Varislər
Vüqar
QARADAĞLI: “Atamın sevdiyi səslər...”
"Varislər"in bugünkü
qonağı Azərbaycan radiosunun əvəzsiz
diktorlarından biri, 35 ildən artıq vaxtda səsi ilə
milyonlarla dinləyicini valeh etmiş Aydın
Qaradağlının oğlu, tanınmış şərqşünas,
BDU-nun ərəb dili kafedrasının müdiri Vüqar
Qaradağlıdır.
Heç kəsin ağlına gəlməzdi ki, bu
oğlan böyüyəndən sonra öz aydın səsi,
gözəl diksiyası, ləngərli intonasiyaları ilə
Azərbaycan radiosunun ən tanınmış diktorlarından
biri olacaq.
O, XIX əsrin
tanınmış maarifçisi, teatr tənqidçisi,
şairi, filoloqu, tərcüməçisi, xəttatı,
tarixçisi Həsənəli xan Qaradağinin nəvəsi
idi. Ziyalılıq, mədəniyyət, elmə
və incəsənətə olan həvəs bu ailədə
hər kəsə irsən keçmişdi. Həyat eşqi ilə alışıb-yanan
oğlanın yeniyetməlik dövrü Böyük Vətən
müharibəsi illərinə təsadüf etdi. Orduya yaşı çatmayan yeniyetmə nə yolla
olursa-olsun, müharibəyə getmək, düşmənə
qarşı döyüşmək istəyirdi və məhz
bu səbəbdən 1945-ci ildə Bakı Gəmiçilik Məktəbinə
qəbul olundu. 1945-ci ildə müharibə
başa çatdı və 16 yaşlı oğlan arzuları
ilə baş-başa qaldı. 1946-cı
ildə onu dövlət radiosuna diktor kimi işə
götürdülər və beləcə, yeni bir həyata qədəm
qoydu.
O, Azərbaycan
peşəkar diktor məktəbinin
yaradıcısıdır. Sonrakı illərdə təhsilini
davam etdirmək üçün Bakı Teatr Texnikumunu, Moskvada
Ümumittifaq diktorluq kursunu, İncəsənət
İnstitutunun aktyorluq fakültəsini bitirdi və 1964-cü
ildə hələ tələbə ikən diktorlar
arasında ilk Əməkdar artist adına
layiq görüldü. Əlli illik qısa
ömrü 1980-ci ilin soyuq yanvar ayında nöqtələndi,
amma səsi, xatirələri yaddaşlarda yaşadı,
unudulmadı.
Aydın
Qaradağlının varisi, tanınmış şərqşünas
alim, Əməkdar jurnalist, BDU-nun dosenti, "Quran"ın
dilimizə tərcüməsinin redaktoru Vüqar Qaradağlı
ilə onun iş otağında görüşdük.
Bu nəsil
Şah İsmayılın hakimiyyətə gəlməsində
yaxından iştirak etmişdi
-
Qaradağlı soyadı mənə çox qəribə gəldi.
Aydın müəllim Qubada anadan olub, amma, məncə,
Qaradağlı soyadının Qubaya dəxli
olmamalıdır, çünki bildiyim qədərilə bu, Cənubi
Azərbaycandakı Qaradağdır...
- Əslimiz Ustaclı elinin Toxmaqlı
oymağındandır. Toxmaqlıların Şah
İsmayılın hakimiyyətə gəlməsində
xüsusi xidmətləri olub. Belə
götürülür ki, ən əsas Qızılbaşlar
- şahsevənlər toxmaqlılardır və onlar yaxşı
mənadı Şah İsmayılı öz çiyinlərində
hakimiyyətə gətiriblər. Onların
sədaqətinə qarşılıq olaraq Şah
İsmayıl Cənubi Azərbaycanda Qaradağ adlı
mahalı toxmaqlılara verib və beləcə, toxmaqlılar
dəyişib qaradağlılar olublar. Toxmaqlılara
həm də xəlifəlilər deyiblər.
- Bu xəlifəlilər
sözü haradan gəlir? Yəni bunların ərəb
xilafəti ilə nəsə bağlılığı olub,
ya yox?
- Yox, qətiyyən...
Qaradağda onlara böyük mahal verildikdən
sonra həm də xanlıq verilib və o nəslin nümayəndələrinə
xan deyiblər, buna qədər isə onlara xəlifəlilər
deyilib, tayfa başçısı titulu kimi bir şeydir.
