OTAQ...
"...Mən sizin
pəncərənizi tanıyıram. Gecələr
üzünüzə notbukun işığı
düşür, işləyirsiniz. Bəzən bir-iki dəqiqə
dayanıb baxıram. Qəribə və fərqli həyat tərzidir...
Sonra yazılarınızı oxuyanda həmin mənzərə
gözümün qabağına gəlir.
Lakin xeyli müddətdir
həmin işığı görmürəm, düzü,
narahat oldum, soruşmaq istədim. Yaxşısınızmı?..".
Bəli, mən
yaxşıyam...
***
Otaq - Sadə,
dünyanın müxtəlif dillərində müxtəlif
sayda səslərdən ibarət bir sözdür. Dünyada
var olan hər şey hansısa sözlərlə ifadə
edilir və eynən bu söz kimi təşkil etdiyi mənanın
və təsəvvürlərin alt qatında daha sirli və qəsdən
yersiz yerə mürəkkəbləşdirilmiş sadəliyində,
bəlkə də, dünyanın ən çoxqatlı mənasını
içinə alıb susur...
- Otaq?
- Otaq.
- Niyə otaq?
Bir çox suallar
kimi, bu suala da cavab verəcək və ya bu sualın cavabı
barədə hekayəmi danışacağım sən, əziz
Dost, hələ gəlib çıxmamısan...
***
Son zamanlarda
vaxtımın çoxunu daha çox Otaq-da keçirirəm.
İndi dünyaya pəncərədən baxmaq deyilən bir
hal içində kitabların, düşüncələrin,
ya da səmimi şəkildə boynuma alsam daha az
düşünməyin içində bir-birindən xəbərsiz
bir-birinin ardıyca sıralanan mətnlərin xətti boyu
addımlayaraq öz yerimdən tərpənmirəm.
Gözümün qarşısında pəncərə...
İkitaylı, qarşısında dibçəklər var, bəzən
onlardan biri çiçəkləyir. Sarı çiçəklər
təzəlikcə solublar. İndi qırmızı
çiçəklərin növbəsidir. Sonra ətirşahlar
açacaq, deyəsən, çünki son yarpaqların
arasında bir qabarıqlıq mənə müjdə göndərir...
...Qəribədir,
bir anda gözümün qarşısında bir əl
canlanır, o əl uzanaraq həmin son yarpaqların pöhrələndiyi
kiçik budağı qırır... Mən dəhşətə
gəlirəm, hətta gözlərim dolur, ürəyim
sürətlə döyünür... Barmaqlarımı
klaviaturadan aralayıb əllərimə baxıram - onlar buna
qadirdirmi?
Qadirdir...
Mən indi
çox soyuqqanlı şəkildə əlimi uzadaraq
çiçəkləyəcəyini gözlədiyim
pöhrəli çiçək budaqlarını asanlıqla
qırıb ata bilərəm...
Udqunuram...
İnsan hər
şeyə qadirdir, əsas da əlinin altında olanlar üzərində...
***
Yəni mənim pəncərəmin
qarşısında yaşamaq da sizə asan gəlməsin...
***
Başqalarının
Otaq-larının necə olduğunu bilmirəm, amma mənim
Otaq-(ğ)ımda pəncərə qapı ilə
üz-üzədir. Özüm bu durumda hardayam? Olmaq istədiyim
yerdə. Çünki dünyada ən azı bir
otağımız varsa, onun içində harda olduğumuzu
özümüzün müəyyən eləmək
haqqına sahibik. Mən pəncərənin
qarşısındayam və uzun zamandır dünyaya bu pəncərədən
baxıram. Dünyanın ən sakit şəhərlərindən
biri mənim pəncərəmin o tayında həyatını
yaşadıqca, gecələr gündüzlə əvəzləndikcə,
aramızda dincliyin ürək döyüntülərini hiss
etdirən küçədə hərəkətlilik
artıb-azaldıqca, o tayda bir dünya olduğundan və hələ
salamat olduğundan xəbər tuturam.
