Varislər
Arzu
Babayev: "Ölümündən əvvəl ailə
üzvlərini başına
toplayıb şeir oxudu"
Abşeronun Xırdalan kəndində, imkanlı ailədə
göz açmışdı dünyaya. Atası Ələkbər kişi dövrünün ən məşhur
tacirlərindən biri idi. Qapısı hər
zaman qonaq-qaralı olan Kərbəlayi Ələkbər
dünyadan köçəndə onun 9 yaşı vardı və
ailə qayğıları yeniyetməlik dövründən Nəbinin
çiyinlərinə düşmüşdü. Onun orta məktəb illərində
sürücülük ən hörmətli işlərdən
biri hesab edilirdi və Bakı kəndlərində
oğlanların çoxu böyüyüb sürücü
olmaq eşqi ilə yaşayırdı, amma onun dünyası
fərqli idi. Bir dəfə ədəbiyyatdan
inşa yazarkən "böyüyəndə hansı peşəni
seçmək istəyirsən?" sualına sinifdəki
oğlanlar arasında bircə o, "şair olmaq istəyirəm"
yazmışdı. Yaşıdları onun
içində qaynayan poetik ruhdan xəbərsiz idi, amma o, hələ
yeddi yaşında ilk şeirlərini yazırdı.
Bəli o, verdiyi sözü tutdu, şair oldu. Dövrünün ən
tanınmış ziyalılarından biri, ədəbiyyat cameəsinin
ən üzdə olan siması, keçmiş ittifaqda
kitabları müxtəlif dillərə tərcümə
olunan, adı hər yerdə hörmətlə
qarşılanan bir insan oldu o. Ədəbiyyat adamının
qazana biləcəyi bütün adları aldı,
sağlığında da, ölümündən sonra da
sevildi, xatirələrdə yaşadı. Abşeronun Xəzərlə
öpüşən küləyinin adını özünə
təxəllüs götürdü - Nəbi Xəzri oldu...
Unudulmaz Nəbi Xəzrinin varisi Arzu Babayevlə onun xidməti
otağında görüşdük. Mən Nəbi müəllimi
görmüşdüm, oğlunu görəndə bir
anlıq duruxub qaldım, torpağı sanı yaşasın,
sanki Nəbi Xəzrinin özü idi...
Müharibədən
ağır xəstə qayıtmışdı
- Nəbi Xəzri köklü xırdalanlı idi. Atası imkanlı tacir olub,
amma bir ilin içində üç cavan oğlu xəstələnərək
dünyadan köçüb və babam bu dərdə dözə
bilməyib, az sonra o da dünyasını
dəyişib. Atam, bəlkə də, şair
doğulmuşdu. Elə ilk şeiri də
həmin dövrdə "Azərbaycan pioneri" qəzetində
çap olunmuşdu.
- Onun gənclik
dövrü Böyük Vətən müharibəsi illərinə
təsadüf etmişdi və səhv etmirəmsə, Nəbi
Xəzri müharibədə iştirak edib.
- Bəli,
1941-ci ildə atamı orduya çağırıblar və
İrəvanda arxa cəbhədə, 45-ci fəhlə
batalyonunda xidmət edib. İki il xidmət
etdikdən sonra ağır xəstəliyə tutulub, hospitalda
xeyli müalicə olunsa da dərdinə əlac tapa bilməyiblər
və qızdırması aşağı düşməyib.
Həkimlər əlini ondan üzüb və
1944-cü ildə ordudan tərxis edilərək evə
qayıdıb. Qatardan düşəndə
çox halsız olub, evə getməyə gücü
qalmadığından bacısıgilin qapısını
döyüb. Aclıq dövrü olub,
çətinlik olub, əsgərlər qapıları
döyüb yemək istəyirlərmiş, bibim qapını
açanda əvvəlcə atamı tanımayıb, deyib
"bir az əvvəl çörək verdim də sənə,
balalarımın boğazından kəsə bilmərəm
axı". Birdən atamın gözlərini
görüb və tanıyıb. Sonra
atamı Mir Mövsüm ağanın ziyarətinə
aparıblar, ağa əlini onun başına çəkib,
dua edib, yediyi çörəkdən bir parça verib ona,
atam qaytarıb və onunla da qızdırması
düşüb, tədricən sağalmağa
başlayıb.
