Tarix
müəlliminin kədəri
Hekayə
Görəsən,
kimdir o uzaqdan gələn adam?! Kimdir o
kölgəsini qatıb qabağına, yorğun dəvə
kimi sağına da salam verir, soluna da. Kim olacaq, Rəşid müəllimdir, Rəşid
müəllim.
- Xoş
gördük, Cahangir əmi.
- Salam, salam, Ələsgər. Yorulmayasan. Dedilər, itin öldü, hə?!
- Həmişə
ayaq üstə, Aybəniz bacı. Uşaqla bir az
məşğul olun. Qədim dövrü yadında yaxşı saxlaya
bilmir. Hə, bir də deyərsiniz, sabaha üst
Paleolit dövrünü təkrar eləsin.
Adama elə
gəlir, Rəşid müəllim məktəbdən ta evinəcən
yolboyu sıralanan qarağaca, palıda, küknara da salam verəcək, yamacda əlçim-əlçim
ağaran qoyun-quzuya əl sallayacaq.
Hardasa uzaqdan sinif yoldaşı çıxacaq. Çoban Abdulla. Dayanacaq dikin başında, əlini qoyacaq
gözünün üstünə. Təbəssüm əvvəl
qonacaq Abdullanın uzun bığlarına, sonra yanaqları
dartılacaq və Abdulla dağların o üzünə
çəkilən Günəşə dişlərini
ağardıb bizim tarix müəllimini salamlayacaq:
- Ey qədim
adam, sənə çöllərin
salamı var.
Rəşid müəllim də kəndə
tökülən sürünün tozanağını vecinə
almayıb sinif yoldaşına eləcə təbəssümlə
cavab verəcək. Dillənməyəcək ona görə
ki, Cahangir əminin, Ələsgərin, Aybəniz
bacının qapısında üzü örüşə mələşən
quzuların səsinə yad səs qarışmasın. Bir dəfə demişdi, Abdulla, quzuların səsi
bizim kəndin nəğməsidir, duasıdır.
Çoban da gülüb qayıtmışdı ki, onda
işimizi dəyişək: mən olum müəllim, sən
çoban; görüm, o nəğməyə, o duaya
neçə gün dözə bilirsən? Elə ki, quzular
analarının altına təpilib başladılar əmməyə,
Rəşid müəllim eynəyinin altında yaşaran
gözünü qurudub pıçıltı ilə
öz-özünə deyirdi:
- Doyunca
yeyin, balalarım, doyunca yeyin.
Və nə yaxşı, Abdulla bunu eşitmirdi.
...O
gün bunların heç biri olmadı. Həmin
mart axşamçağında. Rəşid
müəllimin qabağına qatmağa kölgəsi yox idi.
Yorğun adama da oxşamırdı. Qarağacı, palıdı, küknarı
salamsız qoydu, dikdə Abdulla, həyət-bacada Aybəniz
bacı, Cahangir əmi, Ələsgər baxa-baxa qaldılar.
Nə olmuşdu, quzuların səsini nəğmə
bilən Rəşid müəllimə?! Nolacaqdı,
Rəşid müəllim pul tapmışdı, pul. Hardan tapmışdı?! Məktəb
yolundan. Evə hər qayıdanda Göl
yerində ayaq saxlamağa adətkar idi, axı. Baxıb-baxıb xəyal edirdi ki, görəsən,
buraları qazmağa başlasa, kənddə adını dəli
çağırmazlar ki?!
Rəşid müəllim elə bilirdi, dünyanın ən
ağıllı tarixçisi budu. Martın əvvəlində
Bakıdan gələnlər öz aralarında nələrsə
danışıb doluşmuşdular maşınlara,
qayıdıb getmişdilər.
İki həftə sonra yenə gəlmişdilər, həvəssiz-həvəssiz
bir-iki çuxur qazıb, təzədən itmişdilər
ilim-ilim. Yığışıb elə birkərəmlik yox
olmuşdular. Öz aramızdı, Rəşid
müəllimi incidən həm də o idi ki, Göl yerində
üst Paleolitin izlərini axtaran bu tarixçilər ona
yuxarıdan aşağı baxırdılar. Yuxarıdan
baxmaq bir yana e, bir-birinə göz vurub
öz aralarında gülüşürdülər də.
