Köklü abidələr kimi

 

AMEA-nın "Türkologiya" jurnalının baş redaktoru, akademik Kamal Abdulla ilə jurnalın redaksiya heyətinin üzvü, professor Aydın Ələkbərlinin söhbəti

 

Kamal Abdulla. Aydın müəllim, əvvəla, sizə təşəkkür etmək istəyirəm ki, belə söhbətə, dialoqa razılıq verdiniz.

 

Aydın Ələkbərli. Nə danışırsınız? Mən "Türkologiya" jurnalının redaksiya heyətinin üzvüyəm. Sizin təklifinizdən imtina edə bilərdim?

 

K.A. Sağ olun. Eyni zamanda düşünürəm ki, bu söhbətimiz təkcə Azərbaycanın çox görkəmli dilçisi Aydın Ələkbərli haqqında olmayacaq, Azərbaycan dilçiliyi, dilçilərimiz, "Türkologiya" jurnalı və yaxın dilçilik tariximizdəki başqa mətləblər haqqında da olacaq.

 

Söhbətə bizi ta qədimdən birləşdirən bir məqamla başlamaq istərdim. Bu, Moskva mühiti və Moskva dilçilik məktəbidir. Biz sizinlə Moskva türkoloji məktəbinin yetirmələriyik. Mən sizdən bir neçə il sonra SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutu Türkologiya şöbəsinin aspirantı olmuşam. Bizim elmi rəhbərimiz bu şöbədə çalışan görkəmli sovet dilçisi, türkoloqu, həmyerlimiz Ninel Zeynal qızı Hacıyeva olub. Allah ona rəhmət eləsin.

 

A.Ə. Çox gözəl insan və dilçi idi. Özü də Bakıdan idi. Həyat yoldaşı da Serebrennikov Boris Aleksandroviç idi.

 

K.A. Bəli. Boris Serebrennikov görkəmli sovet dilçisi və Elmlər Akademiyasının müxbir üzvü idi. Amma Ninel Zeynalovanın əsli Ordubaddan idi.

 

A.Ə. Hə, mən onu bilmirdim.

 

K.A. Bunu mən onun dilindən eşitmişəm. Atası vaxtilə böyük vəzifələrdə çalışmışdı. Sonra repressiya qurbanı olmuşdu. Ninel xanım və anası sonralar Moskvaya köçmüşdü. Həyat onu müxtəlif dilçilik istiqamətlərinə atmışdı. Görkəmli dilçi Nikolay Konstantinoviç Dmitriyevin tələbəsi olmuşdu. Yadıma gəlir, Nikolay Dmitriyevin "Başqırd dilinin qrammatikası" adlı klassik əsərini oxumağı bizə həmişə tövsiyə edərdi. Çünki bu əsər türkologiyanın qrammatika sahəsində yazılmış şah əsərlərindən biri idi.

 

A.Ə. Nikolay Dmitriyev akademik Şirəliyevin dəvəti ilə tez-tez Bakıya gələrdi. Onun Azərbaycan dilçiləri ilə sıx əlaqəsi var idi.

 

K.A. Elədir. Aydın müəllim, Moskva dilçilik mühitini necə xatırlayırsınız? Necə oldu ki, Siz Moskvaya getdiniz?

 

A.Ə. II-III kurslarda Moskva Dövlət Universitetində üç semestr oxumuşam. 1950-ci ilin lap əvvəlləri idi. Rusiyaya köçdüm, Moskvada rus filologiyası üzrə təhsil aldım. Sonra aspiranturada oxudum. Bir otaqda azərbaycanlı professor Gül, ukraynalı Matveyev, atam və mən qalırdıq.

 

K.A. Sizə suallarımdan biri də atanızla bağlıdır. Qulam Ələkbərli Azərbaycanın fonetika sahəsində çalışan böyük dilçilərdən idi. Mənə elə gəlir, sizin də sonralar dilçi olmağınızda onun böyük rolu olub.

 

A.Ə. Şübhəsiz. Atam 1947-ci ildə vurğudan yazdığı namizədlik dissertasiyasını Moskvada müdafiə etmişdi. Sonra 1958-ci ilə qədər Bakı Dövlət Universitetində rus dili kafedrasının müdiri vəzifəsində çalışmışdı. 1958-ci ildə vəfat etdi.

 

K.A. Gənc Aydın Ələkbərlini hansı dilçilik mövzusu maraqlandırırdı və o, özünə namizədlik dissertasiyası kimi hansı mövzunu götürdü? Bu mövzuya onu kim yönləndirdi?

