Dərsdən
öncə yazılanlar...
Uşaq hekayətləri
Yaddaşa
sığınmaqdan başqa yolumuz yoxdur, biz itirdiklərimizi
ancaq orda tapa
bilərik. Yer üzü də bizim indimizi - bu
günümüzü tanımaq istəmir, neynirsən elə
tanımayacaq da, çünki onun yaddaşında bizim bu
günümüz yox, minilliklərimiz yaşayır. "Göz gördüyündən qorxar", bu
minilliklər onu hələ də qorxudur, yaddaşını
incidir, bizə qarşı olan münasibətləri də bu
hisslərin üzərində bərqərardır. Bunu bilməmiz lazımdır. Bu gün O, bizim
çaşdığımız anı gözləyir, hələlik
ona görə gəl, deyir ki, özünə oxşatsın,
oxşada bilməsə qapısının ağzında təhqir
etsin, biz də bir ağızdan səs-səsə verək,
inandıraq... deyək ki, yo-ooxx, biz min il bundan qabaqkı
türklər deyilik! Yer üzü bunu, bu səsi məmnuniyyətlə
eşitmək istəyir... Bizimsə, dediyim kimi,
özümüzə sığınmaqdan, yaddaşımızı
tədqiq etməkdən, araşdırmaqdan, öyrənməkdən
başqa çarəmiz yoxdur.
Müəllifdən
Ovçu
Oralın quş dilini bilməsi
Ovçu Oral gördü səs gəlir, ayaq saxlayıb
göy üzünə baxdı. Heç quş da
uçmurdu. Buludsuz, sonsuz boşluqlar
baş alıb gedirdi. Yan-yörəsinə boylandı,
heç kəs yoxdu, amma səs lap yaxından gəldi.
-
Ovçu Oral...
-
Ovçu Oral...
Ovçu Oral elə bildi, kəndin qızlarıdı.
- Ay
uşaq, kimsən?
Yenə dörd yanına boylandı. Uzaqda
yamyaşıl təpəliklər görünürdü.
Ovçu Oral çölün-çəmənin bu gözəlliyindən
ləzzət ala-ala təpəliklərə sarı gedirdi...
- Ooy,
kirpiklərimi yoldular.
Balaca qız uşağının səsiydi. Ovçu Oral
güllərin içində quruyub qaldı. Qızları yadına düşdü, ürəyində
fikirləşdi ki, yəqin, qızlarıdı oyun qurublar.
- Ooy, əzildim.
- Ooy,
sürməm sıyrıldı.
Ovçu Oral qanrılıb kəndə baxdı;
"gülül", "süddüyən",
"yemşan" komalıqlarının dibləri
qaranlıq, görünməz idi. Elə qarasına
qızlarını səslədi:
- Ay
qız, Yasəmən, Nərgiz, qayıdın evə, döyərəm
sizi!
Gülüşmə
çölü-çəməni bürüdü, Oral qonum-qonşunun
da qızlarını səslədi:
-
Çiçək, Qərənfil, Süsən, Lilpar, ay
şeytanlar, çıxın görüm hardasız? Ax, Lalə, babana deyəcəm, çıx kolluqdan,
çıx, utanma.
Allı-yaşıllı çəmənlik boyu yenə
gülüşmə yayıldı, sonra bayraq küləyi
kimi bir əsim yel əsdi, güllər, çiçəklər
dalğalanıb yelləndi.
Ooy, biz-biz idik, Ovçu Oral.
Bir çəmənlik qız idik.
Ooy, bizi əzdilər,
Ovçu Oral,
Çəmənliyə
düzdülər...
Səs Ovçu Oralın ayaqlarının ucundan gəlirdi. Heyrət içində
yavaş-yavaş otluğa, çiçəkliyə
çökdü: yüzlərlə quş civiltisinə
oxşar səs bir-birinə qarışa-qarışa aləmi
bürümüşdü. Ovçu Oral
yıxılmaqdan özünü güclə saxladı.