"Ədəbiyyat
və incəsənət" qəzetində korrektorluq edib
- Onun
müxtəlif vəzifələrdə işlədiyini bilirik
və bu barədə bir qədər sonra söhbət edərik.
Eşitdiyimə görə, Nəbi Xəzri bir
müddət radioda diktorluq da edib.
- Bəli,
hələ Nəbi Babayev olduğu vaxtlarda ilk əmək fəaliyyətinə
diktor kimi başlayıb. Müharibədən
qayıdandan və sağalandan sonra, 20 yaşı olanda.
Bir gün qəzetdə Azərbaycan radiosuna
diktor müsabiqəsi elan olunduğunu oxuyub, müsabiqəyə
qatılıb və keçib. Azərbaycan
radiosunun ilk sədri olmuş Şəmsəddin Abbasov
atamın səsini dinlədikdən sonra ona belə poetik səslə
rəsmi xəbərləri oxumağı yox, ədəbi-bədii
veriliş aparmağı, proqram oxunuşu və qəzetlərdən
xülasələri oxumağı məsləhət bilib və
atam bir müddət radioda çalışıb. O vaxt
Xırdalandan Bakıya nəqliyyat çox çətin olub,
o, gecə saat 12-də işini bitirir, səhərə yaxın
saat 3-4 arası piyada gəlib evə çatırmış. Bu səbəbdən xahiş edib ki, səhər xəbərlərini
də oxuyub sonra getsin, yəni iki növbə işləyib.
Elə studiyada, stulların üstündə
yatırmış. Deyirdi: "Səhərə qədər
taxtabitilər məni yeyirdi. Səhər tezdən
əl-üzümü yuyurdum, radionun himni
çalınırdı, açılışı edir, xəbərləri,
xülasələri oxuyub sonra evə gedirdim". Hətta həmin dövrdə paralel olaraq "Ədəbiyyat
və incəsənət" qəzetində korrektorluq da
edib.
Bir ali məktəbə qəbul olunsa da,
üç ali məktəbdə təhsil aldı
- Azərbaycan
Dövlət Universitetinin (BDU) filologiya fakültəsində təhsilini
yarıda saxlayıb Leninqrad (Sankt-Peterburq) Dövlət
Universitetinə keçir, sonra oradan Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutuna... Bu yerdəyişmələrin səbəbi nə
idi?
- Atam iki il radioda işləyəndən sonra 1946-cı
ildə Azərbaycan Dövlət Universitetinə daxil olur və
orada bir il oxuuyub, Leninqrad Dövlət Universitetinə
keçir. Rusiya mühitində təhsil almaq
istəyir. Ola bilsin dövrün tələbinə
görə rus dilini daha dərindən öyrənmək
üçün, ya da Rusiya ədəbi mühitinə bələd
olmaq üçün gedib. Sadəcə, onu 2-ci kursa
deyil, yenidən 1-ci kursa qəbul ediblər və bir il geri düşüb. Dediyinə
görə, kursda 19 qız, bircə oğlan atam olub. Bir dəfə qızlara sataşan iki erməni ilə
möhkəm savaşıb və onlardan birini çox pis
döyüb, digəri dostunu orada qoyub qaçıb. Buna görə onu universitetdən xaric ediblər.
Dekan erməni imiş, tez rektordan atamın
qovulmasını tələb edib. Yataqxanaya
gedəndə ondan əşyalarını götürüb məkanı
təcili tərk etməyi tələb ediblər. Lakin erməni tərəfdən təhqir olunmuş
qızlar bu xəbəri eşidən kimi atamın müdafiəsinə
qalxıb, rektora ərizə ilə müraciət ediblər,
cavan bir azərbaycanlı oğlanın rus qızlarını
qorumaq üçün həyatını təhlükəyə
atdığını söyləyiblər və beləcə
atam qısa zaman ərzində yenidən universitetə bərpa
olunub. 1949-cu ildə, Leninqrad Universitetinin 3-cü kursundan
köçürülmə yolu ilə Moskvaya, M.Qorki adına Ədəbiyyat İnstitutuna
keçib. Leninqradda kurs yoldaşı olan qızlar onu yola
salarkən ağlayıb deyirmişlər ki, bundan sonra bizi kim qoruyacaq?! Ali təhsilini orada
başa vurub.
