Dilin tarixi

 

Dilin, eləcə də ayrı-ayrı dillərin tarixi xarici, yaxud diaxron dilçiliyin ən mühüm məsələlərindən biri olmaqla yanaşı, F.de Sössürün dediyi kimi, həm də hər cür "cəfəng ideya"nın nəinki asan yol tapdığı, eyni zamanda uzun müddət meydan suladığı bir sahədir. Burada dilin ilahi mənşəyindən başlamış onun heyvan dilinin təkamülü nəticəsində təşəkkül tapmasına, bir tərəfdən, diferensiasiyanın, digər tərəfdən isə, inteqrasiyanın məhsulu  olmasına qədər ən müxtəlif mülahizələrə rast gəlmək mümkündür.

 

Dil tarixinin uzun zaman ən cəlbedici məsələsi, görünür, dilin ümumiyyətlə mənşəyi problemi olmuşdur ki, həmin problemin həlli istiqamətində göstərilən cəhdlər bugünə qədər öz aktuallığını heç də tamamilə itirməyən bir sıra nəzəriyyələrin yaranmasına gətirib çıxarmışdır: ilahi nəzəriyyə, əmək nəzəriyyəsi, səs təqlidi nəzəriyyəsi, nidalar nəzəriyyəsi və s. Bu nəzəriyyələr bütövlüklərində olmasa da, təfərrüatlarından gələn müəyyən arqumentlərlə problemin mahiyyətinə işıq salmaqdadır. Lakin dil haqqındakı elmin tarixi deməyə əsas verir ki, dilin mənşəyi probleminə maraq get-gedə o dərəcədə azalmışdır ki, bu gün bu barədə ciddi elmi kontekstdə hər hansı mühakimənin yürüdülməsinə ümumən rast gəlinmir. Və hətta çoxdandır ki, bir sıra nüfuzlu dilçilər həmin problemə toxunmağı belə artıq hesab edirlər.

 

Məsələ burasındadır (və yuxarıda adı çəkilən nəzəriyyələr də bunu sübut edir) ki, dilin mənşəyi barədə az-çox mükəmməl fikir söyləmək təşəbbüsləri özünün diaxron dilçilik təzahürlərində də, dil haqqındakı elmin hüdudlarından xeyli kənara çıxdığına görə burada həmin elmin mövqeyindən təəssübkeşlik edib gələcək kəşflərin obyekti olacağı ümidlə ona yiyə durmaq da get-gedə maraqsızlaşır.

 

Dilin hər hansı üsulla yaranmasından sonra donuq bir hadisə olmayıb inkişaf etməsi ideyasını sistemli şəkildə ilk dəfə müqayisəli dilçiliyin yaradıcıları irəli sürmüşlər. Onların qənaətlərini ümumiləşdirməklə yanaşı, öz naturalist görüşlərilə də "zənginləşdirən" Avqust Şlayxer yazır:

 

"Birbaşa müşahidələrdən bizə aydındır ki, dillər yaşadıqca dəyişir və həmin müşahidələr üçün verdiyi faktlara görə biz yalnız yazıya borcluyuq.

 

Əgər bu vaxta qədər yazı icad edilməsəydi, ehtimal ki, heç zaman dil araşdırıcılarının ağlına da gəlməzdi ki, müxtəlif dillər, məsələn, rusca, almanca və fransızca eyni bir dildən törəmişlər".

 

Əlbəttə, müqayisəli dilçiliyin yeni metod kəşfindən irəli gələn eyforiyanın nəticəsi olan bu müddəa "yazısı olmayan dillərin tarixi yoxdur" kimi metafizik (və absurd) bir qənaətə gətirib çıxarsa da, bu günə qədər öz nüfuzunu saxlamaq üçün xeyli böyük imkanlara malikdir. Məsələn, ortaya çıxarılan qədim mətnlərin (deyək ki, Şumer mətnlərinin) dil mənsubiyyətini təyin etmək üçün hələ ki başqa heç bir metoda əsaslanmaq mümkün deyil.

 

Lakin dillərin tarixinin öyrənilməsində naturalist baxışlar artıq çoxdan dil nəzəriyyəsinin arxivinə verilmişdir.

