Moskva dostlarım haqqında

 

"Mən" olmağın tarixçəsindən

 

Sözsüz, Moskvada mənim otağıma yığışan dostlarımın məclisində əsas ifadəli, gülməli olaylar, söhbətlər qızlarla olan sərgüzəştlər idi, əsas qəhrəmanlardan biri də mən. Hərçənd deyə bilmərəm ki, məndən ötrü ölən qıza rast gəlmişdim. Məni bəyənənlərin heç biri mənim dəlim deyildi. Hərçənd çevrəmdəkilərdən kimin dəlisi vardı ki?! Heç birimiz qızların ağlını başından çıxaran oğlan deyildik, bircə Rəşiddən başqa. Nataşa ölürdü ki, Rəşid onunla evlənsin. Qız da Rəşid kimi hündür və yaraşıqlı idi. Bədəni seksual doluluqda idi. Rəşid müğənni Alsunun oğlan variantı idi. Babat gitara çalırdı. Fəlsəfə fakültəsində necə oxuyurdu, Allah bilir. Çox vecsiz, ancaq yaman yaxşı oğlan idi.

 

Rəşid mənim yanımda Barbara adında göyçək balacaboy alman qızı ilə tanış olub yaxınlaşandan sonra Nataşadan soyudu. Qız, görünür, məni bizim azəri dəstəsinin ağsaqqalı sayırdı, onun üçün şikayətə gəldi ki, Rəşid məni atıb. Mən də mənasız sözlərlə ürək-dirək verdim. Əslində, Rəşid ona evlənib Slovakiyaya getsəydi, bəlkə daha yaxşı olardı. İndi Bakıda yaşayır, kök və ahıl bir adam olub.

 

Universitetdə almansifət sarı saçlı, dombagöz, avropalı gözü üçün yaraşıqlı olan bir rus oğlanla dostluq edirdim, Adıgey Muxtar Respublikasından gəlmişdi. O mənə "Sokoloviç" deyirdi, mən də bundan ləzzət alıb ona Sokoloviç deyirdim. Bu jarqon xəstəliyinə məktəbdən tutulmuşdum. Məktəbdə uşaqlıq dostum Akiflə başlamışdım "manıs" sözünü işlətməyə. Musiqiçilər dünyasından kişini bildirən "manıs", qızı bildirən "civi", pulun olmadığını bildirən "kəlvə buğur" deyimləri Akiflə mənim dilimə düşmüşdü. Özü də "manısı" mən "maans" kimi deməkdən ləzzət alardım. Bu sözləri biz ezoterik dildə danışmağın ləzzəti ilə bir-birimizə deyirdik. Moskvada "Sokoloviç"də belə söz oldu. Bu Sokoloviçlə mənim dostluğum qəribə idi. Qafqazdan olmağımız bəlkə də öz təsirini göstərmişdi. İkimiz də Don Juanlıq üstündə birləşmişdik. O da fəlsəfədə aspirant idi. Qəribə yerişi, oturuşu vardı, qız incəliyində, bilməyənlər geyə oxşadardılar. Bir dəfə səhər otağına gələndə gördüm ki, başında biqudilər var, gülmək məni tutdu. O, pərt olub dedi ki, Sokoloviç, indi hamı belə edir. Sarı uzun saçları vardı, rus, alman, macar qızları üçün doğrudan da yaraşıqlı idi.

 

Bizim dəstədə bir "anton" da vardı, Mirdamət Seyidovun oğlu Artur. Anası serb idi, azəricən bilməsə də, bir az başa düşürdü. Ancaq o da millətçi olmuşdu, yanımızda fırlanırdı. Evlənib Çexoslovakiyaya köçdü və gənc vaxtında hansı xəstəlikdənsə rəhmətə getdi. Zahid Orucovun oğlu da tez rəhmətə getdi. Bu sağlam görünən yaraşıqlı gənclərə baxanda 68 il yaşadığımdan necə nankor ola bilərəm.

