Xoş niyyət, namuslu söz və xeyir əməl sahibi...

 

Mətbuatımızda ortaya qəribə,  qəribə olduğu də maraqlı bir polemika atılmışdı və onun əks-sədası hələ davam edir: söhbət müasir ədəbi prosesdə ciddi qadın imzalarının olub-olmadığından gedirdi. Söhbətə mən də cəlb edilmişdim və həmin sual veriləndə yadıma ilk düşən imzalardan biri Günel Eyvazlı oldu. Tərəddüd etmədən onun “İşıq” esselər toplusunu ciddi ədəbiyyat faktı adlandırdım.  “İşıq” kitabının adını çəkməyimə isə yəqin ki, iki mühüm amil təkan vermişdi: birincisi, Günel xanımın ədəbi prosesdə fəal iştirakı, daim “hadisələrin gur yerində” olması; ikincisi də onun yaradıcılığında qadın faktının mühüm yer tutması. G.Eyvazlının yaradıcılığını səciyyələndirmək baxımından filologiya  elmləri doktoru Elnarə Akimovanın mülahizələrini dəqiq hesab edirəm: “...Güneli maraqlandıran səbəblər zamanın mahiyyətindən doğan problemlərlə bağlıdır: qloballaşma dövrünün mədəniyyəti, onun milli-əxlaqi dəyərləri üstələyən, laxladan neqativləri, getdikcə ucuzlaşan, tənhalaşan və darıxan insan amili və qadın faktı!”

 

Mən diqqəti G.Eyvazlının yaradıcılığı üçün müəyyənləşdirici amillərdən biri olan qadın faktına yönəltmək istərdim. Belə düşünürəm ki, onun “Qadın ədəbiyyatı” adlı məqaləsi bugünkü ədəbiyyyatşünaslığımız üçün maraqlı diskussiya hədəflərindən biri ola bilər.  Məqalədə maraq doğuran, müzakirə açmaq üçün əsas yaradan amillərdən biri budur ki, müəllifin “qadın ədəbiyyatı” anlayışına estetik hadisə kimi yanaşması qadınların yaratdığı ədəbiyyatı bədii söz sənətinin ümumi mənzərəsinin işığına tutmağa imkan yaradır. Məqalədə ritorik şəkildə qoyulan “məgər poeziyanın, yaradıcılığın, ruhun cinsi varmı?” sualı düşünmək üçün kifayət qədər əsas verir, bu suala təsdiq və ya inkar cavabı vermək isə ciddi arqumentlər tələb edir. Onu da deyim ki, bu məsələdə mənim qənaətim Günel xanımın mövqeyindən bir qədər fərqlidir... 

 

Ədəbiyyat tarixində qadınların iştirakı və yeri maraqlı ictimai hadisə kimi özünü göstərir. Xüsusilə bizim ədəbiyyatımızda bu məsələsinin “Şərq incəliyi”nə bağlanması özünü birmənalı şəkildə doğrultmur. Müxtəlif dövrlərdə Şərq mədəni sisteminin formalaşmasında xüsusi yeri olan Azərbaycan ədəbiyyatında Məhsəti Gəncəvi yaradıcılığı və şəxsiyyəti müəyyən bir ədəbi epoxanı, həmin zəmanənin sonrakı dövrlərdə də güclü əks-səda verən mədəni sistemini təmsil edir. Sonradan uzun müddət ədəbiyyatımızdan qadın səsi gəlmir. Qadın ədəbiyyatda yalnız bədii obraz kimi görünür.

 

 

 

Azərbaycan tarixinin son dərəcə ziddiyyətli bir dövrü olan XIX əsrdə ədəbiyyatı yaradanlar arasında Xurşidbanu Natəvan, Şahnigar xanım Rəncur, Aşıq Pəri, Aşıq Zərnigar, Heyran xanım kimi imzalar üzə çıxır. Paradoks isə bundandır ki, Azərbaycan üçün Şərq-Qərb sərhədlərinin söküldüyü XX əsrin əvvəllərində, milli intibahımızın ən coşqun dövründə milli özünüdərk psixologiyasının formalaşmasında ədəbiyyatın rolunun yüksəldiyi bir zamanda ədəbi prosesə ciddi təsir göstərən qadın adları deyə bilmirik. Rus ədəbiyyatında qadın poeziyasının başlanğıcı isə bizim ədəbiyyatda qadın poeziyasının susqunluq dövrünə düşür...

