"Təmrin"in Bəxtiyar pəncərəsi

 

Elə dağ zirvələri var ki, məmləkətin hansı tərəfində dayansan, ordan bütün əzəməti ilə görünəcək. İstiqlal şairi Bəxtiyar Vahabzadə məhz belə zirvələrdən biridir. Onun alın yazısı da, sanki şeirlə yazılmışdı, valideynləri ona ad qoyanda, sanki hiss etmişdilər ki, doğulan bu körpə ömrünü bütöv bir xalqın bəxtiyar olması uğrunda şam kimi əridəcək. Xalqın Bəxtiyarı öz bəxtiyarlığını vətənin azadlığında görürdü və Tanrı tərəfindən ona verilmiş istedadını İstiqlal düşüncəsinin poetik salnaməsini yaratmağa sərf etdi. O, dilin təkamülündən yararlanaraq Əli bəy Hüseynzadədən, Ziya Göyalpdan, Məhəmməd Hadidən bizə miras qalmış milli istiqlal məfkurəsini XX əsr insanının düşüncəsinə bir toxum kimi əkdi və bu toxum cücərdi, zaman gəldi, milyonlarla insanı azadlıq uğrunda mübarizə meydanına çıxardı. Xalq öz milli şairini tribunaya əlləri üstə qaldırdı. Əkilən toxumlar öz meyvəsini yetirmişdi. Xalq istiqlal meyvəsini dadmaqdaydı.

 

Xatırlayıram, parlament müxbiri olduğum dövrlərdə hansısa bir məsələylə bağlı ən çox açıqlama aldığım millət vəkillərindən biri də Bəxtiyar Vahabzadə idi. Ümummilli liderimiz Heydər Əliyev böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyinin keçirilməsi haqqında fərman imzalamışdı və bununla əlaqədar dövlət komissiyası yaradılmışdı. Həmin komissiyanın üzvlərindən biri də Bəxtiyar Vahabzadə idi. Bu xüsusda Bəxtiyar müəllimdən geniş bir müsahibə almaq istəyirdim. Parlament iclaslarından birində fasilə zamanı yaxınlaşıb istəyimi ona bildirdim. İlk sözü bu oldu: - Sən mənim "Şəbi-hicran" poemamı oxumusan, oğul?

 

Əlbəttə, dedim. Anamın kitabxanasında yasəmən rəngli bir kitab vardı, hələ uşaq ikən o kitab mənim diqqətimi çəkmişdi və həmişə onu vərəqləyib ayrı-ayrı misraları, bəndləri maraqla oxuyurdum. Bu, Bəxtiyar Vahabzadənin 1959-cu uldə "Uşaqgəncnəşr"də çap olunmuş "Şəbi-hicran" kitabı idi. Kitabın rəssamı Xalq rəssamı Mikayıl Abdullayev idi. O zaman "Uşaqgəncnəşr"in kitabları maraqlı rəsmlərlə çıxırdı və bu rəsmlər uşaqların, yeniyetmələrin yaddaşında dərin iz qoyurdu. "Şəbi-hicran" kitabında bir rəsm də vardı, Füzuli yataq xəstəsidir, son saatlarını yaşayır, başının üstündə qəmli insanlar dayanıb. O rəsm mənim uşaq yaddaşımda sarsıdıcı bir iz buraxmışdı və bu misralar da hafizəmə həkk olunmuşdu:

 

Ağladın, yayıldı səsin cahana,

 

Bülbül bağçalarda ötdü dedilər.

 

Gələndə Məhəmməd gəldin cahana,

 

Gedəndə Füzuli getdi dedilər.

 

Uşaq yaddaşımda qalmış bu xatirəni Bəxtiyar müəllimə danışanda gözləri doldu və dedi ki, oğul, poemanın məğzi, mahiyyəti də elə həmin bənddədir və sən də məhz həmin beyti yadında saxlamısan. Və beləcə, müsahibə üçün şairin razılığını aldım. Bu söhbət 1996-cı ilin payızında olmuşdu...

