"İnternet
tozlanması ilə şeir yazanların şair
olacağına inanmıram"
"Sənət hücrəsi"nin budəfəki qonağı professor,
şair, - "Vektor" Beynəlxaq Elm Mərkəzinin
prezidenti Elçin İsgəndərzadədir
-
Elçin müəllim, Edip Cansevər şeirlərindən
birində "insan yaşadığı yerə bənzər"
yazır. Məncə, həm də
doğulduğu yerə bənzəyir. Qatılırsınızmı
bu fikrə?
- Siz
sualı verəndə istədim sözünüzü
yarıda kəsib deyəm ki, qardaş, mən
yaşadığım yerə deyil, doğulduğum yerə bənzəyirəm.
Edip Cansevər türk şeirinin
ustadlarındandır və çox gözəl deyib. Elmi baxımdan da bu belədir. Məsələn,
Azərbaycan öz təbiətinə, relyefinə görə
hədsiz dərəcədə zəngin bir ölkədir və
təbiəti gözəl olan regionlarda istər-istəməz
bu gözəllik insanlara da sirayət edir. Mən
yaşadığım ömrün yarısını
doğulduğum yerə ayaq basa bilmədən
yaşayıram, bu da bir taledir, qismətdir. Əgər
buna yaşamaq demək olarsa... Mən
Şuşada doğulmuşam. Bu gün Şuşa
bizim ən ağrılı yerimizdir. Mən
dünyanın harasına gedirəmsə, Şuşaya
gedirmiş kimi gedirəm. Mənim
üçün bütün yollar Şuşaya aparır.
Bəlkə də mən heç Şuşada
doğulmasaydım belə, yenə Şuşa
mənim varlığıma hopacaqdı. Bu, mənim
üçün çox maraqlı nüansdır və niyə
belədir, mən hələ bunun tam sirrini özüm
üçün aça bilməmişəm. Lap körpə vaxtlarımda valideynlərim məni
Cıdır düzünə aparırmış, mən orda
iməkləmişəm. Bir məqamı
deyim. Səkkizinci sinfi yenicə
bitirmişdim, onda artıq Şuşadan Ağdama
köçmüşdük, mən orda təhsil
alırdım. Şuşa ilə
aramızda qırx dəqiqəlik məsafə vardı.
Ağdamdan Şuşaya avtobus gedirdi. Mən ordan avtobusa minib Şuşaya gəldim və
ilk getdiyim yer Cıdır düzü oldu. Cıdır
düzü mənim üçün Azərbaycanın simvolu
idi. Səkkizinci sinfin fərqlənmə
attestatını Cıdır düzünün ən
hündür yerinə çıxıb ona göstərmişəm.
Bütün uğurlarıma görə
Cıdır düzünə hesabat vermişəm. O vaxt
Qarabağ hadisələrinin izi-tozu yox idi. Söhbət
ötən əsrin 70-ci illərinin sonundan gedir. İlk şeirimin çap olunduğu qəzeti də
aparıb Cıdır düzünə göstərmişəm.
Zənn etmişəm ki, mənim bütün
uğurlarımda Cıdır düzünün payı var. Ata
kimi, baba kimi, müəllim kimi, şair kimi məndə olan
bütün yaxşı keyfiyyətlərə görə məhz
o enerjiyə borcluyam. Sənin sualın məni çox
duyğulandırdı. Mənə elə
gəldi ki, bütün bu ömrümü ona görə
yaşamışam ki, bu sual mənə verilsin.
- "Tüfəng qundağına yazılmış
şeir"iniz var.
- Hə,
nəslimin şəcərəsi.
- "Əski əlifbayla bir misra
yazılmışdı tüfəngin qundağına" -
deyirsiniz. Hansı misra idi o elə?
