Bir
cüt göyərçin kimi... -
Onlarla ilk dəfə Rumıniyanın Krayova şəhərində
keçirilən Mixail Eminesku Beynəlxalq şeir
festivalında qarşılaşacaqdım. Sakit, təmkinli,
uyumlu davranışlarıyla demək olar ki, bütün
festival iştirakçılarından fərqlənirdilər.
Uzaq Şərq ölkələri təmsilçilərini
gözlərinin qıyıqlığı, üzlərindəki
kölgəli hüznə görə bir-birindən fərqləndirmək
elə də asan deyil. Bu cütlük mənə 2015-ci
ildə elə burda - bu şəhərdə tanış
olub dostlaşdığım yaponiyalı şair xanım
Mariko Sumikuronu xatırladacaqdı.
Mariko ilə tanışlığım izsiz
qalmamış, tanışlığımızın ilk ilindəcə
şeirlərimi tərcümə edəcək və bir cild
içində yapon şairəsi Mieko Yoşino ilə ikimizin
"Rənglərin dueti" kitabımızı çap
etdirəcəkdi.
Tanış
olduğum Uzaq Şərq ölkələri şairlərinin
oxşar özəllikləri çoxdur: sakit, təmkinli,
verdikləri sözə sona qədər sadiq qalmaq və
özəlliklə oxucular qarşısında şeir oxuyarkən
artistlik eləməkdən uzaq davranışları... Sakit, təmkinli,
dua pıçıltılı oxuyuşları ilə az qala özlərini unutdurmağı
bacarırlar. Səhnədə mikrofon
önündə sadəcə şeir qalır, o şeirin cəzbedici
çəkim gücü qalır. Dinləyici,
oxucu oxuyanın necə oxuyacağını deyil, oxunan
şeirin sakit ləpədöyəninə dalır. Bəlkə bizi şairlərin bir çoxu
şeirini oxucu diqqətinə qısa yoldan çatdıra
bilmək üçün çıxışına
ayrılan vaxt darlığında şüuraltı bir fəhmlə
oxuduqları şeirin məzmunundan daha çox,
oxunuşlarıya diqqətləri öz üzərlərinə
çəkməyə çalışırlar.
Əslində keçmiş SSRİ coğrafiyasında
şeir festivalları kim kimi
yarışına çevrilirdi. O ənənə təəssüf
ki, hələ də davam etməkdədir. Nə
yaxşı ki, Uzaq Şərq şairləri bu ənənəyə
yoluxmamışlar. Haqlarında söhbət
açmaq istədiyim cənubi koreyalı şairlər ər-arvad
Donq Ho Çoi və Kooseul Kimi festival
iştirakçılarının çəkim mərkəzinə
çevirən də onların bu sevgi dolu
davranışları idi. Onlar bu
davranışları ilə hardasa bir cüt göyərçinə
bənzəyirdilər, bir-birini tamamlayır, bir
baxışdan, bir işarədən bir-birini anlayır, dəyərə
mindirirdilər. Həqiqətən də
alqışlamağa, öyrənməyə dəyər bir
örnək sərgiləməkdə idilər. Festival
günlərində Kooseul Kim xanım şeirlərimi
çevirmək istəyəndə mən də ondan şeirlərini
çevirmək istəyimi bildirmişdim o zaman, - bir şərtlə
ki, Donq Ho Çoinin də şeirlərini də çevirəsiniz,
yoxsa tək mənimki gərək deyil, cavabını verəcəkdi...
Dünyaya gəldiyi coğrafi məkanların insanlar
üzərində necə böyük təsir
doğurduğunu yaxşı bilirəm. Uzaq Şərq
ölkələri insanlarının xarakterlərinin özəlliklərini
bilmək üçün o yerlərdə mütləq olmaq gərəkməkdədir.
