Koronavirus
Hekayələr
Ən yaxşısı
ölməmək...
Bilirsiniz, son zamanlar nə düşünürəm? Qorxuram öləndə
camaat yasıma gəlməyə! Gələcəklər
ey, uzaqbaşı iyirmi-otuz nəfər. Niyə?
Çünki bu fani dünyada əməlli-başlı bir vəzifə
sahibi ola bilmədim. Heyif
deyil vəzifə?! Öləndə yasa o qədər adam gəlir ki!
Vəzifədə
olsam, heç özümün ölməyim önəmli
deyil, qohum-əqrəbadan, yeddi arxa dönənimdən biri
öləndə məclis insanla dolub-daşır! Həm də yasa gələnlərin məclisə təşrif
buyurmalarında xüsusi məqsədləri olur.
Çoxdan görmədikləri və görüşmədikləri
vəzifə sahibləri bir yana, orada
qatı açılmamış söhbətlər, qeybətlər
aparırlar. Bunlar da boş şeylərdir, yəni
bizimkilərin çoxuna xas olan cəhətdir, önəmlisi
odur ki, çoxları yasa öz işlərini düzəltmək
üçün gəlirlər. İşləri
keçən adamları yalnız belə yerlərdə
görürlər, axı! Hansı ki, illərlə
qəbullarına getsələr, kimdir onların üzünə
baxan? Bu vəzifəlilər elə bil, məsələləri
katibələrə, köməkçilərə
tapşırırlar. Çatan kimi soruşurlar "nə
istəyirsən?", "niyə gəlmisən?". Heç cür başa sala
bilmirsən ki, "mən nə istədiyimi sizə deyə
bilmərəm, gərək məni o kişi ilə
görüşdürəsiniz". Ay
görüşdürdülər, ha! Odur ki,
yeganə ümid qalır yas yerinə. Onsuz
da heç kimin gözündən yaş gəlmir, yemək-içməkdən
başqa heç nə gözə görünmür. Amma bu əhvalatları yaza-yaza fikirləşdim ki,
yox, gərək özün ölməyəsən, yaxın
dost-tanışlarından, qohumlarından, heç olmasa,
sürücündən-zaddan biri ölsün ki, yas məclisi
dolub-daşsın. Özün öldünsə,
heç nə, batdın! Yasa gələn olmayacaq!..
İndi mən də vəzifədə deyiləm, qohum-əqrəbamdan
da heç birinin vəzifəsi yoxdur. Bu, o deməkdir ki, yasıma gələn
olmayacaq! Bax, bu dərd məni öldürür...
Ən yaxşısı bilirsiniz nədir? Heç ölməmək!
Qurdla qiyamətə qalmaq! Qoy, səni istəməyənlər
ölsün, sən də get, plovunu ye,
başsağlığını ver, qayıt gəl, vəssalam!..
Koronavirus
Pa atonnan!
Təzə virus yaranan, ya da "yaradılan" kimi köhnə
viruslar yaddan çıxır! Yəni deyirsiniz "donuz
qripi"nin, "quş qripi"nin
kökünü kəsiblər? Bilirsiniz, bəzi
"viruslar" nə üçün
"yaradılır" və nə üçün tez
"yayılır"? Babalı
söz-söhbətləri gəzdirənlərin boynuna, deyirlər
belə "virusları" baş qatmaq üçün, həm
də qazanc üçün "tapırlar". Qazanc
da çıxır vaksinlərdən! Yadınızdadır
da, "donuz qripi", "quş qripi" yayanlar bu qriplərə
qarşı vaksinləri neçəyə satırdılar?
Hər nə isə... Türklər demişkən, nə isə,
nə!
Əslində, bu sətirləri qorxa-qorxa yazıram, deyəcəklər
böhtan atıram, iftira yağdırıram. Təki belə
düşünsünlər, amma getsin o viruslar, bir də gəlməsin!
Yəni "donuz qripi", "quş qripi" daha
olmasın...
Ən maraqlısı odur ki, bütün dünyada
yaşayan insanlar xəstəlikdən qırılıb-batsa
da, həmin xəstəliklər bizim sərhədlərdən
içəri keçə bilmir. Keçsə də, bizdə adamlar
var ki, virus-mirus onlara təsir etmir! Çünki
özləri virusdan qorxuludurlar. Belələrinə
dözən ən qorxulu viruslara da dözər!
Sözün qısası, indi koronavirus
çıxıb ortalığa. Deyəsən, zəhrimar əsl
virusdur! "Donuz qripi", "quş qripi" onun yanında
heç nə!
Allah millətimizi
qorusun! Amma qorxmayın, bir-iki ilə koronovirusu da vaksinlə-zadla
məhv edərlər, çıxıb gedər... Necə ki, taun keçmişdə qaldı. Deyirsiniz, bu koronavirusdur-nədir, taundan
güclüdür? Mən inanmıram! Vaksinlərlə
işi bitirəcəklər.
Amma fikirləşə-fikirləşə
qalmışam, bu virusların adlarını necə fikirləşib
tapırlar?
Yaltaqlardan vergi...
Bir ölkənin büdcəsi kəsirdə idi. Vergini nə qədər
artırırdılarsa, büdcə dolmurdu. Axırda
tanınmış, savadlı və ağıllı hesab
olunan bir iqtisadçı çıxış edərək
dedi:
- Mən
büdcəni doldurmağın yolunu bilirəm.
Salondakılar təəccüblə bir-birinin
üzünə baxdılar. Ağıllı, savadlı,
tanınmış iqtisadçı sözünə davam etdi:
-
Yaltaqlardan vergi yığılsa, büdcənin
pullarını yığıb-yığışdırmaq
olmaz.
Hamı əl çaldı. Salondakı yaltaqlar da!..
Xeyrəddin
Qoca
Ədəbiyyat qəzeti.-
2020.- 8 fevral. S. 29.