İşıqları söndürüb qaranlığı
yandıranda başlayan nağıl
Günay Ümidin şeirləri ilə ilk
tanışlığım "Xalqın şairi"
televiziya müsabiqəsində olub. Ona münsiflərindən
biri olduğum müsabiqənin favoritlərindən biri kimi
baxırdım. Sonrakı mərhələyə
çıxsa da, Günay müsabiqəni yarımçıq
tərk elədi. Ancaq onun imzası mənim, eləcə
də şeiri sevən, sözə dəyər verən
tamaşaçıların yadında qaldı...
Günayın şeirləri haqqında yazıya niyə
müsabiqədən başladım? Mənə elə gəlir
ki, həmin yarış gənclərin təmsil etdikləri
müasir poeziyamız, ədəbiyyatımızın yeni (və
ya ən yeni) nəslinin yaradıcılığı, ədəbiyyatımızda
müşahidə olunan yeni bədii-estetik təmayüllər
barədə ümumi təsəvvür əldə etmək
baxımından əhəmiyyətli idi. Mindən
çox iddiaçının iştirak etdiyi müsabiqədə
gənclərin üz tutduqları mövzular, mövzunun bədii
həllinə münasibət, müasir həyatla, ictimai
proseslərlə bağlı dününcələrin
sözlə ifadə olunması kimi məsələlər barədə
suallara cavab tapmaq mümkün idi. Müsabiqənin
gedişində bir-birini təkrar edən mövzular, bir-birini
döyən obrazlar və motivlər, boz-bulanıq axın təsiri
bağışlayan oxşarlıq isə təəssüf
doğururdu.
Ədalət naminə, axının içində
öz sözü və səsi ilə fərqlənənlər
də oldu və onlardan biri Günay Ümid idi. Məni bu
yazını yazmağa vadar edən həmin fərqlilik barədə
düşüncələrimi bölüşmək istəyidir.
Günayın fərqliliyi öz
yaşantılarının, fərdi dünyasının
şeir donunu biçməyə, onu fərqli boyalarla ifadə
etməyə çalışmasındadır. İlk
baxışda ənənədən uzaq görünən, ənənədən
qaçmağa çalışan, bəzən də ənənəyə
ironiya etmək təsəvvürü yaradan Günay
üçün ənənə düşüncənin
şeirə çevrilməsində özünü göstərir
və buna görə də Günayın şeirlərini
sağlam kök üstə bitən kövrək pöhrə
kimi səciyyələndirmək mümkündür.
Günayın şeirləri Əli Kərimin
düşüncənin xaosundan şeir yaratmaq texnikası -
üsulu və üslubu ilə səsləşir. Əli Kərim
bədii lövhə yaratmağın, anın sözlə
şəklini çəkməyin bənzərsiz
ustadıdır. O, əbədi səfərdə olan
dünyanın, dünyanın üstündəki insanın ovqatının,
yaşantılarının ayrı-ayrı anlarını
saxlayır, sözün işığına tutur. Bu, Əli Kərimin şairlik
identifikasiyasıdır, o, daim hərəkətdə olan zaman
içindən seçdiyi fraqmentin rənglərinin, rəng
ayrıntılarının bir anını təqdim edir.
Sonradan bu poetik təcrübənin -
ayrı-ayrı detalların əyaniləşdirilməsinin
davamını "dərdlərimizin rəngli şəkillərini
çəkən" Esmira Məhiqızının şeirlərində
gördüm.
Günayın şeirlərində də həmin keyfiyyət
aparıcıdır. Günay da əhval-ruhiyyənin,
şüuraltı axının hələ dərk
olunmamış, düşüncənin süzgəcindən
keçirilməmiş müxtəlif anlarının
obrazlı lövhələrini yaradır. Gözlə
görünməsi mümkün olmayan məfhumlar onun
şeirlərində bədii obrazlara çevrilərək
canlandırılır.
"Həyatımın rəsmi" adlı şeiri
Günayın bədii sözə münasibətini anlamaq
baxımından maraqlıdır. Günayın estetik
yanaşmasına görə rəssam bir insanın həyatını
təsvir etmək üçün onun gözlərini deyil,
baxışlarını; dodaqlarını deyil, sözlərini;
qollarını deyil, günahlara uzanan ovuclarını;
ayaqlarını deyil, sürünən addımlarını;
özünü deyil, ürəyini çəkməlidir. Rəssamla bu dialoq, əslində, Günayın
şeirlərinin poetik kodlarını açmağa, bu
şeirlərin poetik yükünü müəyyənləşdirməyə
ipucu verir.
Ağlamıram,
baxma gözlərim dolub,
Gözümə ayrılıq düşüb göynədir.
Burada "çöp" sözü işlənməyib,
həmin anlayışı mətnə dilin yaddaşı
"əlavə edir". Gözə ayrılığın
çop kimi düşməsi isə gözü yox, ürəyi
göynədir və bu göynərti uzun müddət "təsir
dairəsini" saxlayır, oxucunun duyğuları ilə
rezonans yaradır...