Əzilib, qırmızısı qan kimi ləçəyinə
dağılmış çiyələk Ovçu Oralla
üz-üzə durmuşdu:
-
Ayağını qaldır, Ovçu Oral, laləni əzdin...
Ovçu Oral gözlərini çiyələyin
qanamış yanaqlarına dikdi, çiyələyin
xallı, dəmgilli baxışları Ovçu Orala zillənmişdi,
səs çiyələkdən gəlirdi.
- Məni
də sən əzdin, Ovçu Oral, hələ çox
yaşayacaqdım, sənin qızın payız ağzı dərib
yeyəcəkdi meyvəmi...
Ovçu Oral diksinib ayaqlarının ucuna qalxdı. Ayağını
götürdüyü yerdən də Lalənin səsi gəldi:
-
Ovçu Oral, yaxın dur, sənə söykənim,
yıxılacam indi... Ovçu Oral ayaqları
altına baxdı, təzəcə buta bağlamaqda olan Lalə
başını torpağa qoymuşdu. Ləçəkləri
balaca quş qanadlarıtək çırpınırdı.
- Anam bu
yamacdandı, Ovçu Oral, atam o yamacdan. Bununla min dönəmdi
gəlirəm, yer üzünə...
Ovçu Oral əlləri titrəyə-titrəyə
Laləni dikəltdi.
-
Çox sağ ol, Ovçu Oral,
kökümü bərkit, - dedi, Lalə. - Min birinci kərə də gələcəm...
Ovçu
Oral Lalənin dibini bərkitdi...
Yal-yamac yenə səs-küylə dolmuşdu. Bayaq nəfəsini
içinə çəkmiş kimi görünən çəmənlik
təzədən səs-səsə verib oxumağa
başladı.
- Ooy, oy,
Ovçu Oral, bu gün sevgi günüdü...
Bir
çırpım külək əsdi, bu sevgi küləyiydi,
o yamacdan bu yamaca sevgi qoxusu gəldi: - Aah!..
Nərgiz
bu yamacdan o yamaca duyduğu sevgi qoxusuna açıldı,
xırdaca dəmgillərinə, xallarınacan
sığallanıb nazlandı, naz-qəmzə içində:
- Ooy,
Ovçu Oral, nə yaxşı gəldim, yer üzünə,
- dedi.
Ovçu Oralın başı üstündə
quşlar sevinə-sevinə qanad döyürdü. Sular
çöllərin sazını çalıb,
sözünü oxuya-oxuya sevinc içində keçib
gedirdi. Hər şey bir-birinə
bağlı, varlıq qurulu bir tamaşaydı, göz
qabağında.
Yalnız kəndin camaatının xəbəri yox idi,
bunlardan; öküzləri, kəlləri qoşub yer əkirdilər. Kotanlar yeridikcə ordan bura
nəyinsə yavaş-yavaş səs eləyə-eləyə
sökülüb dağıldığı hiss olunurdu. Ovçu Oral quruyub qalmışdı, bilmirdi bu
çağacan hardaymış, nə ömrü
yaşayırmış, indiyəcən. Yer-göy
başdan-ayağa duyğuydu, bilmirdi ayağını hara
qoysun. Çiçəkləri-otları əzməsin
deyə, ayaqlarının ucunda atdana-atdana gəlib yamacdakı
daşın üstünə çıxdı. Birdən-birə
qavrayıb, alışa bilmədiyi
duyğuların çoxluğundan özündən gedib
daşın üstə uzandı. Aradan nə qədər
keçmişdi, bilmirdi, gözlərini yenə səsə
açdı.
-
Bacılı, bacılı, tanıyırsanmı bu adamı? Adam Atanın oğludu.
- Bacılı,
bacılı, tanıyıram. Ovçu Oraldı. Toruna ceyran düşdü, açdı buraxdı.
