"Yada
düşdü" dərgisinin baş redaktoru Nəzakət
Məmmədliyə açıq məktub
Hörmətli
Nəzakət xanım!
Yadınızda varsa, dərginizin 5 illiyi münasibətilə
"Hər sayını intizarla gözlədiyim dərgi"
başlıqlı məqalə yazmışdım. Aradan illər
keçib və bu gün də "Yada
düşdü"nün hər sayını intizarla
gözləyirəm. Nədir bu dərginin məziyyətləri?
- Kökə
qayıdış.
Görkəmli rus alimi M.Baxtinin doğru olaraq qeyd etdiyi
kimi, hər zaman irəliyə doğru atılan hər bir əhəmiyyətli
addım geriyə qayıdışla müşayiət olunur. Daha
doğrusu, başlanğıcın (mənşənin) yeniləşməsinə
gətirib çıxarır. Yalnız
yaddaş irəliyə doğru gedə bilər, unutqanlıq
yox. Yaddaş kökə qayıdır və
onu yeniləyir (Baxtin M. Ədəbiyyat və estetika məsələləri.
Moskva, 1975, s.533).
Heç
şübhəsiz, sovet sisteminin amansızlığı
dövründə Səməd Vurğunun
üstüörtülü şəkildə dilə gətirdiyi
misralar da kökə qayıdışla, yaddaşla bağlıdır:
Sabaha
çağırır o bizi, ancaq
Sabah da bugünsüz, dünənsiz deyil.
Nəzakət xanım, dərginizin hər sayında bunu
dərindən dərk edirəm və "Yada
düşdü"nü yüksək qiymətləndirirəm.
Elə götürək dərginin yenicə çapdan
çıxmış 2019-cu ilin son sayını. Nələr
yoxdur bu sayda? Nələr yada
düşmür?!
Şəhriyarın tərcüməsində Konstantin
Simonovun "Gözlə məni" şeirini çap
edibsiniz. Azərbaycanda bu şeiri 15-dən artıq
şairimiz tərcümə edib. Bir vaxtlar
"Ədəbiyyat qəzeti" onları eyni sayında
vermişdi. Yaxşı şeirdir. Müharibə vaxtında yazıldığına
görə təsir gücü böyük idi.
Ancaq
heç kim azərbaycanlı
qadınların mənəviyyatını, vəfasını,
gəlinlərin "qara kağız" aldıqları halda
ömürlərinin sonuna qədər müharibəyə
getmiş ərlərinin yolunu gözləmələrini, bu
münasibətlə müharibədə oddan-alovdan
keçmiş Hüseyn Arifin şeirini yada salmır:
Mən
yazmadım: - gələcəyəm,
Gözlə, yar məni.
- Gözlə!
- desəm gözləyənə,
Qınayar məni.
Dərgidə Bəxtiyar Qaracanın Şirməmməd
müəllimə həsr etdiyi "Hamımızın müəllimi"
məqaləsi çoxumuza, xüsusən də gənclərə
örnək olmaq baxımından diqqətimi çəkdi.
Hamıya məlumdur ki, Şirməmməd müəllim
saf mənəviyyatlı, nəfsini qoruya bilən, iddiasız
yaşamağı bacaran azsaylı kişilərdən -
ziyalılarımızdan olub.
Professor Maarifə Hacıyevanın "Müdrik
ömür" yazısı görkəmli
yazıçı və bütöv şəxsiyyət
İsmayıl Şıxlının 100 illiyinə həsr
olunub. Məqalədə yeri gəldikcə
yazıçıya həsr olunmuş şeirlər verilir.
Məncə,
İsmayıl Şıxlı haqqında ən gözəl
şeirlərdən biri də Rasim Kərimliyə məxsusdur:
Vətənin
dağları, düzü kimisən,
Saflıqda
çeşmələr gözü kimisən,
Elə təbiətin
özü kimisən,
Bağından,
bağçandan gül ətri gəlir
- misralarını oxuyanda gözlərimiz
önündə dağ vüqarlı, saflıq, paklıq,
ziyalılıq rəmzi olan İsmayıl Şıxlı
canlanır.
Nəzakət
xanım,
Nə yaxşı ki, dərgidə alimlərimizə də
yer verirsiniz. Günümüzdə klassik ədəbiyyat üzrə
dörd görkəmli mətnşünas alimimiz vardır.
Mətnşünaslıq üzrə ilk elmlər doktoru,
akademik Möhsün Nağısoylu fars və türkdilli ədəbiyyat
üzrə, professor Kamandar Şərifov ərəbdilli ədəbiyyat
üzrə, prof. Paşa Əlioğlu (Kərimov) və Azadə
Musayeva türkdilli ədəbiyyat üzrə.
"Kredo" qəzetində Əkrəm Həsənovun
Kamandar müəllimin 80 illiyinə həsr etdiyi çox maraqlı
"Mənəvi irsimizin fədakar tədqiqatçısı"
məqaləsini yenicə oxumuşdum. Dərginizdə Məsmə
Mahmudovanın "Alim ömrü" məqaləsini görəndə
sevindim. Kamandar Şərifov Azərbaycanın
elə sanballı və nadir alimlərindəndir ki,
haqqında nə yazılsa ana südü kimi halaldır.
O, mənim üzvü olduğum AMEA Ədəbiyyat
İnstitutunun Dissertasiya Şurasında müdafiə edib. Çox qiymətli əsərlər müəllifidir.