Bunu öz təcrübəmdən bilirəm... Hindistan
ağlagəlməyən möcüzələrin,
görünməmiş fenomenlərin gözlə
görülə biləcək gizli qoruğudur. Və
Hindistana hər adam gedə bilmir, getsə
də, ona sirrin qapısı açılmaz. Hindistan az da olsa sirrini açmaq üçün
insanı özü dəvət edir, özü çağırır,
sanki. Allaha şükür ki, ilk gəncliyimdə
arzuladığım bu yerlər ömrün qürubunda məni
də qəbul etmişdi.
Naqqar
Hindistanın Kullu dərəsi dağ yamaclarında yerləşən
çevrəsi gövdəsini beş adam
qollarının qucaqlaya bilməyəcəyi şam
ağaclarının yaşıllığı içinə
gömülən tarixi bir şəhərdir. Səfərimiz
zamanı axşamı burda gecələyib səhəri həm
şəhər tapınaqlarını gəzəcək, həm
də yaxın meşədə qərar tutan böyük
filosof-rəssam Nikolay Rerixin tarixi iqamətgahı - ev-muzeyini
ziyarət edəcəkdik. Uzun yol gəlib
yorulduğumdan başımı yastığa qoyan kimi
yatacaqdım. Azmı, çoxmu keçəcəkdi
bilmədən həzin musiqi səsinə oyanacaqdım.
Hind musiqisinin özünəməxsusluğunu kim
bilmir ki? Sadəcə musiqi deyil, onun fonunda bir
ilahi xor səsi də dağ havasını doldururdu. Bu ilahi musiqini dinləyə-dinləyə saatıma
baxacaqdım, səhər saat altının yarısı idi.
Tərcüməçimiz Rac saat səkkizdə
mehmanxanaya gələndə səhər-səhər məni
oyadan musiqinin və xorun belə erkən
başlanmasının səbəbini soracaqdım. (Raç həm də Hindistanın önəmli
şairlərindən biri idi). O zaman Rac
başının işarəsiylə dəstəmizdə olan
o biri iştirakçılara işarə edərək bu
sualı onlar versəydilər anlayardım, sən ki şairsən
gərək bu erkən musiqi səsinin səbəbini
özün biləydin, hər səhər bu yerlərdə
günəşi qarşılama ayinləri keçirilir, adamlar
səhərin obaşdanında üfüqdən
çıxmağa başlayan günəşi-göylər
qızını qarşılamaq üçün
tapınaqlara axın edirlər.
Bu sözlərdən sonra özümü saxlaya bilməyib
oxunan nəğmələrin məzmununu soruşacaqdım. Rac gözlərini
qapayıb, sanki tapınaq önündəki nəğmələri
təkrar oxumağa başlayacaqdı:
Ey göylərin qızılgözlü mübarək
qızı, xoş gəlirsən, çaylara su, ağaclara
yarpaq, yarpaqlara yaşıllıq, bizə də mutluluq gətir
nə olur?
Eşq olsun hər səhər günəşi
qarşılayıb hər axşam uğurlayan mübarəklər
ölkəsinə. Əslində, Uzaq Şərq torpaqları
çağdaş dünya düzəninə ayaq uydursalar da əski
çağların ənənəsini dimdik ayaqda
saxladıqlarından insanları ilə coğrafiyaları
örf və adətləri ilə tamam fərqli bir yerə
sahibdirlər: Ortada nə az, nə
çox beşminillik ənənə var axı. Uzaq şərq ölkələri insanlarının
dodaqlarının, duamı, qım-qımımı,
"Om-ma-ni-pad-me-hum" mantra"sınımı davamlı
nəsə söylədiyini görmək mümkündür.
Orda insanlar davamlı zikr içindədir:
"Om" səsi hind və Buddist ənənəsində
mütləqin simvoludur, özündə keçmişi, bu
günü, gələcəyi barındırır. Və
"Om-ma-ni-pad-me-hum" isə davamlı şəkildə
yaranan və məhv olan dünya, onun tanrıların ağ
işığını, insanlığın mavi
işığını, yerətrafı çevrələrdə
yaşayan şeytanların sarı işığını,
canlıların yaşıl işığını, ac
ruhların qırmızı işığını və cəhənnəm
mənsublarının bəlirsiz işığını əks
etdirən Tibet duasının ilk misrasıdır...
