Qızcığaz
Mən
gördüyüm qızcığazın
köynəyini saraltmışdı günəş.
Pambıq
doluşmuşdu saçlarına,
ayaqqabılarını güllələmişdi yollar...
Dodaqlarında təbəssüm tabutu.
Sahildə
uşaqlar çılğıncasına
Uçururdular
çərpələnglərini
Uçururdular
günəşi...
Sabahları...
Buludları uçururdu uşaqlar.
Dünyanı başına götürmüşdü qəhqəhələr.
Sevinirdi qağayılar.
Xoşbəxtcəsinə
üzürdü qayıqlar...
Mən
gördüyüm qızcığaz
qoydu yerə
satmağa gətirdiyi tumları.
Uşaqlara
baxıb
Əlini
uzatdı içinə,
çıxarıb ürəyini uçurdu göy üzünə...
Sülh bayrağı
Elnarə
Akimovaya
Küləklər
kölgəmizdən əsər üstümüzə,
kəpənəklər uçar barmaq uclarından.
Payız
bir qapı qonşuydu,
gedəndən saraldı yarpaqlar,
töküldü ağaclar.
Yağış
fəslidir, bu yazını yazıram:
Sözlərin
"Yad" olduğu yerdə
Hamımız
bir azca Sizif,
Hamımız
ölən Tanrılarıq "Zərdüşt belə
deyirdi"sində
Yaxın
gəldikcə artır qaranlıq küçələrin dirək
işığı
Məşəl olur yandırdığın şamlar.
Götür
bir yerə yaz!
Yaz ki:
- Sənin
yazılarında dünyanın ən yalan şeiri gerçəyə
dönər.
Deyim, biləsən,
biləsən ki,
hər
gecə açıq qoyuram sabahların pəncərəsini,
bilirəm, nəhayət, sənin əllərindən doğacaq
günəş.
Deyim, biləsən,
biləsən ki,
səs
notlarından çiskin havalar çökər şəhərin
gözəllik küçələrinə,
adını çəkdikdə gəmilərin fit səsinə
oyanar qağayıların yuxusu.
Sən
baxışlarınla bütün əsgərlərə
deyirsən,
deyirsən ki:
"Göy
üzünə atəş açmazlar
Ağ buludlar göy üzünün Sülh
Bayrağıdır.
Nə bilsin müharibəçilər? Nə bilsin
siyasətçilər?
Savaş
meydanında ayaqyalın gəzən uşaq,
Allahdan öncə anasının adını səsləyər".
De, bilsin
deyilməyənlər çoxdur bu şeirdə,
döyündükcə ağrıdar ürəyimdə
qalan söz qəlpələri.
Yağış
fəslidir, bu yazını yazıram,
bizdən
sizə bir kəlməlik yol var.
Yaşadığımız
bu dünyada
susuzluqdan
çox sözsüzlük öldürür insanları...
İkiayaqlı qəfəs
Qapıları çırparaq yorulan bir şəhərin
hekayəsini yazırdı külək.
Yazırdı ki, darıxmaq insanın kölgəsidir.
Onunla birgə
doğular,
Onunla birgə ölər.
Zaman - bir
qarıdır səssizlik paltarında,
bizə
xatirə toxuyur hər an...
...hər
an,
Vaxt - bir
dəyirmançı kişidir,
saçlarımıza un ələyir gündən-günə...
İkiayaqlı
qəfəslər
içində uçmağı unutmuş bir quşu
daşıyır.
Hamının uzaqlarda tanımadığı bir
tanışı var.
Darıxanda
ona ağlayar,
Sıxılanda ona yazar.
Ümid Nəccari
Ədəbiyyat qəzeti.-
2020.- 8 fevral. S. 17.