Cənnətin
yolu
hekayə
- Ana sənə
qurban, dur ayağa, peçin qırağından evimizin
damını gətir.
Ayağa duranda şüşəbənddəki pəncərənin
taylarının haşiyələrinə qonan qar dənələri,
bir də sobanın, o vaxt biz ona peç deyirdik,
qıpqırmızı qızarmış qalın dəmir
örtüyü diqqətimi çəkdi. Onda altı yaşım ola, ya da olmazdı. Sobanın
ayaqqabı qutusuna bənzər qara metaldan
hazırlanmış korobkasına damla-damla neft
töküldükcə cızıltı səsi gəlir,
alov dilimləri kərpic peçin korobkasını qoymaq
üçün kiçik qapıcığından
açıq-aydın görünürdü. Oradan alovdan başqa heç nə
görünmürdü. Bu alovu mənim kimi görən
və ondan mənim kimi qorxan ikinci adam
tapmaq çətin ki olardı. Peçin
korobkasını qoymaq üçün o deşik-deşik
kiçicik qapısı mənim boyum hündürlüyündə
idi, ona görə də ona baxmaq mənə daha rahat idi.
Amma bu rahatlığa rəğmən
peçin içərisində boşluğu yalayan, orda
heç nə tapmadığından dilini peçin
üstündəki o qalın dəmirə altdan sürtüb,
onu pır-pır edən həmin alova baxanda vahimələnirdim.
Vahimələnməyimin iki səbəbi
vardı, birincisi o idi ki, bir dəfə əlimi peçin
üstünə uzatmış, elə həmin dəqiqə
ufuldayıb həşir salmışdım. Nənəm o dəqiqə barmağımı
üfürməyə başlamış, anam isə səsimə
o biri evdən qaçaraq gəlib, vəziyyətdən hali
olan kimi kiçik qardaşımı evimizin tikilməkdə
olan hissəsinə dartmış, əlindəki stəkanda
sarı maye ilə qayıtmış, onu mənim yanan
barmağımın üstünə tökmüşdü.
O sarı məhlulun nə olduğunu xeyli sonralar anladım.
İndi duruxub oda baxmağımın ikinci səbəbi
daha dəhşətli idi. O alovun dilimləri nənəmin
nağıllarındakı əjdahanın caynaqlarına bənzəyirdi.
Elə bil kimsə məni caynağına
alıb o alovların dilimlərinin içərisinə
tullayacaqdı. Nənəm mənə
demişdi ki, cəhənnəmə düşənlər o
alovun içərisində yanır. Mənim
uşaq xəyalımda cəhənnəm o alovun icərisində
yanmaq idi. Arxada nənəmin - Ananın səsini
eşitdim. (Biz də, bütün kənd
də nənəmə Ana deyirdik. Onun
adını lap sonralar öyrəndim. Ona Ana deyilməyinin
öz tarixçəsi var. Sən demə, atam beş
yaşında dil açıb. İlk dediyi
söz də Ana kəlməsi olub. O vaxtdan nənəmin
əsl adı Minaxanım qürbətə düşüb).
Alovun dilimləri, sanki məni ovsunlamışdı. Ananın
mehriban səsi mənim fikrimi alovun dilimlərindən
ayırdı.
- Ay səni
görüm saqqalın ağarsın, bir dənə kartonu gətirmək
belə çətin iş imiş.
Xırda addımlarla tələsik kartona doğru getdim. Geri dönəndə
artıq ana yaş əsgi ilə əlini silib məni gözləyirdi.
Tələsik ona tərəf
yüyürdüm.
-
Yavaş, yıxılarsan, - deyə dilləndi.
Nənəmin yanında bardaş qurub oturdum.
Bu ufacıq, təxminən 12 kv.m olan otaq həm evimizin mətbəxi,
həm nənəmlə mənim yataq otağım, həm də
qonaq otağımız idi. Evimiz cəmi bu mətbəxdən,
bir də ona bitişik arxa otaqdan ibarət idi. Təxminən
on beş kvadratmetrlik həmin otaq atamla
anamın, bir də məndən kiçik qardaşımla
bacımın yataq otağı idi. Ana kartonu məndən alan kimi ovcunda tutduğu yaş əsgini kənara
qoyub qayçını götürdü. O, otağa sərilmiş
dəstərxanın kənarında əyləşmişdi. Qarşısında kartonun üstündə hələ
üstü örtülməmiş kiçik evcik vardı.
Neçə vaxt idi ki, Ana ilə kibrit qutusu
yığırdıq. Bu qutulardan mənə ev tikəcəyini söz vermişdi. Yapışqanımız isə xəmir idi. O
vaxt kənd yerlərində kley nə gəzirdi.
