu: Yox, əsrin əvvəlləridir.
A.Turan: Hansı məqaləsində
yazıb?
Ş.Şamıoğlu: Xatirələrində
yazır. Yazılıb ki, əsrin əvvəlləri
idi, Tiflis bazarında gördüm ki, bir əlyazma satırlar.
A.Turan: Ömər Faiq 30-cu illərdə
yazır ki, mən onu Tiflisdə bazarda gördüm. Ömər Faiq Mirzə Cəlilin yanında idi.
Necə olur ki, o görür, Mirzə Cəlil
görmür? Öz dövründə -
1905-ci ildəki məqalələrində belə bir məqam
yoxdur axı.
Ş.Şamıoğlu: O xatirələrin hamısı
Ə.Haqverdiyev, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə,
M.S.Ordubadi - bütün bunların hamısına Sovet
hökuməti qurulandan sonra öz dövrü ilə
bağlı xatirələr yazmaq tapşırıldı. Bu memuarları Sovet hökuməti yazdırdı.
Təbii ki, o xatirələr çapa gedəndə
onları yaxşı-yaxşı redaktə etdilər.
A.Turan: Hər halda, Ömər Faiq əsrin
əvvəllərində yazmayıb. Əsrin
otuzuncu illərində əsrin əvvəlləri barədə
xatırladıqlarını yazıb.
Ş.Şamıoğlu: Ömər Faiq yazır ki,
əlyazmanı aldım. Gördüm Cəmalüddövlə
ilə Kəmalüddövlənin məktubudur.
Apardım Türkiyəyə, çapı ilə
bağlı heç bir şey alınmadı. Sonra
aparıb N.Nərimanova verdim. O da baxdı, dedi ki, 2-3
günə baxıb qaytaracaq. Lakin o kitabı
Ağamalıoğlu apardı. Sonra ilk dəfə
1925-ci ildə S.Ağamalıoğlunun ön sözü ilə
çap olundu. Ayrıca kitabçalar şəklində
çap edilir: 110 səhifəlik kitabça ərəb
qrafikası ilə, 56 səhifəlik isə latın
qrafikası ilə çıxıb. Həm də
S.Ağamalıoğlu "Yeni türk əlifbası komitəsi"nin sədri idi.
A.Turan: Ömər Faiqin Axundzadə ilə
bağlı xatirəsində sovet ideoloji təsiri açıq-aydın
görünür. Şeyxülislamı və
Müftini də "agent" adlandırır o xatirədə.
O xatirə inandırıcı deyil. Çünki
əsrin əvvəllərində heç bir yerdə bu haqda
məqalə, qeyd yoxdur. Axı Ömər
Faiqin bütün bunları əsrin əvvəllərində
yazıb çap etdirmək imkanı vardı. Yazmayıbsa,
deməli, məsələyə bir az fərqli
yanaşmalıyıq.
F.Əhmədova: Çox maraqlı məqamlara
toxunuldu. Elə, hər müzakirədə
düşünmək üçün bir tezis
çıxır. Azər müəllim
xatirə məsələsini doğru vurğuladı. Təbii ki, xatirələrdə həm tarixi
subyektivlik olur, həm də şəxsi subyektivlik. Buraya siyasi ideologiyanın, ictimai ideologiyanın təsiri
də əlavə edilir. Nəzərə
alaq ki, bu xatirələr çətin senzuradan keçərək
işıq üzü görüb. Bunlara
birmənalı mənbə kimi yanaşmaq düzgün deyil,
amma xatirələrdə olan elə ştrixlər var ki, o
şəxsiyyətə, o dövrə qiymət verəndə
tam mənzərəni formalaşdırır. İndi biz təkcə Sovet Hakimiyyəti
dövründə, sovet dövlətində
yazılmış xatirələrdən bəhs eləmirik.
Mühacirətdə yazılmış xatirələr
də var. Onlar da həmin insanın, şəxsin ideoloji, siyasi
baxışlarının təsiri altında yazılır.
Məsələn, Nağı
Şeyxzamanlının xatirələri. Nağı
Şeyxzamanlının xatirələrində çox
maraqlı məqamlar var.
