Nağıllarda
"Kitabi-Dədə Qorqud" paralelləri
Folklor hər bir xalqın mənəvi
varlığını müəyyən edir. Bu
anlayışda xalqın mənəvi həyatı, gen
yaddaşı əks olunur. Dildən-dilə,
ağızdan-ağıza keçərək əsrlər
dolaşan folklor örnəkləri xalqın
özünü-özünə tanıtmaq, soykökünə,
tarixinə qayıtmaq vasitəsidir. Xalqımızın
şifahi və yazılı fikir dünyasının nadir
incisi olan "Kitabi-Dədə Qorqud" dastanı
etnoyaddaşın məhsuludur. Azərbaycan folklorşünaslığı
bir elm kimi XIX əsrdən başlayaraq formalaşsa da, öz
izini Şərqin qədim bədii-fəlsəfi abidəsi
olan "Avesta"da, "Kitabi-Dədə Qorqud"
dastanında qoruyaraq sonrakı nəsillərə
ötürmüşdür.
Ümumazərbaycan
folklorunun formalaşmasında region folklor nümunələrinin
müstəsna əhəmiyyəti var. Xüsusilə, Azərbaycanın
şimal-qərb bölgəsinə aid olan Qəbələ,
Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarından
toplanmış folklor örnəklərində özünəməxsus
spesifik cəhətlər, elmi - tədqiqat üçün
yenilik daşıyan məqamlar diqqətçəkicidir. Müqayisəli folklorşünaslıq xəttiylə
bu bölgənin nağılları ilə "Kitabi-Dədə
Qorqud" dastanının boyları arasındakı
oxşarlıq yerinə yetirdiyimiz tədqiqat işinin
aktuallığını ortaya qoyur.
Azərbaycan
nağıllarının mahir tədqiqatçısı olan
Oruc Əliyev "Kitabi-Dədə Qorqud" və Azərbaycan
nağılları" adlı məqaləsində bu
mövzuya ümumi şəkildə toxunsa da, Azərbaycanın
şimal-qərb bölgəsinin nağılları ilə
"Kitabi-Dədə Qorqud" dastanının boyları
arasındakı paralel xüsusiyyətlər, demək olar ki,
işlənməmişdir. Folklorşünas tədqiqatçı
Oruc Əliyev "Kitabi-Dədə Qorqud"un boyları ilə
Azərbaycan nağıllarının məzmununda
oxşarlıqlar kimi qəhrəmanın möcüzəli,
qeyri-adi doğuluşu məsələlərini (alma, armud yemə, xeyir-dua və
s. vasitələr) ümumi hafizənin məhsulu olan,
hamının nağıllar silsiləsində üzləşdiyi,
dillər əzbəri olan "Kəl Həsənin
nağılı", "Şahzadə Mütalib",
"Şəmsi-Qəmər" nağılları ilə
dastanın "Baybörənin oğlu Bamsı Beyrək
boyu" və "Dirsə xan oğlu Buğac boyu"nu
müqayisə obyekti kimi götürür. "Kəl Həsənin
nağılı"nda valideynlər armud yeməklə,
"Şahzadə Mütalib", "Şəmsi-Qəmər"
nağıllarında alma yeməklə oğul-uşaq sahibi
olurlarsa,"Baybörənin oğlu Bamsı Beyrək
boyu" və "Dirsə xan oğlu Buğac boyu"nda
xeyir-dua ilə övlad sahibi olurlar. Nağılşünas
alim daha bir oxşarlıq kimi qəhrəmanın divlərlə,
sehrli qüvvələrlə mübarizəsini "Basatın
Təpəgözü öldürdüyü boy"la "Kəlləgözün
nağılı" və "Təpəgöz"
nağılları ilə tutuşdurur. Həm
boyda, həm də nağıl variantlarında Təpəgöz
son dərəcə qorxunc bir varlıq kimi
canlandırılır.
Folklorşünas alim "Kitabi-Dədə Qorqud"
dastanını nağıllarla bağlayan xüsusiyyətlərdən
biri kimi qəhrəmanın müəyyən sınaq motivini
də qeyd edir.
"Qanlı qoca oğlu Qanturalı boyu" ilə
"Baybörənin oğlu Bamsı Beyrək boyu"nda qəhrəman
sevdiyi qıza qovuşmaq üçün sınaqlardan
keçir. Alim bu oxşar motivi
"Hazarandastan bülbülü" nağılında da
nümunə kimi qeyd edir. Bu nağılda
da "Kitabi-Dədə Qorqud"da olduğu kimi
nişanlının fiziki gücünü sınamaq əsas
yer tutur. Folklorşünas alimin məqaləsindən
gətirdiyimiz nümunələr ağır tədqiqatçı
əməyi kimi maraqlı və təqdirəlayiqdir.
