"Sonuncu"
və ya dəyişikliyin uğurlu başlanğıcı...
Görkəmli rejissor, respublikanın Xalq artisti Ramiz Həsənoğlunun
"Sonuncu" bədii filmi ömrünü sənətə
həsr eləmiş, fəqət nə ömründən, nə
də sənətindən yarımış İnsan barədədir. Əsərin
qəhrəmanı Əlisöhbət Qələndərli (Fərhad
İsrafilov) Azərbaycan teatrının artıq
keçmişə çevrilmiş bir epoxasından
qalmış sonuncudur. Filmdə o, fiziki
ömrünün də sonunu yaşamaqdadır.
Filmin ədəbi mətni intertekstual təcrübəyə
əsaslanır. Ssenari müəllifi Pərvin xanım
filmin ssenarisini böyük rus yazıçısı
A.P.Çexovun "Qu quşunun nəğməsi" birpərdəli
pyesindən (müəllif bunu dramatik etüd
adlandırmışdı) təbdil edib. Çexovun
qəhrəmanı Svetlovidov onun şərəfinə təşkil
edilmiş benefisi qeyd etmək münasibətilə teatrın
qrim otağında qurulan yemək-içmək məclisindən
sonra divanda yatır və gecəyarı oyanır. Özünü tamaşaçı zalının -
"ölümün eynilə qəbir kimi gizləndiyi qara,
kor quyunun" qarşısında görür. Onunla süfrə ətrafında əyləşənlərin
hamısı dağılışıb. 68
yaşına çatmış əyalət aktyoru Svetlovidov
tamaşaçısız zalın önündə tək
qalıb. O, bəlkə də qarşısındakı
"kor quyu"nun, boş tamaşa zalının mistik xofundan
yaranan bir duyğu ilə öləcəyi haqqında
düşünür və ölümdən eymənir. Əvvəlcə özünə hesabat verməyə
başlayır, sonra isə söhbətini teatrın
çoxbilmiş suflyoru ilə davam etdirir.
Çexovun
kiçikhəcmli dramatik əsərinin qəhrəmanı
öz uğursuz sənət keçmişini
xatırlaya-xatırlaya Puşkinin "Boris Qodunov",
Şekspirin "Kral Lir", "Hamlet", "Otello",
Fonvizinin "Ağıldan bəla" əsərlərindən
parçalar oxuyur, roldan-rola girir. Bir-birinin
içində təqdim olunan mətnlər - Çexovun qəhrəmanının
suflyorla dialoqu və klassik əsərlərdən səsləndirdiyi
monoloqlar Svetlovidovun qaranlıq həyat və sənət
dünyasının ayrı-ayrı məqamlarına
işıq salır. Həmin işıqda görünən
məqamları isə onun özündən başqa heç kim görmür (və heç kim görməyib).
İşin ağır və
tarazlığı pozan tərəfi isə benefisdən sonra
Svetlovidovun özünün həm fiziki, həm də mənəvi
ölümə düçar olduğunu daha aydın dərk
etməsidir. Ölümsüzlük, əbədiyaşarlıq
assosiasiyası yaradan sənət məbədində
özünün axırının
çatdığını, "ölümün dağlar
arxasında olmadığını",
"mahnısının oxunduğunu" ağlına və
dilinə gətirir...
"Sonuncu" filminin süjeti, tam olmasa da, "Qu
quşunun nəğməsi" ilə çox
oxşardır. Əlisöhbət Qələndərli də
Svetlovidov kimi onun üçün təşkil edilmiş
benefis münasibətilə qrim otağında qurulan məclisdən
sonra divanda yatır və ayılanda özünü
üstündə artıq-urtuqlar, boş butulkalar
qalmış süfrənin kənarında və cansız əlbisələrin
arasında görür. Qələndərli
sərxoş yaddaşını silkələyib, qrim
otağında onun şərəfinə verilmiş xudmani
qonaqlıqda iştirak edənləri, kimin harada oturduğunu,
onun haqqında nə dediyini xatırlayır. Ömründə bəlkə də ilk dəfə
eşitdiyi bəlağətli təriflərin havasına
girir.
Qələndərli də Svetlovidov kimi qonaqlıq
zamanı ölçüdən artıq qəbul etdiyi
içkinin təsiri ilə "içini çölə
tökməyə" başlayır və birbaşa
ünsiyyətdə olmadığı tamaşaçı ilə
öz sənət taleyini bölüşür. Qonaqlıqda
iştirak edənlərlə qurduğu virtual dialoq Qələndərlinin
özü barədə özünün yaratdığı
obrazı açır. Sonradan onunla
söhbətə cavan teatrşünas İlham
Çardaqlı (Hikmət Rəhimov) da qoşulur və
yaşı yetmişi ötmüş Qələndərli bu
çağa qədər gizli saxladığı
düşüncələrini ona, eyni zamanda
tamaşaçıya danışır.