 

Günel xanımın qoyduğu məsələlərdən biri qadın şairlərin, xüsusilə Məhsəti Gəncəvinin və X.Natəvanın “kişi ədəbiyyatının” cızdığı çevrədən, mövcud obrazlardan kənara çıxa bilməməsidir. Xüsusilə incə ruhlu bir qadın olan, müasirləri arasında şəxsiyyətinin qadınlıq tərəfi daha böyük maraq oyadan Natəvanın poeziyasında “biseksuallıq” (“ikicinslilik”) təəccüb doğurur:

 

Tari-zülfündü məni böylə giriftar eləyib.

 

Nə gələ başıma o zülfü-mütərra gətirir...

 

Günel xanım bu misralarda qadına kişi gözündən baxılmasını ənənə ilə bağlayır: “Sadəcə, oturuşmuş fikirlər, qəlib qafiyələr fikir olaraq eynilə xanım yazarın sətirlərinə köçür. O isə bunun fərqinə varmır. Bunlar şairin istedadsızlığında deyil, qadın ... üslübunun, daha doğrusu, poeziyada qadın xarakterinin formalaşmamasından irəli gəlir”.

 

Mənə elə gəlir ki, burada müzakirə edilməli məqamlar tapmaq mümkündür. Çünki poeziyada sonrakı dövrlərdə də cinsi qeyri-müəyyənlik müşahidə olunur. Bu, müasir ədəbiyyatda da özünü qoruyub saxlayır. 

 

Bu məsələdə aparıcı qüvvə gözə çarpmasa da, janrın yaddaşıdır. Janr bədii yaradıcılıqda sözün hərəkətini tənzimləyən mühüm amillərdəndir. Çağdaş fransız nəzəriyyəçisi Jerar Jannetin arxitekstuallıq konsepsiyasının mahiyyəti bundan ibarətdir ki, janrın hazır qəlibləri əksər hallarda yazıçı iradəsinə tabe olmur. Belə deyə bilərik ki, janr yaradıcı insanı bəzən özünün belə dərk etmədiyi bir qüvvənin hökmü altında uzun zaman ərzində cilalanmış, sabitləşmiş, daşlaşmış qanunlar ilə hesablaşmağa, eyni obrazları təkrarlamağa vadar edir. Qəzəl, qəsidə, qoşma, gəraylı kimi sabit və sadə formalı janrlarda bu xüsusiyyət nəsrin janrları ilə müqayisədə özünü daha qabarıq və aydın göstərir. İstər Natəvanın, istər Şahnigar xanımın, istərsə də Heyran xanımın yaradıcılığında janrın yaddaşı şair fərdiliyindən öndə olduğuna görə obrazlar aləmi dəyişməz qalır. 

 

Zəngin mütaliəyə malik G.Eyvazlı yazılarında öz erudisiyasını nümayiş etdirmir, bir-birindən uzaq obrazları, mədəniyyət hadisələrini eyni müstəvi üzərinə gətirməyi, onlar arasında paralellər qurmağı, müqayisələr aparmağı bacarır. Onun səriştəsinin bəhrəsidir ki, ədəbiyyatın əbədi mövzularından danışan müəllif Leonardo da Vinçinin “Mona Lizası”nın sirli təbəssümü ilə Karamzinin “Zavallı Liza”sının qurumayan göz yaşları arasında bütövlyü görüb göstərə bilir. 

 

G.Eyvazlı Nizami əsərlərində Karma qanununu (kişi və qadın münasibətlərini) şərh edəndə, Əzizə Cəfərzadənin yaradıclığındakı amazon ruhunu tutanda, mifologiyanın ədəbiyyatda təzahürünü və ya karnaval estetikasının incəliklərini axtaranda, təlxək obrazlarının mədəniyyət tarixindəki yerini müəyyənləşdirəndə, Pikassonun sənət müəmmalarını açanda dünyanı və dünyanın üstündə yaranan sənəti bütöv göstərməyə nail olur...        

 

Günel son yazılarından birində “Avesta”nın üç müqəddəs kəlamının dilində əzbər olduğunu yazır: niyyət, söz və əməl. Mən bu qənaətdəyəm ki, Günel xanımın yaradıcılığı da xoş niyyətin, namuslu sözün və xeyir əməlin bəhrəsidir...

 

Məti OSMANOĞLU

Ədəbiyyat qəzeti.- 2020.- 8 fevral. S. 29.