Qorki adına Ədəbiyyat İnstitutunda rəhbərlik
tərəfindən çox sevilib və onu tələbə
sovetinin sədri təyin ediblər. Hətta
rektor özü belə, yataqxanada kiməsə yer düzəltmək
üçün ona müraciət edirmiş. Moskva
mühitində özünə xeyli dost qazanıb. Rəsul Həmzətov,
Yevgeni Yevtuşenko, Yeqor İsayev, Robert Rojdestvenski ilə orada
tanış olub. Yəqin, elə
buna görə sovet dövründə rus dilinə ən
çox tərcümə olunan şairlərdən idi, rus
dilində 15 kitabı çap olunmuşdu.
Vəzifəli
adam, nüfuzlu şair
- Bir qədər
əvvəl də dedim, Nəbi Xəzri həmişə
yaxşı vəzifələrdə işləyib. AYB-nin
katibi, Radio və Televiziya Verilişləri Komitəsində sədr
müavini, Mədəniyyət nazirinin müavini və s. Az
qala Xarici İşlər Nazirliyinin gördüyü işləri
görən Xarici Ölkələrlə Mədəni Əlaqələr
Cəmiyyətinin sədri...
- Atam ali
təhsilini başa vurub Bakıya qayıtdıqdan sonra
1952-1958-ci illər arası AYB-də poeziya üzrə məsləhətçi
işləyib. 1958-1965-ci illərdə AYB-nin katibi, 1965-1972-ci
illərdə Teleradio Komitəsi sədrinin televiziya işləri
üzrə
müavini olub. 1972-1974-ci illərdə
Mədəniyyət nazirinin müavini işləyib. 1974-cü ildən isə Azərbaycanın Xarici
Ölkələrlə Dostluq və Mədəni Əlaqələr
Cəmiyyətinin sədri olub. Müstəqillik
illərində, 1992-ci ildən sonra həmin cəmiyyət
"Azərbaycan Dünyası Beynəlxalq Əlaqələr
Mərkəzi" adlandırıldı. Atam
ömrünün axırına qədər orada işlədi.
Sovet dövründə bu cəmiyyətin
çox böyük səlahiyyətləri vardı. Xaricdə Azərbaycan ədəbiyyatı və mədəniyyəti
günləri keçirirdi. Atam ildə ən
azı 4-5 dəfə xarici səfərlərə gedirdi.
Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova,
Gülağa Məmmədov kimi məşhurlarımızın
xaricdə tanınmasında həmin cəmiyyətin
böyük rolu vardı.
Müavini
DTK zabiti olan sədr
- Sizdən
bir söz soruşum... Yaxşı
xatırlayıram, o dövrdə xaricə gedib-gələn sənət
adamlarına, elm, mədəniyyət adamlarına "DTK
agenti" yarlığı
yapışdırılırdı. Çünki
deyirdilər, xaricə gedib-gələnlər mütləq
DTK-nın nəzarəti altında olurlar. Nəbi Xəzri
az qala diplomatik fəaliyyət göstərirdi,
onun da DTK ilə əlaqəsi vardımı?
- Sual
verdiz, yadıma düşdü. Bilirdik,
atamın müavinlərindən biri DTK-nın rəsmi
işçisi idi, həm atama, həm də zabit kimi öz təşkilatına
tabe idi. Yəni bunu hər kəs bilirdi,
gizli bir şey yox idi. Onun öz səlahiyyətləri,
müəyyən vəzifələri vardı və həmin
işlərə o, nəzarət edirdi. O ki qaldı sənətçilərə,
agentlikdən söhbət gedə bilməz.
- Bu məsələyə
aydınlıq gətirmək çox yerində oldu. Çünki o dövrdə xariclə əlaqəsi
olan hər kəsə "agent" damğası vurulurdu.
Buna aydınlıq gətirdiyiniz üçün çox sağ olun...
Nəbi Xəzrinin
o dövr üçün yaxşı maşınları
olub, işi-gücü, hörməti, imkanları... Yəqin, kömək istəyən insanlar da
çox idi. Hamıya kömək edə
bilirdimi? Belə köməklərin fonunda evdə
söz-söhbət yaranmırdı ki, uşaqların, ailənin
boğazından kəsir, nə qədər olar və s.
Eşitdiyimə görə, o vaxtlar rayonlardan Bakıya üz
tutan gənc qələm adamları onunla görüşmək
istəyiblər, çünki Nəbi Xəzri ilə
görüşmək yataqxana, ev, iş
tapmaq demək idi həm də.