 

Xalq şairi Bəxtiyar Vahabzadə təkcə Azərbaycanda deyil, türk dünyasında ən çox sevilən şairlərdəndir. Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsində şairin danılmaz payı var. Türkiyədə nəşr edilən nüfuzlu "Təmrin" dərgisinin 2020-ci il ilk nömrəsi Azərbaycan ədəbiyyatının, eləcə də bütün türkdilli poeziyanın ustadlarından olan, Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr edilib. Dərginin baş yazarı Hasan Parlakın "baş redaktor"dan giriş yazısı ilə açılan jurnalda daha sonra Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevin türkiyəli oxucunu "salamlama mətni" yer alıb. Sonra isə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın ("Bəxtiyarlıq"), Millət vəkili Cavanşir Feyziyevin ("Türk dünyasının sönməyən ulduzu"), akademik Nizami Cəfərovun ("Millet şairi Bəxtiyar Vahabzadə"), akademik İsa Həbibbəylinin ("Milli istiqlal şairi Bəxtiyar Vahabzadə"), "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turanın ("Bəxtiyar Vahabzadə ilə bağlı oxunmamış səhifələrdən parçalar"), professor Cavanşir Yusiflinin ("Bir şeirin dedikləri və eşqə dair"), filologiya elmləri doktoru Elnarə Akimovanın ("Bəxtiyaram mən") yazıları, habelə şairin öz dilindən danışılan "Həyatım və sənətim" xatiratının parçaları, Şəkidəki ev-muzeyindən kiçik fotoreportaj yer alır.

 

Dərgidəki bütün materialların Türkiyə türkcəsinə tərcüməçisi, yazıçı Ömər Mehmetoğlunun "Azərbaycanın ölümsüz şairi Bəxtiyar Vahabzadə" məqaləsi də var. Bundan əlavə, Azərbaycanın və Türkiyənin, eləcə də bütün türk dünyasının dövlət adamlarının - Azərbaycanın ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Cümhuriyyətinin IX prezidenti Süleyman Dəmirəlin, eləcə də görkəmli ədəbiyyat və mədəniyyət adamlarının - Rəsul Rza, Çingiz Aytmatov, Lev Qumilyov, Oljas Süleymenov, Yavuz Akpınar, Cavad Heyət, Əhməd Ercilasun, Mehmet Kaplan, Yevgeni Yevtuşenko, Rimma Kazakova, Pavlo Movçan, Yavuz Bülən Bakilər, İmamverdi Əbilovun qısa fikirləri də dərgidə xüsusi bölümlərdə təqdim edilib.

 

Dərgini oxucular üçün maraqlı edən daha bir xüsusi məqam Bəxtiyar Vahabzadənin dillər əzbəri olar şeirlərinin ("Ana dili", "Axı dünya fırlanır", "Vətən marşı", "Bir sirdaş istəyirəm", "Azərbaycan-Türkiyə", "Şəhidlər", "Mən türkəm" və b.) təqdimatıdır.

 

Qeyd edək ki, dərgi millət vəkili Cavanşir Feyziyevin yaxından iştirakı və dəstəyi ilə ərsəyə gəlib. Mətnlər Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində seçilib və tərcümə edilib. Layihənin rəhbəri Bədii Tərcümə Mərkəzinin sədri Səlim Babullaoğlu, koordinatoru Bəxtiyar Səlimov və Ömər Küçükmehmetoğludur.

 

Fevralın 12-də Azərbaycan Yazıçılar Birliyində böyük şairin anım günü və "Təmrin" dərgisinin ona həsr edilmiş xüsusi buraxılışının təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair-esseist, tərcüməçi Səlim Babullaoğlu açaraq "Təmrin" jurnalının Bəxtiyar Vahabzadəyə həsr edilmiş xüsusi sayı haqda məlumat verdi. Aparıcı buraxılışın işıq üzü görməsində, hazırlanmasında böyük diqqəti, dəstəyi və əməyi olan insanlara,  millət vəkili  Cavanşir Feyziyevə, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turana, filologiya elmləri doktoru Elnarə Akimovaya xüsusi təşəkkürünü bildirdi. Eyni zamanda Azərbaycan Mədəniyyət Nazirliyinin, nazir Əbülfəs Qarayevin bu nəşrlərə xüsusi həssaslıqla yanaşdığını da dilə gətirdi. Sonra Səlim Babullaoğlu Ümummilli liderimiz Heydər Əliyevin vaxtilə Bəxtiyar Vahabzadə haqqında dediyi fikirləri tədbirdə səsləndirdi:

