Kim
Jiha: "Tərəddüdsüz irəliyə doğru
yürüyün!"
Çağdaş
Koreya poeziyası
Kim Jiha çağdaş Koreyanın görkəmli
şairlərindən biridir. Təkcə Koreyada
deyil, dünyanın bir çox ölkələrində
tanınıb, şeirləri müxtəlif dillərə tərcümə
olunub, haqqında yazılıb. Poeziyası
milli gələnəksəl xüsusiyyətlərlə Qərb
poeziyasını sintez edir. O, həm də azadlıq və
demokratiya uğrunda mücadiləçi bir şair kimi
tanınır. Kim Jiha onun təxəllüsüdür.
Əsl adı Young İl Kimdir.
Kim Jiha Koreyanın Geney Colla bölgəsində
doğulub. İlk təhsilini Vonçu məktəbində
almış, sonra Seula gedərək əvvəlcə liseyi,
daha sonra isə Seul Beynəlxalq Universitetinin estetika
bölümünü bitirmişdir. Universitetdə
oxuyarkən baş verən hərbi çevrilişlərə
biganə qalmamış və tələbə hərəkatlarına
qoşulmuşdur. Koreya-Yapon Konfransına
(1964) qarşı çıxdığı üçün
dörd ay həbs olunmuşdu. 1966-cı
ildə Universiteti bitirdikdən sonra uzun müddət hakimiyyətdə
olan Jeonq-hee Parkın siyasi hakimiyyətinə qarşı
çıxaraq mitinqlərdə iştirak etmişdir.
1970-ci ildə Beynəlxalq Demokratik Gənclər
Federasiyasının təşkil etdiyi hadisələrdə
yer aldığı üçün təkrar həbs
edilmiş və haqqında edam qərarı
çıxarılmışdır. Onun həbsi
dünya ədəbi, ictimai-siyasi arenasında böyük
rezonans doğurmuşdur. Fransadan Jan Pol
Sartr və Simone de Belavur, Amerikadan Noam Xomski kimi böyük
fikir adamları onu müdafiəyə qalxmışdılar.
Bütün bunlar öz təsirini göstərmiş,
Kim Jihanın ölüm hökmü həbs cəzası ilə
əvəz edilmişdi. 1975-ci ildə azadlığa
buraxılmış, lakin müxalif fikirlərini davam etdirdiyi
üçün həmin il yenidən həbs
cəzasına məhkum edilmiş, bir də beş il sonra
azadlığa çıxmışdır. İctimai-siyasi
proseslərdəki müxalif düşüncəsi 80-ci illərdən
sonra da davam etmişdir. Bu illərdə də
Koreya cəmiyyətində gedən ictimai-siyasi mübarizədə
Kim Jiha həmişə öndə olmuşdur. 1991-ci ildə siyasi hadisələr zamanı baş
verən ölümə etiraz əlaməti olaraq
"Coson" qəzetində yazdığı "Gənc
dostlar! Tarixdən nəyi öyrənirik:
ölüm şeytanlarını dərhal yox etməliyik"
yazısıyla baş verən ölümlərə
qarşı çıxmışdır. Kim
Jiha uzun müddət Koreyanın nüfuzlu qəzetlərində
yazdığı köşə yazılarında ölkədə
və dünyada baş verən proseslərə münasibət
bildirmişdir.
Kim Jiha yaradıcılığa 60-cı illərin
sonlarında - "Qırmızı torpaq yol" şeirilə
başlayıb. 70-80-ci illərdə
yaradıcılığının ən zəngin
dövrü olub. Bu dövrdə əsərlərində
buddizm, Zen fəlsəfəsinin izləri aydın
görünməkdədir. 30-a qədər şeirlər
kitabı içərisində "Beş vətən
xaini", "Quş", "Qırmızı torpaq",
"Susuzluqla yanmaq", "Sevgili vətəndaş",
"Həyat və müstəqillik", "Boşluq",
"Jiha Kimin hekayəsi" və s. onlarca kitabı oxucular tərəfindən
rəğbətlə qarşılanıb.
Çağdaş
Koreya şairi Kim Jihanın şeirlərini orijinaldan oxumaq
imkanım olmadığından bu yaxınlarda Türkiyədə
çap olunan "Yakıcı susuzluqla" (2018) kitabında
tanış oldum. Kitabı
türk dilinə koreyalı türkoloq professor Eunkyung Oh
xanım tərcümə etmiş və kiçik bir ön
söz yazmışdır. Eunkyung Oh xanım yazır:
"Şair Kim Jihanın "Yakıcı susuzluqla"
adlı şeiri 80-ci illərdə Koreya xalqının demokratiya
tutqusundan doğan bir əsərdir". Bu fikir
həm də kitabın bütün məzmununu tamlıqla əhatə
edir.
"Yakıcı susuzluqla" kitabında dərc edilən
şeirlər Koreya xalqının keçdiyi yolu, etdiyi
mücadiləni poetik şəkildə əks etdirir. "Sarı torpaqdan
sonra", "Yanvar 1974", "Dönüş yox",
"Cəhənnəm-1", "Cəhənnəm-2",
"Qaranlıqlar içindən", "Həbsxanada yay
günü", "Gecə ölkəsi" və s.