Şəstinə toxunmazdımı, toxunardı! O vaxtdan bir
ovuc hikkə yer eləmişdi özünə Rəşid
müəllimin ürəyində. İndi bizim
tarix müəllimini xəyalat aparanda əvvəl gözü
sataşmışdı çuxurun dibindəki bir cüt
uşaq ayaqqabısına.
- Kimdisə,
qudurub. Adam da bu təzəlikdə
ayaqqabını atar? - Başlamışdı deyinməyə.
- Heç on dəfə geyilməyib ki...
O, bir
cüt ayaqqabını götürüb qoymuşdu
çantasına ki, qəttəzədir, şagirdlərindən
birinə, tutalım, elə musiqi müəlliməsi ərsiz
Zəminənin qızı Zümrüdə verər.
- Rəvvadilərin
paytaxtı Ərdəbildən sonra hara olub?
Zümrüddən soruşacaqdı ki,
ayaqqabıları verməyə bir səbəb tapsın.
- Təbriz,
müəllim, Təbriz. - Zümrüd də sevincək dillənəcəkdi.
Amma nə
Təbriz paytaxt oldu, nə Zümrüd sevindi! Sevinən
elə bizim tarix müəllimi oldu. Çuxurun
dibində havadan nəm çəkib
şaxlığını itirən pulları qoydu cibinə,
ürəyi dartındı evə sarı. Darvazadan addımını içəri qoyanda
gördü qızı toyuqlara dən səpir, arvadı təndir
qalamağa çırpı yığır. Qızı gülümsəməkdə onu
qabaqladı. Atdı əlindəki qabı
yerə. Ata-bala bir-birinə
sarılıb-sarmaşdılar. Çantanı
uzatdı irəli. Sonra nə oldusa, Rəşid
müəllimin ayağının altından yer
qaçdı. Qız çantanı
eşələyib pulu görsəydi, nolacaqdı?
Özünə təsəlli verdi:
qızı dəftər-kitab dolu çantanı niyə
eşələməliydi?
Arvadı duyuq düşmüşdü ki, bizim tarix
müəlliminin huşu özündə deyil, fikri
tüstü-duman sayaq yayılıb dörd tərəfə. Arvad olasan,
xırdaçılıq eləməyəsən. Rəşid müəllimin bəxti onda gətirmişdi.
Qadın olub xırdaçılıq eləməyən
bəndə əvvəl yerdən dən qabını
götürmüşdü, sonra lal-dinməz getmişdi təndir
qalamağa. Rəşid müəllim də tualetə dəyib
boylanmışdı dikin başına ki, görsün, Abdulla
yenə musiqi müəlliməsi ərsiz Zəminəni
rayondan gətirən uzaq-uzaq yollara göz zilləyib, ya
sürünü qatıb qabağına yellənir kəndə
sarı? Çoban Abdulla mart
axşamçağında o dikin başında, o atın
kürəyində əlində tüfəng necə əzəmətli
görünürdü, İlahi. Deyərdin, Eldəgizdi,
Təhmasibdi, Alı oğlu Rövşəndi. Amma tarix müəlliminin
qəhrəmanbaz yüngüllüyünə fikir verməyək,
Abdullanın əlindən gələn ikicə şey
vardı: qoyun-quzu dalına düşmək; musiqi müəlliməsi
Zəminənin xəyalını eləmək. Həmin gün Rəşid müəllim
qızının gözündən yayınıb pulu ehmalca
çantadan götürəndə də özünü
vermişdi çobanın yanına. Yaz
yeli oxşamışdı ikisinin də
üz-gözünü, boyun-boğazını. Deyəsən, at duyuq düşmüşdü ki, hər
ikisi sözlü adamdı, hər ikisi dağdan-dərədən
danışıb mətləb üstünə gələ
bilmirlər. Bəlkə ona görə
ayağını yerə döyüb kişnəmişdi?
- O
atı niyə elə bağlamısan, ay evi tikilən? Aç, Allahın otunu-ələfini rahat yesin, dənə.
- Təpənin
o üzünə ilxı gətiriblər. Bu
yanıq da şeyini uzadır qabağa, - Abdulla sağ əlini
sol qoluna dirəyib yumruğunu sıxmışdı, - cumur
üstdərinə.
- Qoy
cumsun də, Allahın heyvanıdır.
- Mən
də Allahın insanıyam də.