- O
tüfəng mənim babamın tüfəngi olub. Onu o vaxt atam "Qarabağı Müdafiə
Şahinləri"nə bağışladı. Mən artıq əski əlifbanı öyrənəndə
o tüfəng yox idi. Çox təəssüf
ki, o yazını oxuya bilmədim. Orda bizim
5 min kitabdan ibarət zəngin kitabxanamız qaldı, o tüfəng
də orda qaldı. Bu da məni həmişə
təəssüfləndirir. Əlbəttə,
ən böyük itkimiz yurd itkisidir, mənəvi itkilərimizin
isə sayı-hesabı yoxdur. Mən həmişə
bu ağrılarla yaşayıram. O şeir də nisgildən
doğulmuş bir şeirdir.
- İlk şeirinizi yazdığınız vaxtı
xatırlayırsınız?
- Dəqiq
xatırlayıram. On bir yaşım vardı,
dördüncü sinifdə oxuyurdum. Çoxlu
şeir əzbər bilirdim, bir gün düşündüm
ki, elə mən də şeir yaza bilərəm. Eyni gündə iki şeir yazdım. İndiki kimi yadımdadır, biri "Kəndimiz"
adlanırdı, kəndimizin təbiətindən
yazmışdım, kəndimizin böyründən Qarqar
çayı axırdı, axar-baxarlı mənzərələr
mənim uşaq qəlbimi təlatümə gətirmişdi.
Bir də Nübar Babayeva adlı coğrafiya
müəlliməmiz vardı, çox sevdiyim bir müəllimə
idi. Artıq dünyasını dəyişib.
İkinci şeirimi də ona
yazmışdım. Təbii ki, indi onlara
şeir demək olmaz, bu, mənim şeirdə iməkləməyim
idi. Bundan sonra mənim şeirlərim
Ağdamın "Lenin yolu" adlı rayon qəzetində dərc
olunmağa başladı. İndi artıq
çox tanınmış qələm sahiblərindən olan
Aqil Abbasın, Rəşad Məcidin, Qulu Ağsəsin də
ilk qələm təcrübələri həmin qəzetdə
dərc olunub.
-
Elçin müəllim, ən çox öyrəndiyiniz, bəhrələndiyiniz
şair kimi olub?
- İnsan yeniyetmə çağlarında mütləq
kiməsə oxşamağa çalışır. Bu proses öz yolunu, öz
cığırını tapana qədər davam edir. Hamımız o yolu keçmişik. Mən ədəbiyyata Məmməd Arazın
cığırını tutub gəlmişəm. Ədəbiyyatda kumirim Məmməd Araz olub. O
mənə ədəbiyyatda xeyir-dua verib, ilk kitabıma ön
söz yazıb. Amma ən çox sevdiyim, təsirləndiyim,
uşaq vaxtı ən çox oxuduğum şair Rəsul Rza
olub. Ruh etibarilə özümü daha
çox Rəsul Rza məktəbinə yaxın hesab edirəm.
Bizim kəndin bir kitabxanası vardı, o
kitabxananın müdiri də xalam idi və bu da mənim
üçün bir şans idi. O, savadlı qadın idi,
mənə hansı kitabları oxumağın lazım
olduğunu deyirdi, onun tövsiyə etdiyi kitabları oxuyurdum. Bu da zövqümün formalaşmasına çox
ciddi təsir göstərdi. Ola bilsin ki, o
vaxt elə xalam mənə tövsiyə edibmiş ki, sən
Rəsul Rzanı oxu. Heca şeiri də
yazıram, sərbəst şeir də yazıram. Amma dəqiq bilirəm ki, sərbəst şeirdə
mənə ən çox Rəsul Rza təsir göstərib.
Məmməd Araz isə mənim
üçün həm də vətənpərvərlik məktəbidir.
Həmişə ona oxşamağa
çalışmışam. Ədəbi mühitə
gələndən sonra səkkiz il onunla
çox yaxın, doğma münasibətimiz olub, hər
gün yanında olmuşam. Bu gün də
qürur hissiylə deyə bilərəm ki, mən Məmməd
Arazçı olmuşam. Sizin
sualınıza cavab olaraq deyə bilərəm ki, bu iki ustad
şair mənə çox böyük təsir göstərib.
