Ahəngə köklənən
ömür
Müasir
elmi-ədəbi mühitdə öz dəst-xətti, geniş
yaradıcılıq imkanları ilə tanınan simalardan biri də
Əhməd Qəşəmoğludur. İxtisasca
riyaziyyatçı, sosioloq, iqtisad elmləri doktoru, "Ahəngyol"
elmi-fəlsəfi konsepsiyasının yaradıcısı, Azərbaycanda
emprik sosiologiyanın əsasını qoymuş,
riyaziyyatın sosiologiyaya tətbiqi sahəsində Cənubi
Qafqazda ilk mütəxəssislərdən biri olan Əhməd
müəllim şair, publisist kimi də tanınır. Alimin
300-dən çox elmi-publisistik məqaləsi, 7 elmi kitab və
monoqrafiyası, 5 şeir kitabı təkcə
respublikamızda deyil, onun hüdudlarından kənarda da
çap olunmuş, mükafatlara layiq
görülmüşdür. Yaradıcısı
olduğu "Ahəngyol" elmi-fəlsəfi konsepsiyası
dünya elmi-nəzəri fikrinin diqqətini cəlb etmiş,
ictimai, fəlsəfi, sosioloji, bədii konsepsiya kimi əhəmiyyətli
və müəllifin çoxsahəli elmi-bədii fəaliyyətində
təsdiqini tapmış bir sistemdir. 2011-ci
ildə azərbaycanlı alim Lütfi Zadənin dəstək
verdiyi və Kaliforniya Universitetinin elektron jurnalında təqdim
etdiyi Orta əsr İslam fəlsəfəsinə əsaslanan
bu nəzəriyyənin 16 ölkədə təqdimatı
olub. Təbii ki, bu, Azərbaycan elmi-nəzəri
fikrinin böyük uğurlarındandır.
Əhməd
Qəşəmoğlu 1950-ci il fevralın
15-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun
Vayxır kəndində ziyalı ailəsində dünyaya
göz açmışdır. Atası Qəşəm
Məmmədov Naxçıvanda tanınmış maarif
xadimi, uzun müddət məktəb direktoru vəzifəsində
çalışmış, zəhmli, sərt,
düzlüyü, dürüstlüyü sevən əsl
ziyalı olmuşdur. Böyük ailənin
mənəvi-fiziki yükünü zərif çiyinlərində
daşıyan Mələk ana evdar, dindar qadın olsa da,
övladlarının təlim-tərbiyəsində, Əhməd
müəllimin şair kimi yetişməsində xüsusi rolu
olmuşdur. Həmin anları Əhməd Qəşəmoğlu
belə xatırlayır: "Həyatda ən böyük
müəllimim anamdır... Anam mənim həm
şair kimi yetişməyimə, həm də dərslərimdə
uğur qazanmağıma yardım edib. İlk
şeirimi səkkiz yaşımda yazdım və anama göstərdim.
Bir neçə bənd yazmışdım,
hamısı da eyni fikri ifadə edirdi. Anam
məni başa saldı ki, şeiri belə yazmazlar".
Zaman keçdikcə, Əhməd müəllimin sözə
verdiyi dəyər nə adi məşğuliyyət, nə də
ötəri həvəs olaraq qalmamışdır. Bu onun həyatında
bir ahəng, nizam şəklində təzahür etmişdir. Yaradıcısı olduğu "Ahəngyol" elmi-fəlsəfi
konsepsiyasının əsas məğzi onun
"avtopsixoloji" yaddaşının və şair fərdiyyətinin
mahiyyətini şərtləndirir. Bu cəhətdən
şairin poeziyası bir tərəfdən informativ yaddaş
ötürücüsü kimi folklor örnəklərinə
köklənirsə, digər tərəfdən, çoxəsrlik
Şərq poeziyasının sufi-təsəvvüfi fəlsəfi
təlimin təməl prinsiplərinə söykənir.
