Bir
saxta dərvişin hekayəsi
Sol ayağı anadangəlmə qüsurlu idi. Ona görə
də yeddi yaşına qədər əsa ilə gəzməli
olacaqdı. Atası o, hələ bir
neçə aylıqkən ölmüş, anası
Flayşman adında təmiz ürəkli birisi ilə ailə
qurmuşdu. Utancaq, çəkingən,
özünə qapalı bir uşaq idi. Ögey atası
yaxşı birisi olmasına rəğmən, ondan çəkinir,
tək qalmağa çalışır, az
yaşına baxmayaraq, əlinə hansı kitab keçsə,
oxuyub bitirərdi. Təklikdən aralıqsız mütaliə
etməsi o, hələ səkkiz yaşındaykən ona
üç dildə öyrənməsini
qazandırmışdı: almanca, macarca və ibranicə.
Məktəbdə yoldaşları onu ayağına
görə ələ salardılar. O isə kədərlənər,
ağlayar və taleyinə üsyan edərdi. Anası:
"Oğlum, özünü üzmə, iradənlə
şikəstliyinə də, yoldaşlarına da qalib gələcəksən",
dediyində bunu bir vəhy kimi qəbul etmiş, çox
qısa zamanda güclü iradəsiylə əsasından
qurtulmuşdu.
Mütəmadi təhsil alammadı. Anası onu ya
həkim, ya da hüquqşünas kimi görmək istəyirdi,
amma yoxsulluq bu xəyalın gerçəkləşməsinə
mane olurdu. Bəzən evdə ac belə
yatırdılar. O, yenə də öz çabasıyla
xristian məktəblərində oxudu və yəhudi əsilli
olması səbəbindən yoldaşları və müəllimləri
tərəfindən təcridə məruz qaldı.
Anasından xəbərsiz kiçik restorana işə
düzəldi.
Restoran sahibinin oğluna dərs verirdi. Dərsdən kənar zamanda şərab
daşımaq, ayaqqabıları təmizləmək kimi işləri
də görürdü. əməyinin
qarşılığında səkkiz fronit qazandı, bu məbləğlə
Sant Giorgidəki bir gimnaziyaya yazıldı və bir müddət
orada oxudu.
Oxuduğu müddətdə də pul qazanmaq
üçün bəzi ailələrin uşaqlarına dərs
verirdi. Dərslərdən vaxt tapanda isə xarici dillər
öyrənirdi. Oxumağa, tədqiqata
doymaq bilməyən iştahı vardı. Bəzən
ac qaldığı, aclıqdan xəstələndiyi vaxtlar
olsa da, yenə təhsilinə ara vermirdi.
On səkkiz yaşına qədər Budapeştdə bəzən
tələbə, bəzən müəllim, bəzənsə
çarəsiz bir aşiq kimi gəzib-dolaşdı. Kafelər,
varlı ailələrin imarətləri, məşhur alimlərin
verdiyi konfranslar onun ən çox uğradığı məkanlar
idi. O, bir gün tanınmış Osmanlı
tarixçisi Hammerlə tanış oldu.
Hammer bu həyəcanlı və elm həvəskarı gəncə
İstanbulu görməsini tövsiyə etdi.
1859-cu ilin son aylarında bir gəmiylə İstanbula
yola çıxdı. Gəmidəykən müsəlmanların
ibadət şəklindən təsirləndi, onların dilini
öyrənməyə çalışdı. Daha yolçuluq sona çatmadan birisinə türkcə
tərcüməçilik edə biləcək qədər
dilə sahiblənmişdi.
Gəminin son dayanacağı olan Haliç limanına
qara qəpiksiz ayaq basdı. Bəyoğlunda
başında macar papağıyla bir sağa, bir sola gəzinərək,
qarnını doyurmağın yollarını axtaran bu şikəst
gənci təsadüfən İstanbulda yaşayan və
aşpaz olan həmyerlisi, Püskökü adında birisi
gördü və evinə apardı.
Bir müddət həmyerlisinin yanında yaşayan gənc
türkcəsini yaxşılaşdırdı və
İstanbulun məşhur kafelərinə dadandı. Bir neçə
gün sonra kafelərdə bəhs etməyə
başladığı bir-birindən maraqlı hekayələrinə
qulaq asmaq üçün İstanbulun hər yerindən gələn
dinləyicilər kafedə boş yer buraxmadılar.
