Rəşid Ağamalıyev: "Mən arzulayardım ki, milli animasiya kinomuz öz yolunu tapsın"
Rəşid Ağamalıyev Çexiyada yaşayır,
oxuyur, işləyir. Buna baxmayaraq, ürəyi Azərbaycanla
bir döyünür. Rəşid o gənclərimizdəndir
ki, dünyanın harasına gedir-getsin, ölkəmiz
üçün yaxşı işlər görmək, fayda
vermək arzusundadır. Biz onun
arzularını və işlərini alqışlayırıq,
ona bu yolda uğurlar arzu edirik.
Düşünürük ki, Bakıda ilk dəfə Animasiya
kinosu festivalı keçirmiş gənclə söhbətimiz
sizin üçün də maraqlı ola
bilər.
- Rəşid,
sizcə, "Animafilm" festivalını ölkəmizdə
keçirilən digər film festivallarından fərqli edən
nədir? Ümumiyyətlə, kino
dünyasında yeri hardadır?
- Hər
ölkədə animasiya festivalı var. Məsələn,
Gürcüstanda 3 animasiya festivalı var. Avropanın
bütün ölkələrində, İranda, hətta Ermənistanda
animasiya festivalı var. Və buna görə xaricdə insanlar
öyrənirlər ki, Azərbaycanda nəhayət ki, animasiya
festivalı yaradılıb. Və bütün
animasiya cəmiyyəti buna sevinir. Çünki
yeni bir festival dünyaya gəlir. Animasiya
dünyası kino dünyasına nisbətən çox
balacadı. Hamı bir-birini tanıyır.
Və istər-istəməz bizim
festivalımız haqqında bilirlər. Hətta
mən xarici festivallarla əlaqələr qurmağa
çalışıram. Mən artıq
Yunanıstanın "Animasyos", Gürcüstanın
"Tofuzi" , Çexiyanın "Anifilm",
Polşanın "Stroptrik" festivalında, Fransanın və
dünyanın ən böyük animasiya festivalı
"Ansi" festivalında və başqa festivallarda
iştirak eləmişəm. Onlarla
yazışır, əlaqələr qururam. Bu istiqamətdə də işlərimiz davam edir.
- "Animafilm" Azərbaycan animasiya kinosunun tarixinə
və çağdaş animasiya kinosuna hansı töhfələr
verir və gələcəkdə də verə bilər?
- Azərbaycan
animasiya kinosunu ilk növbədə unutmamağa
çalışırıq. Hər şey
kitabdan başladı. Biz 13 müəlliflə
birgə Azərbaycan animasiyasının tarixi haqqında kitab
yazdıq. Düşünürəm ki, bu
çox vacib addım idi, çünki anladıq ki, Azərbaycanın
zəngin animasiya tarixi var, amma indiki zamanda milli animasiyamız
acınacaqlı vəziyyətdədir. Çıxış
yolunu ölkəmizdə animasiya festivalının
yaradılmasında gördük. Onu da həyata
keçirdik. Festival zamanı da ancaq
müasir animasiya filmlərini yox, bizim köhnə animasiya
filmlərini də nümayiş etdiririk. Və artıq ənənəvi
olaraq, hər il animasiya rejissorlarına Azərbaycan
animasiyasına verdiyi töhfəyə görə
"Qızıl qayıq" adlı mükafat veririk. Bir, yaxud iki insan seçib onları bu mükafatla
sevindiririk. Və bu mükafatla birgə həmin
sənətkara aid retrospektivanı keçiririk. 2018-ci ildə bu mükafatın laureatı Məsud Pənahi
idi, hardasa 7-8 filmi nümayiş olundu. Ötən il Elçin Hami Axundovla Firəngiz
Qurbanovanın ilk filmlərindən tutmuş son filmlərinə
qədər bir çox filmlərini və onların tələbələrinin
işlərini nümayiş etdirmişik. Düşünürəm
ki, bu, milli animasiyamızın tarixi üçün olduqca
vacibdir. O ki qaldı çağdaş və müasir Azərbaycan
animasiyasına hansı töhfələri verir festival? Bu barədə danışmaq hələ ki çətindir.
