"Özünə
qayıtmaqçün gərək "özündən getməyəsən"
Anarla
söhbət
-
Anar müəllim, insan nə keçmişsiz yaşaya bilir,
nə də gələcəksiz. Rahatlıqla keçmişə
boylana bilərsiniz?
-
Rahatlıqla, amma həm də nisgillə, kədərlə.
Keçmişin elə günləri, anları var ki,
onları bir daha yaşamaq istərdim.
- Siz
tarixin övladısınız. Çox zəngin
yaradıcılığınız var. Bu
yaradıcılığınız müqabilində
qazancınız nədir?
- Barəmdə
və yaradıcılığım haqqında dediyiniz xoş
sözlərçün sağ olun.
Yaradıcılığımın müqabilində nə isə
qazanacağım haqqında heç vaxt düşünməmişəm
və heç vaxt yazı-pozumdan nə isə qazanmaq niyyətim
olmayıb.
-
Sizin yaradıcılığa başladığınız
dövr həm məsuliyyətli, həm də çətin
bir dövr idi. Ona görə ki, R.Rza kimi, S.Rüstəm kimi,
S.Rəhimov kimi, M.İbrahimov kimi ədəbiyyat nəhənglərinə
əsər bəyəndirmək, onların əlindən ədəbiyyata
vəsiqə almaq hər kəsə nəsib olmurdu.
- Mənim
ilk oxucularım atam Rəsul Rza, anam Nigar Rəfibəyli, əmim
Ənvər Məmmədxanlı olub. "Kiminsə əlindən
ədəbiyyata vəsiqə almaq" bir az mübahisəli məsələdir.
Vəsiqəni, yəni Yazıçılar Birliyinə
üzvlük biletini mənə 1964-cü ildə Mehdi
Hüseyn təqdim edib. İlk hekayələrimi düz
altmış il bundan qabaq "Azərbaycan"
jurnalının 1960-cı il dekabr nömrəsində
jurnalın redaktoru Əbülhəsən çap edib.
Yaşlı nəsildən Məmməd Arifin, Mirzə
İbrahimovun, Sabit Rəhmanın, Həmid Araslının
haqqımda xoş niyyətli yazılarını, Süleyman
Rüstəmin Şəki Teatrında tamaşaya qoyulmuş
"Adamın adamı" komediyam haqqında, Süleyman Rəhimovun
rus teatrında "Şəhərin yay günləri"
pyesim haqqında, İlyas Əfəndiyevin "Sizsiz" xatirə
romanım haqqında mənə dedikləri xoş sözləri
də minnətdarlıq hissiylə xatırlayıram.
-
Anar və "altmışıncılar" ədəbiyyatın
axarını dəyişdilər. Bunun üçünsə,
yəqin ki, özündən əvvəlki nəslin inkarı
vacib idi. Kimlərdən imtina etdiniz və kimlərdən bəhrələndiniz?
-
Ədəbiyyatın axarını
"altmışıncılar" yox, zaman dəyişdi.
1953-cü
ildə Stalinin ölümündən və 56-cı il hadisələrindən
sonra zaman əhəmiyyətli dərəcədə
başqalaşdı və Mirzə Cəlil Məmmədquluzadə
demiş, "bir nəfəs genliyi" əmələ gəldi.
Və yenə də Mirzə Cəlili xatırlayaraq, onun
"Molla Nəsrəddin"i zəmanə yaratdı"
fikrini altmışıncılara da aid etmək olar. Bizləri
də zaman yaratdı. Amma əvvəlki nəsli inkar etmədik.
Həm də kim idi axı bilavasitə bizdən əvvəlki
nəsil? İsmayıl Şıxlı, İsa Hüseynov, Bəxtiyar
Vahabzadə, Qabil... Biz onları necə inkar edə bilərdik
və niyə inkar etməliydik?