Kafelərdə məddahlıq edərkən ətrafa
xarici dillərin çoxunda danışa bildiyindən də
söz edirdi.
Bu xəbər qısa zamanda hər yerə
yayıldı və varlı ailələrin imarətlərində
uşaqlarına dərs verməsi üçün dəvət
edildi. Girdiyi türk evlərində
çox qısa zamanda türklərin geyim, davranış
şəkillərini öyrəndi, qazandığı pulla
bir türk dəliqanlısı kimi geyinməyə
başladı. Çox keçmədən
Osmanlının ən önəmli dövlət
adamlarından biri olan Hüseyn Daim Paşanın diqqətini
çəkdi.
Paşa gənci yanına aldı. Paşanın sarayında
kahyalıq edən boylu-poslu, qara baxışlı, əsl
Anadolu kişisi olan Molla Əhməd əvvəlcə dəliqanlıya
şübhəli gözlərlə baxsa da, sonra onu sevdi və
ona Rəşid adını verdi. Molla Əhməddən dini qayda-qanunlarla
yanaşı, türklər kimi bardaş quraraq
oturmasını, yemək yeməsini, salamlaşmasını,
hətta əsnəməsini də öyrəndi.
Rəşid Əfəndi həm maraqlı birisi, həm
də aşırı dərəcədə
çalışqandır. Krım müharibəsinin
ən diqqətçəkən komandanlarından olan
Hüseyn Daim Paşanın sarayına o dönəmin ən
önəmli dövlət adamları gəlirdi. Rəşid
o sarayda əski xarici işlər naziri Rıfat Paşa ilə
tanış oldu. Rıfat
Paşa ondan oğluna dərs verməsini rica etdi. Rəşid Əfəndi Paşanın oğluna
fransızca, tarix, coğrafiya dərslərini verərkən,
özü də axşamları bir mədrəsəyə gedərək
klassik Osmanlı bilimləri öyrəndi. Xatirələrində yazdığına görə,
onu bu dərslər sırasında ən çox təsirləndirən
müəllimlərdən biri də Xəlil Murad Molladır.
Onun söhbətləriylə Buxara, Səmərqənd,
Ərəbistan çölləri Rəşidin gözlərinin
önündə canlanmışdı.
İstanbulda ulduzu çox qısa zamanda
parlamışdı. Osmanlı Xariciyyəsinə tərcüməçi
olaraq işə götürüldü. Bir
gün padşah Əbdülməcidin hüzurunda italyan
elçisinin sözlərini tərcümə edərkən,
padşahın diqqətini çəkdi, həm onun
iltifatına, həm də mükafatına layiq
görüldü.
Rəşid Əfəndi İstanbuldan Qərb
paytaxtlarında nəşr olunan qəzetlərə yazılar
da yazmaqdadır. Yazdığı yazılar, verdiyi məlumatlar
Qərbdə maraqla oxunmaqdadır. Filoloji tədqiqatlar
da onun maraq dairəsindədir. Bildiyi
saysız xarici dillər sayəsində araşdırma sahəsi
olduqca genişdir. Qısa zamanda "Macarca-Türkcə"
bir lüğət yazdı, sonra isə "Osmanlı
tarixi"ni macar dilinə çevirdi. Macar Elmlər Akademiyası onu müxbir olaraq elan
etdi.
Macəralı və uğurlu İstanbul həyatı
Macar Elmlər Akademiyasının dəvəti ilə
sonlandıqda, Budapeştə geri döndü. O, artıq Budapeşt kafelərində
axsayaraq iş axtaran şikəst bir gənc deyildir. Müxtəlif tədqiqatlara və önəmli məqalələrə
imza atmış, Osmanlı və İslam üzərinə
geniş məlumatı olan bir elm adamıdır. Budapeşt Elmlər Akademiyasında Türkiyə
üzərinə bir konfrans verir, hansı ki, həm
Budapeştdə, həm də Qərb ölkələrində
maraq oyandırır.
