"Ədəbi
"Kəpənək effekti" - ədəbiyyatlaşmış
bir dünyanın kitabı
Tanınmış
tənqidçi-esseist, filologiya üzrə fəlsəfə doktoru
Mətanət Vahidin “Ədəbiyyat qəzeti” yayınları
seriyasından “Ədəbi “Kəpənək effekti” kitabı
çap olunub. “Elm və təhsil” nəşriyyatında
çap olunan kitabın elmi redaktoru filologiya elmləri doktoru
Elnarə Akimova, ön sözün müəllifi “Ədəbiyyat
qəzeti”nin baş redaktoru, filologiya
üzrə fəlsəfə doktoru Azər Turandır.
Kitabın ön sözünü oxuculara təqdim edirik.
Mətanət
Vahidin "Ədəbi "Kəpənək effekti"
kitabı Salvador Dalinin "Müəmmalar yolu"ndan
başlanır. Kitabda həmin rəsm barədə
söhbət getməsə də, Mətanətin mətnlərindəki
qırxıncı qapının sirrinə varmaq
üçün bu əsərdən keçib getmək
lazım gəlir. Dalinin "Sonuncu rol" silsiləsindən
olan bu sənət nümunəsi öz sirli mistikası,
aşırı sürreallığı, xəyal
gücünün bitib-tükənməzliyi, qeyri-adiliyi ilə
hələ ki sənətşünaslığın predmeti ola bilmir. Hələ ki bu əsəri
dərk edən kimsə yoxdur. Mətanət Vahid isə
ilk kitabı olan "Ədəbi "Kəpənək
effekti"ni Dalinin son tablosu olan "Müəmmalar
yolu"ndan başlamaqla, əslində, özünün idrak
hüdudlarında modern esseistikanın potensial imkanlarını
meydana çıxarmış olur.
Azərbaycanda intellektual tənqidin dəyərli örnəklərindən
olan "Ədəbi "Kəpənək effekti"
kitabında klassika, postmodernizm, mistika, təsəvvüf və
konspiroloji düşüncə, hətta sevgi, həsrət
eyni estetik ortama gətirilib, cərəyanlardan tutmuş
intermediallıq məsələsinə qədər dünya ədəbiyyatının
mozaikası bütün parametrləri ilə sərgilənib. Mətanət
Vahid modern dünya ədəbiyyatı ilə
bağlantılar qurmaqla, əslində, çağdaş ədəbiyyatımızın
dünya ədəbiyyatı ilə ekvivalentlik münasibətini
aydınlaşdırıb və nə yazıbsa, sanki bu iki
qütbü qovuşdura biləcək nöqtəni tapmaq
üçün yazıb.
Yazılarını
çoxdan oxusam da, mənə elə gəlir, Mətanət
Vahid imzasını bütün təfərrüatı ilə
"Üşüyorum, kapama gözlerini" essesindən
sonra tanıdım. Çünki bu
yazının sentimental, ruhsal tərəfi ilə intellektual
mahiyyəti bir-birinə qarışıb cazibədar effekt
yaradırdı. Sanki müəllif bu yazını həm
ədəbiyyatın, mətnin, özəlliklə, Nəcib
Fazilin, Ahmed Arifin, Edip Cansevərin, Özdəmir Asəfin,
Bülənt Ecevitin şeirlərinin, həm də sevginin
içindən yazmışdı: "Sevmək
yaradıcılıqdır, bəlkə bir az da
yıxıcı, dağıdıcı,
öldürücü yaradıcılıq...". Bu yazını niyə xatırlatdım? Mətanət Vahid üçün mətndən
öncə heç bir əyar yoxdur. Sevgidən, Vətəndən...
nədən yazırsa-yazsın, mətn
ona adekvat deyilsə, bəsitdirsə, bir sözlə, mövzu
mətnləşməyibsə (dünyalaşmayıbsa), hər
şey saxtadır. Mətanət Vahid Derridanın "Mətn
dünyadır" - təlimini mənimsəmiş tənqidçidir.
