O, sənətinə
sadiq idi…
"Varislər"in
bugünkü qonağı unudulmaz teatr və kino aktyoru,
yaratdığı obrazlarla daima tamaşaçıların qəlbində
xatırlanan Səməndər Rzayevin varisi, Azərbaycan radiosu
"Ədəbiyyat və incəsənət"
redaksiyasının redaktoru Rübabə Səməndərdir.
Filologiya
fakültəsini aktyorluğa dəyişən adam...
Qədim Şirvan torpağında, Ağsuda dünyaya gəlmişdi. Müharibə
illərində atası dəyirman işlədir, ehtiyacı
olana əlindən gələn köməyi göstərirdi.
Elə o da ömrünü insanlara
yaxşılıq etmək üzərində qurdu. Yeniyetmə yaşlarında Ağsuda dram dərnəyinin
tamaşalarında iştirak edirdi. Bu həvəs
onda böyük səhnə ustası Ələsgər Ələkbərovun
radiodakı səsini dinlədikdən sonra
yaranmışdı və bəlkə elə buna görə
sonradan radio onun həyatının bir parçası oldu.
Universitetin filologiya fakültəsinə daxil
olsa da, orada qərar tuta bilmədi, sənədlərini
götürüb rayona qayıtdı və bir müddət
klubda işlədi, arabir plakatlar çəkib ailəsinə
maddi kömək etdi. Sonra tələbəlik illəri...
Unudulmaz aktyor və pedaqoq Rza Təhmasibin aktyor
kursunda təhsil aldı. Mehdi Məmmədov, Ədil
İsgəndərov, Tofiq Kazımov kimi korifeylərdən sənətin
sirlərini öyrəndi. Teatrda və kinoda
yaratdığı irili-xırdalı obrazlarla
tamaşaçı ruhuna nüfuz etdi və bəlkə də
hər sözü, hər mimikası yüz minlərlə
tamaşaçının yaddaşında yaşadı.
Biz onu çox erkən itirdik - 41 yaşında, amma o, hələ
də bizimlədir, hələ də xatırlanır, sevilir. Bəli,
söhbət respublikanın Əməkdar artisti, Azərbaycan
SSR Dövlət mükafatı laureatı Səməndər
Rzayevdən gedir. Onun varisi, qızı
Rübabə Səməndərlə Beynəlxalq Mətbuat Mərkəzində
görüşdük.
Bir
insanın gedişi az qala bir ailənin məhvinə
səbəb oldu
-
Danılmaz gerçəklikdir, o dövrdə çox
böyük aktyorlar vardı, möhtəşəm bir nəsil
vardı və atamın gedişi ilə, doğrudan da, bir
boşluq yaranmışdısa, demək Səməndər
Rzayev öz missiyasını yerinə yetirə bilmişdi,
çünki bu, hər kəsə nəsib olan xoşbəxtlik
deyil. Və əgər teatrda, kinoda bir boşluq yarandısa, təsəvvür
edin ailədə necə boşluq yarandı... Ailədə
atamızdan başqa kimimiz vardı ki, o boşluğu doldura
bilək?! Üstəlik, bu adi boşluq
deyildi, həm də böyük bir ağrı idi. Bu ağrının gələcəkdə çox
böyük fəsadları oldu. Hamımız
sarsılmışdıq, amma qardaşım bunu çox
ağır yaşadı. Atamın itkisi ilə
qardaşım barışmadı və hələ də
barışa bilmir. Ailəmiz demək olar,
tarmar oldu. Bir insanın gedişi az
qala bir ailənin məhvinə səbəb oldu. İnsan belə
itkilərin ağırlığını o an anlamır: həm
qəbul eləmirsən, həm uşaqsan və həm də
o ərəfədə hamı sənin yanında olur, təsəlli
verir və bir gün hər şey bitir, özünlə,
yaxınlarınla, ailənlə baş-başa qalırsan.
Onda adama çox ağır gəlir, çox...
Ona istədiyi
rolu da vermirdilər...