Bütün bunlar onu tam qane etməmişdir. Böyük bir xəyalı
vardır: Orta Asiyaya getmək... O günlərin şərtlərində,
bir də şikəst birisinin bunu bacarması bir az çətin olardı. Düşüncəsini
Macar Elmlər Akademiyasının başçısı Kont
Emil Desseffi bəyə açıqladı. Macar dilinin kökənini tədqiq etməyi istəməkdədir.
Akademiya fikri yararlı hesab etdi. Ona səfər
xərci olaraq min fronit verdi.
Sonralar xatiratında, "1862-ci ilin 15 may günü
Trabzona qalxan bir Avstriya buxarlı gəmisinə mindim", -
deyə yazacaqdı. İki il sürəcək səfərdə
Orta Asiyaya "həcdən dönən bir dərviş"
olaraq gedəcəkdir. Başındakı
sarığı, köksündə sallanan kiçik
parça çantası, uzun saqqalı, əlində əsası
və yanındakı eşşəyi ilə tam bir dərvişdir.
Bərabər yolçuluq etdiyi hər kəsi, getdiyi yerlərdə
tanış olduğu hər kəsi səmimi
bir müsəlman, dünyanı boş vermiş bir dərviş
olduğuna inandıracaqdı.
Bu təhlükəli
və uzun yolçuluq Trabzondan Tehrana, Tehrandan Hivə, Buxara, Səmərqənd
və təkrar Tehrana qədər min bir təhlükə ilə
dolu idi, o, çeşidli ölümcül xəstəliklərlə
birlikdə həbs edilmə, öldürülmə təhlükələrdən
də keçib getdi.
1864-cü ilin bahar aylarında Londonda
tamamladığı yolçuluğun bilgisini daha Tehranda ikən
rus səfiri Von Giers rüşvər
qarşılığında almaq istədi. Çünki Rusiyanın
Buxara, Səmərqənd üzərindəki
işğalı hələ tamamlanmamışdı. Rəşid Əfəndi ruslara olan nifrətindən
dolayı məlumatları satmadı. Min
bir əziyyətlə əldə etdiyi məlumatları
yolçuluğunun son dayanacağı olan Londonda İngiltərə
Coğrafiya Qurumuna təslim etdi. Çünki
o dönəmdə Hindistanda yerləşən ingilislər
Türküstan bölgəsini də öz əyaləti
altına almaq istəyirdi.
O bilgilər
içində Orta Asiya xalqlarının etnik kökəni,
dilləri, din və məzhəbləri, təriqətləri,
şəhərlərin, kəndlərin, yolların
planları, coğrafi yerləşməsi kimi ingilislər
üçün dəyərli olan minlərlə məlumat
vardır.
Bu şikəst və bilgiyə susamış cəsur gənc
zamanla bütün İslam coğrafiyasında ən çox
məlumata sahib olan həm İngiltərənin, həm də
Osmanlının vaz keçməyəcəyi və saraylarda
qonaq edilən biri olacaqdır.
Sonradan qələmə
alacağı xatirələri "Bir saxta dərvişin Orta
Asiya gəzintisi" adlı kitabı əvvəlcə
Londonda, sonra da sırayla Fransa, Macarıstan, Almaniya və
Türkiyədə nəşr edilərək böyük bir
maraq oyandıracaqdır.
Sionist
lider Teodor Herzl
xatirələrində onun haqqında belə yazır:
"Yetmiş yaşını aşmış bu topal
macar musəvisinin şəxsində dünyanın ən maraqlı
insanlarından birini tanıdım. Özünün
türkmü, ingilismi olduğuna heç cürə qərar
verə bilməyən bir insan. Almanca kitab
yazmaqda, on iki dildə eyni axıcılıqla
danışmaqdadır. Hər ikisinə din adamı
olaraq bağlandığı, beş din dəyişdirdiyini
iddia etməkdədir. Mənə Şərqin
bir müəmmasını və padşahla olan münasibətini
danışdı. Mənə güvənərək
Türkiyənin və İngiltərənin gizli xəfiyyəsi
olduğunu dedi".
Teodor Herzlin "bu topal macar" dediyi
insan Arminius Vamberi idi. Yuxarıdakı hekayə
də onun hekayəsidir.
Orxan Aras
Ədəbiyyat qəzeti.-
2020.- 15 fevral. S. 31.