İndi isə tədqiqat işimizin ana xətti olan Balakən-Şəki
bölgəsindən toplanmış nağıllarla
"Kitabi-Dədə Qorqud" dastanındakı oxşar
paralellərə nəzər salaq.
Balakən-Şəki bölgəsindən
toplanmış nağıllarda dastanla paralellik oxucuda həm
böyük maraq doğurur, həm də onu
düşündürür. Yeri gəlmişkən
qeyd edək ki, "Kitabi-Dədə Qorqud" dastanı Balakən-Şəki
bölgəsi üçün daha doğmadır. Çünki böyük
araşdırmaçı, folklorşünas alim Salman
Mümtazın arxivindən "Kitabi-Dədə Qorqud"
dastanı olmaqla 238 adda əlyazma əldə olunub. Buradan görünür ki, Salman Mümtaz dastanın
ən qədim əlyazma nüsxələrini məhz bu
bölgədən tapmışdır. Professor Ədalət
Tahirzadə "Salman Mümtaz" (tərcümeyi-hal
oçerki) kitabında yazır: "Sonsuz əziyyətlə
topladığı əlyazmalardan o, misilsiz kitabxana
yaratmışdı. "Kitabi-Dədə
Qorqud" eposunun Vatikan və Drezdendəkilərdən sonra
üçüncü nüsxəsi, Füzuli
"Divan"ının dünyada ən qədim və ən
mükəmməl əlyazması, "Şah İsmayıl Xətai
"Dəhnamə" və "Nəsihətnamə"sinin
elmə bəlli ilk nüsxələri, Azərbaycanın
yüzlərcə qüdrətli şairinin əlyazmaları
yalnız bu kitabxanadaydı".
Balakən-Şəki
bölgəsindən toplanmış "Paxıl
bacılar", "İstəkli oğul", "Aslanın
əhvalatı", "Çoban İbrahimin
nağılı", "Naxırçı ilə
padşah qızı", "Dəyirmandaşı və
sandıq əhvalatı" kimi nağıllarla "Kitabi-Dədə
Qorqud" dastanının "Baybörənin oğlu
Bamsı Beyrək boyu", "Salur qazanın evinin
yağmalandığı boy", "Dirsə xan oğlu
Buğac boyu", "Basatın Təpəgözü
öldürdüyü boy", "Duxa qoca oğlu Dəli
Domrul boyu" və s. boylar paralellik təşkil edir.
Qeyd edəcəyimiz
paralelləri "qan", "can" və "rəqəm"
anlayışları üzərində izah edəcəyik.
Folklorşünas alim, professor Vaqif Vəliyev
"Azərbaycan folkloru" kitabında qan məsələsini
"Aşıq Qərib" dastanından gətirdiyi
oxşarlıqla açıqlayır. O, Beyrəyin
atasının gözlərini öz qanıyla
açmasını Aşıq Qəribin anasının kor
olmuş gözlərini açmasıyla tutuşdurur. Qeyd edək ki, bu məsələyə dastan
araşdırıcıları dastanlar arasında toxunsalar da,
nağıllarla dastanlar arasındakı qan paralelliyinə
toxunulmamışdır. Bu cəhətdən
"Paxıl bacılar" nağılı xüsusi maraq
doğurur və hər iki folklor örnəyində paralellik
olduğu kimi cərəyan edir. “Paxıl bacılar”
nağılından gətirdiyimiz nümunəyə diqqət
edək: “Əgər sən mənim qızımsansa,
qanından bir az mənim gözlərimə sürt. Qız əlini kəsir, qanından anasının
gözlərinə sürtür. Anasının
gözləri sağalır”. Nağılda
kiçik qızından ayrı düşən ananın
gözləri ağlamaqdan kor olur. Bu
oxşarlıq eynən “Baybörənin oğlu Bamsı Beyrək
boyu”nda da diqqətçəkicidir. Beyrək 16 il əsirlikdə qalır, bu
ayrılığa dözməyən Baybörə bəyin
gözləri tutulur. Boydakı
oxşarlığa nəzər yetirək: “Qazan bəy dedi:
“Baybörə bəy, muştuluq, oğlun gəldi. Baybörə
bəy dedi: “Oğlum olduğunu ondan bilərəm ki,
kiçik barmağını qanatsın, qanını dəsmala
silsin, qanını gözümə çəkim,
gözüm açılsa, oğlum Beyrəkdir.” Baybörə
bəy dəsmalla gözünü silən kimi Allahın qüdrəti
ilə gözü açılır”. Digər paralelə diqqət
edək: Nağılda evinə
dönən kiçik bacını böyük bacılar
tanımır, boyda
Beyrəyi də bacıları tanımır,
yalnız kaftanı geydikdə şübhənirlər ki bu
Beyrəkdir. Nağıldan və boydan gətirdiyimiz oxşar paralellər oxucunu
heyrətləndirir. Qan kultu qismən fərqli məqamda
bölgənin daha bir nağılında da özünü göstərir.