 

Mirdamət Seyidov Mehdi Hüseynzadə ilə partizan hərəkatında olmuşdu. Deyəsən, sonralar KQB ajanı kimi xaricə gedib-gəlirdi. Xanımım Dilarənin dayısı Əhməd davadan sonra Almaniyada qalmışdı. Deyirlər, arvadı italyan qızı imiş. Həmin bu Mirdamət onu da tanıyırdı və hər gələndə Dilarənin nənəsinə ondan danışırdı. Bir dəfə arvada söylədi ki, Əhməd deyir, daha bizə gəlmə, səndən sonra gizli xidmətlər maraqlanırlar, mənə problem yaranır. Əhmədlə ilgili çox nəsnə qaranlıqdır. Dilarəgilin xatirəsində o, igid, əla oğlan kimi qalıb. Ailəsinə bağlı adam imiş. Bəs nədən davadan sonra anasına, bacısına xəbər göndərmədi, niyə 60-cı illərdə yumşalma yarananda yenə xəbər göndərmədi?

 

Görün adi yaşayışla yaşamış "Niyazi" adında adamın yaşamında nə qədər adi olmayan adamların, olayların çarpazlaşması baş verib. Bunun mistikasını duyuram, ancaq onu başqalarına anlatmaq üçün həmin adamları maraqlı modelin şəbəkəsinə (toruna) düzməyim gərək. Elə belə danışanda isə adi görünür. Bir az da anladım. Mən hələ Dilarəni tanımırdım ki, onunla evlənim. Onun dünyasında itkin düşmüş Əhməd vardı ki, bütün vaxtı anası, nənəsi, bacısı uşaqları üçün müqəddəs xatirə idi. Bütün bunları bilməyən mənim yanıma Moskvada Artur gəlirdi. Onun atası Mirdamət isə 50-ci illərdə Dilarənin nənəsi Leyla arvada oğlundan danışırdı.

 

***

 

Sözsüz, məhz Moskvada tanıdığım dostlarım arasında iki nəfər hamıdan yaxın və əziz idi. Biri Əli idi. Məktəbi bitirən kimi Gəncədən gəlmişdi və Bakı haqqında heç bir təsəvvürü yox idi. Orada rusca oxumuşdu, dil problemi yox idi. Adətən, belə oğlanlar Bakıdan olurdular. Heç cürə öyrəşə bilmirdim ki, Gəncədən olasan, ancaq əyalət gəncinə yox, Bakı gəncinə oxşayasan. Çox zirək atası vardı, dekan olduğu üçün pullu idi. Əlini korluq çəkməyə qoymurdu, ancaq elə tərbiyə vermişdi ki, pul məsələsində Əli tələfxərc deyildi. Aspiranturanın axırıncı ilində palto almağa pulum olmayanda onun çamadanındakı paltonu geyməyə başladım: paltonu çox ucuz qiymətə almışdı, şinelə oxşayırdı.

 

Moskvada yemək rasionum çox kasad idi. Yeməkxana yeməyi bezdirdiyi üçün tez-tez leço ilə yumurta bişirib çoxlu çörəklə yeyirdim. Macar dükanı vardı, "Balaton", Əliylə, Zeynalla bəzən ora gedib paltar və ya yeməyə konservlər alırdıq, təbii, böyük növbəyə durmaqla. Məktəbdən təzə ayrılmış Əli üçün mən, yəqin, xasiyyətimə görə çox maraqlı idim, zarafatlarıma ürəkdən gülürdü. Onun əla şahmat oynaması vardı.

 

O biri əziz dostum Zeynalla, dedim ki, bizi güclü millətçilik, türkçülük və anti-sovetizm birləşdirirdi. Zeynalın nəzakət göstəricisi kimi qızbibi danışığı vardı. Uzun sürə bu səsə öyrəşə bilmirdim. Axırda dedim ki, sənin normal seksual orientasiyana quşqu yaradan bu səsin dəyişməlidir. İndən belə sən kimlə bu səslə danışsan, mən hö-hö eləyəcəm ki, səsindən nəzakət incəliyini götürəsən. Elə də eləyirdik.