Kimlər
kimi yazmamaq, kimləri təkrarlamamaq, onları inkar etmək,
xidmətlərini danmaq demək deyil. Kimlərdən bəhrələndiyimizə
gəldikdə isə altmışıncılara ən
çox təsir göstərmiş iki
yazıçının adını çəkə bilərəm
- biri dahi klassikimiz Mirzə Cəlil Məmmədquluzadə,
biri bizim nəslin ağsaqqalı nasir İsa Hüseynov.
Şeirdə də altmışıncılar ədəbiyyatına
ən çox təsir edən şairin Rəsul Rza
olduğunu desəm, bunu qeyri-təvazökarlıq
saymasınlar. Bu, artıq təsdiq olunmuş ədəbi
faktdır.
-
Sizin ədəbi nəslin müzakirə məkanı
haraydı? Harda toplaşırdınız? Kimləri
oxuyurdunuz? Təbii ki, "qadağan olunmuş" ələbiyyatdan
söhbət gedir.
- Desəm
ki, əsasən mənim Vaqif küçəsində 30
nömrəli evdə yarızirzəmi mənzilimdə
toplaşırdıq, bu, sizə qəribə gəlməsin.
Çox vaxt bulvarda "Sahil" adlanan çayxanada
görüşərdik, məhz restoranda yox, çayxanada.
Qadağan olunmuş ədəbiyyata gəlincə, mən
Moskvada ssenari kurslarında təhsil alarkən o vaxt çap
olunmamış bəzi əsərlərin üzünü
makinada köçürüb Bakıya gətirmişdim.
Yadımda qalanlar Kafkanın "Proses", Heminqueyin
"Çan kiminçün çalınır", Kamyunun
"Yabançı", Pasternakın "Həkim Jivaqo"
romanları idi. Bu gətirdiklərimlə dostlarımdan
başqa atam, Ənvər Məmmədxanlı da tanış
olmuşdular. Böyük bəstəkarımız Qara Qarayev
da Heminqueyin həmin romanıyla mənim gətirdiyim nüsxə
vasitəsilə tanış oldu və eşitdiyimə görə,
əsər haqqında xeyli qeydlər edibmiş. Hardadır
indi o qeydlər? Tapılsaydı çox maraqlı olardı.
-
Yunus İmrənin bir beyti var:
Məni
məndə demə, məndə deyiləm
Bir mən
vardır məndə, məndən içəri.
Bəzən
zahiri "mən"lə içəridə olan "mən"in
əbədi savaşında insan özünü axtarır, bu
zaman suallar qarşısında dayanmalı olur. Sizdə belə
məqam olubmu?
- Təbii
ki, olub və olur. İnsan ömrü, özəlliklə
yazıçı ömrü elə öz-özüylə
daxili dialoqdan ibarət deyilmi?
-
Sizin bəxtinizə nə düşdü? Bir quruluşun digəri
ilə əvəzlənməsi... Başqa quruluşda,
başqa ruhda tərbiyə almışdınız. Necə
ki, XX əsrin əvvəlində yaşamış sənətkarlar
sosialist quruluşunu daxildən qəbul etmirdilər, oxşar
proses XX əsrin sonunda da baş verdi. 1991-ci ildə rəsmən
kapitalizm quruluşuna keçdik. Artıq yeni zövqü,
dünyagörüşü, həyata baxışı fərqli
bir nəsil dünyaya gəldi.
-
Sizin bu sualınıza öz sözlərimlə deyil,
başqa birisinin sözləriylə, mənim
bütünlüklə paylaşdığım bir fikirlə
cavab verəcəm. Deyirlər: "Sovet təbliğatı
bizə sosializm haqqında nə deyirdisə hamısı yalan
çıxdı, amma kapitalizm haqqında nə deyirdisə
düz imiş...". Doğrudan da elədir. İndi guya ki,
yaşadığımız kapitalist sistemi sənətə, ədəbiyyata,
mənəviyyata qarşı ən azı laqeyd, biganə
münasibətilə seçilir. Kitaba marağın
azalmasından danışırıq. Marağın
azalması bir yana dursun, kitabın təhqir olunmasına
şahid oluruq. Görmüsünüzmü, Bakının bir
çox restoranlarında divarlara klassiklərin və
müasirlərin kitabları düzülür.