- Səməndər
müəllim dünyasını dəyişəndə də
birotaqlı evdə yaşayırdınız?
- Yox, o
vaxt ona 9-cu mikrorayonda ev vermişdilər.
Bu ev məsələsi də illərlə
dalana dirənmişdi. Atam çox üzüyola adam idi, heç vaxt haqqını tələb
etmək üçün qapılara düşməzdi. Deyirdi, vaxtı çatanda verərlər.
Diribaş adamlar vardı ətrafında, ondan irəli düşüb
ev də almışdılar, bağ da...
Yaxşı yerlərdən ev
ayrılmışdı ona, başqaları müəyyən
yollarla o evlərə bir neçə dəfə sahib
çıxmışdı. Atam
başını aşağı salıb öz işi ilə
məşğul olurdu. Bu, onun həyatında
da belə idi. Hətta teatrda da istədiyi
rolları vermirdilər ona. Axı onun
imkanları böyük idi, istənilən rolu yarada bilərdi,
amma baş rol oynamaq istədiyi tamaşada başqa rol verirdilər
ona və bu onu sındırırdı.
- Amma Səməndər
Rzayev üçün böyük, yaxud kiçik rol yox idi,
o, istənilən rola öz möhürünü vururdu. Mən Akademik Teatrın səhnəsində onun bir
neçə tamaşasına baxmışam. O vaxt Azərbaycan
Dövlət Universiteti (indiki BDU) nəzdində jurnalistika
üzrə ödənişli hazırlıq kursuna gedirdim və
kurs yoldaşlarımızla birlikdə teatrın
tamaşalarına baxırdıq. Yəni
böyük rolu da, kiçik rolu da möhtəşəm idi.
Atamı
biganəlik məhv etdi...
-
Doğrudur, ancaq adamın oynamaq istədiyi rollar olur axı... Onun da yaratmaq istədiyi rollar vardı və o rolu ona
vermirdilər. Həm də elə bir şərait
yaradırdılar ki, çox vaxt filmlərə aldığı
dəvətlərdən imtina etməli olurdu. O, kinonu
çox sevirdi, amma teatrda bir gündə eyni tamaşanı 3
seansa salırdılar və ona dublyor vermirdilər, məcbur
olub gündə 3 dəfə səhnəyə
çıxmalı olurdu. Bu səbəbdən
çəkilişlərin çoxuna vaxt çatdıra
bilmirdi.
- Bir
neçə gün əvvəl saytların birində
"İçkinin məhv etdiyi aktyor"
başlığı ilə yazı getmişdi və siz buna sərt
reaksiya verdiz, dediz ki, "Bu, atamın ruhuna ən böyük
həqarətdir". Əslində, Səməndər
Rzayevin ölüm səbəbi kimi çox vaxt bu amil
hallanır. Bu barədə nəsə demək
istəyirsiniz?
- Əlbəttə, içkinin məhv etdiyi aktyorlar olub
və siz də, cəmiyyət də onları yaxşı
tanıyır.
Ad çəkməyəcəyəm,
çünki mən o jurnalistlərdən deyiləm və
heç kəsin şəxsi həyatına qarışmaq
fikrim yoxdur. Birmənalı şəkildə
deyirəm, atamı içki məhv etmədi, içki səbəb
deyildi, nəticəydi. Onu biganəlik məhv
etdi, onu arzularının puç olması məhv etdi.
