Bətn
- Sirr (Əfsanəsi)
Mən sənin əlindən
alınmış bətnindən gəldim, ey kişi...
Hərənin
bir əfsanəsi var...
Bir yerdə
hər şey bitir - kədər, darıxmaq, qüssə, həsrət,
ürək sıxıntısı... Bitənlərin
yerində bir əfsanə peyda olur. Heç
nədən yaranmış kimi, hardan gəlib dolur
düşüncənə, bilinməz. Ananmı
danışmışdı? Ola bilsin, anan
sənə çoxlu-çoxlu əfsanələr
danışıb, sən onları dinləyib anlasan da,
anlamasan da zehnin bir gizli guşəsinə qoyub unutmusan.
Amma yox... Sənin əfsanən peyda olanda onun
ananın əfsanəsi olmadığını görürsən.
Nə ananın, nə də başqalarının belə əfsanəsi
olmayıb... Sənin əfsanən elə sənin əfsanəndir...
***
- Qəribədir...
- Diqqətlə dinləyib fikrə gedəcəksən... - Bəlkə
də sən deyən kimidir...
Gülümsədim...
"Bəlkə də..."
- Bu hardan
ağlına gəlib?
-
Ağlıma gəlməyib...
- Bəs
nə?
- Peyda
olub...
Susdun... Deməli, peyda olub. Nə etməli, olubsa olub...
- Nə
deyim, xoşbəxt adamsan...
"Amma bu axmaqlıqdır, anlayırsanmı?"... -
Ürəyində beləmi düşünəcəksən? - Əslində xoşbəxt
olduğunu deyən bədbəxtə daha çox
oxşayırsan... "
Olsun...
***
Yaradan O-nu özündən fərqləndirmək fikrinə
düşdü. O-nu özünə oxşar yaratmışdı -
bütöv, mükəmməl, hər şeyə qadir,
öz içində dinc... Nə Qadın demişdi adına, nə Kişi... Amma tək özü
bilirdi, özündən başqa da kim biləcəkdi
- Yaratdığı özü boyda sirr içində sirdi...
Sonra
onları ayırmaq qərarına gəldi...
Burda əfsanə
dünyanın indiyədək danışılmış minlərlə
əfsanəsinə bənzəyir - Qadın Kişidən
ayrılmalıdır...
Amma biz
onu başqa cür nəql edəcəyik...
***
Gəlib-keçmiş nə varsa, bu iki
tarazlaşdırılmış axtarış
üçün yaradılıb. Yaradandan sonra
yaradılmışlar Tanrılıq iddiasına düşəndə
Yaradanın ilk düşüncə əsərinin ətrafında
dolanmaqdan başqa heç nə edə bilmədilər.
Nə edə bilərdilər? Naməlum Gücün sahib olmadığı
heç bir zərrənin nə əksini görmək
mümkündür, nə yaratmaq. Yoxluq belə,
boşluq belə, heçlik belə onun əsəridirsə -
onun əlindən çıxmış aləmlərin
bir-birinə əbədi ehtiyacla bağlanan
parçalarından başqa nəyisə düşünmək
mümkündürmü?
Sevgi!
Gəlin
bu dəfə onu Axtarış adlandıraq... Bundan qabaqsa
İtki gəlirmiş... nə zamansa...
"O
zaman ki, Tanrı hələ də düşünməkdədir
- Yaratmaq, ya yaratmamaq?".
Deməli,
düyün burdan açılır - Yaradan bircə dəfə
yaradıb, sonrasa ancaq yaratdığını bölüb...
Bölüb, atıb adına Kainat dediyimiz
naməlumluğa...
Axtara-axtara
bölünmüşük, Dünyada adına
Haqq-Ədalət deyilən nə varsa, əslində, əbədi
Davanın təzahürünə geyindirilmiş dondur...
Əslindəsə,
axtara-axtara vahid bir qanunauyğunluğun rəqsində
bütövləşməyə can atırıq...
Əzab-əziyyət,
müharibələr, qanlı mübarizələr, Tarix boyda
yalan və... bölünmüşlük qədər dəyişmiş
ünvandan axtarılan kövrək həqiqət...
Səbəb
- Kişi əlindən alınmış Sirrin
axtarışına çıxıb...
***
Yaradan
onlara ayrılmaq əmri verdi... Qadın və
Kişi... Onlardan hansının
çıxıb getdiyini, hansının evində
qaldığını düşünəndə gedənin
Qadın, qalanın Kişi olduğunu görürsən.
Əfsanə də belə peyda olub.
Qadın Bətni özüylə götürdü və
getdi...
Bətn -
İç, Yuva, Sığınacaq...
İstilik,
qorunma, və bağ...
Kişi əbədi
Yuvasızlığa məhkum edildi...
Qadın
onu taladı, ən qiymətli şeyi özüylə
apardı... O, kimdəsə qalmalıydı, bəlkə elə
Kişidə qalmalıydı. Çünki ilk
O yaranmışdı, Onda yaranmışdı Bətn.