Onun üçün önəmli olan əsərin
mövzusu deyil, estetik yönləridir, hələ üstəlik,
bu əsər postmodern ədəbiyyat örnəyidirsə,
önəmli olan onun konstruksiyasıdır, əsərin
doğurduğu diskursdur. Bu diskursda Mətanət
Vahidin timsalında çağdaş Azərbaycan ədəbi
tənqidi də iştirak edir. "Oxucu
aldadılmağı könüllü şəkildə qəbullanmalıdır
ki, mətnin gerçəyi ilə üz-üzə qalıb
alternativ dünyanın zövqlərini duya bilsin. Bir oxucu mətn gerçəklərinin içində
yalanlar axtarışına çıxan "həqiqətpərəst"dirsə,
demək, əslində, oxucu deyil. Sənətin
gerçəkliyinə inanmaq Tanrıya inanmaq kimidir. Şübhələr ürəyini didsə də,
suallar beyninə dolu kimi yağsa da, inanırsan" (M. Vahid).
Azərbaycan ədəbiyyatının bütün
postmodernist arsenalı "Ədəbi "Kəpənək
effekti" kitabının səhifələri
arasındadır. Mətanət sözdən mətnə
doğru gedən arteriyalara qarışıb axmağı
bacarır. Avropada çoxdandır ki, ədəbiyyata
tətbiq olunan nəzəriyyələri Azərbaycan ədəbiyyatşünaslığının
təhlil sferasına daxil etməyə cəhd göstərir.
Hələ mətnlərinin həssas harmoniyasını təmin
edən həzin və orkestral ruh...
Bu kitabdan çox şey öyrənmək olar. Bu kitab
çox mətləbləri yenidən xatırladır. Bu kitabdan öyrəndim ki, ətir Şarl Bodlerin ətrafı
dərketmə üsullarından biridir, bu kitabın mütaliəsi
zamanı xatırladım ki, Anarın Təhminəsi "bir
neçə ətrin müəyyən ölçülərdə
qarışığından tamamilə yeni, orijinal, yalnız
ona aid olan bir ətir hazırlayır". Çünki
Təhminəyə görə "Hər bir qadın fərqlidir,
hər şeylə, o cümlədən, ətri ilə də
özünəməxsusluğa, fərqliliyə nail
olmalıdır". Və ətirlə
bağlı dünya ədəbiyyatını çevrələyən
bütün bunları və çoxlu belə detalları Mətanət
"Ədəbiyyat və moda" məqaləsində təhlil
edir. Ümumiyyətlə, moda və ədəbiyyat, eləcə
də bir çox digər mövzular ilk dəfədir ki, bizim
ədəbiyyatşünaslıqda sistemli təhlil dövriyyəsinə
Mətanətin bu kitabı ilə daxil olur...
Mətanət Vahidin nəzəri təfəkküründə
bütün hallarda və əksər yazılarında zaman və
məkanca çox fərqli və uzaq - dövrlərarası
estetik bağlantılar qurulur, antik ədəbiyyatla postmodern mədəniyyətin
(ən qədimlə ən yeninin), klassika ilə avanqardın
diskursu baş verir.
Həm də onun yazı metodu başqadır. Tutaq ki, Səlim
Babullaoğlunun "Rəqs edən ispan qızı"
şeirini Yasmin Levinin "Una-noce-mas" mahnısını
dinləyərək, Zərdüşt Şəfinin
"Başqa adamlar"ını "Ave Maria"ya dalaraq,
Aydın Talıbzadənin "Əbuhübb"
romanını yaddaşında yoqların Om mantrasını səsləndirərək
təhlil edir...
Bu kitab həm də ona görə dəyərlidir ki,
onun müəllifi Mətanət Vahid ədəbiyyatşünaslığımızda
intermediallıq konseptini yaradanların ön
sırasındadır. Və yaxşı ki, o, tutalım,
"Ədəbiyyat və yeddi not" essesini yazır. Forma və ritmin, söz və musiqinin, təsvirin
qovuşa bildiyi bədii mətnlərdən
çıxış edib intermediallığın geniş,
aydın və nəzəri mənzərəsini - (ilk dəfə
bu kitabdan oxuduğum təbirlə) "metafizik
morfologiya"sını təqdim edir. "İntermedial
fenomen: vizual poeziya. Səlim Babullaoğlunun vizual eksperimentləri"
məqaləsində Babullaoğlunun qrafik şeirlərindən,
özəlliklə, Səlimin "Rəqs edən ispan
qızı" şeirindən yazır: "İspan
ladlarında musiqi, bu sədalara "rəqs edən" ispan
qızı və onun alovlu rəqsini təsvir edən mətn.