- Onu
tanıyan hər kəs bir yana qalsın, hətta
tanımayanlara da kömək edirdi. Ailədə
buna narazı olmaq məsələsinə gəldikdə isə,
mümkün deyildi. Əvvəla biz onun
işlərinə və verdiyi qərarlara qarışa biməzdik,
çünki verdiyi qərarlar bizim üçün qanun idi.
- Mənim
də taleyimdə Anar kimi, Sabir Rüstəmxanlı, Nizami Cəfərov
kimi xeyirxah insanlar olub. Amma indi elə kişilər çox
azdır... Bildiyim qədərilə Nəbi Xəzri və digər
tanınmışlar bir şeiri, bir hekayəsi ilə ədəbiyyata
gələn gəncə dayaq durub, toyunu edib, ev
almasına, işə düzəlməsinə kömək
ediblər.
- Elədir.
Ümumi götürsək, atamın
imkanları yaxşı idi. Hər dəfə kitabı
çap olunanda xeyli qonorar alırdı və həmin pulla
heç yerdə işləməsən iki il
çox yaxşı dolanmaq və hətta gedib xarici də gəzmək
mümkün idi. Hər il Azərbaycanda və
keçmiş İttifaq respublikalarında onun bir neçə
kitabı çıxırdı. Bir kitabın
pulu ilə maşın almaq olurdu. Xatirimdədir,
o vaxt şairlər, yazıçılar korluq çəkmirdilər.
Atam dram əsərləri də yazırdı.
9 dramı, 2 televiziya filmi və 1 bədii film
ssenarisi var.
Sovet
dövrünün ən nüfuzlu mükafatlarını alan şair
- Nəbi
Xəzri sovet dövlətinin ən nüfuzlu
mükafatlarını almışdı...
- Sizə
deyim də: "Günəşin bacısı"
poemasına görə "Ümumittifaq Lenin komsomolu
mükafatı"na, "Dəniz zirvədən
başlayır" kitabına görə "SSRİ Dövlət
Mükafatı"na və "İnam" poemasına
görə "Azərbaycan SSR Dövlət
Mükafatı"na layiq görülmüşdü. 1984-cü ildə 60 illik yubileyi ilə bağlı
Əməkdar incəsənət xadimi və Xalq şairi
adları almışdı. "Lenin"
ordeni, "Qırmızı Əmək Bayrağı"
ordeni, müstəqillik dövründə "Şöhrət"
və "İstiqlal" ordenləri ilə təltif olunmuşdu.
Hətta "Lenin mükafatı"na da təqdim
olunmuşdu, amma onda ermənilər müəyyən təzyiqlər
edərək buna mane olmuşdular. Ulu öndərimiz
Heydər Əliyev atama hər zaman kömək edib, diqqətində
saxlayıb. Atam da ulu öndərimizi
çox istəyirdi. Hətta Heydər
Əliyev də atama "Lenin mükafatı" verilməsi
üçün çox çalışıb, amma artıq
o dövrdə Moskva ermənipərəst qüvvələrin
təsiri ilə idarə olunurdu və alınmayıb.
Səməd
Vurğun onun mənəvi atası idi
-
Eşitdiyimə görə, Nəbi Xəzri Səməd
Vurğunu çox istəyirmiş... Bundan əlavə,
klassiklər hesab etdiyimiz çox böyük kişiləri
görmüşdü o. Köhnə kişiləri necə
xatırlayırdı, evdə, ailədə nə
danışırdı onlardan? Və Nəbi Xəzrinin
dostları kim idi?
-
Doğrudur. Səməd Vurğuna mənəvi
atası kimi yanaşırdı. Deyirdi ki,
Səməd bütün gənc şairlərin mənəvi
atasıdır. Gənclərin şeirlərini
oxuyurdu, xoşuna gələn müəlliflə bağlı
mətbuatda münasibət bildirirdi, yanına
çağırıb qayğıları ilə
maraqlanırdı. Atamın "Söz"
şeirini oxuyandan sonra yanına çağırıb,
xeyir-dua verib, 20 yaşında onun Yazıçılar
İttifaqına üzv seçilməsinə zəmanət
yazıb. Deyirdi ki, S.Vurğunu Moskva
mühitində də çox sevirdilər, xüsusilə gənclər
həmişə onun başına toplaşırdı.
