Füzuli poetikasına Üç başvuru və ya Füzuli kantatası -
Söhbət Kamal Abdullanın "Ədəbiyyat qəzeti"ndə
esse kimi təqdim olunan üç poetik söhbətindən
gedəcək.
Öncədən onu deyək ki, həmin
üçlük öz elmi izləminə və məzmununa
görə esselikdən uzaqlaşıb başqa ədəbi
formaya yaxınlaşır. Həm də
müəllifin qələmindən çıxıb uğur
qazanmış, poetik, fəlsəfi bir traktatını
xatırladır.
Kamal Abdulla çoxşaxəli
yaradıcılarımızdandı. Və bunun
istedadının parçalanmadığı olduğunu
uğurlu şeirləri, məşhur (bənzərsiz) hekayə
və romanları, dəyərli (gərəkli) elmi məqalə
və monoqrafiyaları ilə sübut etmişdir.
(Bunu zahirən, müəllifin
yaradıcılığının bütün şaxələrinə
eyni gözlə baxması hesab etmək olar. Əslindəsə
əsl yarananların istinadı ilahi yanacaqdı. Həmin
materiallardan yarananların hamısında, həmin od, alov, həmin sahələrin xüsusiyyətlərinə,
tələblərinə uyğun yüksək vüsətinə
çatır).
Ədəbiyyatımızın bütün sahələrinin
uçarlığı hesab oluna bilən "Dədə
Qorqud" dastanlarının poetikasını Kamal Abdulla
çox böyük elmi təfəkkür və məharətlə
təhlil edib Dədə Qorqudşünaslığa
böyük töhfə vermişdi.
Onun Füzuli üçlüyünü müəllifin
özündən xəbərsiz yeni addımı hesab etmək
olar. Bircə müəllifin Füzuli poetik dəryasına
qəvvaslığı sona çatmayıb. Bunlar da davamını tapıb Füzuli
poetikasına yeni nəzərə çevriləcəkdi.
Füzuli poetik dəryasının hər zaman öz gəvvaslarına
ehtiyacı var. Çünki onun incilərinə bu
günün özündə də kifayət qədər
baş vurulmayıb. Öz məna siqləti ilə necə var
elə üzə çıxarılmayıb.
Bu fikirlər,
əlbəttə, Həmid Araslı, Mir Cəlal, Mirzağa
Quluzadə kimi füzulişünaslarımızın, həmin
sahədə nərdivan ayanlarına çevrilmiş elmi fədakarlığına
kölgə salmır. Həmin adamlar zaman-zaman həmin
sahəyə üz tutanlar üçün səriştəli
bələdçilərə çevrilir.
Bu yerdə onu da qeyd edək ki, Füzuli
yaradıcılığı xalqımızın bütün
yaradıcılarının zaman-zaman ilham mənbəyinə
çevrilmişdi. Heykəltəraşlarımız, rəssamlarımız
onun böyük dühasını sənətinin
materialına çevirib heykəlini ucaltmış,
simasını kətandan dünyaya gətirmişdi. Bəstəkarlarımız "Füzuli
kantatası" səsləndirmiş, xanəndələrimiz
qəzəllərinin pərvanələrinə çevrilmişdi.
Azərbaycan bu sahədə, necə deyərlər, bir
yaradıcı qüvvəyə (ansambla da demək olar)
çevrilib böyük Füzulisini böyük xalqına
çatdırmaq istəmişdi.
Hələlik, indiki şəkildə Kamal Abdullanın
Füzuli xələfi bir şair İlhamı ilə
yazılmış həmin üçlüyünü bir
növ Füzuli kantatası da adlandırmaq olar. (Həmin
üçlüyü müəllifin elmi səriştəsinə,
şairlik odu-alovunun qarışdığı aydın şəkildə
özünü büruzə verir).
Əruz vəzninin muğamların boyuna biçildiyi məlumdu. Öz
musiqisiylə fərqlənən həddən ziyadə bəhvlərə
malik əruzun bütün bəhvlərinin fərqli musiqisi
var. Elə ona görə Füzulini incəliyi ilə təhlil
edə bilən alimlərimizin əsərlərini də bir
növ poetikanın kantatası adlandırmaq olar.
