Unudulmazlar
İkinci yazı
Abbas
Abdulla, Ələkbər Salahzadə, İsa İsmayılzadə.
Onların hər birinin müasir Azərbaycan
poeziyasında öz dəst-xətti, heç kimə bənzəməyən
orijinal şair fərdiyyəti vardı. "Vardı"
deyirəm, var deməliyəm. Heç biri
həyatda yoxdu. Abbas Abdulla keçən il
vəfat edib, Ələkbər Salahzadə 2013-cü ildə
dünyasını dəyişib, İsa İsmayılzadə
isə daha tez - 1997-ci ildə. Amma son əlli-altmış
ilin poeziyasını onlarsız təsəvvür etmək
mümkün deyil. Sizin üçün
maraqlı olar deyim ki, onların üçü də eyni ildə
ADU-nun filologiya fakültəsinə daxil olmuş, bir ildə də
(1963) universiteti bitirmişlər. Möhkəm
dostluqları da elə tələbəlik illərindən
başlayıb. Altmışıncı illərdən
başlayaraq şeirimizə məlum şablonlardan, stereotiplərdən,
köhnəlmiş bədii təsvir vasitələrindən
tamam fərqli yeni, təravətli, novator meyilləri ilə
seçilən poetik rənglər, naxışlar yarandı.
Böyük şairimiz Rəsul Rza bu poetik nəfəslər
sırasında İsanın da, Abbasın da, Ələkbərin
də gəlişini alqışladı, onları ədəbi
ictimaiyyətə tanıtdı, şeirlərindəki yeniliklərdən
söz açdı. Bəzi haqsız tənqidlərə
baxmayaraq, yetmişinci illərdə onlar müasir
poeziyamızın istedadlı şairləri kimi etiraf olundular.
Ədəbi talelərində də
oxşarlıq vardı, Abbas və Ələkbər
"Ulduz"da baş redaktor, İsa "Ədəbiyyat və
incəsənət" qəzetində və "Azərbaycan"
jurnalında redaktor müavini vəzifələrində
çalışmışdılar. Sonra
Abbas siyasətə qoşuldu, cəbhəçilərin
hakimiyyəti dövründə Türkiyədə Azərbaycan
Respublikasının Baş konsulu, Ələkbər
"Ulduz"dan sonra "Qobustan"ın baş redaktoru
seçildi. Sonra Abbas Vətənə
qayıtdı, siyasətdən əl çəkdi,
Yazıçılar Birliyində çalışdı.
Xatırlayıram
Abbas Abdullanı.
Borçalıda
Bolnis-Kəpənəkçi
kəndindən
Abdulla
ağanın oğluyam,
Anam:
Salatın xanım Daşdəmir qızı.
İyirmi səkkiz ildir Bakıdayam.
Bakıdan
çıxıb yola:
Kiyevə
getmişəm,
Sonra
Moskvaya,
Sonra İstanbula.
İndi mənim
üçün
Dünyanın
hər yerinə yol
Bakıdan
başlayır, -
O
dünyaya da...
Dünyadakı
bütün insanları sevirəm,
Məni sevməsələr də olar.
Abbas Abdulla çox ölkələr gəzib, amma Ukrayna
və Türkiyə onun üçün daha doğma idi. Kiyevdə
çoxlu dostları vardı. "Azərbaycan-Ukrayna ədəbi
əlaqələri" mövzusunda monoqrafiya
yazmışdı, Maksim Rılski adına
ədəbi mükafata layiq görülmüşdü. Ukraynanın görkəmli şairi İvan Draç
ən yaxın dostu idi. Abbasın Ukrayna
poeziyasında etdiyi tərcümələr doqquz kitabda cəmləşib.
Onu Ukraynada olduğu kimi, Türkiyədə də
sevirdilər.
Mən onun yaradıcılığı haqqında
geniş söz açmaq istəmirəm. Amma
poeziyamızda Abbasın "Göy üzünə
yazılmış şeirlər"i və
"Borçalı bayatıları", həmçinin
"Yurd yerindən gələn səslər" silsiləsi
onun şair portretini, özünəməxsus fərdi
üslubunu dolğunluğu ilə əks etdirir.
Bu
dünyanın şəhərləri
Məni
görmək dilərmi ola?
Evlərinə
qonaq getsəm,
Tanıyarmı,
bilərmi ola?
Göyə
dayaqdı damları,
Çiçək
açar badamları,
Mən
ağlasam, adamları
Göz
yaşımı silərmi ola?