 

"Bəxtiyar Vahabzadə şəxsiyyəti və yaradıcılığı ilə xalqın milli təfəkkürünün formalaşmasına xidmət etmiş, onu milli dirçəlişə səsləmiş, istiqlaliyyət uğrunda mübarizədə əvəzsiz rol oynamışdır. O, hər zaman azadlıq carçısı olmuş, ən çətin anlarda belə güc və silah qarşısında baş əyməmiş, əqidəsindən dönməyən şair, mübariz millət vəkili, yorulmaz ictimai xadim kimi xalqın müdafiəsinə qalxmışdır".

 

Səlim Babullaoğlu qeyd etdi ki, "Təmrin" jurnalı bundan əvvəl də Azərbaycan ədəbiyyatına yer ayırıb. Jurnalın böyük satirik şairimiz Mirzə Ələkbər Sabir və Xalq yazıçısı Anara həsr edilmiş xüsusi sayları çap olunub. Hal-hazırda Azərbaycan ədəbiyyatının klassikləri Mirzə Fətəli Axundzadə, Mikayıl Müşfiq və Rəsul Rzaya həsr olunmuş saylar nəşrə hazırlanır. Yaxın zamanlarda həmin buraxılışların da təqdimatı gerçəkləşəcək.

 

İlk söz AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyliyə verildi. İsa Həbibbəyli şairin ədəbi-bədii yaradıcılığının əsas istiqamətləri haqda danışdı və onun poeziyasının müstəqillik uğrunda mübarizəyə xidmət etdiyini xüsusi olaraq vurğuladı. Akademik İsa Həbibbəyli qeyd etdi ki, Bəxtiyar Vahabzadə Türkiyədə Azərbaycan ədəbiyyatının tanıdılmasına, sevilməsinə, eyni zamanda Azərbaycanda türk ədəbiyyatının təbliğinə böyük töhfələr vermişdir. "Təmrin" jurnalının xüsusi sayının Bəxtiyar Vahabzadəyə həsr edilməsini əlamətdar hadisə hesab edən İsa müəllim dedi ki, bu, Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrinin daha da möhkəmlənməsi üçün əhəmiyyətli körpülərdən biridir. İsa Həbibbəyli, eyni zamanda Türkiyədə dərc olunan ədəbi dərgilərin son illərdə Azərbaycan ədəbiyyatına geniş yer ayırdığını da təqdirəlayiq hal kimi qiymətləndirdi, "Təmrin" dərgisinin xüsusi sayının hazırlanmasında əməyi keçən insanlara təşəkkürünü bildirdi.

 

Xalq şairi Fikrət Qoca Bəxtiyar Vahabzadənin müstəqilliyimiz uğrunda mübarizəmizdəki xidmətlərindən danışdı və jurnalın araya-ərsəyə gəlməsində xidmətləri olan insanlara təşəkkürünü bildirdi.

 

Millət vəkilləri Nizami Cəfərov, Cavanşir Feyziyev  Bəxtiyar Vahabzadə ilə bağlı xatirələrini dilə gətirdilər. Nizami müəllim böyük qazax şairi Oljas Süleymenovun Bəxtiyar Vahabzadə haqqında dediyi maraqlı bir fikri xatırlatdı. O.Süleymenov deyirmiş ki, mən Bəxtiyar Vahabzadənin böyüklüyünü onda gördüm ki, xalq artıq ona Vahabzadə demirdi, sadəcə, Bəxtiyar deyirdi. Nizami kimi, Füzuli kimi, Şəhriyar kimi. Nizami müəllim dedi ki, bu fikir mənə çox xoş gəldi. Demək, xalqın təfəkküründə bir şairin obrazı yarananda xalq onun adını dəqiqləşdirir.