Çaya daş atmır ki, balığa dəyər, göyə
daş atmır, quşa dəyər... Oxu
oxdanında, yayı çiynində, kəməndi qolunda, xəncəri
qınında. Ona görə də hər
şeyin dilini bilir indi.
Ovçu
Oral dikəlib daşın üstə oturdu, başını
qaldırdı ki, iki ağ göyərçindi,
nar koluna qonub danışırlar.
-
Bacılı, bacılı, o bizim qardaşımızdı,
yatmışdı, oyandı, saya sal, gedək.
Hərəsi
lələyindən bir ağ lələk
saldı, lələklər uça-uça düz gəlib
Ovçu Oralın üstünə düşdü... Güllər-çiçəklər,
süsənlər-sünbüllər yenə səs-səsə
verib oxuyurdular...
Ooy, oy,
Ovçu Oral,
Çiçəklərin qardaşı.
Bıçağı
qan görmədi,
Xəncəri gün görmədi.
Tor
atdı balıqlara,
Toruna
özü düşdü...
Çıxdı
kəklik ovuna,
Əlinə
qan izi düşdü...
Ooy, oy,
Ovçu Oral
Çiçəklərin
qardaşı...
Yol
üstü
Səhər tezdəndi, quşlar yenə hamıdan erkən
oyanmışdı, sərçələr dil-dil
ötür, dünən dediklərini bu gün də
çeynəyib tökür, balaca bağçada ağız
deyəni, qulaq eşitmirdi.
Ovçu Oral da yuxudan təzəcə durmuşdu, daha
çox şüşə qırıntılarına
oxşayan quş səslərindən bir şey anlamağa
çalışırdı. Hələlik heç
nə anlaşılmırdı, dayanıb səslərin
durulmasını gözləyirdi. Qaraboyun, daha çox
torağaya oxşayan ata sərçə uçub gəlib
Oralla üz-üzə budağa qondu:
-
Salamlaşırıq, - dedi, - bayaqdan. Zarafat
deyil, üstümüzdən gecə addayıb. Sənin də sabahın xeyir, Adam, hara gedirsən yenə,
uğur olsun?
- Arvad
axşamnan, atası evinə getmək istəyir, - dedi Oral. Bunu xatırlayıb küncə qoyulmuş yəhərə
baxdı. Həyətin o başında
göylüyə hörüklənmiş atlar
başlarını döndərib oxrandılar, bu, atların
öz dilində, "Gedirik?" - deməyi
idi.
Alapaça daylaq atdana-atdana həyətin bu
başından o başına qaçdı.
-
Bur-rr-dayam.
Arvad getdikləri üçün qazları qaz
damından çıxarmadı, daha da qapısının
ağzına bir ağac geçirdi. Qapının o üzündən:
-
Batdıq, - dedi, erkək qaz. - Acınnan
qırılacağıq.
- Səni
görüm... tükün əllərdə... - Anaş qaz
dimdiyini doldurub nəsə ağır bir söz demək istəyirdi
arvada. Erkək tayı:
-
İşin yoxdu, - dedi. - Əri bizim dili bilir, ayıbdı... Qarğış eləmə, yenə hər nədi,
yiyəmizdi. Yiyəsiz qalmağı mən
görmüşəm, bunnan da pisdi.
Ovçu
Oral qaz damının qapısına sarı gəldi, istədi
qapını açsın, dönüb arvadına baxdı:
-
Yazıqdılar, qırma bunları acınnan, burax
çölə.
Arvad hikkə
içində əlini belinə qoydu:
- Nə
yaxşı, mal qədri bilən oldun, birdən-birə. Dərdini çəkmə, qırılmazlar.
Mən nə yeyirəm ki, onlara da nə verəm...