 

A.Ə. Namizədlik mövzusu kimi mən mürəkkəb felləri götürmüşdüm. Məndən əvvəl sonralar Dilçilik İnstitutunda bir yerdə çalışdığımız Zərifə Budaqova da bu istiqamətdə elmi iş yazmışdı. Bu mövzular o vaxt dəbdə idi. Mövzunu mənə Ninel Hacıyeva vermişdi. Bu mövzunu Nikolay Aleksandroviç Baskakovun dilçilik baxışlarına uyğun istiqamətdə işləmişdim. Mənə əvvəlcə Ervand Vladimiroviç Sevortyan rəhbər təyin olunmuşdu. Məqsədli aspiranturaya sonralar görkəmli dilçimiz professor Vaqif Aslanovla bir yerdə getmişdik. İkimiz də bir yerdə qalırdıq. Mövzunu mənə verəndə elmi rəhbər kimi mən Nikolay Aleksandroviç Baskakovu seçmişdim. Ervand Vladimiroviç Sevortyan isə demişdi ki, bu aspirantı məndən alın və verin Ninel Hacıyevaya.

 

K.A. Moskvada unudulmaz müəllimlərdən biri də professor Makayev idi. O, mənə Moskvada komparativ dilçilikdən dərs deyib. Onun musiqi sənəti ilə çox ciddi əlaqəsi vardı. Məşhur musiqiçilər ilə dostluq edirdi. Dil və musiqi arasında incə əlaqələri öyrənirdi. Çox dərin mütəxəssis idi. Sössürdən fransızca, Humboltdan almanca bizə sitatlar səsləndirirdi. O, bəlkə də, sonuncu komparativistlərdən idi. Təəssüf ki, Azərbaycana komparativistika dalğası gəlib çatmadı. Biz müqayisəli dilçilik səviyyəsində qaldıq, müqayisəli-tarixi dilçiliyə keçə bilmədik. Bunun da, yəqin ki, öz səbəbləri var. Mən indi Moskva mühitini yada salarkən gözümün qarşısında o günlər və o insanlar canlanır. O vaxtlar Dilçilik İnstitutunda "Türk dilləri" şöbəsi vardı və o şöbənin müdiri görkəmli sovet türkoloqu akademik Ədhəm Rəhimoviç Tenişev idi.

 

A.Ə. Mənim vaxtımda Yelizaveta İvanovna Ubryatova idi.

 

K.A. Ubryatova yakut-monqol dilləri üzrə gözəl mütəxəssis idi. Mən onu görəndə artıq qoca qadın idi. Tenişev isə xeyli cavan idi. Və Tenişev sonralar sovet türkoloqları komitəsinin sədri, "Sovetskaya Türkologiya" jurnalının baş redaktoru oldu.

 

A.Ə. Uzun müddət Çində də işləmişdi.

 

K.A. Ədhəm Tenişev, Kenesbay Musayev yadıma gəlir. Əlbəttə ki, Nikolay Aleksandroviç Baskakovu, Ninel Zeynalovna Hacıyevanı, Qalina Pakrovskayanı, Yevgeni Potseluyevskini, Blaqovanı, Aşnini xatırlayıram. Fyodor Aşnin çox maraqlı dilçi və insan idi. Aşninin böyük xidməti bir də ondan ibarət idi ki, sonralar Şərqşünaslıq İnstitutundakı məşhur dilçi Alpatov ilə birlikdə "Repressirovannaya türkologiya" adlı kitab yazdı. O kitab 30-cu illərdə repressiya olunmuş türkoloqların həyatından bəhs edirdi. Orada Bəkir Çobanzadə və digər Azərbaycan türkoloqları, o cümlədən tatar, özbək və türkmən türkoloqları haqqında da məlumat var idi. Bu, çox dəyərli tədqiqat əsəri idi. Özü də sakit, nəzakətli bir kişi idi.

 

Onu xüsusi demək istərdim ki, şöbədə aspirantlarla, həmkarlarla ünsiyyət son dərəcə yüksək mədəniyyət çərçivəsində baş verirdi. Fikir, ideya, mövqe müxtəlifliyi ola bilərdi, amma bu, etika sərhədlərindən kənara çıxmırdı. Xüsusilə, bizə - azərbaycanlı, tatar, qırğız, başqırd aspirantlara qarşı gözəl münasibət unudulmazdır. Mən indi də öz tələbələrimlə, aspirantlarımla imtahan zamanı o mühiti xatırlayaraq daha çox söhbət etməyə çalışıram. Çünki məndən də imtahanı söhbət şəklində götürmüşdülər. Məsələn, Tenişev, ya da Baskakov 24-25 yaşlı tədqiqata yeni başlayan bir cavan oğlandan soruşurdular ki, "Siz necə fikirləşirsiniz, bu məsələyə belə yanaşılsa, necə ola bilər?". Tutalım, türk dillərinin sintaksisində "Kitabi-Dədə Qorqud" sintaksisinin yeri barədə soruşmaq istəyirlər. Bunu elə şəkildə edirlər ki, sən özünü onlarla bir səviyyədə fikir irəli sürmək imtiyazına malik tətqiqatçı kimi hiss edirsən. "Siz necə düşünürsünüz, necə fikirləşirsiniz?"lə söhbətə başlamaq, artıq yüksək mədəniyyətdən, yüksək dilçilik potensialından xəbər verir. Bu, mənim həmişə yadımdadır və mən indi də çalışıram ki, öz aspirantlarımla həmkarlarım kimi davranım. Sizin də, yəqin, yadınızda belə insani münasibətlərdən nəsə qalıb.