Mir Möhsün Nəvvab ulu babam haqqında
yazarkən onu xəlifəlilər kimi təqdim edib.
- Ulu baba
deyərkən kimi nəzərdə tutursuz?
-
Atamın babası Həsənəli xan Qaradağini. Atamın babasının babası isə Qaradağ
xanlığının sonuncu xanı olub. 1804-cü ildə
Gülüstan müqaviləsi imzalanarkən...
- Məncə,
bu, haradasa Fətəli şahla Abbas Mirzənin hakimiyyəti
dövrünə təsadüf edirdi.
- Bəli.
Babam Abbas Mirzə ilə yola getmir və şah
onu təqib etdirir, babam da müqavimət göstərir,
dolayısı ilə ruslar tərəfdə mübarizə
aparır. Bu dövrdə artıq Səfəvilər
hakimiyyəti bitmiş, Qacarlar dövrü
başlamışdı. Belədə,
babam Məhəmmədqulu ağa xan sərhədi keçib
Çar Rusiyasına - indiki Azərbaycana gəlir və
Şuşada məskunlaşır. Qaradağda
itirdiyi torpaqların müqabilində rus imperatoru ona burada,
Yelizavetpol quberniyası ərazisindəki Düyərli adlanan
yerdə - indiki Tovuz rayonu ərazisində - min desyatin torpaq
ayırır. Məndə bu barədə
fərman var. İran sərhədlərinin bu üzündə,
yəni Azərbaycan ərazisinə düşən yerlərdə
olan torpaqlar onsuz da babama məxsus idi, amma bu min desyatin torpaq isə
o tayda qalan ərazilərə əvəz olaraq verilmişdi.
Söhbət Həsənəli xanın
babasından gedir və o, rus ordusunda xidmət etməyə
başlayır, polkovnik rütbəsinə qədər
qalxır. Onun oğlu poruçik Həsənəli
xan çox gənc yaşında həlak olur və
dünyasını dəyişəndən sonra bir oğlu
dünyaya gəlir. Belədə körpəyə
atasının adını verirlər və uşaq balaca Həsənəli
xan adı ilə tanınır. Bu balaca Həsənəli
xan da məşhur "Vətən dili" kitabının həmmüəlliflərindən
biri hesab oluna bilər, çünki böyük bir hissəsinin
müəllifi odur.
Sovet
İttifaqında peşəkar diktor kimi Əməkdar artist
-
Haqqında danışdığınız balaca Həsənəli
xanın həyatı ilə bir qədər maraqlandım və
onun öz dövrü üçün nə qədər hərtərəfli
adam olduğunu gördüm. Yəqin,
Aydın Qaradağlı da öz həyat dinamikasına, daima
oxumaq, öyrənmək həvəsinə görə
babalarına çəkib... Tələbə ikən diktorlar
arasında ilk dəfə Əməkdar artist adına
layiq görülüb.
- Bu,
bütün Sovet İttifaqında peşəkar diktora verilən
ilk fəxri ad olub. Tutaq ki, Levitan o dövrdə
RSFSR-in xalq artistiydi, amma aktyorluq sənətindən gəlmişdi
diktorluğa, atam isə heç vaxt aktyor olmayıb,
bütün fəaliyyəti diktorluqla bağlıdır.
Heç vaxt səhnədə oynamayıb, onun
işi hər zaman mikrofon arxasında olub. Hətta
ona mühüm partiya işi təklif olunub, lakin
razılaşmayıb, yalnız öz diktorluq fəaliyyətini
davam etdirib. Mənə elə gəlir ki
o, hər şeydən əvvəl müəllim olub. Xalqına Azərbaycan dilinin tələffüzünü
doğru-düzgün təqdim etməyə
çalışıb. Çünki dili ən
səlis və doğru orfoepik qaydalarla təqdim etmək onun
adı ilə bağlıdır.
- İnternetdə onun bir neçə səs
yazısı var və bu gün sizinlə görüşməzdən
əvvəl o səsləri bir daha dinlədim. Füzulinin, M.Ə.Sabirin,
M.Müşfiqin, İslam Səfərlinin və
başqalarının yaradıcılığından poetik
nümunələr səsləndirir və adam
bir anlıq tarixləşir. Onun səsi bütövlükdə
tarixdir, Azərbaycan səsinin etalonudur...