Düşünürəm ki, ən azı biz cəmiyyətin,
animasiya peşəkarlarının, dövlətin
marağını cəlb eləyə bilirik. İstər-istəməz bu təsir edəcək.
- Uşaq
təfəkkürünün və şəxsiyyətinin
formalaşmasında Azərbaycan animasiya kinosunun rolu?
- Sual daha
çox psixoloqlara aiddir, ola bilər bu barədə
psixoloqlar daha dəqiq danışa bilərlər. Amma öz subyektiv fikirlərimi deyə bilərəm
sizə. Mən Çexiyada
yaşayıram. Burda müşahidə eləyirəm
ki, uşaqlar daha çox milli animasiya filmlərinə
baxırlar. Və onlar böyüyəndən
sonra da bu, onların uşaqlığının bir
parçasına çevrilir. Fikrimcə,
cizgi filmləri nəinki bizə xeyir və şərin nə
olduğunu öyrədər, izah edər, bir uşaq cizgi filmləri
vasitəsilə öz dilini, mədəniyyətini, kimliyini
daha çox sevə bilər. Bununla da o
uşağın ayağı altında platforma yaranar, möhkəm
bir bünövrə, torpaq üstündə dayanar. Təbii
ki, animasiya müxtəlif ola bilər. Daha çox öyrədici, əyləndirici, yaxud təhsil
sahəsində istifadə oluna bilər. Animasiya
bir neçə funksiyalar daşıya bilər.
-
Hansı daha vacibdir? Böyüklər
üçün çəkilən animasiya filmləri, yoxsa
uşaqlar üçün çəkilənlər?
- Məncə,
bu sual bir az qəlizdi. Birincisi,
ikisi də vacibdir. İkincisi də
animasiya kinosu ümumiyyətlə, vacibdir. Burda uşaqlardan və böyüklərdən
söhbət getməməlidir. Burda daha
çox incəsənətdən söhbət getməlidir.
Animasiya bir ifadə vasitəsidir, incəsənət
növüdür.
-
Dünya Animasiya bazarına hər il
yüzlərlə animasiya filmi çıxır. Sizcə, Azərbaycan animasiya kinosu hansı
xüsusiyyətləri ilə fərqlənə bilər?
Niyə biz animasiya filmləri çəkməyə
davam etməliyik?
- Bu suala
cavab vermək elə də asan olmayacaq. Amma
düşünürəm ki, rejissorlar ilk növbədə
milli mövzulara, milli folklora, milli musiqiyə müraciət edə
bilər. Bu, ən asan yoludur. Dünyada biz belə tanına bilərik. Amma biz bunu başqa bir tərəfdən, dünya
üçün yox, özümüz üçün eləməliyik.
Düşünürəm ki, biz dünya
bazarından danışırıqsa, orda da milli mövzular
çox maraqlıdı. Amma mən
arzulayardım ki, milli animasiya kinomuz öz yolunu tapsın.
Ancaq milli folklorda, milli nağıllarda ilişib
qalmasın. Daha çox qabağa getsin.
Məsəlçün, bunu Firəngiz xanım
Qurbanova bacardı.
Ümumiyyətlə, ən böyük arzum odur ki, Azərbaycanda
müəllif animasiya rejissorları daha da çoxalsın. Ancaq
dünyada belə fərqlənə bilərik.
"Niyə biz animasiya filmləri çəkməyə
davam etməliyik?" sualına sualla cavab vermək istəyirəm. Niyə biz
uşaqlarımızı sevməliyik? Niyə
uşaqlarımıza təhsil verməliyik? Niyə biz uşaqlarımızın əmin-amanlıqda
yaşamasını istəyirik?
- Belə
fikir var ki, köhnə filmlərimiz daha yaxşı idi. Müasir animasiya filmləri texniki imkanlarına
baxmayaraq, geri qalır. Bu, nə qədər
doğrudur?