Rəşid müəllim əvvəl heç nə deməmişdi. Elə bil, ürəyinə
çat düşmüşdü. Nəsə
qırılmışdı içində. Sonra sinif
yoldaşının nəm çəkən gözlərinin
dərinliyinə baxıb-baxıb lap pəsdən dillənmişdi:
-
Günaha batırsan, ay evin tikilsin. Allaha xoş
getməz e. Nə qədər, ilxını aparmayıblar, qoy
gedib kefini çəksin.
- Bə mənim
günahıma niyə batırlar, hə? Yetimə
qoğal haramdı?!
- Haram niyə
olur?
- Sən
istəsən, Zəminəni mənə alarsan.
Day Rəşid müəllim heç nə
danışmamışdı. İkisi də susanda çoban
Abdulla cibindən kağız çıxarıb
bükmüşdü, içini doldurmaq istəyəndə
bizim tarix müəllimi ərklə çəmkirmişdi
onun üstünə:
- Ə, oğraş, sən yenə ona dadanmısan?
- Əşşi, neyləyim, e.
- Zəhrimar
elə, dərd elə! Sən mənə nə
söz vermişdin?!
- Bunu
çəkəndə rahatlaşıram, Rəşid, fikrim
dağılır.
- Bilirlər
ki, nəşəxorun, axmağın birisən, ona görə
bu iş alınmır.
- Mən
axmaq adam deyiləm, Rəşid. - Abdulla
gözlərini qırpmadan səsini qaldırmışdı.
- At onu
yerə, tapdala.
- Bunu da
çəkim, day çəkməyəcəm.
Rəşid müəllim bükülünü
Abdullanın əlindən qapıb almışdı,
xırdaca-xırdaca yarpaqlar səpələnmişdi yaz
otlarının arasına. Üstündən də
bir şapalaq ilişdirmişdi sinif yoldaşının
qulağının dibinə. Çoban Abdulla
yumruğunu sıxanda Rəşid bu yersiz ərkindən
peşman olmamışdımı, olmuşdu! Və
qollarını geniş açıb qucaqlamışdı bu
çöllər adamını. Nəfəsləri
bir-birinə qarışanda yonca qoxusu dolmuşdu Rəşid
müəllimin burnuna.
- Zəminəni
sənə alacam.
Çoban Abdullanın qolları
boşalmışdı. Yumruğu açılmışdı.
Ürəyinə dinclik gəlmişdi,
sümüklərinə rahatlıq.
- De, Allah
haqqı?
- ...
- Rəşid,
de Fatma bacının qaladığı o təndir haqqı Zəminəni
mənə alacaqsan?
- Fatma
bacına tapşıracam, onunla danışsın. Özüm də qohumları ilə söhbət eləyərəm.
Mənim xətrimi istəyirlər.
- Onu mənə
al, qoymayacam rayona gedib-gəlsin. Qoymayacam yollarda əziyyət
çəksin. Puluma nə gəlib?
Rəşid müəllim tərs-tərs
baxmışdı ona.
-
Yaxşı, yaxşı, özüm köçərəm
rayona. Uşaqlara musiqi öyrətməkdən
qalmaz. O iki qızını da öz balalarım bilərəm,
dədəmin urfu haqqı. İnəyin də
xiffətini çəkməz.
Və çoban Abdulla gedib atı açıb
buraxmışdı örüşə. Ayğır əvvəl
qulaqlarını şəkləmişdi təpənin o
üzünə sarı. Sonra kişnəyib
yorğalama itmişdi gözdən.
- Get, ay
Allahın bədbaxtı. Tək niyə qalırsan, get...
Çöllər
adamı bunu deyib heybəsindən süfrəyə
bükülü pendir-çörək, kartof
qızartması, yumurta soyutması çıxarıb Rəşidə:
-
Yaxın otur, - demişdi.
- Mənim
kitabımı qaytararsan. Uşaqlara
lazımdır.
- Axı,
alt pale... otdur, nədir, uşaqların nəyinə
lazımdır?
- Alt
Paleolit, orta Paleolit, üst Paleolit... Necə yəni
nəyinə lazımdır? Qədim tarixi
bilmək lazımdır. Uşaqlar bilməlidir
ki, bugünkü bacarıqlı insanlar nə vaxt yaranmağa
başlayıb. Bilməlidirlər ki,
üst Paleolit dövründə ağıllı insan Homo
sapiensin yaranması başa çatdı.