Ana qaz hirsindən qapının taxtasını dimdiklədi,
o birilər də analı-balalı yığışıb
qapını çeynəməyə başladılar. Deyinə-deyinə,
söylənə-söylənə dimdiklərini taxtaya
döydülər. Taqqıltı həyəti
başına götürmüşdü... Arvad
yıryığış eləyirdi, daha doğrusu, ərinin
acığına əlinə keçəni ora-bura
tulazlayırdı. Bir şey axtarırdı ki,
götürüb atası evinə aparsın, əliboş
getməsin...
Boynu
ponpullu anaş toyuq arvadın yanında küllənirdi,
dimdiyinin ucunda, qığıltıyla:
-
Yumurta-am var, məni belə qoyub haa-ara gedirsən, - dedi.
Arvad əlində
olanı bir yana tullayıb:
- Kiş,
kiş, xeyirsiz. Mən kimnən
yarımışam ki. - Ərinə
söz atırdı yenə.
Bunu toyuq
da başa düşdü, gözlərini süzdürə-süzdürə
Ovçu Orala baxdı:
- Bu da ər
deyil ki, elə bil dən torbasıdı, - dedi, aralandı,
gendən-genə qığıldadı. - Arvadağız...
Söz,
doğrudan da, Ovçu Orala şapalaq kimi dəydi, dümələnə-dümələnə
pipiyi qan xoruza sarı gedən toyuğun ardınca baxdı...
Xoruz içini arıdıb qanad çırpa-çırpa
xoruzlandı:
-
Gündüz dalaşdıqlarına baxma, - dedi toyuğa, - gecə
bir-birinin qucağınnan çıxmırlar.
Toyuq
gözlərini o yandan belə dolandırıb, yenə
süzdürdü, bozumtul pərdə gözlərini
ortdü, sonra da qanadlarını qaldırıb
özünü yellədi, yəqin, bu da onun
utanmağıydı...
Arvad elə bil toyuğu indi gördü, toyuq
özünü burcuda-burcuda yer eşirdi.
- Bu yoluq,
bostanı eşəcək, - dedi arvad, toyuğu ərinə
göstərdi - Sən qalx, atları yəhərlə, mən
bunun ayağının patavasın geyindirim.
Toyuq az qaldı uçub getsin, özünü o
küncə, bu küncə vurdu. Arvad qayım parçadan
tikdiyi şapşapları gətirib bərkdən:
- Yass... Yass. - elədi.
Toyuq arvadın əlindən nə vaxt qurtulmuşdu ki,
indi də qaçıb qurtulaydı. Qanadlarını gərib
hardaydısa elə orda yerə çökdü. Arvad
şapşapları toyuğun ayaqlarına geyindirib,
orasını-burasını əlləşdirdi:
-
Yumurtası var ki, bunun!
Elə ehtiyatla yerə qoydu ki, elə bil doğrudan da əlindəki
toyuq yox, yumurtaydı.
Toyuq arvadın istəyindən
xumarlanıb qığıldadı:
- Bayaqdan
deyirəm yumurtam var, indi bilir...
Ovçu
Oral da dedi:
-
Yazıq bayaqdan ayaqlarına dolaşa-dolaşa elə onu
deyirdi daa...
Toyuq hinə sarı getdi ki, yumurtlasın, amma onu da
bilirdi ki, hələ tezdi. Boğazını uzadıb hinə
baxdı: yumurtaya bənzər bir şey vardı hində,
yumurtası olanda həmişə gözlərinə belə
şeylər görünərdi. Elə bu fikir-xəyal
içində, yəni ağlı-qaralı cücələri
fikirləşə-fikirləşə hinə yatdı...
Evdə adam olmadığından alaitin itliyi
tutmuşdu. Qulaqlarını şəkləyib
hər şaqqıltıya hürürdü. Qazlar arakəsmənin
içində qığıldaşır, ana baladan, bala
atadan soruşurdu:
- Nolub? Nooolub?
