Ağlat,
bəlkə kiriyəm…
***
Savabdan
huzur edən
Günah boyda diriyəm.
Elə
ağlat, İlahi,
Ağlat, bəlkə kiriyəm.
Dövrəmdən
mövlam uzaq,
Hücrəmdən
laylam uzaq,
Cənnətdən
xeylam uzaq,
Cəhənnəmdən
bəriyəm!
Sinəm
Məhəmməd dağı,
Əməlim
Sur tufağı,
Dirilərin
qınağı,
Ölülərin
sirriyəm!
***
Aman Allah,
bu gecə
Çarmıxa
çəkilirəm!
Çölümə
ilmə düşüb,
İçimnən
sökülürəm!
Bircə ağ gün dərmədən,
Yazım
qışa girmədən,
Payızım
bar vermədən,
Torpağa
tökülürəm!
Arzular
oyuq-oyuq,
Adamsız
evim soyuq!
Kəfən
biçənim də yox,
Dərdimə
bükülürəm!
***
Günah
işləyəsən xirtdəyə qədər,
Tutunub
çıxmağa yer də qalmaya!
Bütləri
sındırıb, qan eləyəsən,
Arzu
bağlamağa pir də qalmaya!
Mələklər
hər yana salalar soraq,
Savab axtaralar əllərdə çıraq.
Göy
yerə tökülə, hey varaq-varaq,
Nə
"Quran", nə "Zəbur" sirr də qalmaya!
Öləsən,
bir əsgər qoşunnan çıxa,
Əməl
qul Əcəlin huşunnan çıxa,
Allahın
tüstüsü başınnan çıxa,
Qanın
bu qadalı yerdə qalmaya!
***
Bilsəm,
bir axşamçağı
Qayıdacaqsan
mənə
Acıq
verib ömrümün
səni
məndən qoparan
Baharına,
qışına
Sevincimi
şərabtək qaldıraram başıma!
Dolanaram
başına!
Bilsəm,
bir axşamçağı
Qayıdacaqsan
mənə
Səni
"Vaktindən
çok sonra gələn
Sevdalı
yagmur kibi"
Sıxaram ürəyimə.
Yanmaram
diri-diri,
Ay
könlümün Sən yeri!
Barmaqlarım
titrəyər saçında dilim-dilim
Kösöy
olar ağzımda, kösöy olar lal dilim
Bircə
kəlmə "ah" çıxar sinəmdən
ən
sonuncu səs kimi
rəqs
edərik durmadan
rəqs
edərik can geyər
pəncərələr önündə
"kurumuş çiçekler" de.
Yeni bir nəfəs kimi.
Bilsəm,
bir axşamçağı
Qayıdacaqsan
mənə
Gözlərimin
nurunu
Düzərəm
yollarına
Süfrəmdəki
şam kimi
Bilsəm,
bir axşamçağı
Qayıdacaqsan
mənə
Geyərəm
sevincimi
O gecə
geyindiyim
O bəmbəyaz
don kimi.
Bilsən...
Bilsən,
necə həsrətəm
Necə həsrətəm
sənə!
İçimdə
bir ad
Adımı
çəkmə deyir!
O adı
sıxmaqdan
Dişlərim
ağrıyır,
Dilim
göynəyir,
İlahi,
niyə dar edirsən
Geydirdiyin bu köynəyi?!
Bir
müqəddəs çəməndə,
Yaralı,
uralı bir ağac kötüyünə
Söykənib
O adı
hayqıracam!
Göylərin
naləsi -
Göylərin
göz yaşlarının səsi
Səsimə
qarışacaq,
Sən
bizə açacaqsan bir çəmən qucaq...
Ona
şeir söyləyəcəm
"Gəl,
sənə bir nağıl söyləyim,
O
nağıl ömrümün noğulu idi..."
İlahi,
necə susduracaqsan
İçimdəki bu göynəyi?!
İçimdə
bir od
Odumu
çəkmə deyir!
Torpaq
altında havasız qaralan
Budağam,
Ağacam,
Kötüyəm,
Dağ-dağam!
Və...
Çəmənində
Pir olacaq
Kömür-kömür vücudum.
O Pirə
tapınacaq
günahı olanlar,
gunahdan
qaçanlar.
O Pirdə
yaşayacaq
Onun dilində
Qədəhlənən adım.
Arzu
bağlayacaqlar
Arzusu
bağlı qalanlar
O Pir olan, bir olan ağac vücuduma.
İlahi,
necə öldürəcəksən,
Bu taleyi döyənəyi?!
İradə Aytel
Ədəbiyyat qəzeti.-
2020.- 8 fevral. S. 19.