Oxunmaqçün yox, sadəcə dekorativ element kimi. Bir
restoranda - təbii, bunu özüm görə bilməzdim -
amma eşitdim ki, qadın tualetinə Çexovun əsərlərini
düzüblər. Kitaba bundan artıq həqarət
olarmı? Sonra da deyirik ki, gənc nəsil ədəbiyyatı
yetərincə dəyərləndirmir. Çexovla tualetdə
tanış olanlardan nə gözləyəsən? Yeni nəslin
zövqü, dünyagörüşü, həyata
baxışı fərqlidirsə - çox gözəl, belə
də olmalıdır. Amma elə mənəvi dəyərlər
var ki - ədəbiyyata münasibətdə, o cümlədən
- onlar dəyişmiş qalmalıdır - hansı quruluş,
hansı texniki tərəqqi olur-olsun.
- Azərbaycan
xalqının mənəviyyatını, psixologiyasını
sizin qədər hiss edən, duyan ikinci bir qələm sahibinə
rast gəlinməz. Qəhrəmanlarınız xalqın
içindən çıxmış adamlardır.
Yaratdığınız ən sadə adamlar elə zahirən
adi adamlar kimi görünsələr də, daxili aləmləri
zəngindir. Bir kiçik hekayədə, bir xırda essedə
bir neçə problem qaldırırsınız. Və ən
əsası bu problemləri vaxtında
qaldırırsınız. Hansı yazılarınızda sizi
görmək olar?
-
Əvvəla, haqqımda dediyiniz xoş sözlər
üçün təşəkkür edirəm. Sözlərinizdə
mübaliğə varsa da, yenə bunları eşitmək kimə
xoş gəlməz? Verdiyiniz qiymətlər arasında ən
çox ürəyimə yatan bu fikrinizdir: "Qəhrəmanlarınız
xalqın içindən çıxmış
adamlardır". Niyə bu fikir ürəyimcədi?
Çünki uzun zaman ədəbi həyatda belə bir təsəvvür
vardı ki, xalqın içindən çıxan adamlar
yalnız kənddə yaşayanlardır. Kənddə
yaşayanları və onlar haqqında həqiqəti yazan
yazıçılarımızı yüksək dəyərləndirirəm,
amma şəhər əhlinin, ən adi şəhər sakinlərinin
guya xalqın içindən
çıxmadığını demək də ədalətsizlikdir.
Bəs ziyalılar - həkimlər, müəllimlər, sənətkarlar
- xalqın içindən çıxmayıb hardan
çıxıblar? Aydan, ya Marsdan gəliblər? Oralarda ki, həyat
yoxdur. "Hansı yazılarımda məni görmək
olar" sualınıza isə belə cavab verərdim:
"hamısında".
-
Deyirlər, Anar müəllim kifayət qədər qapalı
adamdır. Obrazınızı yazmış olsaydınız
necə xarakterizə edərdiniz özünüzü?
-
Bilmirəm mənim haqqımda bu mif nəyə əsaslanır,
məni niyə qapalı adam sayırlar? Məni yaxından
tanıyanlar təsdiq edə bilərlər ki, mən
maraqlı söhbətə, səmimi ünsiyyətə,
etibarlı dostluğa çox açıq olan bir insanam.
İntəhası heç tanımadığın, ya ilk dəfə
təsadüfən küçədə rast gəldiyim adama
ürəyimi açası deyiləm ki... Son zamanlar dəb
düşmüş şəkil çəkdirmək
modası isə, məni, doğrusu, üzür, lap
yaxşı niyyətlə olsa da. Heç kəsin
könlünü qırmaq istəmirəm, amma otuz doqquz dəfə
çəkilməyə razı olub, qırxıncı dəfə
imtina edəndə, "yox, bu gün artıq şəklimi
çəkdirmişəm" - deyəndə məndən
inciməsinlər, nəzakətsizlik kimi, qapalılıq kimi
qəbul etməsinlər. Öz obrazım isə, əvvəlki
sualınıza cavab olaraq dediyim kimi, bütün
yazdıqlarımda var.
