Bir yağışlı gündə

 

Səbəb arama damlaların yaş olmasını sübut etməyə

 

Bəhanə...

 

heç olmaz islaq saçların nəm kirpiyinə qarışıbsa...

 

büllur gözlərinin içində bir şəkil şəbnəm.

 

Bu gün ağlamaq günüdür, göy üzü ağlayır, sən ...

 

Yarpaq pıçıltısıdır nisgil,

 

islanmışın yağışdan qorxusu?

 

Yasəmən qoxuyur əsən külək

 

qaşların kimi çəpəki, baxışların kimi əsəbi

 

Sevilmək sevmək qədər əzablıdır

 

ürəyi çəkilir adamın, çəkilir, çəkilir.

 

Ayrılıqlardan qurtulmaq olar,

 

amma məsafələr var arada

 

bir qarış, bir barmaq, bir dırnaq ucu...

 

qovuşmayan...

 

Damcılar çəpəki düşür düz sandığım yerə,

 

göz yaşları da bənövşə yanağından

 

boynunu düzəlt, pozulmasın damcıların nizamı

 

göy üzü çəp görünür, yoxsa...

 

 

 

nəfəs

 

Ayağının altından yer,

 

başının üstündən göy qaçırsa,

 

kölgədə dayanmağın mənası?

 

Uzağı marafondursa son, qaç, özünə çatmağa.

 

Sıyrılıb göy qurşağından,

 

yol al qaranlıqlara işığa çıxmaq üçün...

 

sabaha gedən yol mütləq gecədən keçir.

 

Hər barmaq sallayanı xilaskar,

 

bilim, ...kar sanmağın mənası?

 

Bütün rənglər aldadıcıdır, tutur adamı gözlərindən

 

zahirdə parlayan var ki, daxilindən pis olur.

 

Hər yalanın içində həqiqət var bir azca,

 

Bəzən qasırğalara

 

dəryalardan daha çox adalar bais olur...

 

adalar adamlar...

 

Bir qabarmalıq nəfəsə sunami deyilməz,

 

köks ötürmə üzü boşluqlara.

 

Dalğa-dalğa boy verir üfüqdəki təlatüm

 

Tanrının gözlərini qırmağa,

 

bulud-bulud qaralır ağara tutqun bəniz.

 

Bir gəmi lövbər atır fırtınanı tutmağa,

 

Bəlkə həmrəydilər Günəşi batırmağa

 

O yer, o göy, o dəniz...

 

Sprintdən başla nəfəsini yoxlamağa...

 

Qaç, qaç, qaç!

 

 

May fraqmentləri

 

Çox uzaq bir dünəndən

 

ən yaxın ağrılardır xatırladığım bu günə,

 

Yana əyilmiş dirəkdən özünü asmış sönən işıq.

 

O işıq aldatdı bizi, əksliklərin əksi,

 

məgər ki, uzaq soyuq planetlərdən

 

                                    düşən şüaların inikası imiş...

 

Adamın gözü qamaşanda min gümana düşür ağlı.

 

Unutqanlıq sindromu kök atıb yaddaşımızda,

 

necəsən, qoca, siqaret tüstülətməkdə?

 

***

 

Bir motor ulartısıdır  əsəbləri ilə oynayan küçənin,

 

Küçə qazanların vıbiratorunun səsi toz içində,

 

qışqırığı kiminsə...

 

...vay, sənin...

 

...ay sənin...

 

Adamlar toz dumanı içində höcətləşirlər, deməli...

 

hətta dalaşırlar da....

 

***

 

İndi tozlanma zamanıdır, qan qaynayan vaxtı...

 

Hamını başa düşmək olmur,

 

səni məni heç cür...

 

Əsəblərində həbs olunan adamın qurtuluşu olmaz.

 

İydə ağaclarının ətri gəlir uzaqlardan,

 

gecənin bətnində bir gizli eşq...

 

Kiminsə kimisə danlamağına susmaz təkər qıjıltısı,

 

Ətürpədən əyləc səsi qarışmış bir şit mahnıya

 

Hərə bir cür anlayır sevgini bu yaz gecəsində.

 

Unutdunmu dilinin ucundakı sözləri,

 

köks ötürməklə ovutmaq olmaz iydə çiçəklərini...

 

 

 

Va-bank

 

Bir gün adamın ayağı altından yer,

 

başı üstündən göy qaçarsa, dayanıb gözləməsi lazım...

 

Göz gördüyündən qorxar, həm görmədiyindən,

 

qara ciyər ağaranda başlar ağciyər olmaq...

 

Qaçmaqla yaxa qurtarmaq olmur bəlalardan,

 

Olasılar mütləq olacaq, tələsmə, dərd kölgə kimidir

 

gündüz səninlədir, gecə ...

 

Şosedən başlayan marafon torpaq yola çıxar,

 

torpaq yol, - cığıra, cığır, - çəhlimə...

 

Daha qaçmağa yer qalmayanda dayanacaqsan,

 

mütləq dayanacaqsan!

 

Bax, o vaxt göy qaçacaq bulud-bulud, dəyişəcək havalar,

 

havalanacaqsan kölgələrin rəqsindən

 

Final fiti gələcək əvvəl, daha sonra, susacaq varsa...

 

Dərddən qaçmaq deyil əlac,

 

                        əslində, üstünə getmək gərək bəlaların...

 

Faciələr çarəsini öz içində gizlədir,

 

əvvəl ağrı versə , sonra məlhəm olar acısına!

 

 

 

Şər vaxtı al-qırmızı

 

Əksi gözümdə qalıb sonuncu şüanın,

 

Üfüqlər gizlətməyə çalışsa da görmüşdüm

 

rəngi hopmuşdu yaddaşıma, - al-qırmızı.