- Biz
dünya animasiya kinosundan danışsaq, mən bu fikirlə
razılaşa bilmirəm. Çünki
müasir animasiya çox güclüdür. Və klassik animasiya ilə hətta yarışa bilər.
Amma bizim animasiya kinomuzun vəziyyəti başqa
cürdür. Burda təkcə texniki
imkanlardan söhbət getmir. Burda bədii
kriteriyalardan söhbət gedir. Filmlər həddindən
artıq zəifdir. Həm texniki, həm də
bədii baxımdan. O da nədəndir? Çünki Azərbaycanda
animasiya sahəsi üzrə ali təhsil
yoxdur. Filmlər çəkilmir, kadrlar
yetişmir və təcrübəmiz azdır. Bu səbəbdən də filmlərimiz çox zəifdir.
Həm də burda heç dünya səviyyəsindən
də söhbət gedə bilməz hələ. Biz özümüzdən danışmalıyıq.
Biz, ilk növbədə, elə filmlər
çəkməliyik ki, öz uşaqlarımız onları
bəyənsin, baxsın. Bizim ilk məqsədimiz
bu olmalıdı.
-
Festivalda üç nominasiya üzrə müsabiqə
keçirilirdi: "Ən yaxşı qısametrajlı
animasiya filmi", "Uşaqlar üçün ən
yaxşı qısametrajlı animasiya filmi" və
"Qısametrajlı animasiya filmi üçün ən
yaxşı ssenari". Və hər nominasiya
üzrə cəmi bir qalib elan olundu. Olmazdı
ki, digər iştirakçılara da həvəsləndirici
mükafatlar verilsin? İkinci,
üçüncü yerin qalibləri təyin olunsun? Bildiyimə görə, müsabiqənin nəticələri
açıqlanandan sonra bəziləri narazı qalıblar.
-
Düzdür, bəzi narazılıqlar olub, hətta
yaxşı iradlar olub. Bəzilərini biz nəzərə
aldıq, gələn festivalda yerinə yetirə bilərik.
Məsələn, ssenari müsabiqəsi çərçivəsində
"milli ssenari müsabiqəsi" nominasiyası olacaq
növbəti il. O ki qaldı, ikinci,
üçüncü yer məsələsinə. Adətən, beynəlxalq animasiya festivallarında
belə şey olmur. Müsabiqə
keçirilir və bu müsabiqə üzrə hər
hansı film qalib olur, yaxud olmur. Bir
kateqoriya üzrə qalib, adətən, bir nəfər olur.
Sadəcə, bu il biz çoxlu nominasiyalar
yaratmaq istəyirik. Məsələn, ən
yaxşı tələbə animasiya filmini seçə bilərik.
Ən yaxşı musiqili animasiya videosu, ən
yaxşı sosial çarx. Bunlar hamısı müsabiqə
proqramını genişləndirər və
iştirakçılar üçün daha maraqlı ola bilər. Təbii ki, hər
şey elə də asan deyil. Çünki
münsiflər hər hansı filmi, yaxud ssenarini elə-belə
seçmirlər, hansısa xüsusiyyətlərə görə
seçirlər.
- "Qızıl qayıq" mükafatı öz
namizədlərini hansı prinsiplərə görə
seçir?