- Məllim,
Göl yerini qazan o alimlər day niyə gəlmirlər?
- ...
- Məllim...
Eşidirsən, məni?
- Hə...
hə... Eşidirəm.
- Sənə
nə oldu? Niyə fikrə getdin?
Düzünə qalsa, Rəşid müəllim fikrə
getməmişdi, Rəşid müəllim diksinmişdi. Diksinmişdi
ki, Bakıdan gələn alimlər hardan düşdü
Abdullanın yadına? Pencəyinin
döş cibində saxladığı pulların
qayğısı ürəyinin başını deşirdi.
Və Rəşid müəllim indi-indi başa
düşdü ki, əslində, bura çoban sinif
yoldaşına arvad almağa, ayğırı madyan belinə
atılmaqdan ötrü göndərməyə gəlməyib.
Gəlib öyrənsin ki, kənddə pul itirən,
pul axtaran yoxdu ki? Bəlkə o pul elə
Bakıdan gələn alimlərin cibindən
düşmüşdü? Belə olsa,
çox əntiqə. O yekəxanaları vecinə
almazdı. Xırd edərdi bala-bala. Əşşi, alimdə, özü də orda-burda
eşələnən tarixçidə pul nə gəzirdi?
- Elə
sən özün eşələ də buraları. Mən də kömək eləyərəm. Bəlkə xəzinə tapıb
kasıblığın daşını atdıq?
He-he-he... Nolub e, sənə?
- Gülməsələr,
eşələyərəm.
- Qoy Zəminə müəllimənin inəyinin
iyi-qoxusu çəkilsin, başlayaq. - Abdulla tüfəngi əlinə
alıb lüləsini bərk-bərk sıxmışdı.
- Tapacam o alçaqları, tapacam.
...Hə,
bu başqa əhvalat idi. İkicə gün
qabaq Zəminən inəyi örüşdən
qayıtmamışdı. Sonra kəndə hay
düşdü ki, heyvanı öldürüblər. Leşini də gətirib atıblar Göl yerinə.
Müsibət idi. Zəminənin
başsız ailəsindən ötəri böyük
müsibət idi. Az qala ümidlərini
bağlamışdılar o inəyin əmcəklərinə.
Rayona musiqi dərsi keçməyə gedəndə zənbilinə
süddən-qatıqdan, yağdan-qaymaqdan yığıb tanış alverçilərə verir, əvəzində
evin min dərdini ovudurdu. Verirdi deyəndə ki,
alverçilər onun zənbilini əlindən
qapırdılar. Bilirdilər, dünya
dağıla, südə su qatmaz, qatığı
üzsüz süddən çalmaz Zəminə. Bəs inək kimin zavalına gəlmişdi? Hərə bir söz danışdı.
Axırda dedilər, şəhərdən gələn cavan
ovçular keflənib inəyi nişan
alıblar. Xəbəri Zəminəyə deyəndə
bircə dəfə dizinə vurub "Vay, evim yıxıldı..."
demişdi. İki qız yetimi az idi,
inəyin də balası olmuşdu üçüncü. Dedilər, Zəminə üç yetim
anasıdır. Bu hadisə Rəşid
müəllimin yadına əsgərliyini salmışdı.
87-nin qışında gürcü Biçiko
Arabaşviliyə evdən məktub gəlmişdi. Biçiko məktubu
oxuyar-oxumaz köhnə kazarmanın arxasındakı
küknara söykənib hönkürmüşdü.
-
Biçiko... Nə yazıblar? Eşidirsən, məni? Nolub?
Qolunu onun boynuna dolayıb tərli saçlarından
öpmüşdü.
- Axı,
nolub, Biçiko? Sakit ol. De görüm, kim ölüb?
- İnəyimiz.
- İnəyiniz? Elə ona görə ağlayırsan?
Yaxşı-yaxşı, uşaqlıq eləmə.
Mən də elə bildim, atan ölüb,
qardaşlarından, bacılarından kimsə ölüb.
- Kaş
mən ölərdim.
-
Axmaq-axmaq danışma, Biçiko, o nə sözdür,
deyirsən?
- Mənim
dörd bacımı, altı qardaşımı o inək
böyüdüb. Atam onun südünü-qatığını
satıb bizə əyin-baş, dəftər-kitab alıb.