İtin səsində qorxu yox idi hələ, eləcə,
- burdayam, - deyirdi.
Yumurta anaş toyuğun içiylə Ay göy
üzüylə süzdüyü kmi süzə-süzə
yol gəlirdi.
Bunun azacıq ağrısı olsa da, anaş toyuğa ləzzət
eləyirdi...
Heç
yandan hələlik adam səsi gəlmirdi.
Bir quşlardı, itin səsinə, qazların
qığıltısına bağlı, yumurtadan
"cik" eləyib çıxanda nə deyirdilərsə,
indi də onu deyirdilər. İt seyrək-seyrək
hürürdü. Ovçu Oralın həyəti
də həmin ala itdən manşır idi. Obanın o başından alaitin səsini
tanıyırdılar. Amma
qazların da, alaitin də, anaş toyuğun da, hələ
evin künc-bucağında yuva qurmuş həyət
quşlarının da gözü yoldaydı ki, Ovçu
Oralın arvadı nə vaxt qayıdacaq, əlindən-ovucundan
yerə dən düşəcək, onlar da enib dənləyəcəklər.
Yaddaşlarının
qurtaracağında bir balaları, bir yuvaları, bir də
Ovçu Oralın arvadından başqa heç nə yox
idi...
Anaş toyuq yumurtlayan kimi yüpyüngül oldu. Bayaqdan gözlərinin
qabağında olan ağlı-qaralı cücələri
unudub tara çıxdı:
- Bir
yumurta-aa yumurtlamışa-aam.
Həyətdə heç kəs yox idi. Toyuğun səsini
qonum-qonşu eşidirdi. Ovçu Oralla
arvadı o vaxt atların belində yol gedirdilər.
Anaş
qaz
Ovçu Oral həyətdəki kirkirə
daşının üstə oturmuşdu, arvadının
deyintisindən üzünün tükləri biz-biz
olmuşdu, rəngdən-rəngə düşüb qaraya,
ağa, qırmızıya çalırdı. İstəyirdi
arvadının cavabını versin; desin ki, mən neynim, sən
qızıl istəyirsən, sən var-dövlət istəyirsən.
İstəyirsən xan arvadının evi kimi
evin olsun, sən də olasan xan arvadı. Mən xan
olmağı bacarmıram, neynim... Bayaqdan istəyirdi, belə
desin, amma bir anaş qazı vardı, qazların içindən
ayrılıb Ovçu Oraldan bir az
aralı kirpiksiz, göy gözlərini süzdürə-süzdürə
deyirdi:
- Oral
qardaş, aadı (qəti) arvadını qınama, arvadın
düz deyir. Mən də bayaqdan öz kişimə
deyirəm. Deyirəm boynunu yoğnudub yanımda nə
qazdanırsan, on baş külfətik, - anaş qaz burda
qanadının birini gərib lələklərini göstərdi,
- düz on baş, saxla bizi, ot tap, otlaq tap,
dən tap... Elə insanlar doğru deyir ki, mal
yiyəsinə oxşayar.
Ovçu Oral qazın belə deməsinə bərkdən
güldü.
Ərinin öz-özünə gülməyinə arvad lap
özündən çıxdı, irəli yeriyib əllərinin
ikisini də Orala sarı uzatdı:
- Nəyə
gülürsən, - dedi, - hıı, nəyə
gülürsən, may gülütək?
Oral
çöllüyə-çəmənliyə doğru
boylandı görsün, may gülü
arvadının dediyini eşitmədi ki, amma tez də
yadına düşdü ki, payıza yaxındı, may
gülü gəldiyitək də qayıdıb gedib. Qaymaq
çiçəyininsə lap söz anlayan, yetişmiş,
anlaqlı vaxtıydı, ləçəyini şeşəldib
qulaq asırdı:
- Qoy
mayıs çiçəyi gəlsin, xəbər verəcəm
hamısını, - dedi Qaymaq çiçəyi. Gör bir, yekə arvaddı, dalca danışır.