Amma
Qadın... elə Qadındır... Bətni özüylə
apardı...
***
Həyat, bir nöqtədən çıxıb digər
nöqtəyə yetişmək deyil. Doğuluşun
ölümədək davam edən yolu bizi ilkin nöqtədən
uzaqlaşdırmır, Ali məqamın bir yerində - düz
ortasında ilk nöqtəyə qayıdırıq. Dayanmaq və geri dönmək? Xeyr,
bu olmayıb və olmayacaq. Bətndən
başlayan yol Ölümdə bitir. Məzar,
Kül, ya nəsə başqa bir üsul? Xeyr,
bu dirilərin həyata keçirdiyi bir prosesdir. Bir
dünyadan digər dünyaya keçid anında Qapı bircə
dəfə açılıb qonağının içəri
daxil olmasıyla bağlanır...
İnsan həyatının orta nöqtəsinin yeri ancaq
onun ölümünün gerçəkləşməsindən
sonra bəlli olur. Bizim həyatımız bizim çevrəmizdir.
Həyatın yarıda qırıldığını deyən
insanlar üçün gülümsəyirəm... Həyat
heç zaman yarıda qırılmır, o, nazik və incə
sap deyil...
Lakin
düşüncə...
Bəzən
insan bir yerdə susur... Dərin bir sükutun
ortasında içindən gələn səsləri dinləməyə
başlayır. Eşidilən hər şey ona əfsanəsinə
aparır...
***
Dünyanın
dəyəri hesab olunan insani sevgi elə insanın özünə
məlum olmayan bir qatda Axtarışa çıxmaqdır...
Kişi
öz Bətnini axtarır...
Bunu küçəyə atılmış bir
insanın isti yuva axtarışına da bənzədə bilərsiniz,
səhrada su diləyən insanın bir içim su arzusuna da. Dünyada var olan
bütün arzuların ilkin səbəbi
Ayrılmışlıqdır... Bu Yerdə "əbədi"
kəlməsi işlətmək yerinə düşmür,
Yaradandan başqa, heç kim və
heç nə bilinməzlik davam etdiyi müddətcə bu kəlmənin
sahibi deyil...
Kişinin axtarışı ən haqlı
axtarışdır. O, haqqı olanı istəyir. Özündən
gedənin dalıyca düşüb dünyanın bu
başından o başına, kainatın bir dərinliyindən
digər dərinliyinə sürgün kimi vurnuxub, bəzən
susub, bəzən ölüb, bəzən öldürüb
xaotik cığırlar açır. İzlər bəzən
toqquşur, ləpirlər tanış gəlir,
lakin heç zaman nə təkrar olunur, nə də
üst-üstə düşür - Barmaq izləri kimi... Ona
görə də heç bir Kişi və heç bir
Qadın həyatı heç zaman başqalarına bənzəməyib
və belə davam etdikcə, dünyada bircə Kişi və
bircə Qadın Qalmadıqca da belə olacaq...
İnsanın Yaradanla üz-üzə, göz-gözə,
duyğu-duyğuya, hiss-hissə qalması ancaq O-nun və
özünün olduğu məqamda baş tutacaq. Öz olmaq
Kişi və Qadın ayrılmışlığından
geri dönmək və ya çevrəni tamamlayaraq ilk Nöqtəyə
qovuşmaqdır. İnsan Yaradanı məhz
o Nöqtədə qoyub bilinən və bilinməyən ən
böyük çevrə boyunca səyahətinə
çıxıb. Yaradanla üzləşməyin, bəlkə
də O-nu hiss edib qovuşmağın yeganə yolu Ayrılmışlığın
hələ başlamadığı zamanı geri qaytarıb
bütün dünyəvi həzz və
çağırışlardan arınmışlıqla O-nun
kimi olmaq xoşbəxtliyinə yetişməkdir...
İnsan nə yaradıbsa ilk mifik düşüncədən
qaynaqlanan düşüncə işartılarının təsiriylə
yaradıb. Çox güman Tanrı düşüncəsinin
özü belə insan ağlına əfsanələrdən
sonra gəlməyə başlayıb. İnsan
onun üçün olan - yəni gördüyü, bildiyi,
hiss etdiyi, toxuna, dada bildiyi, qoxusunu aldığı heç nə
barədə əfsanə yaratmayıb. Lakin
əfsanə yaranıbsa özü-özlüyündə
növbəti yaradıcı kimi böyük bir qüvvə
şəklində gah o, gah bu seçilmiş, ya da çox
güman düşünən, dərk etməyə
çalışan və axtaran, bir sözlə, ilk sualı
verən insanın əlində qüdrətli bir vasitəyə
çevrilərək özündən sonra qalacaq və ya
qalmayacaq nəsnələr ortaya qoymağa başlayıb.