Beləliklə, "Sonuncu" filminin
yaradıcıları üçün Çexovun əsərinin
süjeti Azərbaycan teatr sənəti, sənət
adamının taleyi barədə düşünmək və
düşündürmək üçün bir vasitə
rolunu oynayır. Film boyu tamaşaçının diqqəti
insanın taleyi ilə yanaşı, həm də Azərbaycan
teatrının, mədəniyyət-cəmiyyət münasibətlərinin
üstünə yönəldilir.
Çexovun əsərindən fərqli olaraq
"Sonuncu" filmində "qara, kor quyu" - boş
tamaşaçı zalı və zalın təmsil etdiyi
tamaşaçı, insan kütləsi görünmür. "Sonuncu"da
tamaşaçını İlham Çardaqlı əvəz
edir. O, həm də müasirliyi təmsil etmək
iddiasında olan teatrşünasların və teatrdan yazan
jurnalistlərin nümayəndəsi kimi verilir.
İlham
Çardaqlı ilə Əlisöhbət Qələndərli
düşüncələrinə, zövqlərinə görə
bir-birindən nə qədər uzaq və yad adam
olsalar da, onları birləşdirən ümumi bir cəhət
var: hər ikisi üçün teatr son sığınma
yeridir. Əlisöhbətin bu yaşda üz tutub gedəcəyi
başqa ünvan qalmayıb, öləndə cənazəsinin
teatrdan götürülməli olduğunu
düşünür, İlham üçünsə
teatrın yağış yağanda tavanı daman
qrim otağı yaşayış yeridir, müvəqqəti də
olsa, evdir. Əslində, Əlisöhbətin teatrdan
çıxanda gedəcəyi isti və məhrəm bir məkan,
yolunu gözləyən insan(lar) da yoxdur. Telefon onun üçün artıq əşyadır,
ona zəng vuran, onu itirib-axtaran yoxdur. Ona
yalnız nömrəni səhv yığanlar zəng vurur.
"Sonuncu" filmində "qara, kor quyunu" təmsil
edən İlham Çardaqlı yalnız Əlisöhbət
Qələndərliyə, onun dediklərinə, xatirələrinə
ironiya ilə baxmır, teatr mədəniyyətimizin
içindən keçib gəldiyi mürəkkəb yol,
qazandığı dəyərlər onun üçün
"primitiv" və gülünc görünür.
Milli mədəni dəyərlərə bu yanaşma Azərbaycan
bədii düşüncəsi üçün təzə
hadisə deyil.
Qələndərli ilk replikalarından
başlayaraq sənətdən yarımamış daha bir
klassik obrazı - Anarın "Dantenin yubileyi" əsərindəki
Kəbirlinskini yada salır.
Ümumiyyətlə, "Sonuncu" filminin intetekstual -
mətnlərarası mozaikası "Qu quşunun nəğməsi"
ilə müqayisədə daha mürəkkəbdir. Əsər Mirzə Fətəli
Axundzadənin "Hacı Qara" komediyasının
sentimental bir epizodu - nişanlısının, Heydər bəyin
yolunu gözləyən Sonanın monoloqu ilə başlayır
və məlum olur ki, bu, əsərin qəhrəmanı Qələndərlinin
"xəyalındakı qızın" monoloqu imiş. Özünün ən məhrəm xəyallarında
belə, Qələndərlinin həyatının sənətlə
qarışdığını görürük. Qələndərli real insan olmaqla bərabər, həm
də özünün yaratdığı bədii obraz təsiri
bağışlayır. O, həyatda obraz kimi
yaşayır. Qələndərli öz aləmində
özünün böyük aktyor obrazını yaratsa da,
bunu heç kəsə deyə bilmir, heç kəsə
ürək qızdırmır. Onu da
xüsusi vurğulamağa dəyər ki, Qələndərlinin
real obrazını və xəyalında yaratdığı istedadlı
aktyor obrazını Fərhad İsrafilov filmdə ustalıqla
oynayıb.
"Sonuncu" filmində Qələndərlini ətrafındakılar
bilərəkdən Kəbirlinskinin gününə
salırlar. Bu, onlar üçün bir əyləncədir.
Filmin rejissorunun əsas ideyası da "əyləncənin"
arxasındakı insan faciəsinin ekran həllini verməkdir.
"Dantenin yubileyi"ndə "köhnələrlə"
"yenilər" arasındakı mübarizədə Kəbirlinski
köhnənin - keçmişin təmsilçisi olmaqdan daha
çox parodiyaçı kimi təqdim olunur. Özünün sənətə
nə gətirdiyi aydın olmayan, hər replikası ilə
müasirlik təsəvvürü yaratmaq istəyən, sənət
ölçüləri dəqiq görünməyən
modernistlərin, Brext, Meyerxold teatrı yaratmaq, səhnəni
"kötüklərdən" təmizləmək arzusu ilə
yaşayanların qarışıq kütləsi isə əlinə
fürsət düşən bütün məqamlarda bu
parodiya ilə əylənir. Həmin əyləncənin
hədəfi parodiyadan o tərəfə - Azərbaycan
teatrının keçmişinə uzanır, keçmiş
məsxərəyə qoyulur. Kütlənin
aqressiyası sadəcə Kəbirlinskiyə qarşı
deyil, onun içindən gəldiyi keçmişə və dəyərlərə
qarşı yönəlir...
