Harmoniya
Arif
QULİYEV: ”Mən öz sənətimin fəhləsiyəm”
Bu dəfə "Harmoniya"da
daha bir sənət fədaisi ilə görüşdəyəm. Ömrünü, həyatını sənətə
bağlayan, deməli,
həm də xalqına həsr edən Azərbaycanın məşhur gülüş
ustası, respublikanın
Xalq artisti, sevimli aktyorumuz Arif Quliyevlə.
- Arif müəllim, xoş gördük sizi.
- Xoş gördük. Mən də sizi salamlayıram.
İşləriniz xeyirli, uğurlu
olsun.
- Təşəkkür edirəm.
Oxucularımıza demək istəyirəm
ki, Arif müəllim öz təbəssümü-yumoru ilə
həmişəki kimi
əhval-ruhiyyə bəxş
edir insana. İlk olaraq burdan başlayaq ki, yola saldığımız
il nə
ilə yadınızda
qaldı?
- Ötən il
bir iki filmə,
seriala çəkildim.
Düşünürəm ki, bu il də keçən il kimi uğurlu və mənalı bir il olacaq.
- Bir az ötənlərə qaytarmaq
istəyirəm sizi. Bildiyimiz kimi, uzun illər müxtəlif teatrlarda çalışmısız...
- Bəli, mən ilk dəfə 1968-ci ildə Mədəni-Maarif Texnikumunun
(əvvəllər Krupskaya adına Bakı
Kitabxanaçılıq Texnikumu
idi) mədəni-maarif
şöbəsinin aktyor
və rejissor fakültəsini bitirmişəm.
Həmin
ildə üç yerdə dövlət teatrı fəaliyyətə
başladı. Sumqayıt, Mingəçevir
və Ağdamda.
Eyni ildə, həmçinin R.Behbudov adına Dövlət
Mahnı Teatrı da fəaliyyətə başladı. Çox fikirləşdim ki, görəsən, hansı teatrda işləsəm daha yaxşı olar. Sonra qərara gəldim ki, o dövrdə gənclik şəhəri
kimi tanınan Mingəçevirə üz
tutum. Təyinatla gəldim bura
və aktyor ştatına qəbul oldum. Birinci əmrlə teatrın
direktoru, Əməkdar
mədəniyyət işçisi,
gözəl aktyor Mirbaba Xəlilov, ruhu şad olsun.
Deyim ki, ilk səhnəyə gəlişim, pərvazlanmağım
bu teatrla bağlıdı. Hansı ki,
məni tamaşaçılar
ilk dəfə məhz
bu teatrda salamlayıblar, onların alqışlarını ilk dəfə
bu səhnədə eşitmişəm. 73-cü ildə əsgəri xidmətdən qayıdandan
sonra sənədlərimi İncəsənət
İnstitutuna təqdim
etdim və Musiqili komediya aktyorluğu fakültəsinə
daxil oldum. Onu da qeyd
edim ki, həmin institutda mən 3 dəfə - 1968,
1969, 1970-ci illərdə imtahan
vermişəm, qəbul
ola bilməmişəm.
1975-ci ildə maddi vəziyyətim ağır olduğundan Tibb İşçiləri
Mədəniyyət Evində
gözətçi kimi
işləməyə başladım.
Yaşamağa yerim olmadığından
elə orda da qalırdım. 75-ci ildə Musiqili
komediya fakültəsinin
üçüncü kursunda
idim. "İmtahan" tamaşasını
göstərirdik, bizə
tamaşa etməyə
gəldilər, Xalq artisti, Əməkdar incəsənət xadimi Şəmsi Bədəlbəyli,
Xalq artisti Nəsibə Zeynalova və Səyavuş Aslan. Onlar kursun tamaşasına
baxdılar. Mən də
"Gözün aydın"
tamaşasında Səlyanski
obrazını oynayırdım.
Gəlmişdilər aktyorları seçməyə.
Mənim
çıxışımı gördülər səhnədə,
Musiqili Komediya Teatrının yardımçı
heyətinə işə
götürdülər. Onlar hiss edirdilər ki, mənim xəmirim bu sənətlə yoğrulub.
Ümumiyyətlə, bu sənətin
ecazkarlığı ondadı
ki, başqa sənətləri oxuyub öyrənmək olar.
Tutaq ki, fizik, ədəbiyyatçı,
tarixçi olmaq olar. Beş sənət var
ki, onlar sənin özünlə dünyaya gəlməlidi.
Qanında, canında, ürəyində,
hərəkətində, baxışında,
yerişində və
duruşunda olmalıdı.
Bu, aktyor, müğənni,
rəssam, bəstəkar
və heykəltəraşdı.
Səttar Bəhlulzadəni götürək, ürəyi
diktə edir, gözü görür, sehrli əlləri çəkir. Bu, Tanrıdan gəlir. Deyir ki,
Öz yükünü yükə
qatma,
Ucuzunu baha satma.
Təbin
yoxsa, qurdalanma,
Söz,
iş, sənət ürəkdən gəlir.
Bir az da şeirlə ifadə etmək istədim. Hə, beləliklə 1979-cu ildə
institutu bitirdim, nəhayət, məni Musiqili Komediya Teatrında tam ştata işə qəbul etdilər.
- Oxucularımızın diqqətinə
onu da çatdırım
ki, bu il sizin üçün çox əlamətdardı, yəni
yubiley ilinizdi. May ayında 70 yaşınız
olacaq. Bəri başdan sizi
oxucularımız adından
təbrik edirəm.
- Bəli, may ayının
16-da 70 yaşım olacaq.