Şair mövcudiyyəti müəyyən bir
nizam, ahəng üzərində görür. Allaha
istiqamətlənən yol Şərq təlimində mərhələli
şəkildə müəyyən etaplardan sonra
Tanrının dərkinə yönəlirdisə, Əhməd
Qəşəmoğlu şeirində eşqin dekonstruksiya kimi
mövcudiyyətin, Allahın qoyduğu norma,
yaratdığı, buyurduğu prinsiplərin nizamına köklənməyə
və o istiqamətdə hərəkətdə davamlı
olmağa yönəlir. "Dünya - ahəng
dilidir. Ahəng dili Allahın yoludur. Qəlbim mənə deyir ki, nə qədər ki,
insanlar dünyadakı əməllərini ahənglə
kökləməyiblər, özləri də, ətrafları
da, yer üzü də qan-qada içində olacaqdır.
Dünyanın bir çox şeirlərinin
açarı elə həmin ahəng aləmindədir".
İnsanın həyatı
başlanğıcdan sona qədər bir ahəng üzərində,
daha doğrusu, ahəngə köklənən qanunla bərqərar
olur. İnsan doğulduğu andan o ahəngə
bağlıdır, əgər bu bağlar möhkəmdirsə,
mövcud normativlər qırılmır, yox, əgər əməllər
ahəngə köklənə bilmirsə, əlaqə pozulur.
İnsan bunu dərk edirsə, cəmiyyət də,
şəxsiyyət də bütöv, sağlam olur.
...bir ahəngin
içindədi
bu yer
üzü, bu göy üzü,
dünya
özü...
o ahəngi
duya bilmək
bir qismətdi
sadə
deyil.
Əhməd müəllimin elmi-fəlsəfi
konsepsiyasının məğzini əks etdirən bu ideya
klassik şeir qəhrəmanının Allaha sevgisinin, onu dərk
etmə, ona qovuşma anının müasir düşüncədə
estetik, ideal, yeni dünyagörüşün təzahürü
şəklində meydana çıxır.
Sonsuzluq
içində dalğa-dalğa,
dünya-dünya yayılıb
qəlbimin telləri...
qəlbim
boyu
günəş nuru, Ay nuru kimi
uyuyan pəri!
Yer
üzünə gələndən bəri
sənin
qüdrətinlə yazdım
bu
dünyada sənə həsr elədim
bütün sevgi şeirlərimi.
Onun poeziyasında eşqə mübtəla olan aşiq də,
yar da məlum obyektdir. Haqq yoluna qul olmaq, qul məqamı, qəlbən
bu sevgini öz mənindən keçirmək hissi klassik
şeir qəhrəmanını xatırladır. Bu baxımdan şairin şeirlərində çoxəsrlik
poeziya ənənələri ilə müasir poeziyanın
ideya-estetik prinsipləri təkrarlanmadan sintezləşir.
Eşqim
dəryadı, Allah, məni Məcnun eləmə,
Sevgim bir
mələkdi, ürəyi, qəlbi təmiz
Yolumuz sənin
yolun, bizi məhrum eləmə...
Sevdamızın
ahəngi dünyaya ahəng verir
Ahu-nalə nəvasın bizə məlhəm eləmə.
Çox
uca zirvədi bu, haqq yoluna qul olmaq
O qula mən
qul olum, arzumu kəm eləmə.
Sən
Allah aşiqisən, Qəşəmoğlu qəlbən
Qorxma qəlbin qırılmaz, bu qədər qəm eləmə.