Füzuli deyərkən üzlər Bağdadın Kərbəlasına,
Boyat elimizin ustad şairinə doğru çevrilir. İnanmaq olar
ki, Kamal Abdulla həmin mövzusunda qələmə
sarılarkən onun da üzü oralara, doğma türkman
boyumuza tərəf çevrilmişdir. Və
Füzuli avazının sehrinə düşmüşdü.
Və "Füzuli səsləyir" yazmağa
başlamışdı: "Füzuli başdan-başa səsdi.
Başdan-başa köks dolusu nəfəs və bu nəfəsin
son iqamətgahı olan səs! Nəfəsin səsə
çevrilməsi, yaxud səsin arxasındakı nəfəs
Füzuli sənətinin canı, mayası, hətta bəlkə
də iddiasıdır".
Füzuli, müəllifin təbiri ilə Füzulivari səslənir. Bu da demək olar ki,
başqa səslənişlərə bənzəmir:
Füzuli ahənrüba kimi səni özünə çəkir.
Sözlərindən əlavə bunu səsiylə
edir. Öz səsiylə yox,
sözünün səsiylə edir. Onun
sözünün səsi qədər cazibədar, bu səs qədər
eyni zamanda mülayim və mügtədir bir səs yoxdur.
Başqaları çağırır, Füzuli səsləyir".
Bu səsləniş həm də Füzulinin incilər
düzən lələyini göz önünə gətirir,
ordan süzülən qəzəlləri səsləndirir. Həmin səslər
də bir-birilə elə uyuşub, elə vəhdətləşib
inci kimi öz qəlibinə yerləşir. Və həmin incilər həm də öz qəvvaslarını
səsləyir. Bizləri poetik
parlaqlığımız, məna çalarlarımızla
necə var elə üzə çıxardın, - deyir.
Füzuli qəzəllərinin məna dərinliyini
poetikamızın riyazi dillə desək söz üstü ən
böyük yüksəkliyi hesab etmək olar. Onlara çata bilmək
üçün dövrünün ədəbiyyatı fəlsəfə
təbabət, bütün şölələrindəki mənəvi
sərvətləri ilə tanış
olmaq lazım gəlir.
Daş dəlir
ahim oxu şəhdi ləbin sövqündən,
Nola zənbur evi nə bənzəyə beytül həzənim.
Hüzn evini daxilini hesab eyləyən, sinəsini arı
şanısına bənzətmək istəyən şairik
məna çalarlarını əxz etmək
üçün, nə qədər sahəyə səyahət
etmək lazım gəlir. Ən birinci "Yusif
və Züleyxa" dastanından xəbərdarlıq gərək
olur. (Yaqub peyğəmbər oğlu Yusifi
ölmüş bilib xanələrinin birində onun rəmzi məzarını
yaradır ki, bu, Şərq poeziyasında özünə
hüzn evi adı qazanır). Müəllifin
ahının oxu daş dəlir, (ahın məhsulu göz
yaşları, oxusa suların daş dəlməsidi) bir
dodağın balının eşqindən. Bal şirəsi o dəqiqə avını
çəkir. Füzuli sinəsinin zənbur
evinə bənzəməsini arzulayır.
Həmin qəzəlin ilk beytində də dövrün
təbabətilə tanışlıq gərəklənir. (Vücudunun hər
yerinə cünun dağı çəkilib
dağlanmış bir aşiqin dağlarının yerinə
basılmış pambıqlar onun diriykən libasına,
ölərkən kəfəninə çevrilir).