Ovçu Oral yenə güldü. Arvad acığından,
hikkəsindən əvvəl bilmədi neyləsin, sonra
özünü didişdirə-didişdirə əllərinin
içini göstərdi:
- Belə
arsız olduğun üçün evin-eşiyin qaz
örüşü kimi qupquru qalıb.
Arvad belə
deyəndə hasarın dibindəki Anaş qaz
boğazını irəli uzadıb hikkə içində
qığıldaya-qığıldaya erkək tayına tərəf
getdi:
-
Görürsən, öl, yerə gir, adın alaitdən
manşırdı.
Alait
komasına girib yatırdı, bunu eşidib çıxdı,
yuxulu-yuxulu bir-iki ağız hürdü:
- Məndə
işin olmasın, indi gəlib bağrını yararam, haa!
Ovçu
Oral lap uğunub getdi, arvad nəsə deyirdi, Oral
daha heç nə eşitmirdi. Sonra
gördü, erkək qaz, anaş qazı da yanına salıb
deyinə-deyinə gəlir. Gəlib çəp-çəp
Orala baxdı:
-
Arvadına deynən, aramıza qalmaqal salmasın. Hardan alım mən buna təzə yeri,
örüşü, hər yan quru qalıb, bir qarış
yerin yüz yiyəsi çıxıb.
-
Arvadına lazım olanda tükümüzü belə yolur,
baax... - Anaş qaz qanadlarını açıb
yığdı, gözlərini süzdürə-süzdürə
dedi.
- Əvəzində də heç nə vermir. Arvadın
deyilmi? Başa sal, pis baxır bizə, ac
saxlayır. Mən boyda qaz, yarı
yaşımı keçmişəm, acınnan toyuğa
oxşayıram. Başa sal,
arvadını, bunnarın hamısı borcdu,
üstünüzdə. Mən neynirdim bu
boyda uşağı, yetim onnardan yaxşı yaşayır.
- Erkək qaz boynunu döndərib burdan ora uzatdı,
palçıqlı, bulanıq suda bulam-bulam ola-ola qum yeyən balalarını göstərdi. -
Odu, acından başlarını sudan
çıxarmırlar. Qum yeyillər.
Arvadın elədi hamısını, yumurtaları
yığıb düzdü, bu ayağısürüşkənin
altına...
Anaş qaz, gözlərini süzdürə-süzdürə. - Neyniyim, heç mən istəyirdim
ki, - dedi, - üstümə xəlbir çevirib güclə
yatırtdı. Bala saxlamaq vaxtıdımı
indi. Odu eey, qum yeyir hamısı. - O
da dönüb balalarına baxdı. - Çoxu da heç mənim
yumurtamnan deyil...
Qazların səsi həyəti
götürmüşdü başına. Arvad birdən
divara söykədiyi süpürgəni götürüb
qazların ikisini də döyəclədi.
- Bunnar da
vaxt tapdı, gör nə hay-küy salıblar bir. İndi
hamının hayıfını sizdən alaram,
qırılmışlar!
Erkək qaz qığıldayıb nəsə demək
istəyirdi, süpürgə düz başından dəydi. Erkək qaz:
-
Tüpürüm belə yaşamağa, - dedi, balalarına
sarı getdi, boynunu döndərib yenə Ovçu Orala
baxdı. - Aparın hamımızı satın, sizdən qaz
saxlayan çıxmaz. Kəsin, yeyin, ya da... Belə
yaşamaqdan ölmək yaxşıdı.
Ovçu Oral qazlarla arvadının arasında quruyub
qalmışdı, qışqırsınmı,
bağırsınmı. Hər halda, daha gülə bilmirdi, mat-məəttəl
gah arvadına baxırdı, gah qazlara.
- Bu
ağacı da qurudacam, - dedi arvad, yenə hikkə içində.