Anam onu hər gün əzizləyərdi, atam dərisinə
tumar çəkərdi. Uşaq vaxtı
elə bilərdik ki, bizi anamız yox, inək doğub. Bir dəfə atam qonşuda çaxır içib
gəlmişdi. "Çakrulo"
oxuya-oxuya inəyə yaxınlaşıb bilirsən, nə elədi?
- Nə?
- Əyilib inəyin əmcəklərini öpdü. Cibindən
darağını çıxarıb quyruğunu daradı.
Atam bacılarımın saçını
heç vaxt elə daramamışdı. Sonra
boynunu qucaqlayıb başladı inəyin qulağına nəğmə
deməyə. Bax, ölən o inəkdi.
O inəkdi... Anam yazır ki, inəyin
qurda-quşa yem olmasına razı olmadıq. Yer qazıb basdırdıq onu.
Biçiko təzədən
hönkürmüşdü. Və onun səsini
küləyin uzaqdan qovub gətirdiyi əsgər marşı
batırmışdı.
Abdullanın da səsini təpənin o üzündən
yaz yeli gətirən ayğır kişnərtisi
batırdı.
- Deyəsən,
yaxın qoymurlar.
- Qələt
edirlər. Əl verməyəni qanına qəltan
eləyər. At mənimdi, tanıyıram
də... - Çoban ayağa duranda Rəşid müəllim
ürəyində min dəfə götür-qoy edib fikirləşdi
ki, görəsən, kənddə kiminsə pul itirib-itirmədiyini
Abdulladan soruşsun, ya yox? Bəlkə elə
deyəcəkdi ki, şəhərdən gələn alimlər
itirib?
- Gedək,
məllim.
- Atı
gətirmirsən?
- Yox, əşşi,
yorulanda özü qayıdıb gələcək.
-
Qoşulub gedər, ha.
-
Qanına qəltan eləyərəm e, onu. Məllim,
bir sualım var e.
- De, gəlsin.
-
Ağıllı insanın adı nə idi? Homo...
nə bilim, nə?
- Homo
sapiens. - Bizim tarix müəllimi güldü.
- Hə-hə.
Ağıllı insanı bildik, bəs
vicdanlı insanlar nə vaxt yaranıb?
Və Rəşid müəllim bu sualı eşidib kədərli-kədərli
susmuşdu.
***
Bahoo! Biçikodan bizim tarix müəlliminə məktub
gəlmişdi.
- Ata, kimsə
sənə rus dilində məktub yazıb. - Qızı sevincək
olmuşdu. - Ana da oxuya bilmədi, mən də. Gör,
nə yazırlar?
Biçiko Rəşid müəllimi kəndlərinə
çağırırdı. Yazırdı ki,
ürəyimə düşmüsən, götür
arvad-uşağı da, gəl Potiyə.
- Pulumuz
olsaydı, gedərdik. Biz də
düzü-dünyanı görərdik.
Arvadı
lap astadan, bir az da turş səslə dedi.
Və əl-əlbət, ona işarə edirdi ki, doqquz il əvvəl Rəşid Gürcüstana -
Biçikonun görüşünə gedəndə
onları aparmamışdı. O səfərdən bizim tarix
müəlliminin yaddaşında nələr
qalmışdı, Allah. Tez-tez xatırlayıb
kövrəlirdi. Biçiko onu Potinin
düz göbəyində yaşayan cavan gəlinin
görüşünə aparmışdı. Hə, o gürcü gəlini Tamarın bədənindən
sarımsaq qoxusu gəlirdi, amma çimçəşməmişdi
Rəşid. Çaxırın gətirdiyi
xumarlıqdan alçaq səslə qədim Tiflis nəğmələri
oxuyan bu istiqanlı qadının nə bədənindən
doymuşdu, nə gülümsər işıqlı
üzündən. Sağollaşanda da Rəşidin
boynuna sarılmışdı. Yaxşı
bəs o ördək hardan yaddaşında ilişib
qalmışdı? Göyçək-bəzəkli
ördək. Əvvəl
ayağını qaldırıb dimdiyinin altını
qaşımışdı, sonra vaqqıldayıb
qanadlarını çırpmışdı. Hələ
Poti çayında qayıqla balıq tutanların Rəşidə
əl sallamaqları... Ürəyi
dartınırdı Biçikonu görməyə, yaman
dartınırdı. Aparmağına
arvad-uşağı da aparardı. Ancaq
hansı pulla? Necə yəni hansı
pulla?! Bəs döş cibində
saxladığı pul nədən ötrüdür?