Kəbirlinski-Svetlovidov müqayisəsi aparmaq bir qədər
çətin olsa da, Kəbirlinski ilə Qələndərli
həm talelərinə, həm də xarakterlərinə
görə "yaxın qohumdurlar". Burada filmin daha bir keyfiyyəti
və tamaşaçıya ötürdüyü mesaj diqqəti
cəlb edir: istər Çexovun "Qu quşunun nəğməsi"ni
yazdığı dövrdə - XIX əsrin sonlarında, istər
Kəbirlinskinin zamanında - XX əsrin ortalarında, istərsə
də Qələndərlinin və bizim müasiri olduğumuz
XXI əsrin ilk onilliklərində özünü sənətə
həsr etmiş insanla cəmiyyət arasında gözəgörünməz
bir münaqişə var və bu, əbədi səciyyə
daşıyır. Belə görünür ki,
cəmiyyətin heç bir inkişaf səviyyəsində bu
problem öz həllini tapa bilməyəcək.
Heç
şübhəsiz ki, "Sonuncu" əsərinə
aktuallıq qazandıran, onu tamaşaçıların
marağında saxlayan başlıca amil də bu
münaqişənin əbədiliyi ilə
bağlıdır: Ramiz Həsənoğlu bu əsəri
"Yuğ" Teatrında da tamaşaya qoyub və əsər
beş il teatrın səhnəsində
oynanılıb, bütün tamaşalar anşlaqla keçib.
Svetlovidov da, Kəbirlinski də, Qələndərli də
iddiasız və əslində, lazımlı insanlardır. İstər
teatr olsun, istər ədəbiyyat - orada dahilərin izi qalsa
da, sənətin yaşamasında sadə fədakar
"sıra nəfərləri" də iştirak edir, onlar
öz varlıqlarını sənətə həsr edirlər.
Tarix dahilərə borclu olduğu kimi, bu sənət fədailərinə
də laqeyd qala bilməz!..
Filmin sonrakı hissələrində İlham
Çardaqlının təhriki ilə Qələndərlinin
ayrı-ayrı klassik əsərlərdən - "Vaqif"dən,
"Otello"dan, "Oqtay Eloğlu"dan,
"İblis"dən səsləndirdiyi parçalar
teatrın müxtəlif dövrlərini və
üslublarını yada salır. Bu, həm də Qələndərlinin
on illər boyunca içində yığılmış
enerjinin son məqamda hərəkətə gəlməsi, qu
quşunun nəğməsidir.
Filmin maraqlı cəhətlərindən biri də
burada teatr, kino və televiziya estetikasının bir araya gətirilməsidir. Bu, Ramiz Həsənoğlunun
ekran əsərləri üçün spesifik bir müəyyənlikdir
və "Sonuncu" filmində də bu keyfiyyət diqqətdən
yayınmır.
Filmdə aktyor oyunu yüksək səviyyədədir. Qəmərli
obrazını ustalıqla yaradan Fərhad İsrafilov film boyu,
sanki özünü oynayır, öz sənət taleyini
canlandırır. Hikmət Rəhimov
çanağından çıxıb
çanağını bəyənməyən, teatrın
tarixi təcrübəsinə avropalı gözündən
baxan İlham Çardaqlının iç üzünü,
sinizmini məharətlə açır: Çardaqlı və
çardaqlılar öz mahiyyətinə görə
müasirliyin astar üzü təsiri
bağışlayır. Əlisöhbətin
"xəyalındakı qız" - Ləman Mərih yadda
qalır.
Və
sonda...
Azərbaycan televiziyasının keçdiyi tarixi yolun
enişli-yoxuşlu zamanları olub. Ancaq geri dönüb
bu yola baxanda sözün həm hərfi, həm də məcazi
mənasında Ramiz Həsənoğlunun boyu
görünür. Onun
hazırladığı filmlər Azərbaycan mədəniyyət
tarixinin ən yüksək dəyərlərini təşkil
edir.
İndi Azərbayacan televiziyası yeni islahatlar və
axtarışlar dövrünü yaşayır. Belə bir
zamanda Ramiz Həsənoğlunun AzTV-nin Bədii və sənədli
filmlər studiyasına rəhbərlik etməsi
televiziyamız və tamaşaçılarımız
üçün böyük dəyişikliklər vəd
edir. Belə düşünürəm ki,
"Sonuncu" bu dəyişikliklərin uğurlu
başlanğıcıdır.
Məti Osmanoğlu
Ədəbiyyat qəzeti.-
2020.- 8 fevral. S. 24.