 

Zeynal bir ara məndə aldanış yaratmışdı ki, xətrimi o qədər çox istəyir, məni o qədər çox sayır ki, xoşuma gəlməyən davranışdan çəkinər. Bir dəfə nəsə ciddi məsələ ilə bağlı səhər saat 10-da otağıma gəlməliydi. Bizdən bir mərtəbə yuxarıda yaşadığından bu, problem olmamalıydı. 3 saat gözlədim, sonra gəldi. Bəlli oldu ki, yuxusuz olub (Moskvada onun əsas şikayəti yuxusuzluq idi). Gecikdiyindən utandığı üzündən, sözündən görünmürdü, elə bil heç nə olmamışdı. Bundan bildim ki, Zeynalın utancaq gənc imici görüntüdür. Ancaq ilişkilərimiz, doğrudan da, böyük-kiçik qardaş ilişkiləri idi. O, qızların xoşuna gəlsə də, qızları əldə etmək üçün heç nə etmirdi (Bakıda qalmış sevgilisi Sevdaya sadiq qalmaq istəyirdi). Onu hamı çox istəyirdi. Elə Moskvada Kamalın da yaxın dostu oldu.

 

Yaraşıqlı bir oğlan olan Zeynal söhbətdə hər nəsnədən xəbəri olan erudit təsiri bağışlayırdı. Mənə təsiri rus poeziyası ilə, konkret desəm, Voznesenskini sevməsi ilə oldu. Rus dilini pis bilməsəm də, Puşkindən savayı rus şairləri məndə sarı simi tərpətmirdi. Zeynalın etgisi ilə dəyişdim. Mənim ona təsirimsə, düşünürəm, yazdığı məqalələrin dili ilə bağlı oldu. Azəricən bir yazısını mənə oxudu, səliqəli, hamar, ritorik ruhlu əlaçı yazısı. Dedim, Zeynal, ayıbdır belə hamar, əlaçı yazısını yazmaq. Məncə, bu sözlərdən sonra üslubunu dəyişdi.

 

Sonralar eyni iradı tələbəm olmuş Aydın Talıbzadəyə də söylədim. O da əlaçı tələbənin üslub qəliblərində yazısını mənə gətirmişdi. İradımdan sonra üslubunu deyişdi. İlginci odur ki, bu iki istedadlı gənc elə bil himə bənd imiş. Birinci tənqiddən onunla öcəşmədən öz üslublarını tapdılar və ikisinin də üslubu çağdaş Azərbaycan söyləm (narrasiya) kültüründə örnəksəldir.

 

Zeynal mənim qızlarla sərgüzəştimə ləzzətlə baxırdı, hətta bir az bununla öyünürdü də. Sonralar yaşlı vaxtımızda Bakıda "Kolxoz" dediyimiz məclisdə toplaşanda Qulu Məhərrəmliyə, İlhama, Şahbaza bəndənizin qızlarla bağlı macəralarından danışanda mən qadınların sevimlisi, parlaq və uğurlu Don Juan kimi alınırdım. Bilmirdim, mənim yadımdan çıxardığım uğurlarımı yadıma salır, yoxsa mənim imicimi yaratmaq üçün şişirdir. Özünü içəridən görməklə dişarıdakılara necə görünməyin arasında dəhşətli uçurumu belə hallarda duyursan. İndi də qanammıram, içəridən özümə baxanda yanlış olaraq yaxşı sifətləri özümdə az görürəm, yoxsa qıraqdan baxanlara yaxşı görünməyim gerçəyə uyğundur?

 

Moskvada azərilərin qızlarla bağlı sərgüzəştlərindən bir parlaq səhnəni bir dostum mənə söyləyib. Deyir ki, taksi ilə qadınla görüşə tələsirdim. Sürücü gürcü idi. Soruşdu kimlə görüşürsən, filan? Düşüb qadının yanına gələndə gördüm gürcü arxamda durub. Demə, qadının əri imiş. Birtəhər aralanıb getdim. Sabahı gözümü açıram, görürəm, gürcü başımın üstündə durub. Başladı soruşmağa, "zemlyak", sənin mənim arvadımla "yaxınlığın" olub? Dedim sən nə danışırsan?! Yox, işlə bağlı ona sözüm vardı.

 

 

Niyazi Mehdi

Ədəbiyyat qəzeti.- 2020.- 22 fevral. S. 19.