Son zamanlarda - Nədir
bu çəkilmişlik, - deyə soruşanlara pəncərəmi
nişan verirəm... Evimizin qabağından küçə
keçir, yağışlı günlərdə, bax, elə
bu sözləri yazdığım andakı kimi çox
sevdiyim qıjıltı səsləriylə dolur, günəşli
günlər daha səssiz keçir. Gözümün düz
qabağında - təpənin üstündə şəhər
qəbiristanlığı yerləşir. Havalar yaza doğru
getdikcə Günəş düz o qəbiristanlığın
üstündən çıxır. Təyyarələr
gündə bir neçə dəfə qəbiristanlığın
üstündən keçib uzaqlaşır.
Sükut, Hərəkət
və Son. Uçuş və uçuşun içində
insan taleləri. Çox zaman təyyarələri quşlar əvəz
edir, lakin onların daşıdıqları can ancaq özlərinə
məxsusdur və ancaq öz canlarını daşımaqla
ancaq öz Otaq-(ğ)ında yaşayan adamların dincliyini
nişan veirlər... Bəzən qəbiristanlığın,
bəzən şəhərin başı üstündə
dolanaraq hər halıyla mənə pəncərəmdən
uçuşu göstərirlər...
Mənim pəncərəmdən
baxmaq elə də sadə iş deyil...
***
Qapı?
Bəli, qapı
var, mən ondan həm Otaq-(ğ)-a girmək, həm də
çıxmaq üçün istifadə edirəm. Qapı
dünyaya boylanmağa yaramır. Qapı çıxmaq və
girmək üçündür. Qapının tələbi və
missiyası hər nə qədər əlimizi tərpətməyimizi
tələb etsə də, ondan ancaq ayaqlarımız vasitəsilə
keçə bilirik...
Bir baxımdan həm
qapı, həm pəncərə bizi dünyayla birləşdirir,
ya da ən azından ondan xəbərdar
olmağımızı təmin edir. Lakin pəncərə
gözümüzün, dünya hər şeyin
iştirakını ehtiyaca çevirir. Bu baxımdan
qapıdan çıxmadan pəncərə qabağına
qayıtmaq və dünyaya o pəncərədən baxmaq mənasız
və gərəksiz görünür.
Bəs biz nədən
xəbərdar olmaq istəyirik?
- Mən nədən
xəbərdar olmaq istəyirəm? Deyəsən, heç nədən...
Lakin bu
"heç nədən" cavabı deyilişi qədər
sadə bir prosesin nəticəsi deyil. Geri, dərinə
qayıdışın yolu boyu şaxələnən
çay suları kimi eyni yerdə gedib dolacaq şəkildə
qurulsa da onun əksinə hərəkətdədir.
Pəncərə
ilə qapı dünyayla bağlılığın bir-birinə
zidd cəhətləridir. Qapının qarşısında
dayanaraq heç nə görə bilmədiyimiz halda, pəncərə
bizim dünyaya baxışımıza açıqdır.
Lakin qapı olmadan biz dünyaya ancaq pəncərədən
baxmalı oluruq...
Pəncərədən
baxmaq sizə elə də asan gəlməsin. Bunu
ayağımızı qapımızdan çölə
qoymadan gerçəkləşdirə bilmərik..
***
Biz ilk pəncərəmizlə
Otaq-(ğ)ımızı tanımadan qabaq tanış
olmuşuq - Gözlər! Nə qədər
baxırıqsa-baxaq, biz Otaq-(ğ)a salınmamışdan əvvəl
görməyi öyrənmişik, Günəş
işığını içimizdənmi çölə,
çöldənmi içimizə keçirmişik, bu, bir
başqa söhbətdir, əziz Dostum, sonra
Otaq-(ğ)ımızı tanımışıq. Onun rəngini,
qoxusunu, işıqlılığını, içini, - əvvəl
əlimiz çatmayacaq yüksəklikdə tavanını,
altında hansısa dünyanın yerləşdiyini xəyal
etdiyimiz döşəməsini. Biz otağımızı
tanıyanda onun nəyin üstündə, nəyin altında,
nəyin içində və harda qərar tutduğunu
düşünməmişik. Məhz pəncərəylə
tanışlıq, otağımızın yeri barədə
düşünməyimizə gətirib çıxarıb.