“Dəyirmandaşı və Sandıq əhvalatı”
nağılında qan məsələsi olduqca maraqlı tərzdə
verilib. Nağıldakı nümunəyə diqqət edək:
“Gültəkin barmağını kəsib Fərhadın
yanına gəlir, barmağının qanını Fərhada
sürtür, Fərhadın daşları əriyib
tökülür, sonra isə Fərhad Gültəkinin
barmağının qanını ovcuna töküb daş
olmuş adamlara sürtür” . Bu nağılda
da Gültəkinin qanı köməyə gəlir, Fərhadın
daş olmuş bədəni Gültəkinin qanı ilə
öz əvvəlki vəziyyətinə qayıdır.
Daha bir oxşarlıq kimi bölgə
nağıllarıyla dastan arasındakı rəqəm
simvolikası böyük maraq kəsb edir. Bilirik ki,
nağıllarda 40 rəqəmi daha çox rəmzi, simvolik
xarakter daşıyır. 40 gün 40 gecə toy,
40-cı qapının nağılda daha çox sehrli
olması və s. məqamlar xasdır. "Kitabi-Dədə
Qorqud" dastanında 40 rəqəminin də simvolikası
var. Dastanın boylarında işlədilən 40 incəbelli
qız, 40 igid kimi təqdimlər diqqətimizi çəkir. 40 rəqəmi ümumi bəsit oxşarlıq
yaratsa da, Balakən-Şəki bölgəsinin
nağıllarında işlədilən "40 incəbelli
qız" formantı oxucunu düşündürməyə
bilməz. 40 incəbelli qız
formantına nağıl və dastandakı nümunələr
rakursundan baxaq.
"Kitabi-Dədə
Qorqud"da: "Salur Qazanın evinin
yağmalandığı boy"da: "Qırx incə belli
qız ilə Boyu uzun Burla Xatun əsir getdi" , "Dirsə
Xan oğlu Buğac boyu"nda: "Dirsə xanın arvadı
"oğlancığımın ilk ovudur" deyə yerindən
durdu, qırx incəbelli qızı da özü ilə
götürdü. Dirsə xana tərəf
getdi".
Bölgənin
nağıllarında: "Naxırçı ilə
padşah qızı" nağılında:
"Padşahın qızı qırx incəbelli qızla məscidə
gəldi". "Çoban İbrahimin
nağılı"nda: "Qədim zamanlarda Şirvan
mahalında Xanəhməd adlı bir bəy
yaşayırdı. Onun saysız-hesabsız
qul-qaravaşları, qoyun-quzusu, qırx incəbelli kənizi,
çoxlu var-dövləti vardı və o, böyük
malikanəsində ömür sürürdü". Gətirdiyimiz paralellər bir daha "Kitabi-Dədə
Qorqud" dastanının bu bölgəyə - Balakən-Şəki
bölgəsinə daha çox yaxın olmasını ehtiva
edir. Dastanda xüsusi məna daşıyan daha bir rəqəm
15-dir. 15 rəqəmi dastanda sınaq rəqəmidir, yəni
15 yaşına çatan oğuz gənci igidlik göstərməli,
ad qazanmalı idi. 15 rəqəmi bir növ
oğuz gəncinin döyüş sınağıdır.
"Qazan xanın evinin yağmalanması
boyu"nda Uruz 16 yaşındadır, ancaq heç bir igidlik
göstərməyib, ad qazanmayıb. Bu,
Uruz üçün mənfi cəhətdir, çünki 15
yaşında artıq o igidlik məqamına yüksəlməliydi.