Adi
danışığı ilə efirdəki səsi fərqli
olan adam
-
Çox qəribədir, onun adi danışıq səsi ilə
efir səsi fərqli idi. Çox böyük
diktorlarımız olub, elə indi də var, amma heç birində
səsə atamda olan münasibəti görməmişəm.
Ailədə atamızın radiodakı səsini
başqa cür eşidirdik, çünki evdə həmin səslə
danışmırdı. Mikrofonun
işığı yanan kimi səsi dəyişirdi. Bir dəfə uşaq vaxtı məni özü ilə
studiyaya apardı, sakit olmağımı tapşırdı.
Bir an əvvəl mənimlə
danışırdı, amma mikrofonun düyməsini basan kimi
başqa səs eşitdim, hər gün radioda eşitdiyim
adamın səsini. Səs qalxdı, başqa
çalar əks etdi. Çox heyrətlənmişdim,
bilirdim radioada danışan atamdır, amma
görmürdüm, indi isə hər şey gözlərim
önündə baş verirdi. Bu, onun səsə
olan hörməti, efirə münasibəti idi. Mənə elə gəlir ki, bu gün televiziya və
radionun əsas qüsuru, çatışmazlığı
efirdən qorxmamaq sindromudur.
- Məncə,
siz çox yumşaq deyirsiz. Bu, birbaşa efirə
hörmət etməməkdir. Özündən
razılıq, təkəbbür göstəricisidir.
- Tamamilə
doğrudur. O vaxt 6-7 milyon idik, indi isə 10 milyonu
keçmişik və bu o deməkdir ki, eyni anda səsin 10
milyon qulağa dola bilər və sən tək adam
milyonların qarşısında məsuliyyət
daşıyırsan. İndi o qorxu yoxdur. Efirin xofu olmalıdır, efirdən qorxmaq
lazımdır.
- Bu
gün müğənni, aktyor, müxtəlif peşə
sahibi veriliş aparır. Dünyanın hər yerində
oxşar formatlar mövcuddur və bunu normal qəbul edirəm,
amma bir məsələ var: insanların gündəlik
danışıq tərzi efirlə, radio-televizya dili ilə
formalaşır. Uşaq səs eşitməyə
başlayandan evdə valideynlərinin danışıq tərzi
ilə yanaşı, həm də efirdəki səsləri
eşidir və dil bazasını, lüğət
bazasını yığır, lazım olanda onu gündəlik
həyatında tətbiq edir. Uşaqlar, yeniyetmələr
ekranda, efirdə eşitdikləri "qəhrəmanlar"
kimi danışır küçədə-bayırda...
- Problem
onlarda deyil. Dediyiniz faktlarda həmin adamlar
serialdakı, filmdəki, şoudakı işləri ilə
efirdəki, televiziyadakı müəyyən boşluqları
doldururlar. Başqa boşluqlar varsa bu
onların günahı deyil. Başqa boşluq dedikdə
bədii, ciddi, elmi, maarifçi və s. boşluqları nəzərdə
tuturam və şoulardakı qəhrəmanlar bu
boşluqları doldura bilməzlər, bunun üçün
ayrıca peşəkarlar lazımdır. Elə
olsa balans yaranırdı və deməzdik ki, efirdə
yalnız bu danışıq dili hökm sürür. Yeri gəldi-gəlmədi efirə ləhcə gətirmək
qüsurdur. Dünyanın bütün
xalqlarında ləhcələr, dialektlər var, amma televiziya,
radio, kitab dili dövlətin qüsursuz, təmiz rəsmi dili
ilə formalaşır. Onlar bizi tərbiyə
edirdilər. İndi problem o cür
verilişlərin olmamasıdır. O vaxt Teymur Əliyev
var idi, Qurban Yusifzadə var idi, Elşad Quliyev var idi. Mütləq kimsə lokomotiv rolunu öz üzərinə
götürməlidir, çəkib aparmalıdır efiri,
televiziyanı arxasınca.
-
Çox maraqlı mövzuya toxunduq. Çünki
elə Aydın Qaradağlı demək, həm də
düzgün səs və diksiya deməkdir. Necə bilirsiz, bu dəyərlər niyə dəyişdi?
Axı o dövrdə cəmi bir televiziya, iki radio kanalı
vardı və bu gün onlarca kanalın gördüyü
işdən artıq iş görürdülər.