- Sabunnu su töküb dibinə, qurudacam bunu da. Dibində
oturmağa bir kölgəlik tapmayasan. Budu
da bunnan başqa nəyin var?!
Ovçu
Oralın, doğrudan da, ağac indi yadına düşdü.
İri qollu-budaqlı tut ağacı idi. Budaqlarında xeyli quş vardı. Susub qulaq asırdılar. Arvad belə
deyəndə ağac gərnəşdi, bu onun dərindən
nəfəs almağı idi. Quşların
hamısı bunu zəlzələyə, yerin
yırğalanmasına oxşadıb uçub
dağılışdılar...
Ağacın
kökü tərpəndi, susuzluqdan çat bağlayıb bərkimiş
dibi bir neçə yerindən çatdadı, nəfəs dərib
təzəcə nəsə demək istəyirdi ki, Ovçu
Oral sənəyi götürüb suyunu ağacın dibinə
boşaltdı, ağac sözünü unudub dərindən:
- Oxqaay...
- dedi.
Aykəm
babanın arxacı
Hər
yan ağappaq işıq içində idi, amma bir göz
qırpımında hava qaraldı, elə bil
işığını aldılar... Çobanəppəyi
bayaq Günəşin odlu nəfəsinə dikəlib nəbz
kimi çırpına-çırpına havanı
içirdi. Çən-çiskin gələn
kimi bürüşüb ləçəklərini
üstünə çəkdi. Azca aralı qayanın
güneyində dağbənövşəsi fikirli-fikirli
dayanmışdı, üstündən çiskin addadıqca
nəmlənirdi...
Ovçu Oral da atını düz həmin qayanın
yanında saxladı.
- Ax,
çənin-dumanın dili olsaydı, Aykəm babanın
arxacını soruşardım.
At yedəyindən dartınıb oxrandı:
- Mən
də bilmirəm hardadı, bircə yol getsəydim
tapardım.
Qayanın
dibindən səs gəldi:
- Sağa
get, Oral, bax, o bələni aş...
Çobanəppəyi özəyini qayaya söykəyib
saçaqlarını sallamışdı. Ovçu Oral
qayaya sarı əyilib gülümsədi. Dağbənövşəsi
qayanın dibində özü öz şehini
çırpıb qoxulanırdı:
- Buna bax,
- dedi, Çobanəppəyinə, - elə bil Oral
adını bu qoyub, adıyla
çağırır. Kobud, qanacaqsız.
Ona görə də həmişə tapdaq altında bitirsən...
-
Ağıllı danış, mən Oraldan min yaş
böyüyəm, - dedi Çobanəppəyi.
Bir
kökdən çıxıb beş
özəyə ayrılmışdı, beşi də
dönüb bənövşəyə baxdı. Bu
sözü də hansı özək dedi nə
bönövşə bildi, nə də Ovçu Oral.
- Kimi
aldadırsan? - dedi, Dağbənövşəsi. - Bu il gəlməyibsənmi?
- Sən
gəldin ki, mən varam, sən gedəcəksən, mən
qalacağam yenə... - Çobanəppəyi dikəlib
Ovçu Orala baxdı.
- Axır
ki, builkisən.
- Mən
kök üstə bitirəm, özüm builki olsam da,
kökümün yaşı bilinməz. - Çobanəppəyinin
özəkləri dartınıb açıldı. - Oral
uşaq idi, mən onda min ildi vardım.
- O sənin
baban olub, - dedi Dağbənövşəsi.
- Babam da
elə mənəm.
- Yox, baba
ayrı, sən ayrı.
- Yox, mənim
babam olmayıb!
- Necə
olmayıb?
Qayaya bir
qaraboğaz Sərçə qondu, pırpızlanıb,
çırpınıb:
- Mənim
də babam olmayıb, - dedi. - Babam olmayıb, olmayıb... baba
nəyə deyir bu?