15 rəqəminin döyüş
simvolikasını biz Balakən-Şəki bölgəsindən
toplanmış nağıllardan olan "Aslanın əhvalatı"
nağılında da görürük. Nağıldakı
nümunəyə diqqət edək: "Aslan gəlib 15
yaşına çatır. Bir gün əmisi Aslanı və
öz iki oğlunu yanına çağırıb deyir:
"Övladlarım, artıq vəzirdən
qardaşımın və bütün nəslimizin
qisasını almaq vaxtı yetişib, yaraqlanın,
döyüşə gedirik". Bu
nağılda da 15 yaşına çatan gənc
döyüşə təhrik edilir. Daha bir paralel kimi
dastanın "Qazlıq qoca oğlu Yeynək boyu"nda Yeynək
də 15 yaşına çatır, o da sınaqdan keçməli,
atasını əsirlikdən qurtarmalıdır. Yeynək dustaq olan atasını xilas etməlidirsə,
Aslan öldürülmüş atasının qisasını
almalıdır. 15 rəqəminin həm
dastanda, həm də nağıldakı ideya
oxşarlığı yenə də oxucuda böyük maraq
yaradır. Yeri gəlmişkən qeyd edək ki,
"Aslanın əhvalatı" nağılı
"Kitabi-Dədə Qorqud" dastanının
"Basatın Təpəgözü öldürdüyü
boy"la da səsləşir. Həm
nağıldakı Aslan, həm də boydakı Basat şir
südü ilə bəslənmişlər. Paralellərə nəzər yetirək.
"Basatın Təpəgözü öldürdüyü
boy"da: "Bir gün yağılar yurda basqın edərkən
Aruz qocanın körpə oğlu düşüb yolda
qalır, bir şir tapıb götürür, bəsləyir.
Oğuz camaatı yenə öz yurduna
qayıdır. Xanın ilxıçısı gəlib
xəbər gətirir: Xanım, qamışlıqdan bir
şir çıxır, sıçrayıb
qaçmağı adam kimidir". Aruz
deyir: "Bu, bəlkə itən körpə oğlumdur, bəylər
şirin yatağı üzərinə gəldilər,
şiri qaçırıb, oğlanı tutdular. Aruz oğlanı evə gətirdi. Dədəm Qorqud gəldi adını Basat
qoydu". Boydan gördüyümüz
kimi, Basata şir baxıb böyüdür. "Aslanın əhvalatı"
nağılında da Aslan şir südü ilə bəslənilib.
Nağıldakı adqoyma məsələsi də
çox maraqlı məqamdır, dastanda bu işi Dədə
Qorqud edirsə, nağılda isə padşahın
qardaşı edir.
Balakən-Şəki
bölgəsinin nağıllarıyla "Kitabi-Dədə
Qorqud" dastanın boyları arasındakı paralellik kimi
can kultuna da nəzər salaq. Can məsələsi,
canını fəda etmə, bağışlama dastanın
"Duxa qoca oğlu Dəli Domrul boyu"nda verilib. Boyun məzmunundan
bilirik ki, Domrul öz canının əvəzinə bir can
verməlidi. Atasının, anasının
yanına gəlir, ancaq onların heç biri canlarını
öz övladına fəda etmir. Yalnız
Domrulun qadını canını yoldaşı
üçün qurban edir. Burada öz doğma
ata-anasının övladı üçün canını
fəda etməməsi təəssüf yaradır: "Dəli
Domrul durub atasının yanına gəldi. Atasının əlini
öpüb dedi: "Ata, səndən can istərəm, verərsənmi?
Atası deyir: "Dünya şirin, can əzizdir. Canımı qıya bilmərəm. Məndən
əziz, məndən yaxın anan vardır, get yanına".
Dəli Domrul atasından ümidi
üzülüb anasının yanına gəldi. Dedi:
"Atamdan can istədim, amma vermədi. Səndən can istəyirəm,
ana, canını mənə verərsənmi?".
Anası dedi: "Dünya şirin, can əzizdir. Canımı qıya bilmərəm, yəqin
bil". "İstəkli oğul" nağılında
da "can şirindir" ideyası
vardır. Boydan fərqli olaraq burada oğul təkcə
anasından kömək istəyir: "Aman ana, qoyma, Əzrail
gəldi canımı almağa. Qarı deyir: Aman Əzrail, xəstə
mən deyiləm, oğlumdu. Get onun yanına mən hələ
ölmək istəmirəm".
Balakən-Şəki bölgəsindən
toplanmış nağıllarda "Kitabi-Dədə
Qorqud" paralelləri dastanın ən qədim əlyazmasının
məhz bu bölgədən tapılması ehtimalını
yaradır. Bu mövzunun daha da ciddi araşdırmaya ehtiyacı
vardır.
Tural ADIŞİRİN
Ədəbiyyat qəzeti.- 2020.- 22 fevral. S. 31.