Ehtirasla rəqs edən qarasaçlı, gözəl
təbəssümlü ispan qızının zərif əllərini
havada necə oynatdığını, qara krujeva ilə bəzədilmiş
qırmızı donunun ətəklərini əsdirərək
incə bədənini necə
qıvırdığını və onu heyranlıq və
sevgiylə, arzu və ehtirasla izləyən
baxışları görürdüm. Söz, rəsm və
musiqinin yaratdığı harmoniya, sənətin insan ruhunu
qanadlandırdığı qeyri-adi məqamlardan biri idi...".
Mətanətin
bu yazısını oxuduqca essenin ümumi intellektual
ab-havası duyğularımı Pol Verlenin "Sözsüz
romanslar"ına, Apollinerin kalliqrafik şeirlərinə və
Yahya Kamalın "Yelpaze çevrilir gibi birden
dönüşleri, / İşveyle devriliş,
saçılış, örtünüşleri"nə
("Əndəlusda rəqs") pərvazlandırırdı
və indi bu sətirləri yazarkən iş
otağımın divarındakı rəsmə - dostum Səlimin
mənə bağışladığı vizual şeirinə
- mavi fondan və ağ fiqurdan (hərflərdən) oluşan
"Rəqs edən ispan qızı"na baxıb (!)
alternativ dünyanın həzzləri barədə
düşünürəm. Bu hissi mənə
modern Azərbaycan şeiri ilə yanaşı, modern Azərbaycan
ədəbi tənqidi yaşadır.
Bədii mətndə mifologiya, rəssamlıq, heykəltəraşlıq,
musiqi, teatr, balet və ədəbiyyat arasında bizdə ilk dəfə
intermedial bağlantılar quran Əli bəy Hüseynzadə
olub. Cəmşidin
heykəlini, Sen Sansın fleytada çalınan
"Dans-maqaber"inin ahəngində rəqs edən fosforlu
skeletləri, hətta Misir piramidaları biçimində (amma
hərəkət edən və modern) arxitekturanı, hətta
tarix öncəsi - mifoloji zamanlarda birdən-birə elektriklə
işıqlanan teatr salonuna dönmüş mağarada
Bakının "Nicat" cəmiyyəti aktyorlarının
göstərdiyi Nərimanovun "Nadir şah"
dramını... bir mətnin içində - "Siyasəti-fürusət"də
qaynayıb-qarışdırıb. Və
xoşdur ki, Mətanət Vahid kitabında Əli bəy
Hüseynzadəni də unutmur. Amma onun barəsində
daha çox milli ideologiya müəllifi kimi bəhs edir.
Mətanət
Vahid Qarabağ şəhidi ilə İsa Məsih arasında,
azərbaycanlı şəhid anasının iztirabı ilə
Mikelancelonun "Pyeta"sındakı mərhəmətli Məryəmin
iztirabları arasında əlaqə qurur, paralellər
aparır... Və bunu edərkən, təkcə Mikelancelonun
"Pyeta"sı ilə kifayətlənmir, Koreya
kinematoqrafının eyniadlı filminə də, Anna
Axmatovanın "İncil" motivinə interpretasiya edərək
yazdığı "Rekviyem" poemasına da istinad edir... Ədəbi panoram elə mükəmməl təqdim
olunur ki, bunun müqabilində oxucunun diqqəti tənqidçinin
çağdaş Azərbaycan ədəbiyyatından bu
nöqtəyə hansı mətni çıxaracağına
fokuslanır. Məsələn, mən o nöqtəyə
milli ədəbiyyatımızdan elə "Pyeta"nın yaşıdı "Hədiqətüs
süəda"dan Hüseynin anası Zəhranı
çıxarardım. Amma Mətanət Vahid
üçün önəmli olan çağdaş ədəbiyyatdır.
Həmin mətn isə yeni ədəbiyyatımızda,
təbii ki, yoxdur.
