Bədii
mətnin möhtəşəm tənhalığı
II yazı
Ədəbi
prosesin gedişində elə böhranlı məqamlar yetişir ki, o anlardan etibarən bədii
mətn - şeir, hekayə, roman - poeziya və proza
anlayışı dəyişir, amma olsun ki, insanlar hələ
də köhnə anlayışlarla keçinir, onların
ülgülərinə uyğun mətnlər axtarır, yaxud
yenilərini köhnə çərçivə içindən
oxumağa davam edirlər, alınmayanda isə təzəni rədd
edir, illər boyunca onları susqunluğa məhkum edirlər,
beləcə tənhalıqdan necə deyək, gün
işığına çıxan bədii mətn həmişə,
ömrünün bütün böhranlı dönəmlərində
yenidən, bir daha doğulur. Həmin
böhranlı, son dərəcə kritik məqamlar dərk
edilib dərindən qavranılmadıqca milli ədəbi
prosesin dünya prosesinə inteqrasiyası müşkülə
çevrilir. Belədə o dəyişən
məqamlardan doğan əsərlərin dilimizə
çevrilməsi də baş tutmur, çevrilsə də sən
onu köhnə qəliblər içində oxuyur və rədd
edirsən, yeni bir nəsnə sənin gözündə adi
bir şeyə dönüşür. Yuxarıdakı
fikrin davamı kimi deyək, susqunluğa məhkum edilmiş mətnlər
tənhalaşır; bizim hər birimizin bədii mətnlərlə
ünsiyyəti onlara aşiq olmaqdan başlayır, bu da
heç şübhəsiz ki, insanı tənhalığa
sürükləyir, çünki aşiq olanda özünə
qədər yığılır, dünyanı ovcunun
içinə aldığını güman edərkən
gözlərini açdıqda özünü səhrada tək
görürsən. Burda nə bir ayaq izi, nə
bir ləpir var. Hər şey səndən başlayıb səninlə
bitir. Bir yol tapmalısan, o yolla sənə
qədər deyilən sözlərin hecalarına qoşulmaq
üçün. Bədii mətnə
aşiqlik tənhalığın ən ifrat formasıdır,
çünki bu halda sən onu özünün hisslərinə
çəkir, tabe tutur, məhz bununla dəyərləndirirsən.
Zaman nələrəsə ilişib qalır,
axdığını, varıb keçdiyini güman eləsən
də dayanır. Mətnlərə
aşiqlik daha sonralar peşəkarlıqla əvəzlənir.
Özünü hamının olduğu, hərəkət
etdiyi, yazıb-pozduğu bir məkanda görürsən.
Amma tənhalıq bitmir.
Yaxınlarda
"Yapon sevgili" romanı çapdan
çıxmış çilili nasir İzabel Alyendenin
"İki kəlmə söz" hekayəsi var. Ümumən
bu yazıçı proza mətnlərinin süjeti ilə
insanları, oxucuların daha çox qadın kütləsini
oxumağa məcbur edən ən güclü nasirlərdən
biridir. Hekayədən danışmazdan öncə,
onun müsahibəsindəki bir məqama diqqət edək.
Sual verilir: "sizin həyatınızın hərəkətverici
qüvvəsi doğrudanmı sevgidir?".
İzabel Alyendenin cavabı: "Sevgi, həqiqətən,
bütün dünyanın hərəkətverici qüvvəsidir.
Bu elə bir məsələdir ki, hələ də
bizdə maraq oyadır, baxmayaraq ki, biz onu amansızcasına
istismar edirik. Kitablarım bir çox dilə
tərcümə edilib və istənilən dildə oxucu bəhs
etdiyim sevgini anlayır, çünki hisslər universaldır.
Şüur isə həmişə belə deyil.
Bu, o demək deyil ki, mən tamamən irrasional
insanam. Bəzən, düşünməli oluram...". Diqqəti nəsr əsərində
süjetin qurulma texnologiyalarına çəkmək istəyirik.
Təcrübə göstərir: bəzən çox
maraqlı əhvalat məhz yazıçı qələmi ilə
dəyişir, kiçilir, mənasını itirir, daha
doğrusu, qurulan süjet xətti həmin əhvalatın mənasını
ya kiçildir, aradan çıxarır, ya da onu dəyişdirərək
böyük bir epoxanın sarsıntılı hadisələrinin
məğzini açmaqda istifadə edilir. Əhvalat,
şübhəsiz ki, süjet boyunca dəyişməli, necə
deyək, əriyib getməlidir, əsərin toxuma və
hüceyrələrinə qarışmayınca, çevrilməyincə,
o zamanla (yəni süjet zamanı boyunca) reklam posterindən də
maraqsız olacaq. "İki kəlmə
söz" hekayəsinin qəhrəmanı söz satmaqla,
söz alveriylə məşğuldur. Vaxtilə
bu hekayədən biz bir başqa təsadüfdə
yazmışdıq. Qadın
dünyanın böyük-böyük şəhərlərində
çadır qurub müştərilərin yolunu gözləyir.