Heç kəs deyə bilməzdi ki, Səməndər
içib hardasa yıxılıb qalıb, nəsə
artıq hərəkət edib və s. O, kifayət qədər
əxlaqlı insan idi. Ailəsinə sadiq idi,
özünə sadiq idi və ən əsası, sənətinə
sadiq idi. Onun içki məsələsini
bu cür qabartmaq, illərdi bu amili önə çəkmək
iyrənc bir şeydir, əslində. Əgər
sən jurnalistsənsə, onun sənətindən yaz,
işindən yaz, təbii, əgər bacarırsansa, yox, əgər
bacarmırsansa, o zaman heç yazma. Kimdənsə nəsə
eşitmisən, onu keçirirsən manşetə... Hətta biri mənim adımdan yazmışdı ki,
"atamı Mikayıl Mirzə öldürdü", halbuki,
mən orada tamam başqa şey demişdim. Kontekstdən çıxarıb başlıq
yazırlar. Olmaz ki... O vaxt Mikayıl Mirzə də
sağ idi, oxuyub deməzmi ki, bu qızın başı xarab
olub, məni atasının qatili kimi təqdim edir. Ümumiyyətlə, heç kəsin kiminsə
adından bəyanat vermək haqqı yoxdur.
- Tamamilə
razıyam. Ümumiyyətlə, son zamanlar
jurnalistikada manşetlə oxucu yığmaq "xəstəliyi"
baş alıb və bu, çox acınacaqlı haldır.
Bəzən başlıqla mətn bir-birinə zidd olur və
başa düşə bilmirsən bu başlığı
haradan çıxarıblar...
- Bəli,
elədir. Sayt jurnalistikası çıxandan bəri
bu belədir. Mən 25 ildir jurnalistikadayam,
biz radio məktəbi keçmişik və heç vaxt belə
bir şey etməmişik. Mədəniyyət
və İncəsənət Universitetinin (keçmiş
İncəsənət İnstitutu) teatrşünaslq
fakültəsini bitirmişəm və 17 yaşımdan
dövlət radiosu ilə əməkdaşlıq edirəm, yəni
jurnalistikada kifayət qədər təcrübəm var.
Səhnədə
yaşayıb, həyatda oynayan aktyor...
- Səməndər Rzayevin aktyor fəaliyyəti
dövrünə nəzər saldıqda görürük ki,
18-20 illik müddətdə kifayət qədər
irili-xırdalı rol yaradıb. Bu, məsələnin
bir tərəfi. Teatrda işləyirdi, filmlərə
çəkilirdi, dublyaj, televiziya, radioda veriliş... Bütün bunlar yaxşı qonorar, imkan deməkdir
həm də. Və qəflətən o,
dünyasını dəyişdi. Ondan
sonra ailənin vəziyyəti necə oldu? Necə dolandınız?
- Bəli,
atam yaxşı qazanırdı və öz sənəti ilə
qazanırdı. Əziyyətlə
qazanırdı, amma sevdiyi işdən qazanırdı.
Sadəcə, səhhəti bir az problem
yaradırdı. Cavanlığında
ayağını sındırmışdı, diz
qapağı zədələnmişdi, sonra nə qədər
müalicə alsa da, bəzən dözülməz
ağrılar ona imkan vermirdi. Səhər
quş kimi uça-uça gedirdi, axşam ayaqlarını
çəkə-çəkə qayıdırdı. Bəzən elə bu ağrıları dəf etmək
üçün içirdi. Bəzən
ayaqları saatlarla qıc olurdu, yerindən tərpənə
bilmirdi. Dərman içməklə
heç arası yox idi. Həkimə getməkdən
qaçırdı, qorxurdu həkimdən, iynədən.
Təsəvvür edin ki, həkimdə
olmamışdı. Poliklinikada xəstəlik
tarixçəsi aparılan kitabça olur, atamın həmin
kitabçası bomboş idi. Səhv etmirəsmsə,
1985, ya da 86-cı ildə ilk dəfə həkimə getdi.
Səhhətində problemlər yarananda, onda da
onu düzgün müalicə etmədilər. Açığı, bizim imkansızlıq kimi
problemimiz olmayıb, onun pulla bağlı problemi yox idi, onun mənəvi
problemləri vardı. Təsəvvür
edin ki, bütün yayı gedirdi hansısa rayonda filmə
çəkilirdi. Sonra filmə baxanda
görürdü çəkildiyi yerləri kəsib, balaca
bir şey saxlayıblar. Əgər balaca
bir şey saxlayacaqdınızsa, o zaman onu bir həftə, on
gün çəkərdiniz, o da gəlib ailəsi ilə bir
yerdə istirahət edərdi. Dediyim kimi, çox həssas
adam idi və belə şeylər onu
sındırırdı. Mənim bir müəllif verilişim
vardı, orada bu fikri işlətdim: atam son illərində
daha çox səhnədə yaşayıb, həyatda
oynamağa başladı, çünki artıq
ağrı-acısını gizlətməyə
çalışırdı. Yalnız səhnədə
yaşayırdı, çünki səhnə onun
üçün doğma idi, orada ağrılarını
unudurdu.