Mənim gətirdiyim kartonların rəngi quru soğan
qabığı rəngindəydi. Ana gündüz vedrədə
soğan qabığı qaynatmış, kartonları da həmin
vedrədə bir neçə dəqiqə saxlayıb
çıxarmışdı. Sonra
onları qurumaq üçün peçin kənarına
qoymuşdu.
Nənəm bir neçə dəfə kartonları evin
üstünə tutub, dəqiqliklə onları kəsdi. Xəmirlə
bir-birinə bərkitdi. Sonra yenidən
yaş əsgi ilə əllərini sildi. Məxmər
parça qırıqlarından, nənəm belə
qırıqları qurama tikmək üçün
yığırdı, evin qapısı və pəncərəsi
üçün pərdə kəsdi. O zaman
oyuncaqlarımız moçadan, bəzən ona aşıq da
deyirdilər, nazik polad məftildən düzəldilmiş
tapançadan ibarət idi ki, ona da qoyun qığı qoyub
atırdıq. Elə ona görə də bu ev
mənə ən böyük hədiyyə idi. İstəyirdim
ki, bu ev heç vaxt dağılmasın. Amma peçin pırta-pırtı gəldikcə
canıma qorxu düşürdü. Axı,
nənəm mənə demişdi ki, insanlar qocalandan sonra ya cəhənnəmə,
ya da cənnətə düşürlər. Həmişə cəhənnəm deyəndə
peçin içərisindəki alovları göstərir, mənə
isə deyirdi ki, sən cənnətə düşə bilərsən,
çünki günahsızsan, yalan danışmırsan,
atanın və ananın sözünə baxırsan,
Allahın kəlamlarını öyrənirsən. Sonra
şərtini də kəsirdi, əgər kəlmeyi-şəhadətini
unutmasan, böyüyəndə oruc tutub namaz qılsan və dərslərini
yaxşı oxusan... Nənəmin cənnət şərtləri
o qədər uzun idi ki...
Bir dəfə
elə uşaq sadəlövhlüyü ilə soruşdum:
- Ana,
atama desəm məni cənnətə göndərər?
- Yox, ay
bala, ora kimin düşüb-düşməyəcəyini
bircə o Kişi bilir.
İndi isə Ana evi tamamlamaq üzrə idi. Bilirdim ki,
evciyi təhvil verməzdən qabaq nəsə soruşacaq.
O mənə nəsə hədiyyə edəndə fürsəti
əldən vermirdi. Təlqin etdiyi fikirləri
soruşurdu. Elə bil nə vaxtsa
unudacağımdan qorxurdu. Elə də oldu:
- Mənim
qəşəng balam, İsayısan, yoxsa Musayı?
Tez dilləndim:
- Məhəmməd
Mustafayı.
Təşəkkür əvəzinə yanağımdan
öpdü.
- Firui-din
neçədir?
- On.
-
Üsuli-din neçədir?
- Beş.
-
Neçə imamımız var?
- On iki.
- Bir say görüm.
On birini saydım. On ikincisini - İmam Mehdi Sahib-əz-Zaman
deyəndə mən də, əlində evcik tutmuş Ana da
ayağa qalxdıq. Evimizə qonaq gələndə
nənəm həmişə məni tərifləyir və
onlara nümayiş etdirmək üçün dindən mənə
öyrətdikləri barədə suallar verirdi. Mənə ən xoş gələn on ikinci
imamın adını deyərkən hamının ayağa
qalxması idi.
Ana mənə deyirdi ki, on ikinci imam gələndə
bütün ölənlər diriləcək. Mən
fürsəti əldən vermirdim.
- Nənə,
onda mənim Elza bacım da gələcək... Gəlsə,
mən onu heç vaxt vumayacağam. Nənəm o dəqiqə
məni köksünə sıxır, kövrək səslə
çox güman ki, o ağlayırdı, deyirdi:
- Sən
onunla görüşəcəksən, mütləq
görüşəcəksən.
Elza mənim yaşyarımlıq vəfat edən
bacım idi. Heç cür onu unuda bilmirdim. Əmilərin
onu döşəyin üstündən aparması, anamın
göz yaşı tökməsi gözümün
qabağından getmirdi. Ondan sonra mənim
bir qardaşım, bir bacım olsa da, mən hərdən Elza
bacımı Anadan, memə dediyim anamdan soruşurdum. Həmişə də eyni cavabı alırdım.
- Əlbəttə,
gələcək!
İndiki
bacım dünyaya gələndə məni aldadıb, Elza gəldi,
- demişdilər. Mən isə - bu Elza deyil, mən
onu tanıyıram, bunu qaytarın, onu gətirin, - demişdim.
Nənəm deyirdi ki, on ikinci imam gələndə
bizim də hamı kimi dördotaqlı evimiz olacaq. Hər gün ət, meyvə yeyəcəyik. Çünki pis adamlar hamısı cəhənnəmə
göndəriləcək.