Arvad-uşağı da vur qoltuğuna, get Bakının qatar vağzalına. Ordan da fitillə
Biçikonun yanına.
Di gəl, həmin gün gecədən xeyli
keçmiş Rəşid yuxuda sayaqlayıb narahat-narahat yerin
içində qıvrılmışdı. Aylı mart
gecəsi idi, hardasa çaqqallar ulaşırdı.
-
Başına dönüm, niyə pul dərdi çəkirsən?
İstəmirik, vallah, heç yerə getmək
istəmirik. Gör, sən nəyin fikrini
çəkirsən?
Arvadının səsindəki turşluq tamam çəkilib
getmişdi; o ipək yumşaqlığa çöldə
ulaşan çaqqallar da kirimişdilər. Hələ Ay... Ay da ürəklənib
işığını pəncərədən gur
salmışdı. Elə Rəşid müəllimi
həvəsləndirən Ayın gur işığı
olmuşdu. Həyət-bacada gəzişib
fikrini dağıtmaq istəyirdi. Kim bilir,
bəlkə elə pencəyinin döş cibində gəzdirdiyi
pulu da bu Ayın işığında başından rədd
edəcəkdi. Zəhər olsun, ağu
olsun o pulun içində ki, bir ovuc közə dönüb
ürəyinin başını yandırırdı.
Yorğanı üstündən atıb
ağır-ağır ayağa duranda Fatmanın üzünə
lal-dinməz, şübhəli baxmışdı ki: görəsən,
sayıqlayanda ağzından artıq-əskik nəsə
çıxmayıb? Yox, əşşi, çıxmazdı!
- Mən
nəsə danışırdım?
- Hə,
hə...
- Nə?
- Ancaq elə
onu eşitdim ki, pul-pul deyirdin. Dedim, bəlkə
bizim getməyimizə görə pul dərdi çəkirsən.
Heç mən sənnən onun davasını
eləyərəm?
İndi gəl, Fatmanı başa sal ki, qadın, sənin
bilmədiyin çox şey var.
- Hara
gedirsən?
-
Havamı dəyişim, gəlirəm.
- Mən
də düşüm sənnən?
- Sən
yat. Yat, nigaran qalma.
Qapını ehmalca açıb eyvana
çıxmışdı. Bir qurtum su içib
pencəyini çiyninə atanda əlini döş cibinə
toxundurmuşdu. Rəşid müəllim
düz deyirdi, zəhərə-ağuya qalan o pul bir ovuc
közə dönüb təkcə ürəyinin
başını yandırmırdı, həm də
barmaqlarını yandırırdı. Evin arxasına
keçəndə hiss elədi ki, arvadı pəncərənin
ağzında dayanıb, yata bilmir. Başını
qaldırıb pəncərəyə baxanda Fatmanın
şüşənin o üzündə parıldayan
gözünə dikildi. Quzuların səsini
nəğmə bilən Rəşid müəllim bu
yaşınacan heç kimə səsini elə
qaldırmamışdı. Heç kimə
elə ağır söz deməmişdi. O hikkə, o əsəb
hardan gəlib doldu içinə, özü də qaldı məəttəl.
- Fatma...
Fatma...
- Hə...
- Demədim,
yıxıl yat? - "Yıxıl, öl"
demək istədi, dilinin ucunda əritdi.
- Sən
də gəl yat, qurban olum. Sənə nolub,
axı?
- Nə
gönü qalın adamsan! İt balası,
söz eşitmirsən?! - Bu acılığı əritməyə
dilinin gücü çatdımı, çatmadı!
Örüşdə kiriyən çaqqallar təzədən
ulaşmağa başladılar. Bağda bir-birinin
böyrünə qısılıb yatışan ağaclar da
diksindi. Təkcə Fatma incimədi ha bu acılıqdan,
təkcə Fatma incimədi! Ay da hansısa sərgərdan
buludun arxasına çəkilib işığını
öləzitdi. Sonra hardansa at ayaqlarının
tappıltısı gəldi. Rəşid
müəllim Abdullanı yadına saldı. Abdullanın təpənin o üzünə madyan
belinə atılmağa gedən ayğırını
xatırladı. İndi ki Fatmanın
ürəyini sındırmışdı, necə deyəcəkdi
ki, Zəminəni çoban Abdullaya ərə gəlməyə
razı salsın? Allah, o nə and idi, Abdulla verdi:
- Rəşid,
de Fatma bacının qaladığı o təndir haqqı Zəminəni
mənə alacaqsan?