O ki
qaldı zərb məsəl fikrinə, o dövrdəki əksər
aktyorlar elə idi. İstər Yaşar əmi
(Yaşar Nuri) olsun, Səyavuş Aslan olsun, digərləri
olsun. Hamısı bir-birini
tamamlayırdı, ağlagəlməz improvizələr
edirdilər.
- Və o
zəncirin halqasının biri qırılan kimi, bütün
halqalar qırıldı... Qəribə
boşluq yarandı. Var, az da olsa səhnədə,
kinoda istedadlı sənətçilərimiz var, amma
insanların səhnədə görmək istədiyi simalar
tükənib...
- Təsəvvür
edin ki, "Bəyin oğurlanması" filmi çox bəsit
mövzuya həsr olunub, amma oradakı aktyorların
improvizasiyaları filmə o qədər rəng qatıb, o qədər
şirinləşdirib ki, tamaşaçılar hər dəfə
ona maraqla baxırlar. Nəsibə
xanımın, atamın, Yaşar əminin, Turabovun, Hacı
İsmayılovun, ümumiyyətlə, bütün
aktyorların ifası bir-birindən maraqlı improvizasiyalarla
yadda qalır.
Qayıdaq sizin suala. Əlbəttə, atam
dünyasını dəyişəndən sonra bizim
üçün çox çətin oldu. O vaxta qədər
ali təhsilli kimyaçı olsa da, anam
heç yerdə işləməmişdi. Atam
qoymurdu işləsin, deyirdi sən evlə, uşaqlarla məşğul
ol, mən qazanıb gətirirəm, bəsdir. Anam da
çox evdar insan idi...
Erməni
ilə işləməyə məcbur olan qadın...
- Niyə
keçmiş zamada? Niyə idi?
-
Çünki iki il əvvəl anamı da
itirdik. Atam dünyasını dəyişəndə
anamın 37 yaşı vardı. İki
uşaqla qalmışdı, təbii ki, gedib işləməliydi
və çox ağır oldu onun üçün işə
başlamaq. Anam özünə iş tapana qadər
çox əziyyət çəkdi və axırda bir məktəbdə
kimya kabinetinə laborant düzəldi. Zavaqzalnı
deyilən yerdə məktəb vardı, daha çox ermənilər
işləyirdi orada, anamın da rəhbəri erməni
qadın - kimya müəllimi idi, savadsızın biriydi, amma
anama göz verib, işıq vermirdi, təhqir edirdi, ələ
salırdı onu. Rusdilli deyildi,
düzdür, bilirdi dili, amma dərs demək ayrı
şeydir. Ona rus sektorunda dərs verdilər.