Belə tədqiqatçılara Ali Attestasiya
Komissiyası müdafiə etmədən elmi ad versə elmimiz
qazanar. Çünki doktorluq müdafiəsi
illərlə vaxt aparır, tədqiqata sərf olunacaq
vaxtı alimin əlindən alır.
Dərgidə
yer alan Şəmistan Nəzirlinin "Səməd
bəy namında bir kişi gördüm" məqaləsi
çox maraqlıdır. Yaddaşa
qayıdışdır. Onun böyük əhəmiyyəti
və dəyəri bundadır.
Alimlərimizin Özbəkistan səfəri sovetlər
süqut edəndən sonra kəsilən ədəbi-elmi əlaqələrimizin
yenidən canlanması baxımından maraq doğrurur.
Dilarə xanım Nağıyevanın "Qarateli deyin,
ağlayın" yazısı çox təsirlidir. Müəllif
Qaratelin simasında Azərbaycan qadınının qeyrətli,
namuslu olmasını ön plana çəkir.
Folklorşünas və sənətşünas alimimiz,
səmimi şairimiz Ağalar Mirzəyə məqalə həsr
edən Ay Bəniz Əliyarı keçən ilə kimi
şəxsən tanımırdım. Şabranda "Xaqani Poeziya Evi"ndə
filologiya elmləri doktoru, professor Məmməd Əliyevə həsr
olunmuş yığıncaqda tanış
olduq. Əvvəllər publisistik
yazılarını, hekayələrini, şeirlərini
oxuyurdum. İstedadlı və savadlı
olduğu qənaətində idim. Görüş
vaxtı təəssüratım daha da gücləndi.
Ay Bəniz
xanıma dostum haqqında yazdığına, yada
saldığına, təmənnasız xidmətinə
görə təşəkkür edirəm.
Ağalar Mirzə folklorumuzu, aşıq sənətini,
aşıq yaradıcılığını dərindən
bilirdi. "Aşıq Pəri" məclisini şöhrətləndirən
Ağalar Mirzə oldu. Aşıq
mühitlərini o qovuşdurdu. "Xaltanlı
Tağının yaradıcılıq yolu" mövzusunda
namizədlik dissertasiyası müdafiə etmişdi. Müsbət rəy
vermişdim. Doktorluq işinə də rəy
vermişdim. Müdafiə ərəfəsində,
yaradıcılığının çiçəkləndiyi
bir vaxtda - 54 yaşında qəfil ölüm onu haqladı.
Nə edəsən ki, fani dünya nə ömrə
acıyır, nə də ki, yaşa. Dahi Səməd
Vurğun necə də doğru deyib:
Bir də
görürsən ki, açılan solur,
Düşünən bir beyin bir torpaq olur.
Bir yandan
boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya.
Yazıçı və alim Salatın Əhmədlinin
"Manatın nağılı" əsərini maraqla
oxudum. Məna, məzmun öz yerində, əsərin dili
püxtələşmiş bir yazıçı dilidir.
Yaradıcılığı ilə yaxından
tanışam. Əsərlərinə iki
məqalə həsr etmişəm. Çəkinmədən
deyə bilərəm ki, o, artıq xalq tərəfindən
sevilən və təqdir edilən yazıçılar
sırasındadır.
Görkəmli folklorşünas alimimiz Sədnik
Paşayev haqqında yazını məhəbbətlə
oxudum. O,
aşıq sənətinə, aşıq
yaradıcılığına töhfələr verən, Azərbaycanı
qarış-qarış gəzən, tədqiqat
üçün zəngin material toplayan azsaylı alimlərimizdən
olub.
Nəzakət
xanım, sizə minnətdaram ki, xeyli müddət görmədiyim
həmkarım, filologiya elmləri doktoru, professor
Minaxanım Təkləli (Nuriyeva) ilə məni dərginizin
səhifələrində görüşdürdünüz.
O, tanınmış dilçi alim olmaqla bərabər, ədəbiyyatımıza,
mədəniyyətimizə dəyərli töhfələr
verir. Onun "Xarı bülbül"
çiçəyini kəşf edən, amma əslini-nəslini
gizlədən bilgə qadın" məqaləsi deyilənlərə
dayaq olur.
Minaxanım Təkləli Nərminə Məmmədova və
iraqlı soydaşımız Sinan Səidə "Sirrimi bilməzdim"
adlı kitab həsr edib. (Kitabın redaktoru Safura Quliyeva, rəyçilər: bu
sətirlərin müəllifi və Ağalar Mirzədir).
Onların oxuduğu, Azərbaycan Televiziyasının
qızıl fondunda saxlanılan "Kərkük
mahnıları"nı tərənnüm
etməklə, ədəbi-mədəni əlaqələrimizə
təmənnasız xidmət göstərib. Maraqlıdır
ki, görkəmli bəstəkarımız Şəfiqə
Axundova "Kərkük mahnıları"nı
Nərminə xanımın şah əsəri
adlandırıb.
Nəzakət
xanım!
Görün dərginin bircə sayında yaddaşa
qayıdış üçün nə qədər material
vardır. Buna görə sizə sağ olun demək azdır.
Sizə
bu çox faydalı və gərəkli işinizdə
yeni-yeni uğurlar diləyən
Qəzənfər
PAŞAYEV. professor
Ədəbiyyat qəzeti.-
2020.- 8 fevral. S. 23.