A.Turan: Nağı Şeyxzamanlının
xatirələri olmasa biz bilməzdik ki, Nemanzadə Qafqaz
İslam Ordusunun Azərbaycana çağırılması
üçün İstanbula gedən nümayəndələrdən
biri olub, Ənvər paşa ilə görüşüb...
F.Əhmədova: Bəli. O, bir tərkibdə
nümayəndə kimi gedir. Amma bunları
mütləq mənada doğru kimi qəbul edə bilmərik.
Tarixi yanlışlıqlar da var, faktiki
yanlışlıqlar da. Məsələn,
orada bir bölmə var ki, Tağıyevə həsr olunub.
Orada yazılıb ki, Nərimanov rus
süngüsünün təsiri altında Tağıyevi həbsə
göndərdi. Halbuki, bunun necə baş
verdiyini bilirik. Lakin biz bunları təkcə
Şeyxzamanlının siyasi əqidəsi, sovetlərə,
bolşeviklərə, Nərimanova münasibəti ilə izah
edə bilmərik. Çünki bunlar
mühacirətdə idi. Sovet hökumətindən
gələn informasiyalar əsasında da yaza bilər. Yəni heç bir qərəz olmadan da bunları
yaza bilər. Yalnız bir neçə mənbənin
müqayisəli təhlili nəticəsində obyektiv fikir
söyləmək mümkündür. Humanitar
sahədə obyektivliyi qorumaq həmişə mümkün
olmur. Zamanla elə sənədlər,
faktlar ortaya çıxır ki, oturuşmuş müddəaları
alt-üst edir. O xatirələrdə istər-istəməz
müəllifin aldığı informasiyaların yer alması
da mümkündür. Bu səbəbdən də
xatirələr hansı dövrdə yazılmasından
asılı olmayaraq çox qiymətlidir.
E.Akimova: Burada bir məqama toxunmaq istəyirəm.
Sovet dövründəki ideoloji təhriflər,
faktın bilərəkdən yanlış yozumlanması kimi
hallar aparıcı idi. Bəs biz müstəqillik
dönəmində bu faktları nə qədər doğru
aça bildik, nə qədər yanlışları düzəldə
bildik? Məsələn, repressiya ilə
bağlı biz müzakirə keçirmişdik, məlum oldu
ki, o gerçəklər ki, sənədlərdə ehtiva
olunub, bir qismi hələ də sirr olaraq qalmaqdadır.
Cümhuriyyətlə bağlı 20-30 ildir ki, davamlı
araşdırma aparırıq, məqalələr, kitablar,
diskussiyalar... Lakin faktları nə qədər
aça bilirik, ədəbi prosesə nə qədər
ötürə bilirik?
F.Əhmədova: Təşəkkür edirəm,
siz çox vacib bir məsələyə toxundunuz. Təkcə müzakirə üçün deyil,
bizim strateji fəaliyyət xəttimiz üçün də
bu məsələ önəmlidir. Biz 30 il
də zamanın öhdəsinə buraxsaq, bu məsələlərə
toxunmasaq, ideoloji baxımdan boşluğu hiss edəcəyik,
sonrakı fəaliyyət kursumuz üçün bu yalnız
maneələr törədəcək. Təbii
ki, sovet dönəmində sənədlərin çap
işi çox sürətləndi. İndiki
dövrlə müqayisəsi heç dilə gəlməz.
İndiki Rusiya Federasiyası ilə müqayisə etsək,
orada bu iş olduqca mükəmməl şəkildə həyata
keçirilir. Sovet dönəmində çap
olunmuş materiallar, sənədlər yenidən çapa
buraxılır, fondlar açılır, yəni mütəmadi
olaraq işlər gedir ki, bu da çox qiymətli bir məxəzdir.