Həmçinin mənim şair kimi
formalaşmağımda Gəncə ədəbi mühitinin
böyük rolu olub. Bilirsiniz ki, ömrümün
beş-altı ili Gəncədə
keçib. Orada Pedaqoji Universitetdə mühazirələr
oxuyurdum. Ədəbi aləmdə də
artıq tanınmağa başlamışdım. Orada ağsaqqal yazıçımız Qərib
Mehdinin "İlham" ədəbi birliyi fəaliyyət
göstərirdi. Nizami Aydınla, Musa Urudla, digər
tanınmış qələm sahibləriylə orada tanış oldum. Ədəbiyyatın
qara fəhləliyini bizə Qərib Mehdi öyrətdi.
Üç il mən o ədəbi birliyə
gedib-gəldim və burda da Qərib Mehdi məktəbi
keçdim. Sonra Bakıya gəldim və burada
da çox böyük dostlar qazandım. Heç
vaxt unudulmayacaq böyük şairimiz Adil Mirseyidi ilk dəfə
"Ədalət" qəzetinin redaksiyasında Vaqif Bəhmənlinin
otağında görmüşəm. Adil
pəncərə çərçivəsinə söykənib
fikirli-fikirli siqaret çəkirdi. Bizi Vaqif Bəhmənli
tanış elədi. Onda
Adil sadəcə, gülümsədi. Bilirsiniz
də, onun özünəməxsus təbəssümü
vardı. Cins şalvar, cins köynək, cins gödəkcə
vardı əynində,
boynuna kaşne bağlamışdı. Həmin
gündən ta ömrünün sonuna qədər biz Adillə
ayrılmaz dost olduq və mən, təbii ki, Adildən də
çox şeylər öyrəndim. Adilə bir neçə
poema həsr etmişəm, onun haqqında esselərim var. Son dərəcə
bənzərsiz insan idi, təpədən-dırnağa
şair idi, bütün yaşamıyla, həyat tərzilə
rəssam idi, sözlərlə rəsm çəkirdi, rəsmləri
şeirlərinə də yansıyırdı. O, bütün
zamanların şairidir. Taleyimə çox minnətdaram
ki, bu cür böyük insanları qarşıma
çıxarıb.
- Ən çox Şərq şeirini oxuyursunuz, yoxsa Qərb
şeirini?
- Səmimi
desəm, Qərb şairlərini daha çox oxuyuram. Bax, bu sual da yenə gözlənilməz oldu. Sənin belə gözlənilməz manevrlərin
var da. (Gülüşürük). Hə, otuz yaşıma qədər elə zənn
edirdim ki, Şərqi yetərincə oxumuşam və mənimsəmişəm.
Mənim fundamentim Şərqdir. Şərq həm də bizim mahiyyətimizdir. Biz hamımız Şərq şairlərini
oxuya-oxuya kamala yetmişik. Amma sovet dönəmində
biz qapalı şəraitdə yaşayırdıq, Qərb
şairləri bizim üçün əlçatmaz idi, biz
onları oxuya bilmirdik. Bizdə bu
baxımdan Qərb şeirinə qarşı bir aclıq hissi
var idi. Sonra biz müstəqilliyimizə
qovuşduq, sərhədlər açıldı,
dünyanın mənzərəsi gözümüz
önündə açıldı. İndi
tale elə gətirdi ki, ömrümün çoxu xarici
ölkələrdə keçir, Avropa şairləriylə
sıx ünsiyyətdə oluram. Mən
artıq ədəbi əlaqələr nöqteyi-nəzərindən
onların yaradıcılığını oxumağa məcburam.
Sənə bir şey deyim, Kənan. Bu söhbət bitən kimi auditoriyaya girəcəyəm,
mühazirəm var. Bax, indi düşünürəm, qəfildən
tələbələrdən kimsə soruşsa ki, müəllim,
bizə nə tövsiyə edirsiniz? Qərb
ədəbiyyatını oxuyaq, yoxsa Şərq ədəbiyyatını?