Sufi-təsəvvüfi
eşqdən qaynaqlanan, ahəngli eşqə köklənən
yeni bir eşq fəlsəfəsi! Təsəvvüfdə
bütün dünya nemətlərindən, nəfsdən
keçərək Allahı dərk etmə, onun verdiyi əzabları
böyük sevgi ilə yaşayaraq Allaha qovuşma istəyi
XXI əsr aşiqinin qismində ona adekvat olaraq Allahın
yaratdığı nizama, eşq üzərində bərqərar
olan külli-aləmə sevgidən keçir. Nizaminin
eşq fəlsəfəsində insanı nizama kökləyən
eşqdir, idealdır. Varlığın əsasında,
mahiyyətində eşq dayanır. Eşqsiz
xilqət heç bir məna daşımır. Nizami Gəncəvi
"Xosrov və Şirin" poemasının müqəddiməsində
eşqin mahiyyətini açır, bütün
yaradılışın əsasında eşqin
mövcudluğunu, yaradılışın zəmininin ona əsaslandığını,
eşqsiz insanın yüz canı belə olsa ölü,
qırıq ney adlandırır. Eşqin yanğısı olmasa, nə gül gülər,
nə də bulud ağlar. Əgər
maqnit eşqin əsiri olmasaydı özünə dəmir zənciri
çəkə bilməzdi, Göydən nə qədər
yağış yağarsa, torpaq üzərində qalmayacaq,
torpaq onu öz canına çəkəcək. Kainatda hər şey cəzbə bağlıdır,
Göylər əgər eşqdən azad olsaydı, yer
üzü abad olmazdı.
Əhməd
Qəşəmoğlu Allaha olan sevginin, eşqin mahiyyətini
bir az da konkretləşdirərək, ona
yeni fəlsəfi məzmunla yanaşaraq göstərir ki,
insanın ətrafı, mühiti sağlam olmasa, onun da
sağlamlığı mümkünsüzdür. Əgər
üzərində gəzdiyin, nəfəs aldığın,
qoynunda yaşadığın təbiətdə nizam
yoxdursa, demək bütün orqanizmdə, canlı aləmdə,
cəmiyyətdə boşluq, vakuum var.
Əhməd
Qəşəmoğlu şeirində aşiq obrazının,
ilahi eşqin ənənəvi obraz elementləri -
işıq, sonsuzluq, qəlb, nur və s. yeni biçimdə təqdim
olunur. Şairin şeirlərində bir
işıq seli var. Bu işıq İlahidən, Allahın
yaratdıqlarına sevgidən qaynaqlanır.
İşığın
da dilavari,
İşığın
da lalı var...
Salam olsun
o kəslərə,
Onlarda
İşıq
əhvalı var...
Qəlblərdə
doğan işıq,
Aləmdəki işıqdımı?
İlahinin
bir sirridi
İşıq onun adı deyil.
Yer üzündə mövcud olan hər bir nəsnə
Allahın varlığının təzahür elementləri,
onun təcəllasıdır. Klassik poeziyada vasitəçi
simvolik obrazlarla Allaha, İlahiyə olan sevgi, müasir şeir
qəhrəmanının düşüncə və
anlamında kainatla, varlıqdakı mövcud gözəlliklərlə
birbaşa əlaqədən, təmasdan formalaşır.
Bu xüsusiyyət şairin "Dünyadan ətri gəlir
yarın", "Bu sevgi", "Günəş elə
doğmalaşdı ki", "Mən sənin özünlə
sevirəm səni", "Yaman yubandın" və s.
şeirləri üçün xarakterikdir.
Ay
uzaqlarda qalan sevgilim...
bu səhər
qəlbim
dolu həsrətin,
kədərli-kədərli günəşə baxdım...
Günəş
elə doğmalaşdı ki,
ona
pıçıldadım
ayrılığa dözə bilmədiyimi...
Bu səhər
yenicə
çıxan günəşin şəfəqləri
gözümün önündəki
zümrüd meşənin üstə
elə
ilahi
bir aləm
qurdu ki...
sən
o aləmdən,
buludlar
arasında
məlakətək yüksəldin...
günəşin dili ilə
dindirdin
məni...
Əhməd
müəllimin şeirlərində obrazın yığcam,
dolğun təsvirini yaratmaq meyli olsa da, orijinallıq
obrazlılıq gücündə deyil, məna və məzmun
qatında, fikir və hiss vəhdətində və ən ali
həqiqətin, insani meyar və ölçülərin şeir dilində təsdiqindədir.
Mahiyyətə varmaq, bu şeirlərdə daha
aparıcıdır. Onun üçün
forma, təsvir əsas deyil, formanın bətnindəki məzmunun
bütövlüyü, fəlsəfi tutumu öndədir.
