Peşmanlıqdan
sevincə keçid
Maraqlı
şeir, esse, müsahibələrilə seçilib gənc
yaşında ədəbi aləmdə özünü təsdiq
etmiş Fərid Hüseyn bir həftədən sonra AYB-nin Natəvan
adına klubunda keçiriləcək
kitablarının (!) təqdimatı mərasiminə məni də
dəvət etmişdi. Təqdimat gününəcən, dəfələrlə
onun doğma səsini, işıqlı üzünü
xatırlayır, demək olar, hər gün "birdən mənə
də söz versələr..." fikri ağlımdan
keçdiyindən narahat olsam da, yaşımı və
ayaqlarımın ağrıdığını
özüm-özümə bəhanə gətirərək
kitabxana, yaxud kitab mağazasına gedib onun kitablarını
aramadım. Fəridin "Sevdiyim kitab" layihəsində
Lev Tolstoyun məşhur "İvan İliçin
ölümü" hekayəsilə bağlı mənimlə sorğu
apardığını xatırladım. O hekayəni və
hekayə barəsində yazılmış həm rus, həm
digər xalqlardan olan söz, sənət, düşüncə
adamlarının dediyi, yazdığı fikirləri yenidən
araşdırdım. Sorğu zamanı Fərid bəyin həm
"İvan İliçin ölümü", həm də
bu qüdrətli əsərlə bağlı söylənən
fikirlər haqqında... bu yaxınlardasa tanınmış
şair Şəhriyar Del Geraniylə apardığı
sorğuda Fəridin verdiyi suallardan onun ədəbiyyat,
söz, fikir aşiqi olaraq geniş mütaliəsi,
düşüncə dairəsinin genişliyi, məntiqinin
gücü, vurğuladığı sənət
adamının, şəxsiyyətin dərin qatlarına enə
bilmə qabiliyyəti diqqətimi çəkdi.
Neçə
il öncə irihəcmli sənədli bir romanın məndən
sonra Fərid Hüseynin redaktə edərkən onun
sözü, cümləni, mətni duyma hissiyyatını, bəzi
faktları səbrlə araşdıraraq dəqiq
çıxarışlar etdiyini və ciddi məsuliyyətini
bir daha hiss etdim.
Təqdimata
bir gün qalmış Fəridin Özbəkistan səfəriylə
bağlı yazıb "Ədəbiyyat qəzeti"ndə
çap etdirdiyi "Xivə dəftəri" şeirini
gözdən keçirdim. Bir neçə
misrada mənə orijinal, yeni görünən bənzətmə,
obrazlı ifadələri kağıza
köçürdüm. Çıxışımda,
bəyəndiyim misraların hamısını reqlament
qıtlığından oxumaq imkanım olmazsa, bu
parçanı mütləq oxuyacağıma qərar verdim.
...Tarix
xatırladır ki,
hökmdarların dəyişməz şakərlərindəndir
hündürdən baxmaq:
o yerdən
ki, ordan baxanda
adamların tələsdiyi mənzillər görünmür.
O yerdən
ki, ordan baxanda
gəmilər ilan kimi sürünür,
qəbiristanlıqlar çaylaq yerini xatırladır...
Ordan
baxanda hamının axırı bilinməz,
hər
kəsin işi yarımçıq qalır...
Məndən öncəki çıxış edənlər
Fərid bəyin "Xivə dəftəri" şeirini
Özbəkistan prezidentinin də oxuyub bəyəndiyini
söyləyənlər olsa, təkrar görünsə belə,
bu faktı mən də vurğulayacağıma
israrlıydım.
Fəridin "Yalan bayramı" adlı gözəl
şeirini oxuyanda dünyaca məşhur türk şairi
Nazım Hikmətin ötən yüzilliyin 1949-da
yazdığı "Əllərinizə və yalana
dair" şeiri yadıma düşdü. Geniş
mütaliəli Fəridin həmin şeirdən təsirlənib
impuls aldığına şübhə etmirəm. Məncə, dünyada özündən öncəki
dahi sənətçilərdən təsirlənməyən,
faydalanmayan yaradıcı adamın olduğuna inanmıram.
Məna və ideyaca bir-birinə oxşasa da
intonasiya, obraz və bənzətmələrin
orijinallığına görə bu iki şeir bir-birindən
dağ-dərəcən seçilən bədii mətnlərdi.
Səhərisi gün əlimdə əsa
taytıya-taytıya, həm də tələsə-tələsə
gəlib, Natəvan klubuna girib ərkyana dairəvi
düzülmüş stulun birinə yaxınlaşanda kiminsə
"ora tutulub" səsini eşitdim. Ondan
aralıdakı yerlərə yaxınlaşanda, məndən
də sonra gələcək hörmətli adamlar
üçün tutqulandığını hiss edib suyu
süzülmüş geri qayıdaraq arxada sırayla
düzülmüş stulların birində oturub dairəvi
stullarda əyləşənləri gözdən
keçirdim. Anar, Fikrət Qoca, Çingiz Abdullayev,
AMEA-nın vitse-prezidenti akademik, deputat İsa Həbibbəyli,
deputat Cavanşir Feyziyev, Azərbaycanda Türkiyə Səfirliyinin
mədəniyyət üzrə atteşe işçisi
İrfan bəy, Əjdər OL,
"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər
Turan, filologiya elmləri doktoru Elnarə Akimova, Rəşad Məcid,
tədbirin aparıcısı, tanınmış şair Səlim
Babullaoğlu... "Maşallah, gənc Fəridin
işığına nə qədər tanınmış
yaradıcı şəxsiyyət yığışıb...
otuz-otuz beş yaşı ola, olmaya...
istedadın yaşı olmur..." qısqanclıqla bu fikirlər
ağlımdan keçdi. Sağımda oturmuş, üzdən
tanıyıb adını bilmədiyim fotoqrafdan
pıçıltıyla: "Bəs bəy niyə
gecikir?" soruşanda, o da məndən: - Hansı bəy? - xəbər aldı. Adı yadımdan
çıxdığından - Zad...- deyib bir an
duruxdum, günahkarcasına tez sözümə davam elədim:
- Tədbirin səbəbkarını deyirəm də, Fərid!
Fərid! Niyə gecikir?
- Fəridin
təqdimatı dünəniydi. Bu tədbir... Bəxtiyar
Vahabzadənin anım günüdür...
- Nə
danışırsan?.. "Görəndə,
gəl Fərid bəyi inandır ki, tədbirinə gəlmişdim..."
dilxorca düşündüm. Bir an
sonra sevimli müəllimim, gözəl şairimiz Bəxtiyar
Vahabzadənin həmişəyaşar varlığı
içimi işıqlandırdı. Sinəm sözlə dolu
olsa da, mənə söz çatmadı...
14 fevral
2020
Azər Abdulla
Ədəbiyyat qəzeti.- 2020.- 22 fevral. S. 30.