...Hesabını
bilməyən,
nə
var, nə yox hesabda?
Sevincə aparan yol düyümlənib əzabda.
Alışdıqca
alışır sönmək istəsə də mum; -
Om mani padme hum!
Om mani padme hum!
...Dünya
səsdi, eşidib tuta bilmədiyin səs.
Çaşıb
həvəsə düşmə, tordu düşdüyün
həvəs...
Ürəyindən
keçənlər torpağa düşən toxum; -
Om mani padme hum!
Om mani padme hum!
Yazımın
əvvəlində də vurğuladığım kimi, Cənubi
Koreyanın önəmli şairləri olan Kooseul Kim və həyat
yoldaşı Donq Ho Çoi ilə Rumıniyanın Krayova
şəhərində, dünya şeir festivalında
tanış olmuşdum. Bu yazımın yazılma səbəbi
də "Ədəbiyyat qəzeti"nin
oxucularını onların kimliyi və şeirləri ilə
tanış etməkdir.
Şair,
ingilis ədəbiyyatı üzrə elmlər doktoru, Hyupsunq
Universitetinin professoru Kooseul Kim uzun müddət Koreya Hyupsunq
Universitetinin dekanı işləmiş, bir çox ədəbi
və elmi mükafatlar almışdır. Bunlara örnək
olaraq Joseon sülaləsinin 22-ci kralı Joseonun şərəfinə
Honqjaen (2018), Suvon ədəbi mükafatlarını göstərə
bilərik (2018) Vyetnam Yazıçılar Birliyinin 2019-cu il üçün təsis etdiyi əsas ədəbiyyat
mükafatı da ona verilmişdir. Kooseul Kim
xanım Çanqvon Beynəlxalq Ədəbiyyat
Mükafatı Komitəsi rəy komisyonunun üzvü və
eyni zamanda həmin Beynəlxalq Ədəbi Mükafatı Təşkilat
Komitəsinin sədr müavinidir. Şərq-Qərb
müqayisəli ədəbiyyat cəmiyyətinin
vitse-prezidenti, Koreyanın TS Eliot Cəmiyyətinin
müşaviri və prezidenti vəzifələrində
çalışmışdır. İngilis
ədəbiyyatının tədqiqatçısı və tərcüməçisi
kimi bir çox elmi və tərcümə kitablarının
müəllifidir. Əsərləri bir
çox önəmli dillərə çevrilmişdir.
Şair, ədəbiyyatşünas, Koreyanın Kyunqnam
Universitetlərinin əməkdar professoru Donq Ho Çoi uzun
müddət eyni universitetdə ədəbiyyat fakültəsinin
dekanı vəzifəsində
çalışmışdır. O, Koreya Yazıçılar Cəmiyyətinin
müşaviri, rüblük lirik poeziya jurnalının
redaktoru, Koreya Şeirsevərlər Cəmiyyətinin qurucu
prezidenti və Koreya şairlər cəmiyyətinin sədri
olmuşdur. Hazırda K.S.Çanqvon Beynəlxalq
Ədəbiyyat Mükafatı Komitəsinin sədri və Xoam
Mükafat Komitəsinin üzvüdür. "Sarı
qum küləyi", "Səhər süfrəsi",
"Ağacdələnin gizlədildiyi yer", "Dharma
topu" və "Alov böcəyindəki Koreya incisi",
"Buz üzü" və "Kəpənək" kimi
xeyli sayda ədəbi əsər yaratmışdır.
Donq Ho Çoi beynəlxalq aləmdə də
yaxşı tanınır. İndiyə kimi
"Yağışdan islaq ağaclar" (ingilis dilində),
"Koreyalı Buddist şeirlər" (ingilis dilində) və
"Dənizdə dəniz" (rus dilində) də daxil
olmaqla şeir kitabları Çin, yapon, monqol və fransız
və b. dillərə tərcümə edilərək
çap olunmuşdur.