Ayağımın
altına ümidlərimi yığıb
Pəncərədən
boylanıram getdiyin tərəfə...
Heç nəyə yaramayan, lazımsız şeylər
kimi ayaq altına atılmış ümidlərin "əşyalaşdırılması"
əyani mənzərə canlandırdığı kimi, həm
də tükənən ümidlərin xatirəsinə
deyilmiş ağı əhvalı oyadır.
Körpəmi
sol qolumda,
bu
şeiri də kağızda yatırtdım...
Şeir də
övlad kimi dünyaya gəlir: bu varlıqlardan biri ananın
bətnindən, biri də ürəyindən doğulur. Bu doğmalardan biri ananın qolunun, biri
kağızın üstə yatır.
Armudu stəkanın
boğazında düyünlənər çay...
İçməyi
də unudarsan...
İşıqları
söndürüb qaranlığı yandırarsan...
Günay bu misralarda qəfil rastına çıxan,
xatirələr oyadan şəkil qarşısında yeni bir
portret çəkir. Xatirələrin qəhər olub
boğazına tıxandığı insan ilə armudu stəkan
arasında paralellik gözümüz önündə predmetləşmiş
bir mənzərə yaradır. Şeir
dilinin "işıqları söndürüb
qaranlığı yandırmaq" məntiqi isə bədii
sözün tarixinin portretini canlandırmaq baxımından əhəmiyyətlidir.
"İşıqları söndürüb
qaranlığı yandırmaq" metaforası Günayın
şair fərdiliyini üzə çıxartmaqla
yanaşı, həm də yaşadığımız
zamanın şeir düşüncəsi ilə keçən
əsrin 60-80-ci illərinin poetik təcrübəsi
arasında maraqlı bir dialoq qurur. Həmin dialoqu oxucuya
müəllifin istəyi deyil, mətnin yaddaşı təklif
edir. Bir misranın yaratdığı təəssürat
ədəbiyyatın fərqli dövrləri arasında əks-səda
verir.
"İşıqları söndürüb
qaranlığı yandırmaq" bugünkü
şeirimizin, xüsusilə gənclərin
yaradıclığının aparıcı leytmotivlərindəndir. "Yanan
qaranlığın" içində isə ümidsizlik,
sabaha inamsızlıq, hüzn, ölüm, intihar kimi siluetlər
dolaşmaqdadır. Onu da deyək ki, bu
siluetlərə öz fərqli yozumu ilə Günayın
şeirlərində də sıx-sıx rast gəlirik.
Keçən əsrin 60-80-ci illərinin
poeziyasının, belə demək mümkündürsə,
başlıca devizi "işığı yandırıb,
qaranlığı söndürmək" idi. Şeirdəki bu gün, bu an keçmişdən, xatirədən,
keçmişi özündə yaşadan nağıldan daha
parlaq və işıqlı göstərilirdi. Şeir
mövcud reallıqda, eləcə də insanın içində
daha çox işıq axtarırdı. Hətta
ən bədbin şeirlərdə belə tunelin o biri ucuna
çıxmaq ümidi közərirdi. Əli Kərimin
"Vəsiyyət" şeirini xatırlaya bilərik: son
sözünün deyən şair ölümündən sonra
təbəssümünü divar lampası kimi
övladlarının başının üstündən
asmağı vəsiyyət etmişdi. Bunu da
vurğulamağı zəruri hesab edirəm ki, həmin təmayülü
siyasi ideologiya ilə bağlamaq düzgün deyil, bu,
şeirin öz təbiətindən gəlirdi.
Belə
düşünürəm ki, həmin dövrün ən
hüznlü şeirlərini yazan, indinin özündə də adı "məhəbbət
şairi" kimi anılan Nüsrət Kəsəmənlinin
yaradıclığındakı nağıl motivi ilə
Günayın şeirlərindəki nağıl motivinin
müqayisəsi ədəbiyyatımızın dövrləri
arasındakı səsləşməni anlamaq
baxımından maraqlı ola bilər.
Şeirlərində
inandığı və inanmadığı nağıl,
nağıl obrazları tez-tez təkrarlanan Nüsrət real həyatını
da bir nağıl kimi təqdim edirdi:
Olan olub,
keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm
boyu belə gəlib mənimki
Əvvəlindən
biri vardı, biri yox...
Günayın
da ömür və şeir dünyasının
başlanğıcı nağıldan gəlir:
Dünən
köhnə əşyalarımın içindən
Şəkilli jurnalımı tapdım.
"Tık-tık
xanımın nağılı"
Bilirsənmi,
ata,
O
nağıl nə qədər doğmadı mənə?
Günayın şeirlərindən
aldığımız ümumi qənaətə görə,
köhnə əşyalarının içindən
çıxan rəngli jurnal onun xoşbəxt,
qayğısız, "rezin çəkmələrin,
qırmızı əlcəklərin içində
qalmış" uşaqlığı,
uşaqlığın rəngli nağılıdır.