 

Millət vəkili Cavanşir Feyziyev şairlə birlikdəykən onun bütün yaradıcılığını əzbər bilən  bir insanla necə rastlaşdıqlarını, bu hadisəni Bəxtiyar müəllimin necə özünəməxsus yumor hissi ilə qarşıladığını xatırladı. Sözünün sonunda o, görkəmli şairimizin yaradıcılığının bir çox məziyyətlərini ümumiləşdirərək onu  "XX əsrin Nizamisi, Füzulisi" səviyyəsində böyük şair kimi xarakterizə etdi.

 

AYB-nin katibi, Xalq yazıçısı Çingiz Abdullayev Bəxtiyar Vahabzadəylə bağlı maraqlı məqamları xatırlatdı, onun dönməz, bütöv xarakterindən, əqidə, məslək sahibi olaraq ziyalı mövqeyi nümayiş etdirməsindən danışdı. Xalq yazıçısı çıxışını bu fikirlərlə yekunlaşdırdı: "Əgər şairin şeirləri onun cismani yoxluğundan sonra da oxunursa, dillər əzbərinə çevrilirsə, demək, o, daim yaşayır. Bəxtiyar Vahabzadə xalqın yaddaşında uzun əsrlər boyu yaşayacaq".

 

"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan diqqəti 1972-ci ildə İsmət Zəki Eyyuboğlunun "Varlıq" dərgisində yayımlanmış "Ölü ədəbiyyat" məqaləsinə yönəltdi. Bu yazıdan sonra Bəxtiyar Vahabzadə ona cavab olaraq "Yel qayadan nə aparar?" adlı yazı yazmışdı. Həmin yazı 1973-cü ildə Azərbaycanda, "Ədəbiyyat və incəsənət" qəzetində, daha sonra isə həmin "Varlıq" dərgisində çap olunmuşdu. Eyyuboğlu həmin yazısında klassik türk ədəbiyyatını "ölü ədəbiyyat" adlandıraraq klassiklərin ruhunu incitmişdi. Bəxtiyar Vahabzadə ona olduqca tutarlı cavab yazmışdı. Azər Turan bu haqda geniş xatırlatma verdi və qeyd etdi ki, Bəxtiyar Vahabzadənin poeziyası sözün əsl mənasında azərbaycançılıq dərsidir.

 

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, AYB Ədəbiyyat Fondunun direktoru, şair Əjdər Ol, Türkiyə Səfirliyinin Mədəniyyət Attaşesi İrfan Çiftçi, BDU-nun professoru Cahangir Məmmədli Bəxtiyar Vahabzadə haqqında fikirlərini bildirdilər.

 

Xalq yazıçısı Anar yekun çıxışında yarım əsr əvvəlki dövrü xatırlatdı və bildirdi ki, mən qardaş Türkiyəyə ilk dəfə 50 il bundan əvvəl getmişdim və orda kitab mağazalarını gəzdim, bircə Azərbaycan yazıçısının kitabına rast gəlmədim və bu, məni məyus etdi. Başqa ölkələrin beşinci, onuncu dərəcəli yazıçılarının əsərləri var idi, amma bizim yazıçıların əsərləri yox idi. Bununla bağlı məqalə də yazdım, Türkiyə mətbuatında da dərc olundu. Ondan sonra vəziyyət müsbətə doğru dəyişdi. Çox şadam ki, müstəqillik illərində, ondan da bir qədər əvvəl bizim yazıçı-şairlərimizin əsərləri Türkiyədə çap olundu, bu gün də çap olunur. Türkiyədə ən çox çap olunan və ən çox sevilən şairlərimizdən biri, hətta deyərdim ki, birincisi Bəxtiyar Vahabzadədir.

 

Anar müəllim Bəxtiyar Vahabzadənin milli şüurun oyanışında böyük xidmətlərindən danışdı və tədbirə yekun vurdu.

 

Böyük şairimizin ruhu şad olsun!

 

 

Kənan HACI

Ədəbiyyat qəzeti.- 2020.- 15 fevral. S. 14-15.