Çox təəssüf ki, Azərbaycanda nəinki
çap olunmuşlardan irəli gedib arxivlərdə toplu
halında qalmış sənədlərin çapı həyata
keçirilir, hətta əldə olanların öyrənilməsi
belə, sıfır səviyyəsindədir. Sovet dövründə çap edilmiş sənədlər
toplularında külli miqdarda informasiyalar var ki, biz ondan bəhrələnə
bilmirik. Hətta kütləvi şəkildə
onlardan yaxa qurtarmağa çalışırıq - onlar
kitabxanalardan atılır. Bolşevik ədəbiyyatı
kitabxanalardan götürülüb məhv edilir, bu
barbarlıqdır. Biz məhz o sənədlərin
əsasında real tariximizin mənzərəsini yarada bilərik.
Biz bu gün Şaumyan, Lenin, Stalin və
başqalarının xalqa qarşı qərəzli
münasibətindən danışırıq. Bunu nəyə əsasən deyirsiz? Ancaq onların irsinə baxdıqda. Məncə, hələ çap olunmuşlar əsasında
bunları aça bilərik. Çap
olunmayanlarla işim yoxdur. Bu bizim
itirilmiş tariximiz sayılır. Bu
günlərdə bolşeviklərin milli siyasəti ilə
bağlı tədqiqatla məşğul oluram. İstədim ki, Stalinin rus dilində kitablarından
tərcümə edim, işimi yazım, Azərbaycan dilində
də o dövrdə mükəmməl şəkildə tərcümə
olunan kitablar yadıma düşdü. Bir
neçə nəfərə o kitablarla bağlı müraciət
etdim, aydın oldu ki, onları atıblar.
A.Turan: Stalinin 1940-cı illərin ikinci
yarısında çıxan 12 cildliyi mənim şəxsi
kitabxanamda var, istəsəniz sizə verə bilərəm. Həm də maraqlıdır ki, 1940-cı illərin
ikinci yarısında marksizm klassiklərinin siyasi əsərlərinin
nüfuzlu tərcüməçisi Hüseyn Cavidin
bacısı oğlu Abbas Gülməmmədov olub.
F.Əhmədova: Bilirsiz, zaman gələcək,
bunlar təkrar çap edilməyəcək. Olmaları
olduqca əhəmiyyətlidir. Bir də ki,
bir var kimsə bunu şəxsi kitabxanasından
götürüb tullayır, bu onun şəxsi
düşüncəsinə, mədəniyyətinə, elminə
bağlı bir şeydir. Bir də var
kitabxanadan atılır. Bu,
bağışlanmaz bir cinayətdir.
A.Turan: Firdovsiyyə xanımın
sözünə qüvvət, məsələn, 1958-ci ildə
Bakıda nəşr olunmuş "26 Bakı komissarı"
kitabı baxmayaraq ki, bolşevik, sovet təmayüllü
kitabdır, buna rəğmən, o dövr haqqında,
xüsusən, 1918-ci il barədə yetərincə faktoloji
materialların toplandığı monumental məxəzdir.
F.Əhmədova: Elədir, yenə məhz
Azərbaycanın milli maraqlarına xidmət edəcək
informasiyanı onların irsində tapa bilərik.
Ş.Şamıoğlu: Çox doğru
vurğuladınız. O yazılıbsa, hansı ideoloji nəzərdən
yazılmasından asılı olmayaraq tarixdir. Sovet
hökumətindən kənarda, siyasi mühacirlərin
böyük bir qismi ədəbiyyatşünaslar idi, elm xadimləri
idi - bunların heç birinin irsinin öyrənilməsinə
Sovet hökuməti imkan vermirdi. Bu gün artıq sərhədlər
açıqdır, bizim müstəqilliyimiz var, Ə.Cəfəroğlunun,
Ə.Ağaoğlunun, Mirzə Bala Məmmədzadənin,
Abdulvahab Yurdsevərin M.F.Axundzadə ilə, Azərbaycan ədəbiyyatı
ilə, Azərbaycan yeni dövr ədəbiyyatı ilə
bağlı elə tədqiqatları var ki...
F.Əhmədova: Akademik tədqiqatları...