 

A.Ə. Şübhəsiz, mən də onu daim hiss etmişəm. Mənimlə bir oxuyan Vaqif Aslanovun da belə xatirələri var idi və var.

 

K.A. Vaqif Aslanov sonradan Azərbaycanın böyük dilçisinə çevrildi. Yadıma gəlir, Dilçilik İnstitutunda müxtəlif şöbələrdə biz sizinlə həmkar kimi çalışdıq. O zaman Vaqif Aslanov elmlər doktoru, professor, Dilçilik İnstitutunun direktor müavini idi. Həm də Dil tarixi şöbəsinə rəhbərlik edirdi. Azərbaycanda dil tarixi ilə bağlı çox qiymətli və dəyərli tədqiqatlar aparılırdı, amma yenə də az çap olunmasına baxmayaraq, Vaqif Aslanov çox sanballı, nüfuzlu, dərin düşüncələrə malik dilçi kimi tanınırdı. O mənim namizədlik dissertasiyamın müdafiəsi zamanı - 1978-ci il yanvarın 6-da Moskvada opponentlərimdən biri olmuşdu. Birinci opponentim Sokolov idi. O, Moskva Dövlət Universitetində Türk dilləri kafedrasının müdiri idi. Mirfattıx Zəkiyevi də mən heç zaman unutmaram. Siz onu tanıyırsınız.

 

A.Ə. Əlbəttə. Onu çox böyük tatar dilçisi, sintaksis üzrə gözəl mütəxəssis kimi tanıyıram.

 

K.A. O mənim sonradan doktorluq dissertasiyamın opponenti oldu. Bunları deməkdə məqsədim odur ki, o dövrdə Rusiyadakı dilçilər ilə əlaqə son dərəcə möhkəm idi. Müdafiələrə buradan Moskvaya, Moskvadan buraya opponent kimi gəlmək var idi. Tez-tez konfranslar keçirilirdi. Dilçilik, sanki bir ümumi mühitdə formalaşırdı. İndi, təəssüf ki, elə şeylərə biz son dərəcə nadir hallarda təsadüf edirik. Aydın müəllim, tale sizi sonralar hansı dilçilik istiqamətlərinə atdı?

 

A.Ə. Kamal müəllim, mən bir faktı demək istəyirəm, onu heç kəs bilmir. 1960-cı illərin birinci yarısında, yəni 1960-1965-ci illər arasında rəhmətlik akademik Ağamusa Axundov fonologiyanı, fonem nəzəriyyəsini eksperimental-statistik istiqamətdən hərtərəfli işləmişdi. O vaxtlar doktorluq dissertasiyasını 700-800 səhifə həcmində yazırdılar. O, elmi işi böyük müvəffəqiyyətlə müdafiə etmişdi, müdafiəsində mən də iştirak etmişdim. 1964-cü il idi, mən onda namizəd idim. Fonologiya əsasında şöbədə plan işini yazırdım. Bu iş ortalığa çıxandan sonra Ağamusa müəllim mənə bir az da zarafatla dedi ki, şöbədə Şaiq Abdullayev də fonologiyanı, fonetikanı işləyir, sən də. İndi mən bilmirəm, siz nə edəcəksiniz? Dedim, düz deyirsiniz. Mən həm də İnstitutun Elmi katibi idim. Elmi katibliyi atandan sonra xoşbəxtlikdən semasiologiya şöbəsinə keçdim, 5 il orada felləri işlədim. Dil tarixi ilə Vaqif məşğul olurdu. Ona görə də bu istiqamətdə də özümü görmədim.