O ki
qaldı atamın dostlarına, çox idi dostları. Rəsul Həmzətovla çox yaxın idi. Rəsul əmi hər dəfə Bakıya gələndə
mütləq evimizdə olurdu. Cabir Novruzla,
Şükür Xanlarov vardı, institut müəllimi idi,
onunla yaxın dost idi. Qabil onun dostu idi. Atamın ümumittifaq mühitində xeyli dostu
vardı.
Sizə bir əhvalat danışım. SSRİ
Yazıçılar İttifaqının Pitsundada istirahət
mərkəzi vardı. 1986-cı ilin
yayında bacılarım ora dincəlməyə getmişdi.
Qaydaya görə, 3 yaşdan kiçik
uşaqların mərkəzdə qalmasına icazə
verilmirdi, buna görə məxsusi olaraq SSRİ
Yazıçılar İttifaqından razılıq almaq
lazım olurdu. Bacım belə bir problemlə
qarşılaşıb və Moskvaya, Yazıçılar
İttifaqına xəbər veriblər. Orada rəhbərlikdən
tez cavab gəlib: "Bizim Nəbi Xəzriyə hər şey
olar". Bacım danışır ki, bu
cavabı eşidəndə kövrəldim, atamla bir daha
qürur duydum.
Tüfəngi
həmişə divardan asılıb qalıb
- Köhnə
kişilər ov xoşlayırdı, nərd
xoşlayırdı. Ova münasibəti necə
idi? Səməd Vurğunu çox sevənlər, adətən,
özlərini onun həyat tərzinə kökləyirdilər...
Bir də, ailədə münasibətlər necə
idi? Sərt adama oxşayırdı elə bil...
- Yox, ovla
arası yox idi, doğrudur, tüfəngi vardı, amma
heç vaxt ova getməmişdi. Tüfəngi
divardan asılıb qalmışdı. Deyirdi
mən Allahın yaratdığına güllə ata bilmərəm.
Ailəyə çox gözəl münasibəti
vardı. Sərt olanda sərt, mülayim
olanda mülayim idi. Çalışırdıq
sərt üzünü göstərməsin bizə,
çünki xasiyyətinə bələd idik. Nəyi sevmirdisə onu eləmirdik, sözündən
çıxmırdıq. Ümumiyyətlə,
mənim cəmiyyətdə müəyyən mövqe
tutmağımda onun verdiyi tərbiyənin böyük rolu
olub. Bir sözlə, valideynlərimizdən
çox razıyıq.
- Ailədə
üç uşaq olmusuz da...
- Bəli,
iki bacı, bir qardaş. Amma, əslində, beş
uşaq olmuşuq, ikisi körpə ikən dünyadan
köçüb. Atamın "İllər və sahillər"
kitabında "İki yaşında" adlı çox təsirli
bir şeir var və ən daşürək adam
belə, onu oxuyarkən kövrəlməyə bilməz. Həmin şeiri iki yaşında dünyadan
köçmüş bacıma həsr edib. Sonra Ələkbər adlı məndən
böyük bir qardaşım da 4 yaşında vəfat edib.
- Arzu
müəllim, siz də bir vaxtlar Arzu Ələkbər adı
ilə hekayələr yazırdınız, amma sonra nəsə
davamı gəlmədi. Niyə
yaradıcılığa davam etmədiniz? İşiniz mane oldu?
-
Doğrudur, 1980-ci illərin əvvəllərində Arzu
Ələkbər imzası ilə bir neçə hekayə
yazmışdım. Sonra hiss etdim ki, məndə ciddi
yaradıcılıq damarı yoxdur. Ədəbiyyatın
içində böyümüşəm, yaxşı
yazı ilə pis yazını fərqləndirə bilirəm.
Başa düşdüm ki, bu məndə
yaxşı alınmır, ona görə də davam etmədim
və düşünürəm ki, düz eləmişəm.
Ola bilsin, Nəbi Xəzrinin oğlu kimi müəyyən
qədər tanına bilərdim, amma elə olmasını istəmədim.
- Dediyiniz
kimi, onun bütün ittifaqda dostları çox olub. Elə bizdə də. Onun
dostlarının övladları ilə münasibəti davam
etdirə bilirsinizmi?