-
Babasız-nənəsiz heç nə yarana bilməz. Sənin
də baban var, - Dağbənövşəsi dedi.
Sərçə
hirsləndi, bir adam boyu qalxıb, yenə
qayaya qondu, dediklərini hüdələyib tökməyə
başladı.
-
Gözümü açdım, dən gördüm. Bir quşun ardınca uçdum dəni
götürdüm.
Alaqarğa
xeyli yuxarıda silkələnə-silkələnə
gülürdü:
- Nə
baba, unut babanı, dünyada qalan öyünsün. Ovçular görmüşəm ki, babanın izi ilə
gəlib, nəvəni tuturlar.
-
Gördün?! - Çobanəppəyi dedi.
Ovçu
Oral da güldü, Sərçəni ovcuna götürüb
çiçək kimi yumşaq kəkilindən öpdü:
- Baba səni
yemləyir, böyüdür, sən də böyüyüb
ardınca uçursan. Dəni də o göstərir
sənə. Qarğaya inanma.
Sonra
Dağbənövşəsinə sarı əyildi:
- Dünən
külək səni yıxa bilmədi, ona görə ki, sən
babandan yapışmışdın. Baban sənin
kökündü...
Dağbənövşəsi dartındı, öz
kökünü hiss etdi, gördü bərk dayanıb. Buna görəydi,
havanın durulmasındadı, nədəndisə, sevinc
içindəydi. Çobanəppəyi də
dincəlmişdi, günəşə uzanıb nəfəs dərirdi.
Ovçu Oralın başının üstə
Qarğanın səsi yenə gəldi. Ovçu Oral
dikəldi, Sərçə qayanın belində bir
ayağı üstə dayanmışdı.
- Babam
yadıma düşmür.
- Gedək,
Aykəm babanın arxacını göstər mənə, -
dedi, Ovçu Oral.
- O kimdi,
o da babadı?!
- Hə,
babadı, çoxlu nəvələri var; Elbəy, Elay, Eltək,
Elgün, Eltac, Eltay...
-
Tanımıram, onun arxacını.
- Dələmə
dənləməmisən yerdən?
- Dənləmişəm.
-
Oradı, arxac.
- Gedək,
oranı tanıyıram.
Sərçə Oralı düz Akəm babanın
arxacına apardı. Aykəm babanın özü dələmə
tuturdu, nəvələri quzularla oynayırdı.
- Sən
get dələmə dənlə, çox sağ
ol, - dedi sərçəyə Ovçu Oral.
-
Qorxuram...
- Qorxma, mən
ordayam.
Sərçə arxacda dələmə
qırıntılarını dənləyirdi. Onu
görüb bir Sərçə də gəldi. Gələn bala Sərçənin babası idi.
Amma bir-birlərini tanımırdılar.
Ovçu Oral bir qıraqda dayanıb tamaşa eləyirdi;
həyat öz nizamı ilə yaşayırdı. Bir az
aralıda çay axırdı. Çayın
qırağında bir madyan otlayırdı. Oralın
atını görüb, kəsik-kəsik kişnədi:
- Gəl
məni dişlə... Gə-əəl!
Oralın atı yorğundu. Elə ayaq üstə
mürgüləyirdi. Madyanın səsini hiss eləyə
bilmədi. Bir-birinin ardınca arxaca çoxlu sərçə
yığılmışdı. Balası
olan da, olmayan da balasını səsləyirdi.
- Dən
tapmışam gəəəl...
Əvvəllər də beləydi, yoxsa indimi belə
olmuşdu. Nənə-baba tanıyan yox idi.
Göyit
bir-iki ağız hürdü:
- Dostumuz
gəldi, - dedi.
Aykəm
baba Göyitin səsindən bildi ki, dosta hürür...
Mövlud
SÜLEYMANLI
Ədəbiyyat
qəzeti.- 2020.- 22 fevral. S. 6-7.