- Bir
dəfə yazmışdınız ki, üç şey
çətindir? Soyuqda dənizə girmək, səhər
yuxudan durmaq və yazıya başlamaq...
-
İndi dörduncüsünü də əlavə edə bilərəm.
Müsahibə üçün verilən suallara vaxtında
cavab vermək.
-
Qarabağla bağlı əsassız iddialar başlanandan bəri
Azərbaycan Yazıçılar Birliyi xalqımızın
haqq səsini dünyaya çatdırmaq üçün
ardıcıl fəaliyyət göstərib. Bu barədə...
-
Bilirsiniz, mən bu barədə dəfələrlə
danışmışam, yazmışam, elə
çıxmasın ki, gördüyümüz az-çox
işləri daima reklam etməklə məşğulam,
Qarabağ məsələsi başlanan ilk günlərdən
bu məsələyə fəal müdaxilə etməyimiz xal
qazanmaq üçün deyildi, bizim vətəndaşlıq və
yazıçılıq borcumuz idi. Amma madam ki, sual verirsiniz
bir daha xatırladım. Parisdə akademik Aqanbekyanın
Dağlıq Qarabağın Ermənistana qatılması barədə
bəyanatı haqqında xəbər çatan kimi
Yazıçılar Birliyində toplaşdıq,
Qarabağın tarixi, əzəldən bəri Azərbaycana məxsusluğu
haqqında Qorbaçova konkret faktlarla dolu məktub göndərdik.
Bir neçə gündən sonra o vaxt Azərbaycan KP
MK-nın ikinci katibi işləyən Konovalov mənə
telefon edib dedi ki, Qorbaçov məktubunuzu alıb və Azərbaycan
yazıçılarını əmin edir ki, heç bir sərhəd
dəyişikliyindən söhbət gedə bilməz. Bu
sözləri Qorbaçov dəfələrlə, o cümlədən
akademik Midhət Abbasov, akademik Adilə xanım Namazova və mənimlə
şəxsi görüşümüz zamanı da təkrar
edirdi. Amma söz bir, əməl ayrı.
O
vaxt Kommunist partiyasına etibar qalmamışdı, başqa
partiyalar da hələ yox idi. Hamı, o cümlədən
qaçqınlar və köçkünlər
Yazıçılar Birliyinə üz tuturdular və biz də
bacardığımız qədər problemlərini həll
etməyə çalışırdıq.
Yazıçıların Şüvəlandakı
Yaradıcılıq Evində qaçqınları yerləşdirdik...
1990-cı ilin Qara yanvarı haqqında Moskva mətbuatında
- "Pravda" qəzetində çıxan ilk yazı mənimlə
müsahibə idi. Xocalı faciəsi haqqında Moskva mətbuatında
"İzvestiya" qəzetində dərc olunmuş ilk məlumat
Yazıçılar Birliyimizin SSRİ
yazıçılarına müraciətində verildi.
SSRİ Xalq deputatı kimi Ali Sovetin sessiyalarında, Moskva və
Türkiyə televiziya kanallarında, Bakıda olduğum zaman
mitinqlərdə Qarabağ məsələsi barədə dəfələrlə
çıxışlar etmişəm. Qara yanvar günlərində
Akademiyada ilk toplantını mən aparırdım. Elə həmin
gün Bəxtiyar Vahabzadə radioyla deputatları iclasa
çağırdı. Gecə Fövqəladə vəziyyət
şəraitində Azərbaycan Ali Sovetinin iclasını
İsmayıl Şıxlı apardı. Mənim
yazdığım və kürsüdən səsləndirdiyim
bəyanatlar beynəlxalq təşkilatlara göndərildi.