- Prinsip
belədi: festivalın təşkilat komitəsi var. Biz məsləhətləşirik
və birlikdə bu mükafatın laureatını
seçirik. Bu mükafatı ona görə yaratmışıq
ki, Azərbaycan animasiya kinosuna böyük töhfələr
vermiş insanları mükafatlandıraq, onların
yaradıcılığını yad edək, onların
retrospektivalarını təşkil edək, onlarla dialoq
yaradaq. Həm də qeyd etmək istəyirəm
ki, burda ardıcıllıq önəmli deyil. Birinci yeri kimə verdik, ikincini kimə verdik. Düşünürəm ki, bu sahədə
çalışıb, ömrünü animasiya kinomuza həsr
edən hər kəs çox önəmlidir, onlar
hamısı Azərbaycan animasiya kinosu üçün ciddi
işlər görüblər. Sadəcə,
bizim imkanlarımız azdır, eyni ildə hamıya bu
mükafatı verə bilmirik. Hər il
bir-iki nəfərə bu mükafatı veririk,
düşünürük ki, bu, milli animasiya kinosuna daha
çox maraq cəlb edəcək, ilk növbədə, bu
bizim qocaman animator rejissorlarımızı sevindirəcək. Hesab edirəm ki, bu çox vacibdir.
- İki ildir bu festivalı keçirirsiniz. Bilirik ki, maddi
cəhətdən xeyli çətinliklər də
yaşayırsınız. Pul kifayət qədər
olsaydı, festival çərçivəsində daha
hansı işləri həyata keçirməyi
arzulayardınız, hansı ki, məhz maddi səbəblərdən
həyata keçirə bilməmisiniz.
- Kifayət
qədər maliyyəmiz olsaydı, məhz festivalın təhsil
qolunu genişləndirərdik. Dediyim kimi, hər
şey təhsildən başlayır. Bir az
da maliyyə olsaydı, mən festival çərçivəsində
pulsuz animasiya məktəbi açmaq istərdim. Xaricdən peşəkar animasiya ustadları dəvət
etmək istərdim. Bütün əlaqələrimiz
artıq var. Biz bu arzunu demək olar ki, tədricən həyata
keçiririk. 2018-ci ildə
Gürcüstandan və Rusiyadan animasiya ustadları gəlib,
animasiyadan dərs veriblər. Ötən il
Fransadan, Yunanıstandan və Rusiyadan gələn ustadlar dərs
keçiblər. Təbii ki, daha ciddi yanaşmaq
istəyiriksə, ciddi maliyyə lazımdır. Mən əminəm ki, nə vaxtsa bizim festivala daha
çox köməklik və yardım gələcək.
Sadəcə, bu, vaxt məsələsidir.
Belə bir festival ölkəmizə həqiqətən
lazımdır. Və maliyyə olsa da,
olmasa da, biz yenə də bu işi görməyə davam edəcəyik.
- Azərbaycan
animasiya kinosunun və "Animafilm" festivalının gələcəyini
harda görürsünüz? Hansı ciddi
addımlar atılmalıdı ki, bizim ölkəmizdə də
bu sahə kifayət qədər inkişaf edə bilsin?
-
Açığı, mən istərdim ki, biz kompüter, 3D
animasiyasından da başqa animasiya texnikalarını nəzərə
alaq. Çünki həqiqətən
animasiyanın gələcəyi məhz ordadı. 2D və stop-motion (kukla) animasiyasındadı, fikrimcə.
O ki qaldı festivalın gələcəyinə. Mən gözlərimi bağlayanda onu çox
böyük bir festival kimi görürəm, uşaqlar,
böyüklər və bu sahənin peşəkarları
üçün böyük bayram kimi görürəm.
Ümid edirəm ki, belə də olacaq.
Animasiya sahəsinin inkişafı üçün ilk
növbədə təhsil lazımdır bizə.
Son olaraq, demək istəyirəm ki, biz bu festivalı
böyük sevgiylə təşkil edirik. Və əminik
ki, bu, öz töhfəsini verəcək. İstər milli animasiyaya, istər mədəniyyətimizə,
istər cəmiyyətimizin formalaşmasına. Buna inanırıq. Eyni zamanda, ona görə bu
festivalı təşkil edirik ki, özümüzə də
bu iş böyük zövq verir. Bizə
başqa insanlarla ünsiyyətdə olmaq, yeni dostlar qazanmaq
böyük sevinc gətirir.
Söhbətləşdi:
Sevinc ELSEVƏR.
Ədəbiyyat qəzeti.-
2020.- 15 fevral. S. 30.