Günəşin
özü şeir deyil hələ,
Şeir onun istisidi, işığıdı.
Dənizin
özü şeir deyil hələ,
şeir
onun nəfəsidi, nəğməsidi...
Konkret bir nümunədə və yaxud hər hansı
şəxsiyyətə, müəyyən bir hadisəyə həsr
olunmuş lirik parçaların impulsları dərin köklərə,
mənəvi, ruhi-hissi, etnopsixoloji yaddaş qatlarına
nüfuz edir.
Obraz və ya hadisə ilə bağlı
yaşananlar, təsvirə gətirilənlər geniş mətləblərə,
yaddaşın dərinliklərinə yönəlir. Şairin şeirlərində məna və məzmun
bütövlüyünü şərtləndirən
başlıca amillərdən biri də budur. "Nazim
Hikmət" şeirində oxuyuruq:
Bütün
yer üzünün, göy üzünün
kainatın nəfəsi var
türkün nəfəsində,
bu nəfəsin
odu var
Nazimin hər
kəlməsində...
Əhməd Qəşəmoğlunun şeirlərində
xalq ədəbiyyatı, folklor örnəkləri, natura fəlsəfi
şeir, təsəvvüfi poeziyanın zəngin fəlsəfi
qatları müasir poeziya ilə çulğalaşır,
maraqlı ahəng yaradır. Şairin
yaradıcılığında bu məqamlara xüsusi diqqət
yönəldən ədəbiyyatşünas Qurban Bayramov
yazır: "Əhməd Qəşəmoğlunun
poeziyasında kökü, ruhu Nəsimidən, Füzulidən,
Xətaidən, eləcə də bayatılarımızdan,
Qurbanidən, Aşıq Ələsgərdən gələn
poeziya ilə müasir modern poeziyanın olduqca maraqlı,
yaradıcı, orijinal sintezi var". Aşıq
şeirindəki dinamiklik, ritmika, təsvir tonallığı
şairin aşıq şeiri tərzində
yazılmış şeirlərində maraqlı ahəng
yaradır. Bu şeirlərdə bir tərəfdən,
şifahi aşıq şeirinin, digər tərəfdən,
A.A.Tufarqanlı, M.Vaqif, A.Ələsgər, A.Şəmşir
qoşmalarının ruhu, digər tərəfdən isə,
bu ənənələrə yaradıcı şəkildə
bağlı olan XXI əsr varislərinin şeirlərindəki
novator xüsusiyyətləri izləmək
mümkündür. Şairin "İncə xətlər"
şeirində A.Şəmşirdən gələn, Əvəz
Lələdağın şeiri ilə çulğalaşan
ortaq məqam da budur.
Nə gözəl gəlmisən ömrümə mənim?!
Sanki bir
pöhrəsən yaz vədəsində...
Ögeylik
ömrümə olmuşdu qənim,
Yaxşı ki, gəldin sən öz vədəsində.
Sən
haqqa aşiqsən, mən sənə Lələ,
Sübhdə
bal arısı qonmaz hər gülə.
Üzündən
birçəyi tez ol, dəstələ
Dön mənə gülümsə tez, vədəsində.
Onun sosioloq kimi elmi, ictimai-sosial,
şair, publisist kimi müxtəlif sahələrdə elmi-nəzəri,
bədii fəaliyyəti ayrı-ayrılıqda bir neçə
yaradıcı insanın ömür missiyasına
hesablanmış olsa da, bu ağır yükü Əhməd
Qəşəmoğlu təkbaşına 70 illik ömrünə
sığışdıra bilmişdir. Əhməd
müəllim bu gün yaşının ən müdrik məqamındadır.
Ahəngə köklənən, İlahi sevgidən
qüvvət alan ömrünün bu kamil çağında
ona yaradıcısı olduğu elmi konsepsiyanın fəlsəfi
mahiyyətini, nizamını cəmiyyətdə,
şüurlarda formalaşdırmağı və yeni-yeni
yaradıcılıq uğurları arzulayırıq.
Günay Qarayeva
Ədəbiyyat qəzeti.-
2020.- 15 fevral. S. 24.