Çətin idi adaptasiya olunmaq, anam o yaşda
gecələr yatmadı, dili öyrəndi və yaxşı
da hörmət qazandı. Sonra zəmanə
dəyişdi, pul dəyərini itirdi, inflyasiya baş alıb
getdi. Babam (ana babam) kömək edirdi, sonra
o da dünyasını dəyişdi və ağır 90-cı
illərdə anam məktəbdən çıxıb bankda xəzinədar
işləmək məcburiyyətində qaldı. Orada
özünü yad aləmdə hiss edirdi, çünki ətrafındakılar
fərqli dünyanın adamlarıydı. O dövrdə
atamın qohum-əqrəbası, ümumiyyətlə, bizdən
uzaqlaşdı, bəhanələri də - "Səməndərdən
sonra o evə gedə bilmirik" - idi. Halbuki,
atam nəslin kiçiyi olsa da onlar üçün hər
şey etmişdi. Anamın qohumları,
babam, başqaları, bir də atamın sənət
dostları bizi tək buraxmadı. Allah rəhmət
eləsin mən Nəsir Sadıqzadəni, Hamlet əmini
(Hamlet Xanızadə), Fuad əmini (Fuad Poladov) xatırlamaya
bilmərəm. Onlar bizi heç vaxt yaddan
çıxarmadılar. Gəlib-gedir,
başımızı qatırdılar. Elə
Mikayıl Mirzə də, Rasim əmi də (Rasim Balayev) həmişə
yanımızdaydı. Mərkəzi
Univermağın sahibi Ərəstun müəllim vardı, o
da bizi unutmurdu. Hətta maddi cəhətdən
də əl tuturdular.
Həyatımızda atamdan çox anamın rolu oldu,
çünki atam dünyadan tez getdi və elə bir sərvət
sahibi də deyildi ki, özündın sonra ailəsi
üçün nəsə saxlasın. Mən 17 yaşında ali məktəbə daxil oldum və 1-cu kursu
bitirən kimi dövlət radiosunda işə düzəldim,
evə kömək etməyə başladım. Yavaş-yavaş vəziyyətdən
çıxdıq. Yəqin, ailə
başçısını itirmiş ailələrin
çoxunda eyni şeylər yaşanır.
- Sizin
üçün nə qədər çətin olsa da, bir
daha içki məsələsinə qayıdıram,
çünki bu fikirlərə haradasa birdəfəlik son
qoymaq lazımdır. Nə vaxtdan
başlamışdı içki içməyə?
-
Ümummilli liderimiz Heydər Əliyev atama birotaqlı ev vermişdi, subay vaxtında. Atamın
Mirzə adlı qohumu o vaxt həbsxanadan təzə
çıxmışdı, bir yerdə qalırmışlar həmin
evdə, o öyrətmişdi atamı içkiyə. Son dövrlər həm də
ağrılarını azaltmaq üçün içirdi,
ayağı dözülməz ağrılar verirdi ona.
Doğrudur, atam məclis adamı idi, yeyib-içən,
deyib-gülən adam idi, amma içki onun
üçün həyat tərzi deyildi və heç vaxt da
olmayıb. Üstəlik, mühiti də pis idi.
Gözləyirdilər, bu pul alsın getsinlər
oturub yeyib-içsinlər. Teatrda biri vardı,
adını çəkməyəcəyəm, məşhur
aktyordu, hər dəfə bufetə girib deyirmiş ki, "kişi ya araq içər, ya çəkər,
ya da "sağa-sola" gedər". Bu,
qıcıqlandırıcı
çağırışdır da. Mənə
qalsa, əhəmiyyət vermərəm, amma bəzən əhəmiyyət
verməmək olmur. Atam siqaret çəkmirdi, ailəsinə
də sadiq idi, bəlkə də bu səbəbdən
üçüncünü seçmişdi... Bəzən
yazırlar ki, içkidən serroz oldu... Ömründə
içki içməyən nənələr, qadınlar serroz
olur, bu absurddur axı. Özü də
atam araq içmirdi, şampan içirdi və şampan da
birbaşa qaraciyəri məhv edir.
Atam insanları sevirdi, mənə də pis təsir edən
odur ki, insanları bu qədər sevən biri haqqında fərqli
fikirlər formalaşdırmağa çalışırlar.
-
Rübabə xanım, bu yaxınlarda atanızın 75 illik
yubileyi keçirildi. Kim təşkil etmişdi
bunu, tədbir necə keçdi?