Füzulinin, bəlkə də, bu şəkildə səslənişi
hesabına onun yaradıcılığına Leyli ilə Məcnun
təşrif gətirir. Və Kamal Abdullanın təbiri ilə həmin dostuna,
həmin səsləniş sonrası bu şəkildə nəzər
salmalı oluruq: "Beləliklə Füzuli (Leyli yox,
Füzuli) Məcnunu, yəni özünü tərk etməyə
sövq edir... Çöllü-biyabanın məlum
əfsanəsi əgər Leylini bu dünyada Məcnunsuz
qoymuşdusa İntibah dövrünün Füzulisi Leylini o
biri dünyada Məcnunsuz qoymaq istəmir. Bəs
Məcnundan gözlənti nədir, onu hara səsləyirlər?
Onu harda gözləməkdədirlər?! Və Məcnunun bu dəvətə cavabı necə
olacaqdı?!
Gəd
kami dil ilə olalım var
Bir yerdəki
yoxdu onda əğyar...
Daim
olalım bir evdə həmraz
Kim çıxmaya dişrə ondan avaz.
Müəllif tərəfindən Füzulinin hər səslənişi
özünə uyğun məna avazını, rəngini, nəvazişini
tapır. Füzuli yaradıcılığına belə bir
yaraşmanı tamamilə Kamal Abdullaya aid hesab etmək olar.
Müəllifdən sözə qüvvə: "Bu səsin rəngi
var. Bu səs səni rəngli bir dünyaya aparır, o səsin
arxasındakı məqamı, mənzərəni
bütün rəng çalarları ilə görürsən.
Bu səsin nəvazişi dözülməzdi, məsumluğu
inanılmaz, sadəliyi aldadıcı, mürəkkəbliyi
nümayişkaranədi. Başqaları bu
səslə min oyun qurardı. Füzuli bu
səslə səsləyir".
Bəs Füzuli nəyə inanır. (Əsrlərdi
Sərgi təfəkkürünə, ilhamına,
poetikasının məna dərinliyinə
inandırmış ustad. Kərbəlada
Şərqin poeziya məktəblərindən birini
yaratmış ululardan ulu).
Füzuli inancını aşkarlamaq üçün
Kamal Abdulla olduqca bənzərsiz bir üsluba əl atmış,
Füzulinin iki misrasının cəngini təşkil
etmişdi. (Bu yerdə misraların yox, beytlərin
qarşılaşdırılmasına üstünlük
veririk).
Gər
dersə Füzuli ki gözəllərdə vəfa var,
Aldanma ki şair sözü, əlbəttə,
yalandır.
Və:
Daş dələr
ahim oxu şəhdi-ləbin şövqündən,
Nola zənbur evinə bənzəyə beytül həzənim.
(Misralar deyil, beytlər şairin fikrini tamamlayır).
Amma K.Abdullaya misraların üz-üzə gəlməsi
sərf etdiyindən onların natamamlığını
qırılmaz məntiqi ilə tamamlayır.
Əslində, misraların
qarşılaşdırılması yalan və doğrunun
üzə çıxmasına xidmət edir. Müəllifsə
həmin vəziyyətdən çox məharətlə
çıxa bilir. Və beləliklə, Füzuli
inancına doğru addım atılır:
...Şairin öz sözünə yalan deməsi, faktik
olaraq özünü yalançı elan etməsi yalan olacaq. Biz bu tərəflərin
ikisindən birinə inana bilərik. Füzuli
isə onların hər ikisinə inanır. "Füzuli paradoksu" Füzulinin sarsılmaz
inamının hər iki qütbünü ehtiva edir".
Sonra Kamal Abdullanın ana fikri səslənir. Bu da
bütün yaradıcılığında böyük
Füzulinin özünə inancından ibarət olur.
Müəllif bunu Füzuli misralarının təhlili əsasında
inandırıcı şəkildə verir: "Beləliklə,
Füzuli özü-özünə inanır:
Əhli-nəfsdi,
əhli cahan, bilməz fəna qədrin
Füzuli tərki-təcridi sənə ancaq müsəlləmdi.