- Sizə
dedim axı, bu sahədə mütləq
ixtisaslaşma olmalıdır. Bizdə
bütün kanallar ictimai-siyasi profil üzrə fəaliyyət
göstərir. Bu, doğru deyil. Kanal maarifləndirici olmalıdır, xəbərlərsiz,
siyasətsiz. Biri filmlər göstərməli,
digəri klassik musiqi verməli, bir başqası elmi-populyar,
müəyyən bir qismi də siyasi xarakterli və s.
olmalıdır.
Qeyri-peşəkarlar
peşəkarları üstələyirsə...
- Bunun səbəbi
nisbətən balaca xalq olmağımızla bağlı deyil
ki? Yəni 50 milyon tamaşaçısı olan ölkə ilə
10 milyon tamaşaçı olan ölkədə kanalı
saxlamaq çətinliyi...
- Məncə,
siz deqradasiyadan danışırsız, sadəcə bunu belə
ifadə etmək istəmirsiz, elə deyil?
- Bəli,
doğrudur. Mən birbaşa
tamaşaçı səviyyəsinin aşağı
düşməsini nəzərdə tuturam, amma məsələ
ondadır ki, kanallar bu səviyyəni qaldırmaq əvəzinə,
özləri tamaşaçı səviyyəsinə
düşürlər.
- Peşəkar
olmayanların sayı peşəkarları üstələdiyi
zaman deqradasiya baş verir. Bu halda qeyri-peşəkarlar
peşəkarlarla hesablaşmır. Hər sahədə:
sürücülük sahəsində, səhiyyədə, təhsildə
və eyni zamanda televiziyada. Biz hər gün
bununla üzləşirik.
- Və
mübarizə apara bilmirik.
- Bunun
üçün iradə olmalıdır. Daha
doğrusu, iradə nümayiş etdirmək lazımdır.
- Aktual
mövzuya toxunuruq, amma bu gün daha çox Aydın müəllimdən
danışmalıyıq. Moskvada peşəkar
diktorluq kursunun müdavimi olmuşdu. Moskva
televiziyasında, radio kanallarında məxməri səslər
vardı. Yaşım bu səslərin bəzilərini
xatırlamağıma imkan verir, bəzilərini də
internetdən dinləmişəm. Müharibə
dövrünün səsləri, məşhur aktyorların mətn
oxuması və s.
- Elə
səslər bizdə də olub. Şahmar Ələkbərov
olub, Həsən Əbluc olub, Həsənağa Salayev olub...
Çox olub...
Məşhur
Levitanı bəyənməyən diktor
-
Aydındır, olmayıb demirəm. Məni
maraqlandıran başqa məsələdir. Aydın müəllim o səslərdən
hansını sevirdi? Məsələn, mən
Vyaçeslav Tixonovun səsini çox sevirdim. Onun bədii mətnləri məni valeh edirdi.
- Atam
diktor kimi daha çox Olqa Vısotskayanın səsini
xoşlayırdı. Həm də atamın
müəllimi olmuşdu. Kirilovu çox bəyənirdi.
Şatilovanı bəyənirdi. Deyirdi ki,
Levitan müharibə üçün kəşf edilmiş səs
idi və müharibə bitən kimi Levitan da arxivləşdi,
çünki 70-ci illərdə artıq Levitanı heç kim xatırlamırdı, sadəcə hər dəfə
müharibə filmləri gedəndə o səs
xatırlanır, öz yerini alırdı. Atam
Levitanı bəyənmirdi, çünki Levitan bədii mətni
də müharibə mətni oxuyurmuş kimi verirdi, bu isə
doğru deyil. Səs mütləq dəyişməlidir.
Siz Tixonovun adını çəkdiz. Onun səsi necə dəyişirdi. "Nəsimi" filminin rus dublyajını
xatırlayın. Rasim Balayevi necə ustalıqla səsləndirir...
Yəni atam bu səsləri sevirdi.
- Müəllimdən
danışdız, ağlıma belə fikir gəldi. Məncə, fenomen olaraq müəllimin portreti dəyişib,
elə şagirdin, tələbənin də portreti dəyişib.
Məncə, üzləşdiyimiz problemlərin
əksəriyyəti təhsilə münasibətin dəyişməsi
ilə bağlıdır. Evlərdə gələcəyin
kişiləri, qadınları əvəzinə, serial qəhrəmanları
böyüdürük, sanki...