 

A.Şlayxerin istər dilin mənşəyi, istərsə də ümumən tarixi barədəki mülahizələri, məlum olduğu kimi, bir tərəfdən, müqayisəli dilçilik klassiklərinin həm genealoji, həm də tipoloji istiqamətdəki qənaətlərinə, digər tərəfdən isə, Ç.Darvinin təkamül nəzəriyyəsindən irəli gələn universal prinsiplərə əsaslanır. Görkəmli dilçi yazır ki, "biz bütün dillərin eyni bir mənşədən gəldiyini qəbul edirik. Elə ki, insan səs mimikasından və səs təqlidindən, artıq mənası olan səslərə yol tapdı, bu sonuncular hələ hər cür qrammatik mənadan uzaq sadə səs formaları idi. Lakin həm təşkil olunduqları səs materialına, həm də ifadə etdikləri mənaya görə dilin bu sadə başlanğıcları müxtəlif insanlarda fərqli idi ki, həmin başlanğıclardan inkişaf edən dillərin fərqliliyi ilə sübut olunur. Ona görə də biz ibtidai dillərin hədsiz çox olduğunu güman etməklə yanaşı, onların hamısı üçün eyni formanın mövcudluğunu qəbul edirik".

 

Doğrudur, görkəmli dilçinin dillə təbiətin təkamülü prosesinin eyni qanunlar əsasında getdiyi üzərində israr etməsi artıq çoxdandır ki, böyük şübhə doğurur, lakin məsələ burasındadır ki, həmin israrlıq kifayət qədər ciddi analogiyalara əsaslanmaqla bir çox hallarda istər dilin mənşəyi, istərsə də ümumən tarixi barədə tamamilə sağlam düşüncə üçün geniş meydan açır:

 

"Biz bitki və heyvan orqanizmlərinin mənşəyini də müəyyən dərəcədə eyni şəkildə təsəvvürə gətiririk. Onların ümumi ilkin forması dillərə münasibətdə sadə kök olduğu kimi, ehtimal ki, sadə hüceyrədir. Heyvan və bitkilərin sonrakı həyatının ən sadə formaları olan hüceyrələri, nəticə etibarilə, görünür, həmçinin sadəliyin çoxluğu kimi təsəvvür etmək lazım gəlir. Eynilə planetimizin həyatının müəyyən dövründə dillər sahəsində biz çoxsaylı sadə səslərin mənaları ilə birlikdə eyni zamanda təzahürünü mümkün hesab etdik. Üzvi həyatın hələ nə heyvan, nə də bitki adına iddialı olmayan bu ilkin formaları sonralar müxtəlif istiqamətlərdə inkişaf etmişdir. Dillərin kökləri də həmin şəkildə".

 

Göründüyü kimi, burada dilin mənşəyi heç də üzvi aləmin - heyvanların və bitkilərin həyatı ilə eyniləşdirilmir və burada söhbət ancaq analogiyadan və ya müqayisədən (bənzətmədən) gedir:

 

"Dillərdə nisbətən az sayda əhalinin danışdığı qədim zamanlarda dillərin formalarının ölüb getməsi, ola bilsin ki, müqayisəyəgəlməyəcək qədər yüksək dərəcədə olmuşdur. Lakin məsələn, hind-germanca kimi daha mütəşəkkil dillər... çoxdan mövcud olmalı idilər... Və beləliklə, dil orqanizmlərinin yoxa çıxması dövrü və onun ilkin şəraitinin dəyişməsi üçün olduqca böyük zaman məsafəsi, ola bilər, bir neçə on min il ehtimal etməyimiz lazım gəlir. Bu, böyük zaman aralığında, görünür, dillərin indiyə qədər mövcud olanlardan daha çox cinsləri yox olmuşdur... Həmin cür prosesi Darvin "mövcud olmaq uğrunda mübarizə" adlandıraraq bitki və heyvan səltənəti üçün qəbul edir. Üzvi formaların çoxu həmin mübarizədə məhv olmalı və öz yerini sayca nisbətən az olan seçilmişlərə verməli idi".

 

Dilin tarixi məsələsinə Vilhelm fon Humboldtun münasibəti, bütün digər hallarda olduğu kimi, dərin fəlsəfi mündəricəsilə seçilir:

 

"Əlbəttə, dil insan təbiətinin elə dərinliklərindən doğur ki, onda heç vaxt düşünülməmiş yaradıcılığı, xalqların icadını görmək olmaz. Ona bizim üçün aydın olan, ancaq öz mahiyyətinə görə izah olunmayan özfəaliyyət başlanğıcı xasdır və bu planda o, heç də kiminsə fəaliyyətinin məhsulu deyil, ruhun qeyri-ixtiyari emanasiyasıdır; xalqların icadı deyil, onlara qismət olmuş qabiliyyətdir, onların daxili taleyidir".