O
vaxt sovet siyasətinə əsas etiraz forması kimi Xalq Cəbhəsinin
yaradılması haqqında dörd yazıçımız bəyanat
verdi: İsmayıl Şıxlı, Məmməd Araz, Yusif Səmədoğlu,
Sabir Rüstəmxanlı. Sabir Rüstəmxanlı mitinqlərin
əsas aparıcılarından idi. Meydan Bəxtiyar Vahabzadənin,
Xəlil Rzanın çıxışlarını hərarətlə
qarşılayırdı. Yeri gəlmişkən, Xəlil Rza
həbs olunanda Yazıçılar Birliyində onu müdafiə
Komitəsi yaratdıq və mən Moskvada Lefortova türməsində
Xəlillə görüşdüm. Dövlət Təhlükəsizlik
Komitəsinin sədri Kryuçkova Xəlil Rzanın azad
olunması barədə deputat blankında məktub yazdım.
Az sonra Xəlil azad edildi.
- Gənclərimizin
içində "bizdən əvvəl ədəbiyyat
olmayıb deyənlər var. Siz nə deyirsiniz?
-
Yüngülvari naxoşluqdur. Zökəm kimi. Keçib gedər,
inşallah. Özü də bilirsiz haçan sağalacaqlar? O
vaxt ki, daha gənc nəsil gələcək və onların
arasında da "bizdən əvvəl ədəbiyyat
olmayıb" deyənlər tapılacaq... Ümumiyyətlə,
iddiayla istedad tərs mütənasibdir. Biri az olanda, o biri
çox olur və tərsinə.
-
Sizi türkçülükdə ittiham ediblər, müsahibələrinizin
birində "Türkçülük damğası"
"həmişə ailəmizin üstündə olub" -
deyirsiniz.
- Bu
sözü deməyə əsasım var ki deyirəm. Həm
də ailəmizin bir neçə nəslinə
türkçülük, millətçilik
"damğasını", əsasən daşnak ruhlu ermənilər
vurub. Ancaq faktlar: Ulu babam, Azərbaycanda ilk siyasi partiyanın -
"Difai" partiyasının Gəncədə
yaradıcısı Ələkbər bəy Rəfibəylini
erməni millətçiləri əsas düşmənləri
sayırdılar. Rotmistr Astroyantsın raportunda "Difai"
partiyası və şəxsən Ələkbər bəy
çar rejiminə asi olan, milli maraqlara xidmət edən,
İranda Səttarxan hərəkatına silah göndərilməsinin
təşkilatçısı kimi
suçlandırılırdı. Ələkbər bəyin
oğlu, babam, cərrah Xudadat bəy Rəfibəyli Gəncədə
Nuru paşanı, Mürsəl paşanı qarşılayan
şəxs (birgə fotoşəkilləri durur), Azərbaycan
Cümhuriyyətinin Fətəli xan Xoyski hökumətində
ilk səhiyyə naziri, sonralar Gəncənin general-qubernatoru -
bolşeviklər hakimiyyətə gələndə həbs
olunur. Tədqiqatçılar Gəncə üsyanının
səbəblərindən biri kimi Xudadat bəyin həbsini
göstərirlər. İstintaq zamanı Xudadat bəyi ermənilərə
qarşı hərəkətlərinə görə ittiham
edirlər. Xudadat bəy bunu qətiyyətlə rədd edir və
"imkan versəydilər sənədlərlə bu
ittihamları təkzib edərdim" - deyir. İttihamlar isə
yalnız erməni millətindən olan "şahidlər"
tərəfindən verilib. Ancaq və yalnız bu "şəhadətlərin"
əsasında erməni müstəntiqlər Xudadat bəyi
ölüm cəzasına məhkum ediblər və o, Nargin
adasında güllələnib.
Sovetin
sonrakı illərində də ailəmizə qarşı bu
"daşnak siyasəti" davam edib.
40-cı
illərin ikinci yarısında Təhlükəsizlik Komitəsi
sədrinin müavini Xoren Qriqoryanın Mir Cəfər
Bağırova ünvanladığı təqdimatda atası
"müsavatçı" kimi güllələnən,
mühacir qardaşı Türkiyədə SSRİ-yə
qarşı mübarizə aparan Nigar Rəfibəylinin və
anasının sovet düşmənləri kimi sürgün
edilmələri təklif olunurdu. M.C.Bağırovun dərkənarıyla
ailəmiz bu bəladan xilas oldu.