 

K.A. Dil tarixi ilə bizdə də ciddi şəkildə məşğul olublar. Yeri gəlmişkən, demək lazımdır ki, əsasən, bu, ədəbi dil tarixi, yəni müxtəlif klassiklərimizin dili ilə bağlı olub. Öz-özündə dil tarixi isə tamam başqa anlayışdır və burada ədəbi dil materialından çıxış etmirlər. Əsl dil tarixi ilə bağlı araşdırmalarda ədəbi dil materialından istifadə edə bilərlər. Həm dil tarixi (əsl dil tarixi), həm dialektologiya, həm də yazılı abidələr çox köklü sahələrdir. Və insanda elə təsəvvür yaranır ki, o zaman mərkəzdən qəribə, gözəgörünməz şəkildə ayrı-ayrı respublikalardakı dilçilik institutlarına, sanki göstəriş verilirdi ki, sən dil tarixi ilə, sən abidələrlə, sən isə dialektologiya ilə məşğul ol. Mənə elə gəlir ki, bunun belə olmasını biz Özbəkistanda dil tarixinin çox güclü şəkildə inkişafında gördük. Bu, Qazaxıstanda yazılı abidələrin öyrənilməsində güclü şəkildə özünü göstərdi. Bu baxımdan o zaman Azərbaycanda da böyük dialektologiya məktəbi yarandı. Bu məktəbin yaranmasının əsas təkanverici qüvvəsi akademik Məmmədağa Şirəliyev idi. Uzun illər Azərbaycandakı Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, görkəmli Azərbaycan dilçisi, sovet dilçilərinin çox böyük hörmətlə yanaşdıqları professor Şirəliyev.

 

A.Ə. Akademik Şirəliyev də, professor Dəmirçizadə də, Muxtar müəllim də 1930-cu illərdə Bəkir Çobanzadənin tələbələri olub. 1920-ci ilin ortalarından artıq Bəkir Çobanzadə Azərbaycanda dilçilik məktəbini yaratmışdı. Güclü məktəb idi. Hətta 1930-cu illərdə Mahmud Kaşğarinin lüğəti də tərcümə olunmuşdu. 1937-ci ildə onun tərcüməsini həyata keçirmiş Xalid Səid Xocayev həbs edildi. Yeri gəlmişkən, o, "Türk dillərinin müqayisəli qrammatikası" da yazmışdı. Sonra müharibə illəri... Yalnız müharibədən sonra o ideyalar dirçəlməyə başladı. Lap elə intonasiyanı götürək. Ağamusa müəllim onda demişdi ki, yaxşı olar, Azərbaycan dilinin intonasiyasını işləyəsiniz. İşlənməmiş mövzudur. Bu mövzunu mənə Moskvada görkəmli alim Sergey Bernşteyn vermişdi. O adam nə Moskva məktəbinə, nə də başqa bir fonoloji məktəbə sığmırdı. Böyük Sovet Ensiklopediyasında fonem, fonologiya haqqında məqalələri Sergey Bernşteyn yazmışdı. Mən də Sergey Bernşteynin Moskvada seminarlarında olmuşdum. Mənim diplom işimin də mövzusunu o vermişdi. Hətta mənim diplom işimdə notlar da var idi. Son üç kitabın birinci kitabında bu, qısa şəkildə çap olunub.

 

K.A. Siz tamamilə doğru dediniz. Azərbaycan dilçiliyinin inkişafında adını çəkdiyiniz Bəkir Çobanzadənin tələbələri olan bu üç şəxs - Dəmirçizadə, Muxtar Hüseynzadə və Şirəliyev çox böyük rol oynayıblar və onların hər biri öz elmi istiqamətini yaradıb. Şirəliyev dialektologiya, Muxtar Hüseynzadə qrammatika, Dəmirçizadə isə dil tarixi sahələrində hər biri özünün onlarca ardıcılını yetişdirib.

 

A.Ə. Bir də Əliheydər Orucovu unutmayaq.

 

K.A. Doğrudur. Əliheydər Orucov da leksikoqrafiya (lüğətçilik) sahəsində əvəzsiz işlər gördü. O zaman Akademiyanın Dilçilik İnstitutunda Lüğətçilik şöbəsi, Dil tarixi, Müasir Azərbaycan dili, Dialektologiya, Azsaylı xalqların dil və mədəniyyəti ilə məşğul olan digər şöbələr var idi. Gərgin və qızğın elmi həyat yaşanırdı. Siz necə bilirsiniz, o zamanki Dilçilik İnstitutunun elmi həyatı ilə bugünkü Dilçilik İnstitutunun elmi həyatı arasında nə kimi fərqlər var?

 

Redaksiyadan. Söhbət tam şəkildə

"Türkologiya" jurnalının

2020-ci il №1 sayında dərc ediləcək.

 

Ədəbiyyat qəzeti.- 2020.- 8 fevral. S. 16.-17