Onun təklif etdiyi kəlmələr adi deyil,
sehrlidir, bu kəlmələr insanların ürəyinə
işıq gətirir, onlara xoşbəxtliyin tamını
dadızdırır. Amma hər kəs layiq olduğu
payı alır, - nə az, nə
çox... Bu sehrli kəlmələrdən
alıb evinə götürən hər kəs həm də
aldanır, çünki işıq, xoşbəxtlik haləsi
həm də yalanla, aldanışla qoşadır, canbir qəlbdədir.
Bu yalan insanları həyatın faciələrindən,
dəhşətli sıxıntılarından itkisiz
keçirmək naminə edilir. Hekayədə başqa
bir qəhrəman da var: polkovnik, o,
döyüşçülərinə tapşırıq
verir, söz satan qadını yanıma gətirin,
gətirirlər. Polkovnik kimdir? Döyüşlərdə, qızmar günün,
amansız soyuq-çovğunun altında bərkimiş, həyatın
bütün cilvə və kədərini görmüş bir
insan. Elə bərkiyib ki, üstünə
uçan gülləni də havada barmaqları arasına
alıb tutmaq şansı da olmamış deyildir. Polkovnik hərbiçi ömrünü başa
vurub, çöllərdən bezib, yorulub, onun
üçün ömür artıq elə içindən
çıxa bilmədiyi yorğunluq anlamına gəlir.
İndi o, Prezident olmaq istəyir. Prezident olmaq üçün onun kifayət qədər
gücü və təcrübəsi var. Ancaq o, insanlarla
ünsiyyətdə olmalıdır. Adamlarsa
onu görən kimi, həyatın bərkidib sərtləşdirdiyi
üzündən qorxur, qaçıb gedirlər. Polkovnik elə kəlmələr tapmalıdır ki,
səslənən kimi insanların ürəyini ovlaya bilsin.
Məsələ, problem budur! Çöllərdə
ən güclü düşmənin belə dizini qatlayan
polkovnik özü iki kəlmə sözün əsirinə
çevrilir. Bu çevik, güclü
döyüşçünün poladdan
tökülmüş bədəni o iki kəlmənin
önündə əriyib muma dönür. Burda məsələ təkcə sözün sehrində
deyil, çevrilmə məqamındadır. Dünyaya ikinci dəfə gəlmək şansı
olmayan insan bütün daxili aləmiylə bir anda necə dəyişir?
Başqalaşma hansı anlama gəlir? Bir istiqamətdə getdikcə bərkiyən,
gücün, cəsarətin, qəhrəmanlığın ən
pik məqamına çatınca çevrilmə, metamarfoza
qaçılmaz olur. Süjet quruculuğu
həm də yazı tərzi, üslubuyla bağlıdır.
Zaman-zaman insanın hissləri dəyişir və
bu baş verdikcə yazıya, mətnin qurulma tərzinə
münasibət də dəyişir. Alyende
deyir ki, "Yapon sevgili" romanını
yaradıcılığımın ilkin dövründə
yaza bilməzdim. Yaxud digər əsərləri
indi qələmə ala bilmərəm. Üslub
yazıçının bütün hallarda önəm verdiyi
sabit şeylərlə dəyişən (və dəyişdikcə
dəyişən-!) nəsnələrin qovuşağı, bəlkə
də bu qovuşaq dağıldıqdan sonra yerdə qalan
"xarabalıqdır". Tarkovskinin gündəliyindən:
"Dostoyevski şam işığında kitab oxuyurmuş. Lampa işığını sevmirmiş. İşləyərkən çox siqaret çəkər,
arada dəmli çay içərmiş. Karamazovun
yaşadığı Staraya Rusiya kəndindən başlayan və
monoton davam edən bir həyat. Ən
çox sevdiyi rəng dəniz dalğaları rəngidir.
Bütün qadın qəhrəmanları bu rəngdə
paltar geyinir". Hekayənin fabulasından da
göründüyü kimi, təhkiyə prosesində hər
şey, baş verən hadisələrin daxili dinamikası bir
nöqtədə "sərtləşir", bu məqam
gerçəklik və həyatın ən kritik məqamlarını
ifadə edir. Bundan sonra uçurumdur. Son
pillə hiss edilən, dərindən duyulan anda çevrilmə
məsələsi də gündəmə gəlir. Gərginliyin ən "uçurum" məqamının
təsvir edildiyi, "sərtləşdiyi" anda əsərdə
modeli verilən həyat dırnaq arasına alınır.
Bədii mətndəki gerçəklik, həyat
fraqmenti ikiqat dırnaq arasına alınır. İki şey - gerçəkliklə mətn
gerçəkliyi arasında sərhəd şəffaflaşır,
ancaq nə qədər şəffaflaşsa da keçid
alınmır. Onlar birləşdikcə
ayrılır, ayrıldıqca yenidən birləşmə
şövqü baş qaldırır. Buna
görə də, əslində, yazının özü
aldanışdır, qovuşmayan nəsnələri
qovuşdurmaq cəhdidir. Nemət Mətinin
"Mənim Tanrım" hekayəsində təhkiyə elə
gərginliyin (hisslərin çalpaşıq düşüb
gərginləşdiyi an-!) daxilində cərəyan edir.