70-ci
illərdə Sero Xanzadyanın Moskvaya göndərdiyi danosda Rəsul
Rza pantürkist, millətçi, Lenin milli siyasətinin
düşməni adlandırılırdı və Heydər
Əliyevin onu Sosialist Əməyi Qəhrəmanı adına
təqdim etməsi qınanırdı. Rəsul Rzanın ilk
redaktoru olduğu Azərbaycan Ensiklopediyasında guya ki, millətçilik,
türkçülük təmayüllərinin olmasına
qarşı Moskvadan başlanan təxribatın əsasını
S.Şaumyanın oğlu Levon Şaumyan qoymuşdu.
Mənim
redaktoru olduğum "Qobustan" toplusu haqqında
"özümüzkülərin" danoslarında bu nəşrin
türk sözləriylə doldurulması, ruhu etibarilə
türkçü olması haqqında "xəbərdarlıq"
edilirdi. Bu xəbərdarlıqların da
qarşısını Heydər Əliyev almışdı.
Sonrakı
illərdə Ermənistan Yazıçılar
İttifaqının o vaxtkı sədri Vardges Petrosyan
deputatların Qorbaçovun yanında görüşündə
məlumat vermişdi ki, Azərbaycanda antierməni əhval-ruhiyyəsini
yaradan Anardır. O vaxt mən deputat deyildim və o
görüşdə iştirak etməmişdim. O
görüşdə Vardgesin cavabını Mirzə
İbrahimov vermişdi. Ermənistan Yazıçılar
İttifaqının Vardgesdən sonrakı rəhbərliyi də
Moskvaya, SSRİ Yazıçılar İttifaqına məktub
göndərmişdi ki, Anar millətçidir, ermənilərin
düşmənidir, dünya mətbuatında sovet milli siyasətinə
zidd olan yazılar çap etdirir, məsələsini SSRİ
Yazıçılar İttifaqının rəhbərliyində
və partiya təşkilatında müzakirə etmək və
onu cəzalandırmaq lazımdır. Kifayətdir? Yetər? Ya
məni ölümlə hədələyən erməni məktublarından
və telefon zənglərindən, ASALA terror təşkilatının
qətl siyahısına salınmağımdan da
danışım?
- Bu
yaşda adam keçən ömrü, ötən günləri
yada salır. İtirdiyiniz doğmalarınızdan
danışın.
- Niyə
tez-tez yaşımı xatırladıb məni kədərləndirirsiniz?
İstəyirsiniz
cavab verim ki, nə qədər qoca olsam da dəyərəm
min cavana? Yox, belə təkəbbürlü cavab vermək istəmirəm.
Hər yaşın öz gözəlliyi var. Mark Tven demiş,
vacib yaş deyil, insanın ona münasibətidir. Mən indi hər
gün gənclik illərimdən daha çox işləyirəmsə,
yazılar yazıramsa, ancaq ona heyifsilənirəm ki,
cavanlığımda kompüter olmayıb. Bir də bəzən
yazmaq vaxtımı yaşamaq vaxtına qurban verdiyimə təəssüflənirəm.
İtirdiyim doğmalardan kifayət qədər
yazmışam. Valideynlərim, onların bir-biriylə
münasibətləri haqqında "Sizsiz" adlı sənədli
romanımda, əmim Ənvər Məmmədxanlı
haqqında "Həyatım ağrıyır" adlı sənədli
povestimdə yazmışam. Dünyadan köçmüş
dostlarım haqqında onların xatirəsinə həsr
etdiyim yazılarda bəhs etmişəm. Yenidən burda bir-iki
kəlməylə söhbət açmağa ehtiyac yoxdur.
-
Moskvada tələbəlik həyatınızdan
danışın. Vaqif Səmədoğlu, Fikrət Qoca...