 

Və əlavə edir:

 

"Hər halda dillər, görünür, həmişə onları daşıyan xalqın tərəqqisi ilə eyni zamanda inkişaf edir, onların dilə bəzi məhdudiyyətlər qoyan mənəvi xüsusiyyətindən toxunmuşdur".

 

Dahi dilçi-mütəfəkkir ruh-xalq-dil əlaqəsində dilin inkişafını qəbul edir, ancaq onun mülahizələri həmin inkişafın bu əlaqədən nə şəkildə asılı olduğunu anlamağa kifayət etmir.

 

V.fon Humboldt göstərir ki, "xalqların dillərə müncər edilən vəziyyəti tayfa fərqlilikləri üçün olduqca yüksək və mükəmməl göstəricidir. O, nisbətən böyük sayda xalq kütləsinin varlığını nəzərdə tutur ki, dillərin öz mükəmməlliyinə çatması üçün zəruridir. Bu zənginliyin əsasında kasıblıq dayanır. Və bizim mənşəyimiz oradan gəlir... O, çoxlu kiçik insan cəmiyyətlərinə üstünlük verir ki, dillər üçün təşəkkül tapmaq asan olsun".

 

Bu isə o deməkdir ki, ibtidai dillərin meydana çıxması nə qədər bəsit ünsiyyət imkanlarından və ya texnologiyalarından başlasa da (biz bunu inkişaf etmiş dillərin tarixi dialekt başlanğıclarında müşahidə edirik), "böyük sayda xalq kütləsi"nin dil təcrübəsində artıq həmin bəsitliyə rast gəlinmir.

 

V.fon Humboldt yazır:

 

"Hər hansı dil öz mənbələrindən nə qədər uzaqlaşırsa, onun forması da o qədər mükəmməlləşir... Ardıcıl işlədilmə söz birləşməsinin elementlərini daha sıx qovuşdurur, onun ayrı-ayrı səslərini cilalayır, nə zamansa müstəqil olmuş formanı daha tanınmaz edir. Və mən belə bir əminlikdən imtina edə bilmərəm ki, hər halda bütün dillərin əsasında, başlıca olaraq, aqlütinasiya dayanır".

 

Və dahi dilçi-mütəfəkkirin bu qənaətinə F.de Sössürün münasibəti olduqca konkretdir:

 

"Aqlütinasiya ondan ibarətdir ki, ilkin olaraq ayrı, lakin cümlə daxilində bir sintaqmda tez-tez qarşılaşan iki və ya daha çox söz tamamilə, yaxud demək olar ki, tamamilə təhlilolunmaz vahiddə qovuşur. Aqlütinasiya belə bir prosesdir - biz üsul yox, proses deyirik - ona görə ki, üsul sözündə iradə aktı, əvvəlcədən qarşıya məqsəd qoyma təsəvvürü olduğu halda, aqlütinasiyanın səciyyəvi cəhətlərindən biri məhz məqsədliliyin olmamasıdır".

 

F.de Sössür fransız dili materialı əsasında qrammatik quruluşun tarixinin üç mərhələsini müəyyən edir:

 

"1. Bir neçə elementin bir sintaqmda birləşməsi.

 

2. Aqlütinasiyanın özü, yəni sintaqmatik elementlərin sintezindən yaranmış hansısa yeni vahid. Həmin sintez mexaniki meyil sayəsində öz-özünə baş verir...

 

3. Əvvəlki birləşməni vahid sadə sözə çevrilməyə daha çox qabil olan bütün başqa dəyişmələr - bir neçə vurğunun bir vurğuyla əvəzlənməsi...".

 

Dahi dilçi göstərir ki, aqlütinasiyadan fərqli olaraq "analogiya bir üsul kimi təhlil və birləşməni, əqli fəaliyyət və məqsədyönlülüyü nəzərdə tutur".