Mətanətin
"Acısını övladı kimi sevənlər"
yazısını oxuduqca yaddaşıma tamam başqa nəsnələr
yansıyır və 1990-cı illərin əvvəllərində
tez-tez mənim iş yerimə gələn Məryəm
adlı bir şəhid anasını xatırlayıram. Məryəm xanım gənc bir qadın idi. Müqəddəs Məryəm yaşındaydı
və qoynunda bir fotoşəkil gəzdirərdi. Bizim Məryəm ana oğlunu qurda-quşa yem olandan
sonra hansı əlamətinə görəsə (əlamət
şəhid atasının oğluna yazdığı məktub
idi. Oğul çürümüş, məktub
isə qalmışdı) tanıyıb cəbhə bölgəsindən
tapmışdı və şəkil də Məryəmin
oğlunun yarıskelet nəşini əks etdirirdi. Bax, ədəbiyyatımız həmin ananın
iztirabını yazmadığına görə, onun oxucusu
olacaq insanların yaşantılarının nəinki
fövqünə qalxa bilmir, heç o yaşantılarla
yanaşı addımlamağı belə bacarmır.
Paradoks bundadır ki, tənqidçinin "Şəhid
analarına" ithafən yazdığı mətn
çağdaş ədəbiyyatımızdan bir
yazıçının mətni ilə deyil, Mikelancelonun mərmərə
hopdurduğu ruhla və həyatın iztirab dolu mətni ilə
assosiasiya edir...
"Ədəbi
"Kəpənək effekti"ndəki yazıların
böyük əksəriyyəti son beş
ildə "Ədəbiyyat qəzeti"ndə çap
olunub. Bəzisinin ilk oxucusu olmuşam.
İndi bu yazıları nəzərdən keçirərkən
Mətanətin son beş ildəki
inadlı yaradıcılıq axtarışları barədə
düşündüm. Mətanət Vahidin bu
kitaba daxil etmədiyi bir çox yazıları da var ki, o
yazıların indi bu kitabın səhifələri
arasında olması ədəbiyyatşünaslığımızın
miqyasını, estetik simasını və ruhunu daha aydın
görükdürə bilərdi. Məsələn,
dünyanın ilk qadın yazarları barədə silsilə
portretləri... Mətanət həmin silsilədən
yalnız bir yazısını - Azərbaycan ədəbiyyatında
ilk qadın romançı və dramaturq Səkinə
xanım Axundzadə barədə məqaləsini bu kitaba daxil
edib. Eramızdan əvvəl 2285-ci ildə
doğulmuş mesopotamiyalı Enheduanna, İngiltərənin
ilk qadın yazıçısı Afra Ben, Fransanın ilk
peşəkar qadın yazıçısı Kristin de Pizan,
rus ədəbiyyatının ilk qadın romançısı
Mariya İzvekova, ilk türk qadın romançısı Fatma
Aliyə Topuz, Başqırdıstanın ilk qadın
romançısı Hadiyə Dövlətşina... barədə
yazdığı portretlər bu kitabın ən gözəl
səhifələrini təşkil edə bilərdi. 2015-ci ildə
bu qəbildən olan yazıları ilə o, dünya ədəbiyyatı
tarixinin bizim üçün pünhan qalmış cizgilərini
milli ədəbiyyatşünaslığımıza
qazandırırdı...
Bəlkə də Mətanət, özü demişkən
"esselərini usandırıcı akademizmin
triviallığını ədəbiyyatımızdan
uzaqlaşdırmaq üçün yazır". Amma mən Mətanətin
bütün esseləri ilə bərabər, akademik üslubda
yazdığı məqalələrini də diqqətlə
oxumuşam. Esselərində olduğu kimi,
həmin yazılarında da heç bir triviallıq görməmişəm.
Mətanət Vahid hüzur dolu qələmi ilə
və öz universal, işıqlı zəkasına istinadən
istər akademik üslubda, istər esse janrında hər nə
yazıbsa onları ədəbiyyatlaşdırıb yazıb.
Çünki hər şeydən əvvəl öz
ömrünü ədəbiyyatın bir parçasına
çevirməyi bacarıb...
"Ədəbi
"Kəpənək effekti" ədəbiyyatlaşmış
bir dünyanın kitabıdır...
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2020.- 22 fevral. S. 8-9.