- Bizim
böyük müəllimlərimiz olub, mən bu gün də
onları məhəbbətlə, hörmətlə
xatırlayıram, mən də tələbələrimlə
onlardan az işləmirəm, amma o nəticə
yoxdur. Tələbə tələbə deyil.
Aralarında tək-tük seçilən olanda
sevinirik.
- Siz kifayət
qədər tanınmış ailədə
böyümüsüz. Aydın
Qaradağlının ailəsi diqqət mərkəzində
olub. Ümumiyyətlə, hər zaman diqqətdə
olmaq sizə mane olurdumu? Bir də, tutaq ki, zaman
maşını işləyib, 1980-ci ilin 28 yanvar tarixində
baş vermiş o hadisə olmayıb, Aydın Qaradağlı
2020-ci ilin fevralına gəlib çıxıb. Sizcə, bayaqdan haqqında bəhs etdiyimiz
oğlanları, qızları görsəydi nə deyərdi
onlara?
- Biz ailədə
məsuliyyətimizi hiss edirdik, amma mane olmurdu, əksinə,
diqqətlə yanaşı, sevgi də var idi və bu sevgi həyat
tərzimizdə balans yaradırdı. Onun adına
layiq olmağa çalışırdıq. O ki qaldı
sualın ikinci hissəsinə, açığını
deyim ki, fikirləşirəm: "Nə deyərdi?!". Məncə, "Sehrli
xalat" filmindəki xan pionerlərə necə
baxırdısa, atam da indiki yeniyetmələrə, gənclərə
o cür baxardı.
- Siz həm
də cabbarlılar nəsli ilə yaxınsız, ananız
Gültəkin Cabbarlıdır. Gültəkin
xanım Cəfər Cabbarlı ilə necə qohum idi?
- Cəfər Cabbarlı anamın əmisidir. Anamın
atası Əjdər Cəfər Cabbarlıdan 3 yaş böyük
olub. Onlardan da böyük iki qardaşları olub:
Hüseynqulu və Heydər. Heydər qoçu
kimi ad çıxarıb. Anam Cəfər
Cabbarlı yaradıcılığını çox dərindən
bilirdi, çox gözəl təhlil edirdi. Məsələn,
elə "Balaş" adının müəyyən qafiyəyə
uyğun gəlməsi... Bu ad təsadüfən
seçilməmişdi. Anam deyirdi ki, Cəfər
radionun, televiziyanın olmadığı vaxtda bir tamaşada -
"Od gəlini" dramında - 17 dəfə "La ilahə
illəllah..." dedirirdi obraza. Bu, böyük
cəsarət tələb edirdi. Sonra mən
bu sözlərin niyə məhz 17 dəfə təkrarlandığı
barədə düşündüm. Axı
gündəlik namaz 17 rükətdir. Yəqin, bunu nəzərdə
tutub... Sonra "Almaz" dramında dəfələrlə
"Qurban olum Məhəmmədin şəriətinə"
- deyir obraz...
Deqradasiyanı
hiss edən kimi televiziyadan uzaqlaşdı
-
Vüqar müəllim, ailədə bircə Aygül xanım
Aydın müəllimin yolunu davam etdirdi. Özü
də müsabiqə ilə gəlmişdi televiziyaya.
-
Aygül. Aydın+Gültəkin.
- Bunu
bilmirdim. Amma sonra biz Aygül xanımı ekranda
görmədik. Nədən
uzaqlaşdı televiziyadan?
-
Görünür, deqradasiya elə o vaxtdan başlayıb. Jurnalist azad insandır, verilişdə mövqeyini
bildirə bilər, amma diktor hazır, qəbul edilmiş mətni
oxuyur, bunu qarışdırmaq olmaz. Jurnalistlərin
diktorluq, diktorların jurnalistlik etdiyi dönəm
başladı və bacım bunu hiss edən kimi televiziyadan
getdi.
- Aydın
müəllim kimlərlə dostluq edirdi, kimlərlə
oturub-durur, yeyib-içirdi? Və o vaxt təməli
qoyulan dostluq müəyyən mənada bu gün davam edirmi?
-
Çox idi dostları. Bir sürücü vardı, AzTV-də
işləyirdi - Akif Şəkərov...
- Amma
çox məşhur sürücü idi.