Çox çətin, həm də maraqlı
sualdır. Bu sualın cavabını
düşünə-düşünə beynimdə müxtəlif
fikirlər şaxələnir. Baxın,
siz xarici tozlarla mayalanmış güllər
görmüsünüz də. Külək
o tozu gətirir, gül də mayalanır. Qələm
dostum Azər Turan bunu bir dəfə yazmışdı. Bizim internetə bağlı gənclərin
yaradıcılığında hibrid mətnlər ortaya
çıxır. Oxuyursan, görürsən,
ordan-burdan götürüb, qondarmadır. Özünü ifadə edə bilmir. Yaradıcı insan, ilk növbədə, özü
olmalıdır, şeirdə öz içinin şəklini
çəkməlidir, orijinallıq budur. Onda
sən şair olursan, şeirə təzə nəfəs gətirirsən.
Əsl şair odur ki, o, bütün
varlığıyla öz xalqını ifadə edir. Bundan sonra, təbii, Qərbə də boylanmaq
lazımdır ki, onların nə yazdığını biləsən.
Biləsən ki, çayı, dağı,
meşəni sən necə tərənnüm edirsən, onlar
necə tərənnüm edir. Dünya
poeziyasında gedən prosesləri, onun inkişaf
yollarını da təbii ki, izləməliyik. Əziz dostum Azər Turanın təbirincə desək,
internet tozlanması ilə kiminsə gəlib Azərbaycanın
sevilən milli şairi olacağına mən qətiyyən
inanmıram. Ona görə mən Şərqi
daha çox oxumağı tövsiyə edərdim.
-
Dünyanın bir çox ölkəsində olmusunuz və
dünya poeziyasına da dərindən bələdsiniz. Azərbaycan poeziyası dünya ədəbi məkanında
şeir baxımından geridə qalmır ki?
- 1981-ci
ildən dünyanı dolaşıram. Saysız-hesabsız
ölkələrdə Azərbaycanı təmsil etmişəm.Tam
səmimiyyətimlə deyirəm, son 20-25 ildə getdiyim
ölkələrdə nə Azərbaycan elmindən, nə də
Azərbaycan ədəbiyyatından xəcalət çəkmişəm.
Bunu əlimi ürəyimin üstünə
qoyub deyirəm. Tez-tez beynəlxalq ədəbiyyat
festivallarında, rəsmi tədbirlərdə iştirak edirəm.
Heç vaxt Azərbaycan ədəbiyyatı
haqqında bir kəlmə də olsun, mənfi fikir eşitməmişəm.
Əksinə, həmişə bizim ədəbiyyatımız
haqqında yüksək fikirdə olduqlarını dilə gətiriblər.
Məni Azərbaycandan gələn şair kimi təqdim
edəndə özümə qarşı həmişə
hörmət, sayğı hiss etmişəm. Bu da səbəbsiz deyil. Bizə
qədər bu münasibəti yaradanlar olub. Yeri gəlmişkən, bir ciddi məqama toxunmaq istəyirəm.
Qələm adamlarından Türkiyəyə ən
çox gedib-gələnlərdən biri də mənəm.
Bizim dostluq, qardaşlıq münasibətlərimiz
haqqında aylarla, illərlə danışsam, tükənməz.
Amma bir məsələ var, bu gün Türkiyədən Azərbaycana,
Azərbaycandan da Türkiyəyə elə adamlar gedir-gəlir
ki, onların ədəbiyyata, poeziyaya heç bir dəxli
yoxdur. Təbii, hər kəs qonaq kimi gedib-gələ
bilər. Amma bu adamlar ədəbiyyat adına
iddia edənlərdir, özlərini şair,
yazıçı kimi təqdim edirlər və bu da Azərbaycan
ədəbiyyatına heç də başucalığı gətirmir.