Heç
bilmirsən ki, vaxt necə gəldi, getdi. Uçdumu, əridimi? Amma o illər ki,
gedib, biz onları yaşamışıq. Həmin illərdə
biz insanlar üçün
müxtəlif obrazlar
yaratmışıq. Mənəvi sevinc bəxş etməyə çalışmışıq.
Fəxr edirəm ki, bu sevgini qazanmışam.
85-ci ildə Əməkdar
artist, 94-cü ildə isə
Xalq artisti fəxri adlarına layiq görülmüşəm.
Həm də prezident təqaüdçüsüyəm. Bu da xalqımızın,
tamaşaçılarımın mənə olan sevgisinin təzahürüdü.
Deyir, zəhmət çəkməsən,
bəhrəsini görməzsən.
- İllərdi ki,
insanlara gülüş
bəxş edən bir aktyorun cavabı,
görəsən, necə
olacaq bu suala: Güldürmək çətindi, yoxsa ağlatmaq?
- Əlbəttə, güldürmək
çox çətindi. Mənalı, dəyərli, intellektual güldürmək. Aramızda olan
neqativ hallara, əyər-əskiyə gülürük.
Və o gülüşün
içində göstəririk
ki, baxın, aramızda yatıb havayı yeyən, içib evə pis halda gələn
və yaxud ara vuran,
yaltaq. Bu tipləri
göstərə-göstərə gülüş obyektinə
çeviririk. Və bundan
insanlar nəsə götürür. Tutalım mənim
qonşum var, belədi. Deməli, kənardan pis
baxılır. Aktyorlar həm
də müşahidəçidir.
Onların fantaziyası olmalı,
eyni zamanda güclü yaddaşa malik olmalıdılar.
Mən obrazı öyrənməmişəm,
mənimsəmişəm, özümünküləşdirmişəm.
Ona görə də ordan çıxış
eləyəndə, insanı
inandırmalısan ki,
belə vəziyyət
ola bilər.
Bu hala düşmək
və ya bu vəziyyətdən çıxmaq olar. Yəni insanlar ona görə
gülürlər ki,
başa düşürlər.
- Təbii ki, bu, həmişə birmənalı qarşılanmır...
- Sözsüz, kimisi nümunə götürür,
amma tam başa düşən tamaşaçı
üçün bu, məqbul sayılır ki, o görür, beyin süzgəcindən keçirir. Təbii ki, zövqlər
müxtəlifdi, həmişə
deyirəm ki, bir aktyor hamının
xoşuna gələ bilməz.
- Arif müəllim, sözsüz ki, sizin də bir
kumiriniz olub. Ondan öyrənməyə
çalışmısınız...
- Bəli, baxıb gəlmək olar. Lakin sən o yolu dəqiq gedə biləcəksənmi? "Hamlet"
də deyir, olum, ya ölüm.
Bu sənətdə də belədir, ya bu sənətə
gəlib olmalısan, ya da olmamalısan.
- Dram tamaşasında oynamaq ürəyinizdən keçib?
- Əlbəttə, oynamaq
istəmişəm. Bir az əvvəl
güldürmək, ağlatmaqla
bağlı sual verdiniz. Mən həyatımdan bir epizodu danışmaq istəyirəm: Mingəçevirdə
əsgərliyə gedəndə,
kollektiv məni yola salırdı. Kiçik bir torbam vardı,
içində balaca bir konserva və
çörək. Hamı öz
doğmalarını ordan
hərbi xidmətə
yola salırdı.
Biri geyindirir, biri ətəyinə baxır,
biri yeməyini gətirir. Mənim də heç
kəsim yox, ona görə Mingəçevir kollektivi
məni yola salır. Avtobusa mindim, təsəvvür
edin, bunlar məni yola salıb qayıtdılar.
Hər pəncərənin qabağında
maşınlar gedir, qucaqlaşırlar, bir tək mənim pəncərəmin qarşısında
heç kəs yox idi. Nə əl eləyən, nə yola salan.
Bu bir həyat
dramıdı. Gülmək məsələsinə gəlincə
isə, məsələn,
mən taksi saxladım. Sürücü
soruşdu: Ay Arif müəllim, hara gedirsiz? Dedim: Əhmədliyə. Dedi: Neçə nəfərsiz?
Dedim: İki nəfər. O da görür axı təkəm, deyir, Arif müəllim, təksən axı, deyirəm ayə sən getmirsən? Yəni dediyim odur ki,
hər şey vəziyyətin özündən
doğur.
- Siz "Ədəbiyyat qəzeti"nin "Harmoniya"sındasız. Harmoniya sizə
görə nədir?
- Bu, birləşməkdir, vəhdətdir.
Ümumi
desək, burda incəsənətin bütün
növləri var. Mən
daim qəzet oxuyuram. "Ədəbiyyat
qəzeti"ni isə xüsusi qeyd etmək istəyirəm. Nə qədər desək
də, indi internet zamanıdı, unutmayaq ki, qəzetin özü canlı ünsiyyətdi. Hər hansı
bir yazını hazırlayır. Bu, təmasdan yaranır.
Yeri gəlmişkən, mənim
haqqımda ilk dəfə
1962-ci ildə "Azərbaycan
pioneri" qəzetində
Əhməd Bağırov
adlı-soyadlı jurnalist
yazıb. Ümumiyyətlə, qəzetə sevgim təsadüfi deyil. Bir sirr açım, mən özüm bir müddət qəzetdə müxbir işləmişəm.
- Söhbətə görə
çox sağ
olun, Arif müəllim. Üzünüzdəki gülüş heç
vaxt əskik olmasın.
- Siz də sağ
olun. Bizim də var dövlətimiz tamaşaçı
alqışı, məhəbbətidir.
O həmişə bizimlədir.
Müsahibəni apardı: Samir ƏFŞAN
Ədəbiyyat qəzeti.-
2020.- 15 fevral. S. 22.