 

O gecə yata bilmədim dan yeri sökülənədək.

 

Mən yaxşı tanıyıram özümü, işıq acıyam,

 

bəbəklərim qan gölünə dönməmiş rahatlıq tapmıram,

 

qana çalxalananlar belə olur naturaca...

 

Ya da gözlərimi aldatmaq üçün

 

qan sağanaqlı eynək taxmalıyam,

 

yoxsa uyumaq haramdır mənə şüa-şüa.

 

Yuxular haram olanda

 

halal kirpiklərini qırpa bilmirsən, bilirsənmi?

 

Adam fikrində fəraridirsə,

 

qaçaq yuxuları cəzalanır səhra məhkəməsində.

 

Çöldən gələn səs pəncərəyə çırpılan toz dənəsinin deyil,

 

avtomat tətiyinin şaqqıltısıdır,

 

yerə düşən boş gilizin gileyidir,

 

dəstəyi sınmış bir bayrağın iniltisidir.

 

Ümidsizlikdə dalğalanan bir əsgər marşı...

 

Par-par yanan general paqonundakı titrəyiş...

 

alnına sıxmağa cəsarəti yoxdur epolitin,

 

kokardadan yuxarıda furajka günlüyü,

 

şık qoşa qırmızı xətdə mundir şərəfi bomboş

 

orden-medallar cingiltili samit misalı,

 

qürur kar...

 

Əlilliyə görə təqaüd almağa yarayır cəbbəxana

 

partlayandan partlayana,

 

bir bir bayraq dolusu göz yaşı şəhid atasına.

 

Vətən həsrətli gözlərə torpaq çatmayacaq axırda...

 

əksi gözümdə sonuncu şüanın,- bayraq qırmızısı

 

Unuda bilmirəm o işığı, o şəfəqi, o rəngi

 

Qan çanağıdır gözlərim,

 

şər qarışır dan yeri söküldükcə, qarışır.

 

 

Bir payız xatirə

 

Mən, bilim, haçansa rastlaşacaq kölgəmiz,

 

Kəsişəcək yad eldə yolların sürüşkəni.

 

Duruxub baxacağıq düşmən kimi, ya dost...

 

yox,

 

Mən səni seyr edəcəm bəla kimi, sən məni...

 

Heç vəfasız olmur gənclik illəri qədər,

 

Lap min il keçsin, yenə ağrısı təzə-tərdir.

 

Kim üçünsə xəzəldir yel sovuran arzular,

 

Kim üçünsə təsəlli quru xatirələrdir.

 

Ürəyim qan ağlayır, baxma, gülümsəyirəm,

 

Mən daha bacarmaram ürəyini qırmağı.

 

Qalmayıb bu dünyada it kimi sadiq olan,

 

Araya pərtlik salır pişiyin asqırmağı.

 

Qınaq zamanı keçmiş, müəmmadır gələcək,

 

Bəsdi, daha özünü üzməyin yeri deyil.

 

Hər gün bir az sıxılır adam öz ürəyindən,

 

Bilmirəm, bilirsənmi, küsməyin yeri deyil.

 

 

 

Gözəl aldanışlar

 

Qərib uzaqlara çatmaz səsimiz,

 

Anlamaz doğmalar, yaxınlar bizi.

 

Zaman lağımında varmış burulğan,

 

Çırpdı dağa-daşa axınlar bizi.

 

Yoxa yuvarladıq ümidi vardan,

 

Çatmadı əlimiz haqqa yerində.

 

Çıxdıq tale adlı macəralardan,

 

Batdıq məcraların lıqqa yerində.

 

Mənə gərəkdir?...

 

bircə şüa nur...

 

Niyə qınayım ki, dost-tanışları?!

 

Hər işin doğrusu eybəcər olur,

 

Amma, gözəl olur aldanışları.

 

 

 

Ömür xətti

 

Darıxırsanmı, bir pəncərə boyda ümid üçün,

 

Kvadrat tənliyin həllinə yarayırmı boş çərçivə?

 

en, uzunluq, dioqanal...

 

ən yaxın nöqtədən ən uzaqlara çəkilən şüa...

 

Dünyanın işini bilmək olar,

 

bir gün absis oxu ilə ordinat yerini dəyişərsə, heyrətlənmə...

 

Olan işdi,

 

Kürəşəkilli gözlərin çıxırsa hədəqəsindən,

 

fəza cismləri oynayırsa əsəbinlə...

 

çox üzlülər...

 

Səni kim qurtaracaq ürəyinin sinusoidindən?!

 

Cətini döyüntülərdən qurtulmaqdır,

 

qəlbindəki rəqslərin amplitudası

 

                        azaldıqca rahatlanar düşmənlərin.

 

Dərindən nəfəs almaq yaramaz diafraqmaların işinə.

 

... bir gün

 

kardioloqun ovcunda tutduğu düz xətsə...

 

Beləcə xilas olarsan pəncərədən,

 

göy üzündən,

 

sonsuzluqlarda itən şüadan

 

Bütün ölçüləri pozular standartların,

 

qarışar qrafiklər, dəyişər kəsişmə nöqtələri...

 

işıq...

 

Sorğu-sual başlarsa, ürəkli ol,

 

ol ki, mütləq gələcək o an...

 

səni zatən ürəkdir aparan olacaqların sonuna.

 

Elə ən gözəli ürəkdən ürəklə getməkdir.

 

Zülmətdə nur içində uyumaq mümkündür...

 

ən gözəli...

 

 

Süleyman ABDULLA

Ədəbiyyat qəzeti.- 2020.- 15 fevral. S. 26.