- Hə,
səhv etmirəmsə, tədbir Mədəniyyət Nazirliyi
tərəfindən təşkil olunmuşdu, çünki
nazir Əbülfəs Qarayev də iştirak etdi,
çıxış etdi. Sonra da "Dəli
yığıncağı" tamaşasının yeni
versiyası təqdim olundu, tamaşanı da atamın yubileyinə
həsr etmişdilər. Amma mənə elə
gəldi ki, ürəkdən hazırlıq getməmişdi,
sadəcə, tədbir xatirinə tədbir təsiri
bağışladı. Atamın
adından istifadə edib biletlərini satdılar.
Arxivi
yanan sənətkar...
- Səməndər
Rzayevin "Bulaq" verilişi əfsanə idi. Hamı bu verilişi dinləyirdi. Hətta təkrarını da dinləyirdilər.
Hər verilişə xüsusi
hazırlaşırdımı? Bir də, Səməndər
Rzayevin dublyajda səsləndirdiyi filmlər xüsusilə
seçilirdi... Üstəlik, Ədil İsgəndərovu,
Kalyagini, Ulyanovu səsləndirmişdi. Eşitdiyimə
görə, dişləri çürümüşdü,
amma müalicə etmirdi ki, səsim dəyişər...
- Hə,
"Bulaq" çox sevilirdi, amma deyim ki, xüsusi
hazırlıq-zad olmurdu, onun
üçün adi iş idi bu. Dublyaja qarşı da həm
çox həssas, həm də yaxşı mənada
qısqanc idi, sevdiyi aktyorları səsləndirmək istəyirdi
və o rolların dublyajını ona verməyəndə
sarsılırdı. O ki qaldı dişlərinə, düz
deyirsiz, dişləri çürüsə də müalicə
etdirmirdi, bayaq da dedim, həkimdən, iynədən uşaq
kimi qorxurdu, əslində, özü də elə uşaq
kimiydi. Anam deyirdi üç uşağım
var, ən ərköyünü də Səməndərdir.
Çox xasiyyətim atamla üst-üstə
düşür. Lakin düz deyirsiz,
dişlərini müalicə etdirməməyinin bir səbəbi
də səsinin dəyişəcəyindən qorxması idi.
Onu da deyim ki, atamın həcv yazmağı,
yaxşı şarjlar çəkməyi vardı. Təəssüf
ki, heç biri əlimizdə qalmadı.
Yarısını Mikayıl Mirzə almışdı ki,
kitab yazıram, sonra dedi, evim yandı, hamısı it-bat oldu. Bir qismini də Ağsuda mədəniyyət mərkəzi
açmaq adı ilə aldılar ki, surətlərini
çıxarıb qaytaracaqlar, nə mədəniyyət mərkəzi
açıldı, nə də o arxivi qaytardılar. Amma yaxşı xatırlayıram, rol dəftərlərinin
altında şəkillər çəkirdi. Bir də yuxudan ayılırdıq ki, ariya oxuyur.
Bəzən dərsdən qayıdanda
görürdük süfrə açıb, öz
xoşladığı yeməklər vardı,
hazırlayıb, bizi gözləyir. Bir sözlə, həyat
eşqi ilə alışıb-yanırdı...
- Sizə
bir ritorik sual vermək istəyirəm. Atanız
dünyasını dəyişəndə yaşınız az idi, ağlınız kəsmirdi. İnsan böyüdükcə içində müəyyən
suallar yaranır. Tutaq ki, möcüzə baş verdi, qapı açıldı və Səməndər
Rzayev girdi içəri. Nə demək istəyərdiz
ona?
-
Çox maraqlı sualdır. O qədər çox şey demək
istəyərdim ki... Bilirsiz, uzun illər
atamın yoxluğuna inanmadım. Elə
bilirdim bir gün qapını açıb qayıdacaq.
Çünki çox vaxt səhər gedirdi, gecə gəlirdi,
üzünü görə bilirdik ki... Çəkilişlər,
iş... Yəqin, deyərdim ki, xoş gəldin, onsuz da səni
gözləyirdim, bilirdim gələcəksən...
Rübabə
SƏMƏNDƏR
Söhbətləşdi:
Əyyub QİYAS
Ədəbiyyat qəzeti.-
2020.- 8 fevral. S. 26-27.