Ukraynanın
görkəmli şairi İvan Draç Abbasın Kiyevdə
çıxan şeirlər kitabına "Ön
söz"ündə yazmışdı: "O, hər
şeydən əvvəl, öz doğma Azərbaycan
poeziyasında maraqlı, orijinal şairdir. Mən onun doğma
ədəbiyyatda yerini müəyyənləşdirmək
üçün Azərbaycan poeziyasının müxtəlif
zövqlü bilicilərindən soruşanda ki, Abbas Abdulla bir
şair kimi nəyin-nəsidir, hamı əsasən bu fikrə
ortaq olur ki, o, Azərbaycan Olimpinin çağdaş novatoru Rəsul
Rzanın etibarlı davamçılarındandır... Mən
həm də sevinirəm ki, onun səsində böyük
türk Nazim Hikmətin mənə tanış
intonasiyasını duyuram. Rəsul Rzanın
böyük şöhrət qazanmış "Rənglər"inin
çılğın, poetik ahəngi ilə yanaşı,
Abbas Abdulla poeziyasında Şərq ənənələri və
nazimləşmiş Qərb qoşa yaşayır".
Mən Ukrayna şairinin bu dəqiq xarakteristikasına
heç nə əlavə etmək istəmirəm. Amma Abbas Abdullanın da
sağlığında yazdığı bu etirafını
dinləyək: "Səməd Vurğunun poeziyası mənim
üçün ana südüdür. Rəsul
Rza poeziyası isə havadır, sudur, çörəkdir.
Körpəlikdə mayası ana südü ilə tutulmayan
çocuğun cılız böyüyəcəyinə,
sısqa olacağına şübhəm yoxdur: Havası, suyu
çatmayan, çörək tapmayan böyüyün də
yaşayacağına ümidim yoxdur!".
Amma Abbas Abdulla təkcə bu iki şairi
sevmirdi, o, Sabiri, Nazim Hikməti, Taras Şevçenkonu da
öz ustadları sayırdı.
Hər şair öz doğulduğu diyarı vəsf edən
şeirlər yazır, Abbasın dünyaya göz
açdığı Borçalı haqqında da çoxlu
şeirlər yazılıb. Amma Abbas Abdullanın
"Borçalı bayatıları"ndan bir neçəsini
misal gətirim və sözümü bitirim bu unudulmaz şair
haqqında.
Bu qala
Ortaçala,
Orta yurd orta çala.
Yar
könlümün sazını
Götürüb orda çala.
Bu kənd
Calaloğludu,
Bu yol Gümrü yoludu.
Dindirmə,
qan ağlaram,
Ürək sözlə doludu.
Bu kənd
Kəpənəkçidi,
Girmə, bağlar içidi.
Bura babam
məskəni,
Özgələri nəçidi?!
Xatırlayıram İsa İsmayılzadəni. On səkkiz il
bir yerdə - "Azərbaycan" jurnalında
çalışmışıq. Əvvəl-əvvəl
bir-birimizə isinişə bilmirdik, sonra hər şey yoluna
düşdü. İsa İsmayılzadə çox
ciddi və tələbkar adam idi, yanından
zəif şeir, nəsr əsəri, ya məqalə
keçirmək mümkün deyildi. Mən ondan
yazıları necə redaktə etməyi qaydalarını
öyrəndim, redaktə işində misilsiz idi.
İsa altmışıncı illərin "mübahisəli"
şairlərindən idi. Onun
"Yağış gölməçəsi" şeirini
mücərrəd, anlaşılmaz, guya ədəbi ənənələrə
zidd bir şeir hesab edənlər vardı. İsa o şeirdə yağışın
yağmasını, bu yağışdan yaranan gölməçələri
təsvir etmişdi, amma necə?
Yağdı,
tala-tala gölməçə yağdı,
göylərin dəlisov ilhamı yağdı,
sərçələrin soyuq "hamamı" yağdı.
Yağış
gölməçəsi buludla doldu,
Günəşlə,
payızla
sükutla doldu.
Həmin
bu şeirə etiraz edən, onu ənənəyə zidd hesab
edən Məmməd Rahim sonralar İsanın müharibə
haqqında yazdığı bir şeiri o ki var təriflədi,
o şeir haqqında ayrıca məqalə yazdı:
Getdilər,
getdilər Berlinə sarı,
getdilər, getdilər ölümə sarı.
Güllələr
demədi: geri qayıdın.
Lülələr
demədi: geri qayıdın,
qəlpələr demədi: geri qayıdın,
hələ uşaqsınız, nə yaşınız var.