Ş.Şamıoğlu: Bəli, akademik tədqiqatları
var ki, o mənbələr bizə əvvəllər, 50 il əvvəl çatsaydı Axundzadəşünaslıq
çox inkişaf edərdi. Dolğun bir şey
olardı. Onları oxuyanda
düşünürsən ki, Axundzadəşünaslıq,
sən demə, yarı-yarıya boşluq imiş.
A.Turan: SSRİ-nin süqutundan əvvəl
Kommunist Partiyasının bütün sənədləri
Moskvada ayrıca çoxcildlik kimi nəşr olundu. Bu baxımdan, Türkiyədə də arxiv sənədlərinə
münasibət bizdən fərqlidir. Bir neçə il əvvəl İstanbulda nəşr
olunmuş bir kitab oxudum: "1944-1945
Irkçılık-Turancılık davasında Sorğular. Savunmalar". 1944-cü ildə
Türkiyədə turançıları həbs ediblər.
600 səhifəyə yaxın kitab
bütövlükdə onların məhkəməsinin
stenoqramından ibarət idi.
F.Əhmədova: Çox üzr istəyirəm,
Azər müəllim. Biri var ki, kütləvi cəmiyyət
üçün qadağa olunsun, biri də var məhdud dairədə
nomenklatura səviyyəsində şəxslərin bu məsələlərdən
xəbərləri vardı. Xaricdə
sovetoloqlar institutu fəaliyyət göstərirdi və xaricdə
olan nəşrləri göndərirdilər. Mən hələ son dövrdəkiləri qoyuram bir
tərəfə. N.Nərimanovun arxivində, daha
doğrusu, Rusiya Sosial Siyasi Sənədlər Arxivində
"Delo Narimanova" adlı bir neçə qovluq var. Bu,
1923-cü ildə Stalinə yazılmış məktubla əlaqədar
yaradılmış komissiyanın materiallarıdır. Təbii ki, bu, Nərimanova qarşı
kampaniyanın tərkib hissəsi olaraq toplanmış sənədlərdir.
Orada bir sənəd var-M.Ə.Rəsulzadənin
"Azərbaycan Cümhuriyyəti" əsəri ilə Nərimanovun
tanışlığı haqqındadır. Nərimanovun
bu əsərlə biraylıq müddətində tanış olması ilə
bağlıdır. Verilib ki, 1 ay ərzində tanış
olsun, 1 ay sonra qaytarmalıdır. Yəni bir səhifəlik
sənəddir, amma siz bilirsiz də Stalinin fərmanı ilə
o əsər üçün xüsusi komissiya
yaradılmışdı ki, tarixçilər onu oxuyub
münasibət bildirsinlər, fikirlərini yazsınlar. Bu tamam başqa bir məsələdir. Yəni bu məsələni dövlət öz nəzarətində
saxlayırdı ki, onun ideologiyası ilə bağlı xaricdə
hansı mətbuat, hansı yazılar var, lakin bu
informasiyanı cəmiyyətdən gizli saxlayırdılar,
çünki cəmiyyəti məlumatlandırsalar, o dövləti
saxlamaq olmazdı.
A.Bayramoğlu: Biz bayaq məfkurə yolunda
çap olunanlardan danışdıq. Onlar da
normal çap olunmurdu. Hətta ədəbi
əsərlər də nəzarətdə idi. Nizaminin əsərləri çap olunurdu, Allaha,
peyğəmbərə olan müraciətləri
götürülürdü. Yaxud tərcümə
ədəbiyyatından danışaq. Fransız,
ingilis dilindən olan tərcümələrə əvvəl
senzura baxırdı, ideoloji məqamları
çıxarıb göndərirdi tərcüməyə.
E.Akimova: Alxan müəllim, bəs indi
hansı məhdudluqlar var?