 

Göründüyü kimi, qrammatik strukturun inkişafı sintaqmatika ilə paradiqmatikanın "dialoq"unda müəyyən olunur, yəni dil vahidlərinin sıralanması onların daimi təkrarı ilə "sıxılır". Və sintaqmatika, tamamilə təbii olaraq, paradiqmatikanın (assosiativ dil təfəkkürünün) elə bir təsir dairəsinə düşür ki, bunsuz onun heç bir "flektiv dəyər"i olmazdı. Yəni bu ona oxşayır ki, bütün bağlarda alma bitə bilər, lakin aqrotexniki qaydada qulluq edilmiş bağın alması, yəqin ki, müəyyən dövrdən sonra "cır" almadan fərqlənəcəkdir.

 

V.fon Humboldt bu inkişafı fərdlərin istedadına həvalə etməkdə olduqca haqlı görünür:

 

"Qrammatik münasibətlərin ayrı-ayrı, az-çox müstəqil elementlərindən təşkil olunmuş işarələnməsinə baxdığımız miqyasda biz deyə bilərik ki, danışan hazırda mövcud formalardan istifadə eləməkdən daha çox, hər bir məqamda özü yeni formalar yaradır. Bunun sayəsində formaların həddindən artıq rəngarəngliyi meydana çıxır, çünki insan ruhu öz təbii xüsusiyyəti etibarilə mükəmməlliyə can atır".

 

Ümumiyyətlə, dil tarixinin "fəlsəfə"si barədə V.fon Humboldtun görüşlərində metafizika ilə dialektikanın bir-birini əvəz etməsinin şahidi oluruq ki, bu, dahi dilçi-filosofun həmin görüşlərinə nə qədər mücərrədlik gətirsə belə, dilin həyatına münasibətdə sinxroniya ilə diaxroniyanın vəhdətini anlamağa özünəməxsus bir şəkildə təkan verir.

 

V.fon Humboldta görə, dilə "insana bilavasitə verilmiş hadisə kimi baxmaq lazımdır, yoxsa onu insan düşüncəsinin şüurlu yaradıcılığı ilə izah etmək mümkün deyil. Əgər bu zaman dilin yaranmasını çox minillər geri çəksək də biz heç nəyə nail olmayacağıq. Əgər onun tipi artıq insanın dərrakəsinə qoyulmasaydı, dili uydurmaq olmazdı. İnsanın heç olmasa bir sözə sadəcə hissi impuls kimi deyil, anlayışı işarə edən üzvlərinə ayrılmış səs kimi nail olması üçün bütöv dil ona tamamilə və özünün hər cür qarşılıqlı əlaqələri ilə bütünlüklə verilməli idi".

 

Əlbəttə, güman etmək olmaz ki, burada istər strukturca, istərsə də xalqın (cəmiyyətin) ruhi aləmi ilə münasibətdə dilin tarixi, yəni onun inkişaf təmayülləri bütünlüklə inkar edilir, lakin fakt faktlığında qalır ki, dahi dilçi-mütəfəkkir özünün bütün tarixi təzahürlərində dili keçmişindən və gələcəyindən asılı olmayan metafizik bir bütöv olaraq görür. Yəni dilin inkişaf tarixinin olmasının onun mahiyyətinə dəxli yoxdur.

 

Əslində, dil nəinki inkişaf edir, eyni zamanda belə bir inkişaf üçün əvvəlcədən kifayət qədər əlçatan texniki parametrlər də müəyyənləşdirir.

 

V.fon Humboldt yazır:

 

"Dil əvvəlcə predmetləri işarələyən və düşünən subyektə həvalə edir ki, nitqi əlaqələndirən formaları özündən uydursun.

 

Ancaq dil söz sırası, əşya və predmetləri işarələyib, münasibət və formaları göstərmək üçün irəlicədən nəzərdə tutulmuş sözlərin köməyi ilə həmin uydurmanı asanlaşdırmağa cəhd edir".

 

Odur ki, dahi dilçi-mütəfəkkir dilin amorf quruluşundan aqlütinativ quruluşuna, oradan da fleksiyaya keçiddə bir inkişaf-təkamül qanunauyğunluğu görür.

 

Dilə tarixi yanaşmada gənc qrammatiklər yalnız öz sələflərindən kəskin şəkildə fərqlənməklə kifayətlənməyib, eyni zamanda müsair dilçilikdə də aparıcı olan tarixizm prinsiplərini formalaşdırmışlar.

 

Gənc qrammatiklərin ümumi mövqeyini ifadə edən German Paul yazırdı ki, "bəşər mədəniyyətinin hər hansı məhsulu kimi dil də tarixi baxışın predmetidir". Və onun məşhur "Dil tarixinin prinsipləri"ndə diqqəti cəlb edən əsas məsələ deduktivlikdən induktivliyə, ümumi fəlsəfi mülahizələrdən emprik qənaətlərə keçiddir.

