Ay
işığından ağ
işığa
"Göyərir
günah içimdə
Alovlanır
ah içimdə
Əyləşib
Allah içimdə
Ona hesabat verirəm".
"Sizə hardan deyim, kimdən deyim, Hasan Paşadan. Elə ki,
Əliqulu xanla Koroğlunun dostluğu xəbəri Hasan
Paşaya çatdı, kürkünə birə
düşdü".
Anadolunun şərqdəki şəhəri
İğdırın Quzugüdən kəndində 7-8
uşaq bir dükanda oturub, Məhbub əminin
yaşılımtıl gözlərinə baxaraq
"Koroğlu" dastanını dinləyirdik. Məhbub əminin beş qızı vardı, oğlu
olmamışdı. Ona görə də kəndin
oğlan uşaqlarını öz oğlu kimi sevər, o zaman
yaşı altmışı keçsə də bizimlə
top oynar, axşamları da başına toplayıb
nağıllar, hekayələr söylərdi. Bu dəfə isə Koroğlunun Ərzincan səfərindən
danışırdı. Onun
"kürkünə birə düşdü"
sözü o qədər xoşumuza gəlmişdi ki, aylarla
bir-birimizə "kürkünə birə
düşdü" - deyib gülmüşdük.
İllər sonra kəndə getdiyimdə Məhbub əmi
yox idi artıq. Sadəcə özü deyil,
qızları, xanımı da yox idi. Xanımı
rəhmətlik olmuş, qızları isə evlənib ailə,
oğul-uşağa qarışmışdılar. Kəndin girişindəki yıxıq kərpic evin ətrafında
dolanmış, bağçadakı ərik ağacını
oxşamışdım. O anda onun söylədiyi hekayələr
və "kürkünə birə düşdü"
sözü yadıma düşmüşdü. Sonra da, sanki o yıxıq evin
içindən Dədə Qorqudun əsrlər öncə
söylədiyi sözlər yüksəlmişdi:
"Hanı öydüyümüz bəy ərənlər?
Dünya mənim, deyənlər?
Əcəl
aldı, yer gizlədi,
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli
dünya
Son ucu ölümlü dünya".
Uşaqlığımın ən nurlu üzü olan Məhbub
əmi illər sonra Almaniyada yenə qarşıma
çıxdı. Bu dəfə bir insan olaraq deyil, bir kitab
olaraq qarşımda idi. Yenə Koroğlunun Ərzincan səfəri,
Yenə Hasan paşa, yenə "kürkünə birə
düşdü" sözü...
O kitabda əzbər
bildiyim Ərzincan boyunu təkrar oxudum. Gerçəkdən
də eyni sözlər, eyni söyləniş, eyni şeirlər
məni heyrətə saldı. Əcəba
bunu yazan da mənim kimi Məhbub əmini dinləyənlərdən
biriydimi? Xeyr, onlardan biri deyildi, amma o
kitabı yazan bizim İğdıra elə də uzaq olmayan
Tovuzda dünyaya gəlmiş Aydın Qurbanoğlu idi.
Demək ki, Məhbub əmilər bizim səsimizin,
sözümüzün hakim olduğu diyarlarda gəzməsələr
də, sözləri, dastanları eyni məqamda o diyarları
gəzir, 10-12 yaşındakı uşaqların ruhuna
Koroğluların qəhrəmanlığını,
dürüstlüyünü naxış-naxış izləyirdi.
Bundan nəsibini alanlardan biri də Aydın
Qurbanoğlu idi. Onun 400 səhifəlik
"Koroğlu" kitabı Boludan başlayıb
Türküstan çöllərinə qədər
fırtına kimi əsən bir türk süvarisinin cəsarətindən,
eşqindən, dostluğundan və zalımlara qarşı
üsyanından bəhs edirdi.
Əslində, onu mən həyat yoldaşım vasitəsilə
qiyabi uzun zamandır tanıyırdım. On ilə yaxın Azərbaycan
radiosunda işləyən yoldaşım Afaq, Aydın
Qurbanoğlundan və Akif Səməddən tez-tez söz
açar, onların ürəyindəki millət eşqindən,
şeirlərindən örnəklər verirdi. Sonra ustad Məmməd
İsmayıl məni onunla tanış
etdi. Amma bu tanışlıq uzaqdan
görüntülü bir görüşmə ilə
gerçəkləşmişdi. Nə əlini
tuta bilmiş, nə də Məhbub əminin söhbətinə
bənzəyən sözlərini yaxından duya bilmişdim.