A.Bayramoğlu: O vaxt bizim şüurumuzu tam
formalaşmağa qoymadılar, yarımçıq sənədlər,
yarımçıq ədəbiyyatlarla tanış
olduq, bizim baxışımız, şüurumuz düzgün
inkişaf eləmədi, çünki istinad elədiyimiz mənbənin
özü bizə yarımçıq
çatdırılırdı. Bir də
repressiya xofu var idi. Nəinki "Quran"ı,
ərəb əlifbası ilə yazılmış istənilən
kitabı oxumaq mümkün deyildi. O saat tuturdular ki, sən
"Quran" oxuyursan. Ona görə ərəb
əlifbasında olan əlyazmaların əksəriyyəti
yandırıldı. Ümgülsümün
bir əsəri tapıldı. Ocaq yerinin
altında bükülüb saxlanılmışdı. Heç kəsin ağlına gəlməyən yerlərdə
gizlədirdilər. O dövrdə belə faktlar çox
idi. Həm xofla bağlı, həm ideoloji
yanaşma ilə bağlı bizi normal inkişaf etməyə
qoymurdular. XIX əsrdə bizi işğal
etdikdən sonra yeraltı, yürüstü sərvətlərimizlə
yanaşı, intellektimizdən də istifadə eləməli
idilər. Ona görə bizi yaxşı fəhlə
kimi yetişdirmək istəyirdilər, o texnikadan, texnologiyadan
istifadə edə bilməyimiz üçün bizi
oxutdururdular. Amma necə oxutdururdular? Çünki rus dilində adi "bura gəl, ora
get" sözlərini bilmirdik. "Danabaş
kəndinin məktəbi"ndə də bu məsələyə
toxunulub. Rusdan qaçırlar, məktəb
üçün uşaq yığmağa gələnlərdən
uşaqlarını gizlədirlər. Camaatı
yığırlar ki, uşaqları məktəbə
yazdırın, dili, yazıb-oxumağı öyrənsələr
soldatın dilini başa düşəcəklər. Camaat da qorxur ki, birdən onları soldat apararlar.
Amma rus dövləti bir və ikisinifli məktəblər
açdı, yuxarı getmədi, çünki onlara
düşünən kütlə lazım deyildi. Rəsulzadənin bir fikri var. Deyir uşağın
ki ağzı yeməyə dəydi, südə yaxın
getmir. Cəmiyyət də elədi. Maarifi dadan kimi mollaxanadan qaçıb məktəbə
getdilər. Bu hal kütləviləşməyə
başladı.
F.Əhmədova: Alxan müəllim, burada
bir məsələ də var. O mühafizəkarlıqdan
danışdız. O toplumun konservatizmində özünü
qorumaq instinkti var idimi? Ən azından o toplum
özünü assimilyasiyadan qoruduğunu
düşünürdümü?
A.Bayramoğlu: Məncə, xeyr. Bu
öz şüurunu qorumaqdan çox, fiziki qorunma idi. Bu
kütlə assimilyasiyadan qorunduğunu düşünə də
bilməzdi...
F.Əhmədova: Məncə də o toplum
bu haqda düşünə bilməzdi, amma bu mühafizəkarlıqda
kortəbii qoruma düşüncəsi formalaşırdı.
Ənənəviliyi qoruyaraq, toplum olaraq
özünün əriməsinə imkan vermirdilər. Onsuz da müstəmləkə o siyasəti yeridirdi.
A.Bayramoğlu: "Eyləmərəm mən onun
gözdən axan yaşına, /Baxsın özündən
böyük öz qoçu qardaşına". Sabir də bunu yazırdı. Oxumağa
qoymamaları mühafizəkarlıqdan gəlirdi.
F.Əhmədova: Düzdür, bu, təqdir
olunası hal deyil. Rusiyanın siyasəti ilə
bağlı bir məsələ yadıma düşdü.
M.Ə.Rəsulzadə qeyd edir ki, xalq, toplum
özünü yeni gələn qüvvə tərəfindən
məişəti ilə, dünyagörüşü ilə,
mətbəxi ilə, dili ilə, dini ilə
bütünlükdə işğal olunduğunu dərk elədi.
Çünki əsrlər boyu gələnlər
ya etnik, ya dini baxımdan yaxın qüvvələr idi. Bu yeni qüvvə isə tamamilə, bütün
parametrləri ilə yad bir qüvvə idi.