- Hə,
yəqin, siz də xatırladız onu. Başqa... Həsən Əblucla, Şahmar Ələkbərovla,
Aqşin Babayevlə dostluq edirdi. Yaxın
dostu Azər Mirzəbəyov idi. Piano kökləyən
Ağası Əliyev vardı, onunla dost idi. Buzovnalı dostu
vardı - Rahib Abdullayev... Bu adamlar həm də
söz xiridarları idilər, qəzəl dinləməyi
sevirdlər. Saatlarla atama qulaq
asırdılar. Tarzən Bəhram
Mansurovla yaxın idi. Müğənni
Hüseynağa Hadıyev tez-tez gələrdi bizə,
atamın dediyi qəzəllərə qulaq asardı. Sizə
bir söz deyim, atam dünyasını dəyişəndə
yaşım az idi, atamdan ala biləcəyim
tərbiyəni sonradan onun dostlarının atamın rəftarı,
davranışı haqqında danışdığı xatirələrdən
aldım.
Ölümündən
əvvəl nitqini itirən diktor
- Aydın Qaradağlı dünyasını dəyişdi,
amma televiziyada, radioda diktorlar qaldı. Atanızdan sonra efir
sizə necə görünürdü? Efirdən
eşitdiyiniz səslər sizi kövrəldirdimi? Kimin səsi sizə daha doğma idi?
- Əlbəttə, atam efiri əbədi olaraq bizə
doğmalaşdırdı. Təbii, çox
darıxırdıq, tez-tez lent yazıları səslənirdi,
hamımız kövrəlirdik. Oradakı səslərin
əksəriyyəti doğma idi, amma Əli Məhəmmədoğlunun
səsi lap doğma idi. Eldost Bayram, Rafiq Hüseynov...
- Məşhur
kişilərlə bağlı evdə, ailədə müəyyən
qısqanclıqlar yaranır. Sizin ailədə bu məsələ
necə idi? Eşitdiyimə görə, Aydın müəllimin
səsinə vurulan qadınların sayı az
olmayıb. Üstəlik, özü də yaraşıqlı
kişi olub. Gültəkin
xanım Aydın müəllimi çoxmu
qısqanırdı?
- Yox, anam
çox müdrik qadın idi. Hər şeyə
fərqli baxdığı kimi, atamın azadlıqlarına da
fərqli yanaşması vardı. Bizim ailədə
elə bir problem olmayıb. Atamdan xeyli sonra, mən
artıq özüm böyük kişi
idim, bir dəfə zarafata salıb bu barədə anamdan
soruşdum, çox konkret cavab verdi mənə: "Elə
bir şey olmayıb, - dedi, - lap elə tutaq ki, nəsə
olubsa da o bilər, mən bilərəm". Ümumiyyətlə,
nə mən, nə də bacılarım evdə, ailədə
o mövzuda heç bir narazılıq, söz-söhbət
xatırlamırıq.
-
Aydın müəllim 51 yaşı tamam olmadan
dünyasını dəyişdi. Yəni 50
yaş insan ömrü üçün bir şey deyil. Xəstələnmişdimi? Siqaret çox
çəkirmiş, eşitdiyimə görə... O yaşda
ölüm gözlənilməz olur, özü də bir insan
xəstələnmədən, yatağa düşmədən
dünyadan gedirsə, ümumiyyətlə ailə buna
hazır olmur... Son nəfəsində nəsə
deyə bildimi sizə? Və ondan sonra
şəxsən Vüqar Qaradağlının həyatında
nə qədər boşluq yarandı? O boşluğu necəsə
doldura bildinizmi?
- Nə
deyim sizə? (Kövrəlir, uzun pauza
yaranır). Hə, çox çəkirdi
siqaret. Bir səhər yuxudan oyananda səs eşitdik:
"Eşitmirəm...". İnsult
keçirmişdi, bizsə bunu bilmirdik. Onunla
da yatağa düşdü və bir gün sonra
dünyasını dəyişdi. Dediyim
kimi, əvvəl eşitmə qabiliyyətini itirdi, bir
neçə saatdan sonra nitqi də pozuldu. Bir
şeyi xatırlayıram, başı ilə məni
çağırdı, çarpayının baş tərəfində,
sağında oturdum. Əlini
qaldırıb məni qucaqladı və möhkəm
sıxdı. O vaxt heç nə başa düşmədim,
sonralar fikirləşəndə anladım, yəqin, ailəni
mənə tapşırırmış...
Söhbətləşdi:
Əyyub QİYAS
Ədəbiyyat qəzeti.-
2020.- 15 fevral, S. 8-9.