Bizim otağımız dünya kimi içi çölünə
çevrilməyib, əksinə, çölü içində
gizlədib, dünyadan kainata boylanmaq nə qədər
asandırsa, otağımızdan dünyaya boylanmaq bir o qədər
çətindir...
Burda artıq
gözlər sadəcə, orqan kimi heç bir işə
yaramır...
***
Otaq - hər nə
qədər əhatə etdiyi sahəni və içinə
sığışdırdıqlarını ifadə etsə
də, əslində, o, ancaq divarlarının nəticəsidir.
Bir dəfə çəmənlikdə bardaş qurub
gözümü göyə zilləmişdim. Qarşımda
balaca bir çay axıb gedirdi, arxada dağlar vardı.
"Adamın burda bir evi ola" - deyə fikrimdən
keçirdim. Elə o zaman anladım - Otaq bizim bir parça
yer üzünü özümüzünkü etmək cəhdimizdir.
Özümüzü başqalarından ayırmaq, gizlətmək,
gizlənmək, qorumaq, daldalanmaq, üşüməmək,
dözülməz istidən əziyyət çəkməmək
cəhdimiz. Eyni zamanda Otaq-(ğ) tavanı Göy
üzünün qarşısını kəsməklə
bizim baxışlarımızı ondan ayırır. İnsan
isə Göyə boylanmadan yaşaya bilməz. Çox
güman, pəncərələr məhz buna görə var və
məhz buna görə daha çoxdur. Biz hər nə qədər
pəncərədən Dünyaya havalanıb çıxa
bilməsək də, pəncərəmiz qapımızdan daha
geniş, daha hündürdür. Bizim
Otaq-(ğ)ımızın cəmi bir qapısının
olması kifayət edir - həm giriş, həm
çıxış üçün, amma imkanımız
olduğu qədər pəncərə açmağa
çalışırıq...
***
İlk öyrənmə
və kəşfetmə işartılarının ardından
nabələdlik həqiqəti ortaya çıxır.
İnsanın çölə - həyətə,
küçəyə, məhəlləyə, təbiətə
- Dünyaya çıxış cəhdi fitrətən
mövcudluğunun gizli şifrələrindən biri kimi
şüuraltı yaddaşa həkk olunaraq onu
çağırıb aparır. İnsan pəncərədən
ayrılaraq qapıya üz tutur və hamı həyatında
birinci dəfə ayağını çölə
atır...
Bu məqamda
düşüncəmizin labirintində dolanaraq bunun şərait
asılılığından doğan hərəkət xəttini
izləmək istəyəndə, sizi bilmirəm, mənim
yadıma yenidən əlimi uzadıb çiçəklərin
budağını qırmaq bacarığının
doğurduğu həyəcan ortaya çıxır. Bəs
insan taleyi kimin əlindədir? Onu kim müəyyənləşdirib?
Onu qarşıda nə gözləyir?
Bəlkə də
bunun üstündən keçib getməliyik.
- Niyə?
- Ola bilsin bu barədə
danışa biləcəyim insan - Sən hələ gəlib
çıxmamısan, əziz Dost...
***
...Ayağını
qapısından çölə atan insan Otaq-(ğ)ından
ayrılır...
Dünyanı gəzib-dolanan
(fərqi yoxdur, həmin insan ömründə bircə dəfə
də olsun şəhərindən, kəndindən kənara
çıxıb-çıxmayıb, ya dünyada gəzmədiyi-görmədiyi
ölkə qalıb-qalmayıb) halıyla hər kəsin
arxada bir otağı qalır. Zamansızlıq dərk edilməyə,
məkanın yerləşdiyi yer barədə
düşüncələr səngiməyə başlayanda vətənsizlik
əbədi vətən anlayışına çevrilir və
insan son axtarış ünvanını - Otağını
axtarmağa başlayır. Bu, ilk nöqtəyə qayıtmaq
kimi görünə bilər, lakin qətiyyən elə deyil.