Bəlkə
əfsanələr Yaradanın müjdəçiləridir...
Hər
şeyin Tanrının darıxmasıyla
başladığı deyilir, Qadının Kişinin
darıxmasından sonra...
Yaradan
üçün nəyin hansı istəkdən
başlamasını demək iqtidarında deyilik...
Kişi
üçünsə hər şey Axtarışdan
başlayıb - Haqlı Axtarışdan...
***
Kişi
axtarışında haqlıdır... Amma məsələ
dərkedilmişlik və dərkedilməmişlik arasında
dəyişir. İnsan ümumilikdə
birgə yaşayış şərtlərində ümumi
qaydalar daxilində həyatını davam etdirən cəmiyyət
üzvü kimi görünsə də, bir pillə kənarda,
bir divar o üzdə özü-özlüyündə naməlum
düşüncəvi dünyasının yeganə sahibi və
yeganə sahibidir. Yaradanın
yaratdığı Kişi və Qadın vəhdətindən
ibarət həmin İnsan kimi. Onun
özündən başqa, ancaq Yaradanı var. Lakin ancaq
Yaradanın və özünün mövcud olduğu
dünyada əbədi fitrətlə aşkara çıxan
axtarış onu, öz növbəsində, Yaradanına bənzəməyə
- Yaratmağa sövq edir. İnsan yeganə
sahibinin və sakininin özü olduğu Dünyaya
keçdikdən sonra İkidünyalı olmasıyla Qadın
və ya Kişi olması arasında fərqlər aradan
qalxır. Qadın İlahi qüvvənin
iradəsini dərk etdiyi andan fitrətən
Ayrılmışlığını gözləməyə
başlayır və onu qarşılamağa hazır olur.
Kişi fitrətən onu gözləyənin
onu gözlədiyini bilir və çırpıntılara son
qoyur. Sirr budur - Qadın öz Kişisini
özündə tapır, axtarış, hətta gözlənti
daha sakit şəkildə bitir. Qadının
öz Kişisini özündə tapması - Bətnə
sahib olmağın ona hardan bəxş edildiyini duyması
şükran və dinclik gətirir. O,
axtarıldığını anladığı anda
varlığı qəribə bir sakitliyə qovuşaraq
Yaradanın yanında dayanır...
Bu,
Yaradana ən saf İnamdır!
***
Kişi
canını bu divardan o divara vurarkən, özünü bu
Qadından o Qadına axtararkən hansı günahdan söhbət
gedə bilər...
Qadın
sakitliyi və əminliyi Kişi narahatlığını və
axtarışını dərk etmək iqtidarında deyil...
Bəşəriyyətə təqdim olunan bütün
Kişi yaradıcılıq nəticələri şüuru
və ya qeyri-şüuru bir mesaj rolu oynamaqdadır. Bətni - Sirr, həm də
əbədi dinclik sığınacağı Qadınla gedib,
Qadında qalıb...
Kişi Bətnindən ayrıldığı andan onu
son dönüş nöqtəsi narahat etməkdədir -
Hansı qapı?
Kişi
öz əlindən alınmış evini tapmadan narahat ruh
kimi ya vurub-dağıtmalı, ya qurub - yaradıb axtarmalı,
ya da sərgərdan ölməlidir... Əlbəttə, onun
üçün də bir Qapı açılacaq, heç kim mövcudluğu bu dünyada əbədi
qalmaqla cəzalandırılmır...
Kişi arzusunun, narahatlığının əndazəsizliyi
onun içdən gələn ümidsizlik düşüncəsinin
məhsuludur.
Qadın, adətən, Axtaran deyil, Axtarılandır. Lakin
axtarıldığı barədə işarələrdən
məhrum olan Qadın narahatlığı, canatması təbii
təsir bağışlamaması ilə Kişi
narahatlığından fərqlənir. Kişi
narahatlığı yaranış etibarilə haqqa sahib
olduğundan pisliyə deyil, yaxşılığa meyillidir.
Narahat Qadın narahat Kişi qədər nə haqlı, nə
də yaradıcıdır - Çünki onunku Səbəb
deyil, cığallıqdır...
***
- Bununla nə
etmək istəyirsən, Kişilərə haqq verirsən?
-
Kişilər onsuz da haqlıdırlar...
- Bilirsən
bunu eşidən adamlar sənin haqqında nə deyəcəklər?
Hələ Qadınlar!
-
Hansı Qadınlar?
- Daha sənə
sözüm yoxdur...
"Niyə? Axı mən dünyanın ən gözəl
əfsanələrindən birini söyləyirdim?"...
Üzünə
baxıram, bilirəm, bir gün mənimlə
razılaşacaqsan...
***
Mən əfsanələrin
hardan, necə peyda olduğunu bilirəm... - Bətndən!
Hədiyyə Şəfaqət
Ədəbiyyat qəzeti.-
2020.- 8 fevral. S. 31.