A.Bayramoğlu: Rəsulzadə bu mənada deyir ki,
biz bu müstəqilliyi əldə elədik, xalq onun
dadını bildi, daim həsrətini çəkəcək.
F.Əhmədova: Alxan müəllim, sizin
vurğuladığınız konservatizm, mühafizəkarlıq,
məktəbə həqarət kimi məsələlər XIX
yüzillik üçün bir dirəniş olsa da, XX
yüzilliyin əvvəli üçün artıq bir bəladır.
Ş.Şamıoğlu: Qafqazın Rusiya tərəfindən
işğalından sonra yeni ictimai, siyasi, mənəvi
münasibətlər formalaşmışdı. İnsanlar illərdən bəri bağlı
olduqları Şərqdən ayrılıb yeni bir sistemə
birləşirdilər. Sovet dövründə deyirdilər:
Qafqazın Rusiyaya birləşdirilməsi. Hətta
Engelsdən misal gətirirdilər ki, Rusiya Qafqaza münasibətdə
mütərəqqi münasibət göstərir. Doğrudur, Rusiya yeni münasibətlər
formalaşdırırdı, bizi ənənəvi həyatımızdan
ayırırdı, yeni tipli məktəblər
açırdı, Gəncədə, Bakıda, Şuşada
və s. Yaxud 1845-ci ildə Tiflisdə rus teatrı
yaradıldı, ardınca gürcü, erməni və Azərbaycan
teatrı yaradıldı.
A.Bayramoğlu: Şahbaz müəllim, düz
deyirsiz, amma işğaldan sonra bizi işlədə bilmək
üçün oxutmağa məcbur idi. Onların
elədikləri xeyrimizə olduğu qədər, həyatımıza
mənfi təsir göstərirdi.
F.Əhmədova: Bu müstəmləkəçiliyin
yeritdiyi ənənəvi siyasət idi. Oxşar
hadisələr hər zaman və hər imperiyada
yaşanıb. Köçürülmə də,
assimilyasiya da, özününküləşdirmə də,
amma dünyada da gedən bir proses var idi. Maarifçilik
hərəkatı var idi. Siz bayaq dediniz ki,
Axundov niyə Rusiyaya yox, Avropaya üz tutdu. Çünki Rusiyanın özündə də
müstəbid rejim vardı. O çağdaş dəyərlər
Avropadan idi. O da bu səbəbdən Avropaya üz tutur.
Ş.Şamıoğlu: A.Yurdsevər deyir ki,
Axundzadənin Puşkinin ölümünə qəsidə
yazması mədhiyyə xarakteri daşıyırdı. Rusiyanın özündə də "zapadniki"
deyilən qruplar var idi ki, deyirdilər nicat yolu Qərbdədir.
F.Əhmədova: Rusiya özü də
feodal ölkəsi idi.
A.Bayramoğlu: Bəli, düz deyirsiz, feodal ölkəsi
idi. Yekaterinanın dövründə Avropada
istehsal münasibətləri tətbiq olunmağa
başladı. Azərbaycan da gəldi həmin
gəminin içinə. Rusiya bizi məqsədsiz
oxutmurdu, özünə səmərəli işçi
qüvvəsi hazırlayırdı. Ruslaşdırmaq
sonrakı mərhələ idi.
A.Turan: Məncə, deyil, ruslaşdırma
onların elə başlanğıcdakı siyasəti idi. Qaspıralının "missionerlər əllaməsi"
adlandırdığı İlminski faktorunu, İlminski
sistemini necə unuda bilərik.
A.Bayramoğlu: Sadəcə, əvvəl gizli idi. Bir rus generalının məktubu var. Yazır ki, mən
Qafqaza gələndə gördüm ki, bunlar vəhşidir.
Onlarla davranmaq mümkün deyil, onları yola gətirmək
üçün maarifləndirmək lazımdır, öyrətmək,
savadlandırmaq lazımdır ki, işlədə bilək.
Ona görə məktəblər
açılırdı. Üsuli-cədid
- yeni tipli məktəblər, mollaxanalardan, dini məktəblərdən
fərqli məktəblər.