Koreya ədəbiyyatının
tədqiqatçısı olaraq şeir nəzəriyyəsinə
dair bir çox kitabı, o cümlədən Müasir
"Şeirdə ruhun tarixi", "Rəqəmsal mədəniyyət
və çevrə poetikası", "Cənnətin
çirkli poetik yazısı" və "Junq Ji Yunq tənqidçilərinin
arxeologiyası" əsərləri də oxucuların diqqətini
çəkmişdir.
Yaradıcılığa
başladığı gündən bu yana əsərləri
Müasir Buddist ədəbi mükafatı, Desanq ədəbi
mükafatı, Dujin park ədəbi mükafatı, Qosan Yoon
Sundo ədəbi mükafatı, Yushim ədəbi
mükafatı və Ədəbiyyat və incəsənət
üzrə Manha Qran-Prisi də daxil olmaqla, bir sıra
böyük mükafatlara layiq görülüb.
Məmməd
İSMAYIL
Kooseul
KİM
Qar
çiçəkləri
Erkən
gavalı çiçəklərinə dönüşən
gecikmiş bahar - qar
Bir-birindən
asılır qar dənələri
Səmaya
doğru cazibədar bir çiçək yolu açar
Havada
fırlanıb
Dönüb uçmaq şansı yox amma.
Çiçək
sandığıdır hər sinə
Dəstələyərəm onları tək-tək.
İnşallah
yalnızca
Ümidzsiz çizgilər dağılar.
Lakin
Ayın
doğduğu göy üzündə,
Yolda
ağrısız döyüş başlar
Boş
ürəkdə
Bir anda
diqqətçəkən səssizlik
Bəyaz və dərin.
Şeir
yazmaq
Şeir
yazmağa
bu səbəbdir...
ən
içdəki yara izi
Sıx
bağlanmış sarğını
Üsulluca
açmaq
İşin
təsdiqi üçün...
...........
Gizlicə
kimsənin görə bilmədiyi bu yara izinə
təkrar-təkrar baxmaq
cəsur
və önəmli -
Acının
qəlbinə dalmaq deməkdir...
Bunu bilmək belə acı verir.
Bir
şairin sözləri ilə söyləsək:
Şeir ağrı və izzətdir.
Donq Ho
ÇOİ
Mükəmməl
qılınc
Seorak
dağında yaşlı bir ustadın sözü:
-
Qınından çəkilən qılınc qılınc
deyil, bıçaqdır.
Heç
bir qılınc köhnəlmiş qınını qoruyan
qılıncdan
yaxşı deyil.
Kəskin
tiyəsini dünyaya sallayan qılıncın
ruhu pas
tutur, nəticədə qara qanlı
bir
dəmir parçasıdır olsa-olsa.
Hələ
köhnəlmiş qınında saxlanılan qılınc
insanın və dünyanın qəlbini
hərəkətə
gətirməyə,
hətta
ən böyük dağın
göz
yaşını tökməyə qadir gücə malikdir.
Qılınc
həyatı söndürmək üçün deyil,
dünyada qətllərin,
qarışıqlığın
qarşısını
almaq üçün mövcud.
Tələsdinmi kəskinliyi insanlara zərər verər.
Yalnız
bunu dərk edən şəxs, həqiqətən,
onu
sıyırmadan necə istifadə edəcəyini bilir.
Ona ehtiyac yoxdur. Çünki tələskənlik
göstərməsə
bir həyat yaşayır demək.
Köhnə
ustadın kəskin qılınc axtaranlara
demək
istədiyi budur:
Dünyanın
yolunu deyil,
əla
bir qılınc yolu seçin.
Yağış
damcıları
Bir taxta
rahibin zəng səsi
Bir səhər əsintisi boyunca inlər.
İnsanlar
dağların mürəkkəbəbənzər
qara
kölgəsini silər.
Yağmur
damlaları nağara kimi vurur
və
boyunlarını qırır bağçadakı
ağacların.
Vaxtından
əvvəl ölmüş şair
bir
ildırım çubuğunun ucuna
bir
ildırım çubuğu taxmış, sanki.
Məmməd
İsmayıl
Ədəbiyyat qəzeti.-
2020.- 8 fevral. S. 22.