İllər keçdi, İsa İsmayılzadənin
poeziyası öz həqiqi qiymətini aldı. Xalq şairləri
Rəsul Rza və Məmməd Araz, şörkəmli şair
Əliağa Kürçaylı, tənqidçi Yaşar
Qarayev İsanın poeziyasını orijinal nöqtələrlə
vurğuladılar. Əliağa Kürçaylı
yazırdı: "Şair var ki, imzasını görən
kimi ürəyindən bu hisslər keçir: "Oxumamaq da
olar. Təzə nə deyəcək ki? Elə şairlər də var ki, onların
imzasıyla rastlaşanda hökmən nə isə yeni fikirlə,
eşitmədiyin, görmədiyin bir aləmlə, poetik bir kəşflə
rastlaşırsan. Mənim fikrimcə,
İsa İsmayılzadə ikincilərdən - poeziya
silahını hədəfsiz tuşlamayan şairlərdəndir".
Mən
İsa İsmayılzadənin "Özgə oğullara
inanma, Vətən", "Gözü açıq yatan dəniz",
"Keçim Qarayazı düzənliyindən",
"Oyuncaqsız uşaqlığım",
"Ulduzların ad günü", bayaq adını çəkdiyim
"Yağış gölməçəsi",
"1941", "Güllələr demədi", "Orqan
konserti", "Mən bir termos şüşəsiyəm"
şeirləri, "İçərişəhər",
"Heykəl Nəsiminin monoloqları", "1937",
"Böyüdülmüş şəkillər",
"Haran ağrıyır, Vətən" poemaları
haqqında bir neçə məqaləmdə söz
açmışam, bu şeirlərin və poemaların hər
biri İsa İsmayılzadənin adi şair yox, novator,
yenilikçi şair olduğunu sübut edir. Elə
bir şeirini tapmazsınız ki, orada tamam yeni təşbihlə,
metafora ilə qarşılaşmayasan. İsa
yağışın, buludun, payızın, dumanın,
çölün, ümumiyyətlə, təbiətin təsvirində
elə poetik rənglər tapırdı ki...
Qarabağ savaşı başlanandan sonra İsanın
üzü gülmürdü. O, hər gün Qarabağ dərdi
ilə yaşayırdı. Ölümündən üç
il öncə "Haran ağrıyır,
Vətən" poemasını ürək
ağrısıyla yazmışdı.
Özü
boyda göz yaşıdı Qarabağ,
Dərdimizin başdaşıdı Qarabağ.
Mən
İsa İsmayılzadə haqqında bu söhbətimi onun
sağlığında, özü də ölümündən
neçə il əvvəl
yazdığı bir şeirin aşağıdakı
misraları ilə bitirmək istəyirəm:
Bu
dünyaya bir də qayıtmağım var,
Qəbrimin
üstündə bitən gülləri,
Uyumuş,
soyumuş torpağı-daşı,
Ölüm sükutundan oyatmağım var.
Nəsə
ürəyimə damıb, bilirəm -
Bəlkə
də yüz ildən, min ildən sonra,
Milyon ildən
sonra - nə bilmək olar -
Nə vaxtsa dönəcək ömrün illəri.
Amma İsa qayıtmadı. Özü
öldü, şeirlərisə ölmədi.
Xatırlayıram Ələkbər Salahzadəni. İsa İsmayılzadədən
sonra ən çox ünsiyyətdə olduğum, demək
olar ki, hər iş günündə
rastlaşdığım, hal-əhval tutduğum, hətta
oturub bir yerdə duz-çörək kəsdiyim Ələkbər
Salahzadə olub. Əvvəl "Ulduz"da,
sonra "Qobustan"da baş redaktor idi, otaqlarımız
yanaşıydı. Şeirlərindən fərqli olaraq
Ələkbər Salahzadə qeyri-adi adam
deyildi. Sakit davranışı vardı, çox mədəni
idi, çalışırdı bir kimsə ilə mübahisə
etməsin, çox vaxt iclaslardan, tədbirlərdən
qaçırdı, yetmiş yaşı olanda televiziyaya,
radioya müsahibə vermək istəmirdi, hətta mənə
də qadağan etdi ki, onun haqqında məqalə yazmayım
(amma yazdım, "Ədəbiyyat qəzeti"ndə
çap olundu, məqalə xoşuna gəldiyindən məni
"cəzalandırmadı").