-
Vaqifin "Günün baxtı" adlı şeiri var.
İlin də bəxti olurmuş və bizim bəxtimizə
düşübmüş. Çünki bizim Moskvada Ali ssenari
kurslarında oxuduğumuz illər - 1962-1964-cü illər
SSRİ tarixinin nisbətən mülayim illəri idi və
kurslara da bütün respublikalardan, Moskvadan, Leninqraddan ən
açıq fikirli, demokratik, azad düşüncəli gənclər
qəbul olunmuşdu. Amma elə bizim təhsil
dövrümüzün ortasında - 1963-cü ilin
dekabrında Xruşşovu Manejdə avanqardist rəssamların
sərgisinə apardılar. Təsviri sənətdən (elə
başqa sənətlərdən də) xəbəri olmayan
Xruşşov cin atına minmişdi. Necə ola bilər ki,
onun rəhbərlik etdiyi ölkədə abstrakt burjua sənətinə
imkan yaransın. Və mərəkə qopdu. Sənəti
sıxmağa, boğmağa başladılar. Dəqiq bir
söz var: Moskvada dırnaq tutanda əyalətlərdə
barmaq kəsirlər. Azərbaycanda bu "abstrakt" sənətlə
mübarizə kampaniyası Rəsul Rzanın yenicə nəşr
olunmuş "Rənglər" silsiləsindən
başlandı. Atam mənə Moskvaya "Ədəbiyyat qəzeti"ni
abunə yazdırmışdı. Hər həftə qəzet
gəlirdi və hər nömrədə "Rənglər"
haqqında bir-birindən iyrənc, nadan yazılar dərc
olunurdu.
Vaqif
və Fikrət haqqında isə dəfələrlə
yazmışam, o cümlədən Moskvada tələbəlik
illərimiz haqqında da. Bəlkə bu müsahibəmiz bir
az da reklam xarakterli olsun. Bu yazılarımı (və təbii
ki, başqa yazılarımı da) oxumayanlar oxusunlar.
-
Özünüzü peşəkar şair hesab etmirsiniz, amma
kitabda toplanan şeirlərdə həqiqi poeziya örnəkləri
var. Musiqişünas alim, professor, Milli Elmlər Akademiyasının
həqiqi üzvü, akademik Zemfira Səfərova ömür
gün yoldaşınızdır, "Ən gözəl əsərimsən"
şeiri necə yarandı?
-
Şeirlərimə verdiyiniz qiymət üçün sağ
olun. "Şair deyiləm" deyəndə peşəkar
şairləri qıcıqlandırmamaq üçün belə
deyirəm. Bir az da təvazökarlıqdan. Amma Bəxtiyar
Vahabzadə, Fikrət Qoca, Vaqif Səmədoğlu, Ramiz
Rövşən kimi ustad şairlər şeirlərimi bəyəniblərsə,
özümü bir az da şair saymağa bir az haqqım
çatır. Həyat yoldaşım Zemfira xanımla 75 ildir
tanışıq, yəni 1945-ci ildə musiqi məktəbinin
birinci sinfindən bir yerdə oxumuşuq, 58 ildir evliyik.
"Zemfiraya" şeirim isə, 2002-cı ilin 27
yanvarında toyumuzun qırx illiyi günü yazılıb.
- Bu
qədər gərgin iş rejimi sizi yormur?
- Məni
işləyə bilmədiyim günlər yorur.
-
İnsan ömrü yoldur deyirsiniz. Ancaq bu yolun sonunacan insan
haralardan keçmir? Yollar insanı hara aparırsa, sonda
özünə qaytarır. Ən düzgün yol
hansıdır?
-
"Sonda özünə qayıtmaqçün" gərək
heç vaxt "özündən getməyəsən".
Bu ifadənin hər iki mənasında. Ən düzgün
yolu isə bir Allah bilir.
Söhbətləşdi:
Saminə Hidayətqızı
Ədəbiyyat qəzeti.-
2020.- 15 fevral. S. 2-3.