Bu avara çoban belə sözləri hardan tapıb
çıxarır, görəsən?
Pəncərənin o üzündən Fatmanın
hıçqırtısı eşidildi. Rəşidin ürəyi
yumşaldı və ağlına nə gətirsə,
yaxşıdır: bəlkə hər şeyi arvadına
danışıb yüngülləşsin? Fatma
da ağıllı qadın çıxa, elə söz deyə,
Rəşid müəllimin ürəyinin başına sərinlik
gələ; Rəşid müəllim bu zəhrimar
nigaranlığı çəkib ürəyinin dərin
yerindən ata gecənin bu qaranlığına biryolluq.
Sonra Ay gizlənsin bulud arxasında, çaqqallar
ulaşsın örüşdə, ağaclar diksinsin - nə
vecinə! Sonra pul itirən başına döysün,
özünü söysün, yıxılıb ölsün,
üstünə də qara daş! Qara daş!
Amma o gecə bunların heç biri olmadı. Fatmanın
hıçqırtısı kəsilən kimi Rəşid
müəllim ayağını qoydu çəpərin o
üzünə. Çıxdı Göl
yerinə aparan torpaq yola. Hər gün
çantası əlində, yastı-yastı gedib-gəlir bu
yolu. Bir azdan hava işıqlaşacaq,
qapı ağzında, quyu başında hürüşən
itlərin səsinə xoruzlar da ban verəcək. Ələsgərin qapısından savayı,
hamının həyətindən it səsi gələcəkdi.
Küknarlar heç, beş-on günə
qarağac, palıd da tumurcuq bağlayıb yarpaq
açacaqdı.
Bu da Göl yeri. Suyu yüz il əvvəl çəkilən,
yeri oyuq kimi qaralan dərə. Qədim əhvalatda
deyilirdi ki, şahın qızını qaçıran
ilxıçı oğlu qoşundan gizlənmək
üçün bu yerə sığınmışdı.
Göl də bu iki sevdalını çəkmişdi
suyunun dərin yerinə. Ki, zalım
şahın əlində zəbun qalmasınlar.
Kəndin yuxarı başında it uladı.
-
Allahın murdarı.
Üşəndi Rəşid müəllim, əlini
apardı döş cibinə, səmt aldı çuxura
sarı. Hardasa uzaqlarda ağac şaqqıldadı,
xollu-budaqlı gəldi üzü torpağa. Sonra lap
yaxından torpağa sancılan bel səsi eşitdi. Ayaqlarından mıxlandı yerə. Və bir
səfeh fikir gəldi ürəyinə: bəlkə qədim əhvalatdakı
oğlanla qızın ruhudur onu ayaqlarından yapışan?
-
Qayıdım... Qayıdım...
Uzaqdakı qaraltı qoymadı qayıtmağa. O qaraltı torpağa bel
sancırdı. Haçan dayandılar
üz-üzə, göz-gözə. Bilmədi ki... Balıq olub keçmişdi o qaraltının
qarmağına. Dartınırdı,
uçunurdu ona sarı. Əlli-ayaqlı,
boylu-buxunlu qadın dayanmışdı qabağında. Baxırdılar bir-birinə; ikisi də lal-dinməz.
İkisi də mat-məəttəl.
İkisi də tanış. Doğma.
Məhrəm. Hər nəfəs çəkəndə
küt uğultu qopurdu bu tanış,
doğma, məhrəm adamların sinəsindən.
- Zəminə...
Zəminə məllimə...
- Hə,
Zəminə məllimə...
- Burda
neynirsən?
- İnəyi basdıracam. O namərdə deyərsən ki...
- Namərd
kimdi?
-
Çobana... Görən olub. Qapıma qoyduğu pulu da dünən çuxura
atmışam.
Sərgərdan bulud Ayın qabağından çəkildi. Qoymadı
işığını öləziməyə.
2019
Cavid Zeynallı
Ədəbiyyat qəzeti.-
2020.- 22 fevral. S. 22-23.