Biz heç zaman qayıdıb içindən çıxdığımız
Otaq-(ğ)a sığışa bilməyəcəyik. İlk
çıxdığımız otaq bizə qismətdən
verilmişdi, amma sonrakı otağımızı
özümüz bina etməli olacağıq... Həm də
içimizə sığışacaq şəkildə
***
Yük istər
ruhi, istər həqiqi mənasında istənilən halda
yolçuya maneədir. Lakin yükün dərki yüklənməkdən
keçir. Əgər sən çiyinlərində onun
ağırlığını,
yüngüllüyünü, sürüşkənliyini və
ya caynaqlarını hiss etməmisənsə, nə barədə
danışa bilərsən? Eynilə dünyaya qapıdan
çöldə dalmaq da belədir. Bu, qaçılmaz yoldur
- sən bir Otaq-dan çıxıb başqa bir Otaq-(ğ)a
qayıdırsan. Məqsədinin, niyyətinin orta yerində
bütün tərəddüdlərdən, arzulardan, artıq
yüklərdən təmizlənmiş canını qorumaq
istəyi bir gün o Otaq-(ğ)ın qapısından
keçib onu arxanca bağlamaq eşqini ehtiva edir.
Narahatlıq, çırpınış səni yuvadan əvvəl
Otağ-a çağırır. Çünki yuvanın
uçuş üçün
üstüaçıqlığı altı tərəfdən
bağlı bir gizliliyin içində gizlənən son dərkin
bir addımlığında gözləməkdədir.
Otaq - yəni
qayıtdığın otaq, qapısından içəri
ancaq səni qəbul edir. Bu sənin safanla, saf mövcudluqla,
saf halınla ola biləcəyin yeganə yerdir. Sən bundan
sonra hər şeyi o Otaq-da, o pəncərənin
qarşısında və o qapıdan xəbərdar
halınla yaşaya biləcəksən...
Yox,
Otaq-(ğ)ın müqəddəs günahsızlıq yeri
olduğunu demirəm. Otaq - sadəcə bir adamlıq yer olsa
da həmin adamın niyyətilə bağlı heç bir tələb
qoymur. Otaq - bizim düşüncəmizə müdaxilə
etmir, çünki Otaq biz olmadan yox idi. Onu ancaq biz
özümüz, düşüncəmizin və
arzularımızın bütöv azadlığı
içində qururuq. Ustası da, fəhləsi də, sahibi də
özümüzük. İstəsək pəncərəsində
çiçək bəsləyə, istəsək quş qəfəsi
qoya, istəsək qapıyla, istəsək pəncərəylə
üz-üzə otura bilərik, istəsək onu qalın pərdələrlə
qapaya, istəsək gecə-gündüz açıq saxlaya
bilərik...
İşığını
gur yandıra, ya da qaranlığa qərq ola bilərik...
Artıq bizim
bütün gələnlərimiz bu Otaq-(ğ)a gələcək,
bütün gedənlərimiz bu Otaq-dan çıxıb gedəcəklər...
***
Siz heç pəncərələri
hörülən otaq görmüsünüzmü?
Mən
gördüm, gördüm, əziz Dost, pəncərələri
hörülmüş, qəlbi möhürlənmiş və
qapısı Göylərə doğru bağlanmış
adamlar da gördüm...
***
Əgər hələ
dünyayla nəsə bir işiniz qalıbsa Otaq-(ğ)a tələsməyin...
Otaq - dar, eyni zamanda genişləndirilib içiniz qədər
boşluq və hüdudsuzluq bəxş edəcək bir
yerdir. İnsan ehtirasları, həmişə nəsnələrin
və düşüncəvi payın ardınca həsrətlə
baxır. O ehtirasları başqa bir gücə, başqa bir
hissə, başqa bir doyumluluq dərkinə çevirmədən
Otaq-da dayanmaq olmaz.
Qayıtmaq?
Mümkün deyil,
əziz Dost, bir gün səninlə bunları uzun-uzadı
danışarıq...
Çünki o
Otaq, o Otaqdır ki, qapının hər nə qədər
arxanda, kilidsiz, hətta bəzən yarıaçıq
olduğunu bildiyin halda pəncərənin
qarşısından qalxıb heç zaman ondan keçmək
istəmirsən...
Məsələ
qapının bağlanmasında deyil, pəncərənin
açıq olmasındadır...
Otaq
- qapı olmaqdan çıxıb pəncərə olanda biz də
özümüz oluruq...
Hədiyyə ŞƏFAQƏT
Ədəbiyyat qəzeti. -2020.- 22 fevral.
– S.3