Ələkbər Salahzadənin ilk şeirlər
kitabı-"Beş yarpaq" - 1968-ci ildə "Gənclik"
nəşriyyatında çapdan çıxdı. Mən onda tələbə
idim, həmin kitabı da mağazadan aldım, indi də
saxlayıram və mən deyərdim ki, "Beş yarpaq"
Ələkbərin o illərdə bütün sonrakı
kitabları üçün bir poetik manifest oldu. Bu kitabdakı şeirlərin heç biri köhnələn
deyil. Həmin kitabda partiyaya, Leninə aid
bircə şeir belə yox idi. Onu nəşriyyatdan
məcbur da elədilər bu mövzularda nəsə yazsın
(qayda belə idi), o yazmadı.
Anar
yetmişinci illərin əvvəllərində "Ulduz"
jurnalında çap etdirdiyi bir məqaləsində
üç gənc şairdən - İsa İsmayılzadənin,
Ələkbər Salahzadənin və Səyavuş Sərxanlının
şeirlərindən söz açmışdı və
yazmışdı ki, "...əgər mən bu üç
şairin poetik üslubunu, yaradıcılıq
yönünü bir sözlə ifadə etməli olsaydım,
deyərdim ki, Ələkbər Salahzadə şeiri qurur,
İsa İsmayılzadə rəsm edir, Səyavuş Sərxanlı
oxuyur, deklomasiya edir".
Doğrudan da, Ələkbərin şeirlərində
"qurmaq", İsanın şeirlərində "rəsm
etmək" bir yaradıcılıq manevri, yönü kimi
düzgün müəyyənləşdirilmişdir.
Ələkbər
Salahzadənin o kitabdakı "Səttar Bəhlulzadə"
şeirinə diqqət yetirək:
Bir az
Məcnuna
bənzər
gündoğandan günbatana...
Əllərinə
yığışar
quşlar,
çiçəklər;
Rəssamlar
götürüb təbiətdən
rəng-rəng, çilik-çilik
daşıyarlar kətana,
gündoğandan günbatana.
Diqqət edin, bu şeir Azərbaycan poeziyasında bu
gün üçün o qədər də yeni deyil, amma
poeziyamızın altmışıncı illərdən
düzgün bir istiqamət götürməsində,
şeirimizin yeni bir üslubi istiqamətə yönəlməsində
bu tipli nümunələrin böyük rolu olmuşdur. Şeirdə
Səttar Bəhlulzadənin təbiət mənzərələrindən
alınan təəssüratlar, rəssamın
yaratdığı rənglər dünyasının
özünəməxsusluğu şeirin özünün bir
tablo kimi qavranılmasına imkan verir. Burda
da rəsm işi var, sözlər, ifadələr də, sanki
rənglənib.
Ağ bir
zanbaq kimi açıldı səhər!
Şəfəqlə
suladı
susəpən kimi
günəş zanbaq.
Qızlar
xəbər tutmadılar
zanbaq səhərdən;
yoxsa
ayaqlarını
dirəyib bir başmağa
oğlanları
salardılar dağa-daşa.
Məncə, bu misralar Ələkbərin şeiri necə
qurmağın, həm də təbiəti və insan hisslərini
poeziyaya çevirməyin ən parlaq və kamil nümunəsidir.
Ə.Salahzadənin şeirlərini "fikir
poeziyası" nümunələri hesab edib mahiyyətə
varmadan emosiyasız şeirlər kimi də qələmə
veriblər. Guya bu şeirlər yavan-yalxı fikirlərdən,
quru, ritorik mühakimələrdən yaranıb və obrazlılıqdan
məhrumdur. Amma bir həqiqət unudulur
ki, Ələkbərin "fikir poeziyası" adı ilə
pislənən şeirlərinin əksəriyyəti, əslində,
emosional, ekspressiv şeirlərdir. Lakin
emosionallıq bu şeirlərdə hisslərin
coşub-daşması kimi düşünülmür, fikrin,
mühakimənin emosionallığıdır.
Müasir Azərbaycan poeziyasında bəlkə də
Ə.Salahzadə qədər alliterasiyalardan istifadə edən
ikinci bir şair tanımıram. Məsələn, o, "Xocalı xəcilləri"
poemasının ilk 42 misrasını "X" hərfi ilə
başlayır və bu "x"lar xışmalanan
Xocalının Xatın və Xirosima faciələri ilə
paralellik assosiasiyasını yaradır.
Çox söz deyə bilərəm Ələkbər
Salahzadənin şeirləri, poemaları barədə. Amma bu
heç vaxt unuda bilmədiyim şair haqqında
sözümü burada bitirirəm.
Ruhları
şad olsun Abbas Abdullanın da, İsa İsmayılzadənin
də, Ələkbər Salahzadənin də...
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.-
2020.- 8 fevral. S. 18-19.