E.Akimova: Məncə, üsuli-cədid məktəblərini
bu sıraya daxil etməyək. Üsuli-cədid
sırf milli hadisədir.
A.Bayramoğlu: Bizim ziyalılarımız
gördü ki, burada bizim xeyrimizə olan məsələlər
var. "Ziyayi-Qafqaziyyə" qəzetinin redaktoru Səid
Ünsizadənin belə bir fikri var: Bizim
ziyalılarımız onların "oyun qaydaları" ilə
danışır. Onların
danışığında görünür ki, bizim
ziyalılar zahirən ruslara yarınmağa
çalışsalar da öz məqsədləri, öz
xeyirləri üçün istifadə edirdilər. Məsələn, xaricdən, İrandan, Türkiyədən
gələn kitabları qabartmaqla kitab çapının icazəsini
almağa çalışırdılar. Şüarları
da bu idi, kənar ölkələr də görəcək ki,
rus təbəəliyində olan müsəlmanlar necə
inkişaf edir və onların da rusa rəğbəti
yaranacaq. Eləcə də qızlar
üçün sənət məktəbi açır, yenə
də hədəf diqqəti istənilən mövqeyə cəlb
etmək idi. Bunlardan yararlana-yararlana özlərini
inkişaf etdirirdilər.
F.Əhmədova: Bu rejim bütün
imperiyalarda olub. İdeoloji rejim onun
sütunlarını laxlada biləcək ana qədər ədəbiyyata,
elmi düşüncənin inkişafına imkan yaradır.
Yerli kadrların yetişməsinə qədər,
özünə xidmət etdirəcək qədər
inkişaf etməsinə şərait yaradır. 2 tip
ziyalılar vardı, oxuyub qazandıqları ilə xalqa xidmət
edənlər, potensialını xalqa həsr edənlər,
bir də məmur xislətilə yaşayıb gedənlər.
A.Bayramoğlu: Bizim uğurumuz da onda oldu ki,
ziyalılarımız, potensial gücümüz
yavaş-yavaş fürsətdən yararlana-yararlana milli
özünüdərki formalaşdırdı.
F.Əhmədova: Onun da bir sıra şərtləri
var idi.
A.Bayramoğlu: İslam deyirdi, bunlar müsəlmandır.
İslamda hümmət var idi, millət
anlayışı yox idi. Ruslar isə
tatarlar deyirdilər, rus-tatar məktəbləri
açırdılar. İslamın
hümmət anlayışını davam etdirərək
ruslaşdırmanı inkişaf etdirirlər - rusca
danış, rusca oxu, rusca yaz. Bizi
ruslaşdırmağa çalışırdılar. Maarifin dadını görən millət isə daha
da öyrənməyə, inkişaf etməyə
başladı. Bizim cədidizm hərəkatı
formalaşırdı. M.F.Axundzadə, Mirzə
Şəfi də oxuyub millətə xidmət etməyi əsas
hədəf seçirdilər.
A.Turan: Əslində, rusca qüsursuz
danışan tatar imperiyanın gözünün düşməni
idi. İlminski nə deyirdi. "Rus
təhsili olmayan və rus dilini bilməyən fanatik müsəlman
bizimçün daha faydalıdır, nəinki rus mədəniyyətini
mənimsəmiş tatar. Və daha betəri
aristokratdır, ondan da betər universitet bitirmiş müsəlman".
Məncə, bu baxımdan tarixdəki milli şəxsiyyətlərimizin
rolunu dəqiq qiymətləndirməliyik.
Ş.Şamıoğlu: Müstəmləkəçilik
siyasəti bir-birinə bənzəyir. Onun dili
yoxdu. Fransızlar Afrikada, ingilislər Cənub-Şərqi
Asiyada, ruslar bizim bölgədə nə eləyibsə, iki
damcı su kimi bir-birinə bənzəyir.
F.Əhmədova: Prinsip, forma etibarilə bir-birinə bənzəyir. Mahiyyəti eyni idi.
Davamı gələn sayımızda
Ədəbiyyat qəzeti.-
2020.- 8 fevral. S. 8-10.