O görüşmədən bir müddət sonra Aydın
hoca nəvəsi Tuncay vasitəsilə iki kitabını mənə
göndərdi. Kitabların ikisinin də boş
səhifəsinə yazdığı səmimi sözlərdən
daha çox atdığı tarix məni bir xeyli
düşündürmüşdü. Hər ikisində
eyni tarix vardı: "Bakı şəhəri, 03. 10. 1918-ci il".
Sonra onun
digər əsərlərini, şeirlərini oxuduqca bu tarixin
onun beynində necə bu qədər yer etdiyini, 2018-ci ili belə "1918" gördüyünü
anladım. Bu tovuzlu Koroğlu ürəyinin başında
saxladığı dastanlarla özgürlüyün aşiqi
idi, dilində sel kimi axan Dəli Domrul sözləri vardı:
"Haqq
yolunda yor atını
Al
Tanrıdan baratını
Haydı,
səyirt Qıratını
Gündoğandan,
günbatana!".
Onun hər misrasında özgürlüyün səsi
duyulur. Hər şeirinin çərçivəsi ana
dilinin ən parıltılı kəlməsiylə
hörülmüşdür. Sadəcə
omu? Şeirləri eynilə Koroğlunun
bütün Asiyadakı "Çənlibeli" kimi qocaman
bir coğrafiyanı - Tovuzdan Təbrizə, Təbrizdən
İstanbula, İstanbuldan Kaşğara qədər bizim olan hər
yerə uzanıb gedər. Bəlkə də onun görə
ustad Məmməd İsmayıl onun "Ağ
işıq" adlı kitabına yazdığı ön
sözdə bir xatirəsini anlatmadan keçməz:
"Türkiyənin
ünlü şairi Ali Akbaşla hər
görüşümüzdə mənə bunu söylərdi:
Azərbaycan şeiri dediyimdə yadıma ilk düşən
Aydın Qurbanoğlunun "Araz üstə nar
bağı" kitabı olur".
Aydın Qurbanoğlunun şeirlərini oxuduqca mən də
Ali Akbaşa haqq qazandırdım. Çünki onun
şeirlərində "sən, mən, mənim eşqim, mənim
həsrətim" kimi şəxsi mövzulardan daha çox
"biz" vardı. Bizim özgürlüyümüz,
bizim gələcəyimiz, bizim röyalarımız, bizim
savaşımız və bizim Qarabağımız! O, eynilə
Yunus Əmrə, Əhməd Yasəvi kimi bir qartal
baxışıyla bizim mənəviyyatımızın
olduğu coğrafiyaya baxdığı üçün əsla
özünü görməz. Bizim
hamımızı görər. Onun
gözlərində zamansız itirdiyi oğlu Ayxanla birlikdə
Qarabağ uğrunda şəhid olan bütün oğullar
vardır.
Onun dostluğu da qucaqlayıcı bir dostluqdur. Vəfalı,
candan, səmimi və mənfəətsiz bir dostluqdur.
Ən yaxın dostlarından biri olan Akif Səmədə
yazdığı bir şeir bəzən bir bayatı, bəzən
də bir üsyan, hesab görməkdir:
"Oyum
oyum oyuldu ha
Öyüldü
ha, döyüldü ha
Yer
adamı döyüldü ha
Bəylər,
Akifi neylədiz?".
Şair,
redaktor, ssenarist, folklorçu ürəyi yanğın yerinə
dönmüş Aydın Qurbanoğlu bir neçə gün
öncə Ay işığından ağ
işığına doğru getdi. Mütləq
onu ilk qarşılayanlardan biri də Akif Səməd oldu.
Dədə Qorqud, Koroğlu isə ona: "Xoş gəldin
oğlum, gəl, boy boylayıb, soy soralım" demiş
olacaqdılar. Necə ki, Hüseyn Nihal Atsız
"Yolların sonu" kitabında bir şeirində öz
ölümünü təsvir edir:
"O
sarayda bulunca Tanrılaşan ərləri
Artıq gözüm arxaya bir daha dönməyəcək.
Həpsi
sussa da "Kürşad" uzadarak əlini;
"Xoş
gəldin, oğlum ATSIZ,
kutlu
olsun! "deyəcək".
Kutlu olsun
gedişin, Qurbanoğlu! Məzarın işıqla dolsun!.
Orxan Aras
Ədəbiyyat qəzeti.-
2020.- 8 fevral. S. 15.