Bu beytin içində Füzuli vardır. Bu beytin
içində Leyli vardır. Bəs bu
beytin içində Məcnun, dəxi varmıdır?! O
da var. "Tərki-təcrid" adlı bir hiss dairəsindən
ancaq Füzuliyə "müsəlləmdirsə" "fəna
qədrini", fənaya uğrayanlar, o cümlədən
Leyli əgər bilirsə, bəs Məcnunun payına nə
düşür?! Məcnun hələ ki bu beytdə
"Əhli-nəfs"ə uymuş "əhli-cahan" tərkibindədir,
başqa yerdə deyil".
Həm də bu misralar Füzuli lələyindən
süzülüb.
Məndə
Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi-sadıq mənəm, Məcnunun ancaq adı var.
Və bax beləcə Füzuliyə inanıb
inanırıq ki, harda Füzuli varsa orda Məcnun, harda Məcnun
varsa orda Füzuli var.
Müəllifin üç fərqli başlıq altda
verilmiş Füzuli dünyasına söz
yürüşünün hər üçünün qayəsi
eynidir. Çünki hər üçü
yaradıcılığı Leyli və Məcnun məhəbbətiylə
qüdrətlənmiş Füzuli
yaradıcılığından bəhs edir. O
yaradıcılığa olduqca yeni bir baxışla nəzər
salınır:
Hətta bu qəbildən beytlərində belə
böyük Füzulinin yaradıcılığından
nağümanlığına inanılmır. Bunu ancaq müdriklərə
məxsus təvazö hesab etmək olur:
Ey
Füzuli, şamü-qəm ənzamına yoxdu ümid
Bir təsəllidir sənə ol söz ki, derlər var
sübh.
Füzuli yaradıcılığı məhəbbətin
gücü ilə poeziyamızın əbədi sönməz,
cazibədar dan yerinə çevrildi.
Nəyin
hesabına: "Tam oxşarlıq, Tam bənzərlik. Tam birləşmə və qovuşma. Ruhların təntənəsi. Leylinin
vəsiyyətindəki şübhənin tamamilə yox
olması və Məcnunun "iradəti".
Leyli inanmırdı. Füzuli inandı.
Əğyarlar olmayan məkanda iki nakam aşiqin
yer bilmə haqqına inanan yenə də Füzuli oldu.
Başqaları çoşqunluq içrə tərəddüd
eyləyərdi.
Füzuli inandı".
...Vaxtilə
universitetin Yaşar Qarayevlər yetirmiş korifey
professorlarından Məmməd Cəfər ustada bir tələbə
Füzulinin bir beytinə görə yanğılı sual
vermişdi.
Həmin
beyt:
Ləhceyi-türki
qəbuli-nəzri tərkib etməyib
Əksərən Əlfazi namərbutü-nahəmvar
olur.
Tələbəni
həmin beyt həmin şəkildə narahat etmişdi:
"Nə üçün bu belədi? Nə
üçün əksər sözlər, ifadələr ləfzi-türk"
belə bir nahəmvar müstəvidədir? Nə etmək lazımdı?
Həmin tələbə Kamal Abdulla olmuşdu.
Bəlkə elə həmin zamanlardan türklük
müstəvisindən Füzuli ağrısı inci dəryasına
məhəbbət oyatmışdı.
Günümüzün akademiki bu gün qəvvasa
dönüb həmin dəryaya baş vurmağa
başlamışdı.
Və ilk yazılarından çoxşaxəli
yaradıcılıq sahibinin onlara var qüvvəsini həsr
etdiyi anlaşılır.
Bu yazıları müəllifdən fərqli, esse deyil. "Dədə
Qorqud" dastanlarının poetikasına giriş
monoqrafiyasından sonra, Füzuli poetikasına giriş (və
poetik şəkildə qələmə
alındığından, hətta "Füzuli
kantatası" adlandırdıq).
Füzuli K.Abdullanı səsləyib, inandırıb və
həmin şəkildə dilləndirib.
Biz də bunun Füzuliyə layiq poetik traktata
çevriləcəyinə inanırıq. Və o,
oxucularına Füzuliyə layiq monumental bir əsər bəxş
edəcək.
Vaqif Nəsib
Sarıhüseynoğlu
Ədəbiyyat
qəzeti.- 2020.- 22 fevral. S. 12-13.