Nüsrətin şeirlərinin son dərəcə maraqlı
və özünəməxsus cəhəti bundadır ki, bu
yazılarda geriyə - "uşaq yaddaşını
qanadan" nağıla qayıtmaq, nağılı yenidən
yaşamaq, yenidən nağıl qəhrəmanına
çevrilmək arzusu yoxdur. Nüsrət daha
çox içində olduğu zamanın, dayanmadan axıb
keçən ömrün nağılını yaratmağa və
"canlı" nağılda yaşamağa
üstünlük verir. Nağılın
oyatdığı uşaqlıq yaddaşı isə zədəlidir
və o zədəni qurdalamaq, yada salmaq qaysaq
bağlamış yaranı göynədir:
Çapıb
öz atını Ağatlı getdi,
Atları
şimşəkdən qanadlı getdi,
Uşaq
yaddaşımı qanatdı getdi,
Daha nağıllara inanmıram mən.
Günayın şeirlərində isə nağıla
inanan, nağılla yaşayan uşaqlıq dövrü insan
ömrünün ən xoşbəxt zamandır. Həqiqi
xoşbəxtlik nağıldadır. Nağılın
bitdiyi, həyatın başladığı yer xoşbəxtliyin
bitdiyi yerdir. İndi - işığı
sönüb, qaranlığı yanan hazırkı an isə
ümidlərin aldanış yeridir.
Böyüməyə
tələsmə, oğlum...
Gümanların
yaxasından tutub
Ümidlərin
aldatdığı
Həyat
nağıllarını dinləmə!..
Sözün
fərqli mənaları ilə "oyun qurmağı"
bacaran Günay "həyat nağılları" ifadəsində
"nağıl" sözünü
yaddaşımızı yaşadan janrın adı mənasında
deyil, "boş söz", "yalan" mənasında
işlədir.
Şeirlərində
yaşadığı anın nağılı ilə
yaşamağa, "anı tutub" onun
nağılını yaratmağa üstünlük verir
Nüsrət Kəsəmənlidən fərqli olaraq
Günayın "həyat nağılı" kimi təqdim
etdiyi indiki zaman qadın uydurmasıdır: yəni yalandır,
boş xülyadır. Ən dramatik məqam isə odur ki,
"qadın uydurduğu nağıla inanır":
Çoxdan
kədərimə oxşayıram mən
İnanma, uşaqlıq bəyənə məni.
Onsuz da
nağıllar əynimə gəlmir,
Yama nağılların əyninə məni.
Nüsrət Kəsəmənli
inanıb-inanmadığından asılı olmayaraq
nağılın əbədi olduğu qənaətində
idi. Bu gün
sən öz övladına nağıl danışırsan, sabah da onun öz övladına nağıl
danışmaq növbəsi çatacaq:
Vaxt gələcək sən özün deyəcəksən.
Deyəcəksən:
biri vardı, biri yox!
Günayın
şeirində nağılın köynəyindən keçən,
nağılın altında dayanan əbədi bir uşaq var.
Ancaq nə yazıq ki, zamanı çatanda onun da nağıl
yaddaşı qanayır:
Hələ
də xəbərin yoxdu
Xəyallarını
ümidlərinə bağlayıb
göy
üzündə uçuran uşağın da
Uçurtmasını
göydən düşən üç alma
sındırdı...
Başqa
yazılarımda verdiyim bir fikri yenidən təkrar etmək
istəyirəm ki, nəsrdən fərqli olaraq şeir
zamanı təhlil etmir, hiss edir və obrazlarla hərəkətə
gətirib sözə çevirir...
Bugünkü
şeirimizin hiss etdiyi sərt həqiqət budur ki,
yaşadığımız son dərəcə mürəkkəb
zəmanə, xüsusən də indiki gənc nəsil
üçün dərk və qəbul edilməsi çətin
olan yeni münasibətlər sistemi və
özümüzün bir toplum olaraq dünyanı və
dünyada baş verən prosesləri dərk etmək
"tutumumuz" bədii sözü ciddi dilemmalar
qarşısında qoyur. Dünyada ədəbiyyatın
ən çox üz tutduğu əzəli dilemma isə
"ölüm, yoxsa qalım?" sualıdır.
İctimai düşüncədəki bulanıqlıq,
vaxtsız ölümlər, intihar hadisələri öz əks-sədasını
ictimai proseslərin ən həssas güzgüsü olan
şeirdə tapır. Ona görə də gənclərin əksəriyyəti
kimi Günayın yaradıcılığında da intihar və
ölüm motivinin fəallığı əsassız
görünmür...
Bununla belə, yaşadığımız həyat,
mövcud olduğumuz dünya, bizi əhatə edən insan
münasibətləri ucsuz-bucaqsızdır və mən
Günayın yaradıcılığına da bu sonsuz
genişliyi əks etdirməyi arzulayıram.
Məti Osmanoğlu
Ədəbiyyat qəzeti.-
2020.- 15 fevral. S. 29.