Ədəbiyyatla möhtəkirlik eləmək
olmaz. Bu işlərə çox təəssüf
ki, nəzarət mexanizmi yoxdur. Baxırsan, çox
layiqli, istedadlı qələm adamları imkansızlıq
üzündən Türkiyədə ciddi ədəbi
festivallarda iştirak edə bilmir, amma tamamilə yararsız,
istedadsız, ədəbiyyat adına
heç bir xidməti olmayan adamlar gedib ədəbiyyatımız
haqda mənfi rəy formalaşdırırlar. Belə
olmaz. Ədəbiyyatı layiqli adamlar təmsil
etməlidir, kimsə özünü zorla bu sahəyə
sırıya bilməz. Son vaxtlar bu,
artıq mütəmadi hal alıb. Bunun
qarşısı alınmalıdır, bu,
biabırçılıqdır.
- Siz həm
elmi fəaliyyətlə, həm də bədii
yaradıcılıqla məşğul olursunuz. Şairliklə alimlik necə yola gedir?
- Deyim ki,
elmi nailiyyətlərdən şikayətlənməyə əsasım
yoxdur. Mənim elmi fəaliyyətim göz
qabağındadır. Mən aviamexanizmlərin
analizi və sintezi sahəsi üzrə təkcə Azərbaycanda
deyil, keçmiş postsovet məkanında ən gənc elmlər
namizədi və elmlər doktoru olmuşam. Ən gənc yaşda bir sıra elmi nailiyyətlər
qazanmışam. Uzun-uzadı sadalamaq istəmirəm.
Bütün bunlar asanlıqla başa gəlməyib,
çox çətinliklərdən keçmişəm.
Amma sizə tam səmimi deyirəm, indiyə qədər qazandığım
diplomların, medal və mükafatların birincisini səkkizinci
sinifdə almışam. Hamısını
alanda şair kimi almışam. Həmin
anlarda dünyaya, həyata, insanlara, içdiyim suya,
qoxuladığım gülə şairanə münasibət
sarıdan çox duyğulu anlar yaşamışdım.
Alimliklə şairliyi tərəziyə qoymaq
heç vaxt ağlıma gəlməyib. Onların
arasındakı fərqi öz içimdə çox
aydın hiss edirəm. Alimlik mənim peşəmdir,
seçdiyim ixtisasdır, şairlik isə həyat tərzimdir.
Yay aylarında Qırxqız yaylağına gedərdik,
nənəm sağıcı, əmək qəhrəmanı
idi, mənə təbiətin gözəlliklərini də o
sevdirdi. O yaşlarımda dünyanın möcüzələrinə
baxırdım, az qala, ürəyim
ağzımdan çıxırdı, duyğularımı
sözə çevirmək istəyirdim. Amma,
görünür, o vaxt buna gücüm çatmırdı,
"şeirlərimi" baxışımla, duruşumla,
hisslərimlə "yazırdım". Məktəbə
gedəndən, yazı-pozunu öyrənəndən sonra bayaq
dediyim kimi, yaşantılarımı sözə çevirmək
xoşbəxtliyi qazandım. Ola bilər, o
vaxt reallıq duyğum daha güclü çıxıb, əla
qiymətlərlə oxumuşam, məktəbi qızıl
medalla bitirmişəm, özümü elmdə sınamağa
qərar vermişəm.
Elçin İsgəndərzadə ilə
olmuşlardan-olacaqlardan xeyli söhbətləşdik. Söhbətimizin
diktofona yazılmayan hissəsi yazılandan çox idi. O
yazılmayan hissə də ola bilsin, nə
vaxtsa yazıya köçəcək. Bu
söhbət iki qələm adamının dərdləşməsi,
həsb-halı idi. Müsahibənin sonunu
tamamlamağı da şair mənə həvalə elədi.
Çünki artıq auditoriyaya girməli idi, tələbələr
onu gözləyirdi. Fürsət
düşmüşkən, ondan bir xahişim də var.
Söhbət zamanı unutdum, qoy bu yazının küncünə
yazım, Qarabağ azad olunan gün Elçin müəllimə
xatırladacam.
-
Elçin müəllim, bu dəfə Cıdır
düzünə hesabat verməyə gedəndə məni də
özünüzlə aparın!
Söhbətləşdi:
Kənan Hacı
Ədəbiyyat qəzeti.- 2020.- 22 fevral. S. 26-27.