- Təəssüf
ki, yox. SSRİ dağıldı və dəyərlər
itdi. Sərhədlər çəkildi,
qapılar bağlandı. Artıq əvvəlki
kimi münasibətləri davam etdirmək mümkün
olmadı. Arabir Rəsul Həmzətovun
qızı ilə əlaqə saxlayıram. Qabilin oğlu Mahirlə dostuq. Bəxtiyar
Vahabzadənin oğlanları ilə hər dəfə məmnunluqla
görüşürük. Cabir Novruzun
oğlanları ilə dostluq edirdik, təəssüf ki,
üçü də dünyadan vaxtsız getdi.
Ölümündən
əvvəl ailə üzvlərini başına toplayıb
şeir oxudu
- Nəbi Xəzri 2007-ci ildə dünyasını dəyişdi. Nə oldu?
Ölüm səbəbi nə idi? Ömrünün son günlərini necə
xatırlayırsız?
- İnsultdan dünyasını dəyişdi, atam. Əvvəlcə
bir tərəfi işləmədi. Nitqini
də itirdi. Heç nə danışa
bilmirdi, bircə "istəmirəm" deyirdi. Həkim iynə vuranda, istəmirəm deyirdi. Bir müddət evdə müalicə aldı, sonra
dövlət onun Mərkəzi Klinik Xəstəxanada
müalicə olunmasını təmin etdi. Xəstəxanaya gedən kimi komaya düşdü və
3-4 gündən sonra, 2007-ci ilin 15 yanvarında
dünyasını dəyişdi.
Ömrünün
son günlərini soruşursuz... Qəribədir,
nitqi tutulana qədər bizi başına toplayıb
ağlaya-ağlaya şeirlərini oxudu bizə. Elə bil öz yaradıcılığına son dəfə
səyahət edirdi. Kiçik insult keçirmişdi o
vaxt. Atam 78 yaşına qədər çox
sağlam idi, hətta saçlarına dən də çox
düşməmişdi, qəfil qocalıq yaxaladı onu.
2002-ci ildə ilk dəfə xəstələndi,
müalicə aldı, sağaldı, amma daha əsa ilə gəzirdi.
Hətta "Ayaqlarım" adlı şeir də
yazmışdı.
"Mən
dünyanı addım-addım dolaşmışam,
İndi baxmır sözlərimə ayaqlarım.
Çay keçmişəm, göl üzmüşəm,
dağ aşmışam.
Həsrət
qalıb izlərimə ayaqlarım...".
- Nəbi Xəzrinin mobil telefon nömrəsini öz telefonunuzun
yaddaşından silməmisiz ki, hələ?
- Təəssüf
ki, silmişəm. Çünki nömrə
başqasının adına idi və sonra
həmin adamı tapa bilmədim. Amma atamın
işlətdiyi mobil telefonu "Ədəbiyyat muzeyi"nə
vermişəm.
O
dünyadan zəng gəlsə...
- Bir də
sizə bir sentimental sualım olacaq. Bilirəm,
polis zabitisiz, daha çox reallıqlara inanırsız, amma
tutaq ki, mistik bir hadisə baş verir və telefonunuza
tanımadığınız nömrədən zəng gəlir.
Yaşıl düyməni basıb cavab verirsiz və onun
doğma səsini eşidirsiz... Nə baş verərdi?
Nə deyərdiz ona?
- (Pauza yaranır) Çətin sual oldu. Çox
çətin sual oldu. Elə bir vəziyyəti
yaşamadan nəsə demək çətindir. Amma bir dəfə atamı yuxuda çox canlı
gördüm. Yuxuda sevinirdim ki, atam
sağdır. Adam çox vaxt yuxuda yuxu
gördüyünü bilir. Amma bu fərqli
yuxu idi. Onu qucaqladım, hərarətini, nəfəsini
hiss etdim. O isə danışmırdı, üzümə
baxıb gülürdü. Sizin suala cavab verməyə
isə çətinlik çəkirəm. Yəqin,
telefonda səsini eşitsəm, əlbəttə, əvvəlcə
çaşıb qalaram, sonra özümü toplayıb, sadəcə,
vaxtı uzatmağa, onun mənimlə daha çox
danışmasına şərait yaratmağa
çalışaram...
Söhbətləşdi:
Əyyub QİYAS
Ədəbiyyat qəzeti.- 2020.- 22 fevral. S. 16-17.