İndi isə mən Elza bacım gələnə kimi
evciyi qorumaq, bu evlə onu sevindirmək istəyirdim. Düşünürdüm
ki, mən cəhənnəmə düşsəm, onda o evcik
də yanacaq, Elza bacım nəyə baxıb sevinəcək.
O odda yanmağa hazır idim. Təki Elza
bacım o evə baxıb sevinsin.
Ana ayağa durub üst-başının ununu
çırpmağa başladı. Evciyi mənə verib,
ortalıqdakı qayçını, dolçanı, unu
yığışdırdı. Pəncərəni
açıb dəstərxanı çırpdı. Ortalıqda nə var hamını
yığışdırıb, divar şkafına doğru
getdi.
Şkafı
aça-aça mənə dilləndi:
- A bala, gətir
o evciyi qoy bura, indi yükü aşırıb yerimizi
salıram. Çox zaman yerimizi salanda nənəm
deyirdi ki, vaxt gələcək, sənin də kravatın (nənəm
çarpayını belə adlandırırdı) olacaq.
Daha hər gün axşam yükü
aşırıb, səhər yığmayacağıq.
Günlər keçdikcə mən Ananın sözlərinə
inanır, xəyallar qururdum. Ana
danışdıqca mən o dünyaya, cəhənnəmə,
cənnətə inanırdım. Məndən
gizlətsələr də, bilirdim ki, bacım Elza
ölüb. Hamıdan xəbərsiz,
Ananı yuxuya verəndən sonra yorğanı başıma
çəkib onun üçün ağlayırdım. Amma bacımın cəhənnəmdə, ya cənnətdə
olduğunu bilmirdim. Axı, mənə elə
gəlirdi ki, cəhənnəm deyilən şey bax, evimizdəki
o peçin alovlarının icərisində, ya da onun
arxasındadır. Ora düşənlər
mütləq bu alovdan keçməlidirlər. Düşünürdüm ki, o peçdəki
alovun kiçik qapısının ağsını kəsib,
içərisində yana-yana qalsam da, Elza bacımı bu
deşikdən keçib cəhənnəmə getməyə
qoymaram. Mən yana-yana olsam da, oradan Elza
bacımın bu evlə oynadığını görüm,
ya da Elza bacımla Ananın mənə təsvir etdiyi cənnətə
düşək. Orada oynayaq. Birdən elə bir mənzərə
gözümün önündə canlandı. Elə bu
həvəslə də Anadan bir daha soruşdum:
- Sən
heç cənnətə düşən adam
görmüsən?
- Yox, ay
bala Ana evin divarındakı şkafın açıq
qoşaqapısının yanında dayanıb mənə tərəf
baxdı, - bilirdim ki, indicə məndən evciyi alıb o
şkafa qoyacaq, - Ana mənə yox, qarşıdakı ağ əhəng çəkilmiş divara
baxırdı, birdən nəsə tapmış kimi dilləndi:
- Mənə
nənəm danışırdı ki, biri deyib, bilsəydim cəhənnəmin
deşiyi hardadır, ora girib gecə-gündüz yanardım
ki, təki başqaları bu deşikdən keçib ora
düşməsin.
- Ana, o
indiyə kimi orada yanır?
- Yox, a
bala, Allah onun insanlar üçün yanmaq eşqinə
vurulub, ona görə də onu cənnətə salıb.
O gecə
yuxuda səhərə kimi Elza bacımı gördüm. Mən peçin alovları içindən ona
baxır, o isə evciyi ilə oynayırdı. Amma o alovlar məni yandırmırdı, hətta məni
dilləri üstündə tutub səmaya
qaldırırdı. Oradan qışqırıb ona
deyirdim:
-
Bacı, daha getmə. Ana deyir bizim
dördotaqlı evimiz olacaq. Sahib-əz-Zaman
gələcək. Onda hər şeyimiz
olacaq. Sən çoxlu oyuncaqlarla
oynayacaqsan. Qolu sınıq gəlincik yerinə
yatıb-duranı alacağıq.
İndiki kimi yadımdadır, arada ayıldım. Ana
işığı söndürsə də, peçin
alovları ilə nurlanan evimizdə Elza bacımı
axtardım. Hətta qaranlıq
künc-bucağa əlimi də uzatdım. Amma o yox idi. Yatağıma girib,
yorğanı başıma çəkdim, için-için
hıçqırmağa başladım. Yaxşı
ki, Ana möhkəm yatmışdı, göz
yaşımı görmədi. Axı, mən
hec kimin yanında ağlamaq istəmirdim.
Yanvar-fevral
2019
Atababa
İsmayıloğlu
Ədəbiyyat qəzeti.-
2020.- 8 fevral. S. 30.