Bu hekayədə bir detal var - əsirlərdən
kimsə öz adını ağaca yazıb. Başqa bir əsir təsadüfən bunu
görür. O ana qədər Tayqa meşəsinə girən
hər kəs qulağına çatan səsləri ayırd
edir: bu, quş səsi, bu, yırtıcı heyvan səsi, bu
isə balta ağzında yıxılan ağacların uzaqdan
gələn səsidir. İnsanlar necə gəldi
yaşayır, ölümdən, təsadüfi qəzadan
qoruna bilməyəcəklərini duyub var qüvvələrini
səfərbər edirlər. Xəstəliyi
yaşamaq şansı kimi dəyərləndirirlər.
Hər şey axıb gedir, bu şaxtada
süzüldüyü anda buza çevrilən su belə
qalmır, çiliklənir, yada düşən hər
şey anidən parçalanır, darmadağın olur,
dünya "qurulduğu məqamda dağılacaq bir
model" kimi qavranılır, yəni bu ortamda gerçəkliyi
qavrama tərzi başqalaşır, ölüm, həyat,
eşq... qavramı radikal şəkildə çevrilmə fəlakətinə
tuş gəlir. Bu şəraitdə insan belə
bir böcək kimi ayaq altında qalıb
çürüyüb gedir. Tayqa meşəsi
ərazicə çox böyük, ancaq heç yerə
çıxışı olmayan, heç hara aparmayan, əvvəl-axır
ayaq götürüb qaçdığın yerə gətirən
bir məkandır. Yuxarıda dediyimiz kimi,
zaman bu cəngəlliyin içində "ayağından
ilişib" (asılıb-!), hər bir əsirin dəqiq həbs
müddəti olsa da, bu çox şərtidir, müddət dəyişə,
irəli gedib geri qayıda, səni o cəngəlliyin
içində əsir edə bilər. Ancaq
bir gün əsir başqa bir əsirin adını ağacda
qazılmış, yazılmış görür. Adını ağaca yazmış insan şairdir, gecələr
şeirlərini bir kağız parçasından oxuyur, sonra
onları sobaya atır. Nişanə
qalmasın deyə. Bu təkcə
qadağa ilə əlaqəli deyildir. İnsan,
mətn yaradan müəllif artıq dünyanı, gerçəkliyi
elə bir dəyişmiş, çevrilmiş bucaqdan dərk
edir, qavrayır ki, yazdığının qalması onu qətiyyən
maraqlandırmır. Bədii mətnlərə
aşiqlik küskünlüyə çevrilir. Yusif Səmədoğlunun "Qətl
günü" romanında itən roman əlyazmasının
tapılma ehtimalını yada salın. Və bu hekayədəki
özünü uçurumdan atan insanlar...
İzabel Alyendenin "İki kəlmə söz"
hekayəsində sözün sehrinə tapınma hissi digər
mətnlərində dəyişir, peşəkarlığa
çevrilir, amma yazıçının içindəki
daşa belə toxunanda onu dəyişdirən dünyanı dəyişdirmək
arzusu necə var, elə qalır. Məhz bu nöqtədə
aşiqliklə peşəkarlıq qovuşur, birləşir.
Yazmaq, eyni zamanda həm tənhalıqdan
qaçış, həm də o Tayqa meşəsində
olduğu kimi mütləq şəkildə ona aparan yoldur.
Yəni bədii mətnlərdən yazan insanın onlara
sözsüz, qeyd-şərtsiz aşiqliyi tənhalığa,
çevrilmə döngələrinin sərtliyinə dirənir.
İndiyə qədər qələmə
aldığı roman və hekayələrində (Elə
"İki kəlmə söz" hekayəsində də)
İzabel Alyende qadın (insan) gözəlliyinin möcüzəsini
füsunkar şəkildə üzə çıxarmağa
çalışır. Onun təsvir, süjet qurma üsulu
bütöv bir fantastikadır. Bu, hardasa,
Latın Amerikası nəsrinnin poetik sistemindən irəli gəlsə
də, həm də yazıçının özünün
dünyanın reallığını kəsib-doğrayan
baxışlarıyla sıx şəkildə
bağlıdır. O, daha çox gerçəklikdə
basqı altında əzilib sıradan çıxmış,
həyatın adi gözlə sezilməyən cəhətlərindən
yazır. İzabel Alyendenin həyatın,
gerçəkliyin bəzi detallarına, məqam və
"gözdən düşmüş"
qırıntılarına son dərəcə həssas
münasibəti ölkəsindəki qarışıqlıq
dövründə insanların ruhunu oyatmağa xidmət edib.
Bu arada Tarkovskinin gündəliyindən bir
çıxarış: "Bizim qavraya biləcəyimizdən
də o tərəfdə olan sonsuz sayda qanunlara və ya
sonsuzluq qanunlarına görə Tanrı var. Arxasında nə
olduğunu bilməyən insan üçün bilinməyən
şey Tanrıdır. Əxlaq baxımından
götürdükdə Tanrı sevgidir".
Cavanşir
YUSİFLİ
Ədəbiyyat qəzeti.-
2020.- 8 fevral. S. 28.