 

Hətta G.Paul dil tarixində, yəni dilin inkişafında və ya dəyişməsində, məsələn, təbiətşünaslıqda, yaxud texniki elmlərdə olduğu kimi, xüsusi qanunların mövcudluğunu da qəbul etmir. Onun fikrincə, burada söhbət yalnız müəyyən ardıcıllıqdan, yaxud prinsiplərdən gedə bilər (odur ki, kitabının adında da məhz "prinsiplər" sözü yer alır). Səbəbi də odur ki, "yer üzündə nə qədər fərd varsa, o qədər də dil var", yəni hər bir fərd (onun okkozional təşəbbüsü) dildə "müəyyən çərçivə"də elə dəyişmələr törədir ki, ilkin təsadüfiliyinə baxmayaraq tədricən ardıcıllıq əldə etməklə dilin bütün həyatına təsir göstərir. Və "Dil tarixinin prinsipləri" müəllifi dilin bütövlükdə sisteminin deyil, yalnız ayrı-ayrı elementlərinin tarixi barədə bəhs etməyin mümkünlüyünü qəbul eləməklə, əslində, dil sisteminin sinxronluğu ideyasına gəlib çıxır.

 

Gənc qrammatikləri bir də ona görə "atomizm"də tənqid edirdilər ki, onlar ayrı-ayrı dil hadisələrinin emprik xüsusiyyətlərinə nə qədər həssas olsalar da, bütövlükdə sistemə "laqeyd" qalmışlar. Lakin bu, dilin mahiyyətini anlamaq üçün diaxroniya "atomizm"i ilə sinxroniya "sistemi" arasındakı fərqin F.de Sössürə qədər düzgün anlaşılmamasından irəli gələn bir yanlışlıq idi.

 

Dilin tarixi problemi, görünür, dillərin tarixi problemindən heç vaxt kənarda düşünülə bilməz. Hər şeydən əvvəl ona görə ki, dillər həm genetik, həm də tipoloji baxımdan bir-biri ilə fövqəladə dərəcədə bağlıdır.

 

Dil (və dillər), prinsip etibarilə, nə inteqrasiya, nə də çarpazlaşmanın deyil, məhz diferensiasiyanın məhsuludur. Bu isə o deməkdir ki, istənilən dilin tarixində onun ayrıldığı mənbə dil bilavasitə iştirak edir. Və bu iştirak tədricən baş vermiş dəyişmə-yayınmaların yaratdığı özünəməxsus mühitdə baş verir ki, dilləri ümumi əcdadlarından fərqləndirən də həmin dəyişmə-yayınmalardır.

 

Belə bir təsəvvür var ki, dilin tarixini dildaxili amillərlə yanaşı, dilxarici amillər də yaradır ki, buraya coğrafi, siyasi və mədəni-intellektual xarakterli, çox zaman sıx qarşılıqlı əlaqələrdə mövcud olan rəngarəng hadisələr polifoniyası daxil edilir. Məsələnin mahiyyəti isə bundan ibarətdir ki, istər coğrafi, istər siyasi, istərsə də mədəni-intellektual (xüsusilə dini) amillər bu və ya digər dil təzahürünü ədəbi səviyyəyə yüksəldə, ona digər qohum, yaxud qohum olmayan təzahürlərlə müqayisədə xüsusi status verə, hətta xalq dilinin aristikratik fövqünə ucalda bilər, lakin heç bir dilxarici amil mövcud dilin nə strukturunu dəyişə, nə də yeni dil yarada bilməz. Ona görə də, məsələn, Azərbaycan, rus, ingilis ədəbi dillərinin tarixi "dil tarixi" anlayışına daxil olmayıb, əslində, Azərbaycan, rus və ingilis xalqlarının ümumi tarixində müvafiq dillərin göstərdikləri (və eyni zamanda göstərməli olduqları!) xidmətlərin tarixidir ki, çox zaman başqa dillərlə sıx qarşılıqlı əlaqələrdən irəli gəlir.

 

Və ən mühüm nəticə bundan ibarətdir ki, dilin tarixi onun özü deyil.

 

 

Nizami Cəfərov

Ədəbiyyat qəzeti.- 2020.- 22 fevral. S. 20-21.