Ən gözəl xatirəsi sənin əllərindir...

 

Ağac haqqında nağıl

 

Bu ağacın kölgəsi o qədər dərindi ki,

 

Boğulmaq olar.

 

Bu ağac o qədər doğmadır ki,

 

Qoynunda quş kimi

 

Doğulmaq olar.

 

 

 

Bəlkə, bu ağac qadındı elə,

 

Öpmək olar yarpağından.

 

Bəlkə, bu ağac ölümdü elə,

 

Asılmaq olar budağından.

 

 

 

Bəlkə, bu ağac axşamdı,

 

Şam yandırmaq olar altında...

 

Bu ağacın kölgəsi yağışdı,

 

Şamı söndürər onda.

 

 

 

Bu ağac da şəhərdi,

 

Elə ağac adında...

 

Biz onun yadında...

 

Yaddaşında, huşunda...

 

 

 

Bir it qaçırdı yolla

 

Bir it qaçırdı yolla,

 

Boynunda zənciri sürüyə-sürüyə,

 

Başqa itlər itin yanınca

 

yüyürə-yüyürə,

 

Uşaqlar da itin arxasınca qaça-qaça

 

Gedirdi bir kənd.

 

 

 

Əslində, tamaşaydı bu,

 

adamlar dayanıb baxırdılar

 

itin qaçışına.

 

Zəncirini sürüyə-sürüyə

 

Aparmağına.

 

O zənciri necə

 

Qoparmağına.

 

 

 

Heç nəyin fərqində deyildi it,

 

İt çəkib aparırdı azadlığını.

 

Bir onun azadlığını boğan

 

əllərimizi...

 

Biz əllərimizin arxasınca

 

qaçırdıq.

 

 

 

Çiçəklər, əllər

 

Məncə, çiçəklərin

 

Ən gözəl xatirəsi sənin əllərindi.

 

Həm çiçəyə bənzəyir,

 

Həm boş qalıb indi

 

Çiçəklərin yuvası kimi.

 

 

 

Əllər daha çox ağlayır, məncə.

 

Çünki əllərini bəzəyən güllər

 

Bir azdan zibilqabını

 

Eyni ahənglə sevindirəcək.

 

 

 

İndi çiçəkmi vəfasızdı, yoxsa əllər?

 

Məncə, çiçəklər.

 

Əvvəl torpağı sevindirdi,

 

Sonra qonşunun uşağını.

 

Sonra bülbülü,

 

Sonra sənin əllərini,

 

İndi zibilqabını.

 

Arxasınca ağlayan xatirələr,

 

Çiçəklərin ayağının tozudur,

 

Məncə.

 

 

 

Tüstülərdə göz yaşı

 

Bacalardan qalxan tüstülər

 

Meşələrin ahıdır bəlkə.

 

Ona görə özlərini dumana bənzətməklə

 

Ovunmaq istədilər bir az...

 

 

 

Ağacların gələcəyidir tüstülər,

 

Hər gün meşələrin üstündə dayanıb,

 

Əl eləyirlər,

 

bir az susurlar.

 

 

 

Yenə dumanda bir az göz yaşı var,

 

Bir az yaşla sevinir adamın gözü.

 

 

 

Amma

 

Göz yaşı da yanıb

 

Bu tüstülərin.

 

Adamın gözündən dartıb

 

Yaşı da çıxarır hələ.

 

Biz neylədik, insanlar,

 

Göz yaşlarını yandırıb

 

Qızınmaqmı olar?

 

 

 

İsmin 7-ci halı

 

Gəlin belə düşünək,

 

Nizələrin qan daman ucu

 

Əslində, bir parça torpaq deyilmi?

 

 

 

Güllələrin özü ,

 

Lap qırma düyməciklər -

 

Başlarında torpaq yaddaşı daşıyırlar.

 

 

 

Ekskavatorla başladı ayrılıqlar,

 

Zülmlə ayırdılar torpaqdan filizi...

 

Hələ ağlayır anası torpaq üçün dəmir.

 

Torpağı axtarır deyə, özünü hər yerə çırpır,

 

Hər yerə dəyir.

 

 

 

Bəlkə , insan bədəni tanışdı ona,

 

Tanışdı yox, yaddaşdı ona.

 

Torpaqda bir yaşayırdılar,

 

Elə ki, ayrıldılar,

 

Hərəsi bir adda

 

Çağrıldılar.

 

Biz yaratdıq ayrılıqları,

 

Torpaqdan dəmir ayırdıq,

 

Can ayırdıq,

 

İndi həsrətlilər qovuşanda ölürük,

 

Dönürük ismin 7-ci halına.

 

 

 

Gəl belə danışaq, kədərli dostum

 

Gəl belə danışaq, kədərli dostum,

 

Yadındadı, kəndin ortasında

 

Köhnə bir meydançada

 

Top oynamağımız?

 

Top üçün havada yellənən

 

Əlimiz ayağımız?

 

 

 

Mən vurduğum qolları

 

Pəncərədən bizə baxan

 

O qıza həsr eləyirdim,

 

Sən bunu bilmirdin, amma,

 

Əl çalırdı pəncərədə.

 

Əllərinin səsi

 

Çiçək kimi tökülürdü

 

pəncərədən.

 

 

 

Bir dəfə oynayanda

 

Vurduğum top

 

Onu gəlin aparan

 

Maşının

 

Ön şüşəsinə dəydi.

 

Gəlin bir az qalxdı ayağa,

 

Topa elə baxdı,

 

Elə baxdı ki,

 

Deyəsən, gözündən top kimi

 

Yaşlar düşdü.

 

 

 

Fikrimcə, o düşünürdü

 

Qapıya topu düz vura bilmirəm daha,

 

Ya da topu onun yollarına

 

Vurmuşam

 

Belə.

 

 

 

Nəğmə

 

Quzu otaranın,

 

Dərsə gedənin,

 

Gedən qatarın,

 

Şeiri çap olunmayan şairin,

 

Dodağında bir göyərmiş nəğmə var...

 

 

 

Adamı o nəğmə yaman yandırır,

 

quzular başa düşər onu,

 

getdiyi məktəb,

 

sərnişin,

 

oxucu.

 

 

 

İllah ki, şair kənd şairi ola,

 

İllah da biləsən bu quzuları

 

                                     qəssablar sevir,

 

Qatarlar səni ayırır,

 

kənd adamları deyirlər,

 

Əsl şair şəhərdə yaşayar,

 

Allahşükür, səni yandıracaq

 

Bu nəğmə,

 

Başına çarə qıl...

 

 

Allahşükür Ağa

Ədəbiyyat qəzeti.- 2020.- 22 fevral. S. 9.