şeirlərində şairin mücadilə əzmini təsvir
edir və bunu bütün Koreya xalqına
yansıtdığını görürük:
Dan
ağarırkən arxa küçəyə
Sənin
adını yazıram: Ey Demokratiya!
Çox
oldu ağlımdan çıxalı
Çoxdan
vaz keçdim
səni
yollarda aramaqdan
Sadəcə
anılarımda qaldı,
çox
az və silik
Qəlbimdə
saxlandı,
özlədiyimə
dair xatirə
Adını
gizli-gizli yazıram:
Ey Demokratiya!
"Yanvar 1974" şeiri də həyatının bir
parçasını anladır. Həmin vaxt şair
etirazlarına görə siyasi rejimə qarşı üsyan
etmə suçundan ölüm cəzasına məhkum
edilmişdi. Şeirdə sonunu yaxınlığında
hiss edən şair ölümlə həmsöhbət olur, ilk
dəfə onun əlindən tutur, əbədi
ayrılığın yaxında olduğunu dərk edir və
ölümün gözünə dik baxanların küçəsinə
də mütləq bir gün baharın gələcəyini
inamla ifadə edir:
Ah!
1974-cü ilin yanvar ayının ölümünü
Xəyanət
deyə adlandıralım
Bütün
bədənimizlə rədd edəlim
Sənin əlin
Sənin əlində
qalan tərimin
Son
sıcaqlığının xatirəsi
Yox
oluncaya qədər
Rədd edəlim.
Şair demokratiya və ədalət uğrunda mücadilə
verən sənətkar ömrünün ən yaxşı
vaxtlarını həbsxanada keçirən insanların fədakarlıqlarını
alqışlayır. "Dönüş yox" şeirində
getdiyi yolun dönüşü olmayacağını bildirir və
dostları, qardaşları ilə bir daha belə bir
yolçuluğa çıxa bilməyəcəyini söyləyir.
Onun şeirlərində işığa
doğru bir yol görünür. Müxtəlif
mövzulara həsr olunsa da, şeirlərində daim bir işıq
görünür. "Qaranlıqlar içindən"
şeirində qarşıdakı həbsxananın dəmir
barmaqlıqları arxasından işığa tərəf
boylanaraq "Məni çağıran kim?
- deyə sual edir?
Paslanmış
qızılı qaranlıq,
Qaranlıqda
tökdüyüm
iki damla
göz yaşım
Ah
qaranlıq!
Boğazından
çıxan
xırıltılı
səs məni çağırır,
Yağmurun
çisələdiyi
Çatıdakı
ququq quşunun
Kəsik-kəsik
ötdüyü,
Ayaq izlərinin,
qılınc və
trompet səslərinin
olduğu
Qara buludlu bir gündə.
Kim Jiha çox az-az şairlərdəndir ki, şeirlərində
həyatını, həyatda apardığı mücadiləni
təsvir edir, apardığı demokratiya mübarizəsi əsərlərində
eyni dərəcədə özünü sıx-sıx təzahür
edir. Koreya siyasi mühitində elə bir əlamətdar
hadisə olmayıb ki, Kim Jiha ona münasibətini bildirməsin.
"Sarı torpaqlı yol" şeirində
özünün və tərəfdarlarının baş
vurduqları yolu poetik şəkildə belə ifadə edir:
Töküldü
üstünə sarı torpaq,
Qan izləri,
onu təqib edərək
Mən
gedirəm, oğlum
Sən
öldün...
Kim
Jihanın "Yakıcı susuzluqla" kitabı
"Türkiyədə də susamaqdan yanmaq
varmıdır?" şeirilə tamamlanır:
Mən
Türkiyəni tanımıram
Hətta
günümüzdəki Türkiyəni
heç
tanımıram!
Amma
susamaqdan yananların olması,
qutsal qədəhi
qaldıracaq xalqın
ayaq izlərinin
var olması deməkdir.
Tərəddüdsüz
irəliyə doğru yürüyün!
"Tərəddüdsüz irəliyə doğru
yürüyün!" Kim Jiha həyatda çəkdiyi
bütün əzab-əziyyətlərə rəğmən,
həmişə irəliyə doğru yürümüş,
apardığı mübarizə əzmindən geri çəkilməmişdir.
Kim Jihanın poeziyasında mübarizə,
mücadilə əzmi qırmızı xətlə
keçir; o, inadla sürdürdüyü mübarizəsinə
inanır və oxucunu da buna inandırmağa
çalışır. Ümidsizlik,
qaranlıq, çıxılmazlıq onun poetik fəlsəfəsinə
yaddır. Bunun əvəzində etiraz var,
başına gələn hadisələri təmkinlə
qarşılayır, sanki elə belə də
olmalıdır. Onun üçün həyat
elə mücadilədən, müqavimətdən,
özünütəsdiqdən, ruhən və qəlbən
azad olmaqdan ibarətdir. Əminəm ki, Azərbaycan
oxucuları tezliklə şairin üsyankar poeziyası ilə tanış olmaq imkanı əldə edəcəklər...
Bədirxan Əhmədli
Ədəbiyyat qəzeti.-
2020.- 8 fevral. S. 21.