Dərsarası dərs
Hekayə
Rusiya Yazıçılar İttifaqı ilin ən
yaxşı bədii tərcümə əsərlərinə
görə mükafatlandırdığı yazarlar
arasında həmyerlilərimiz - Məmməd Oruc və Knyaz
Qoçaq da var. Rus xalqlarının müasir poeziya və nəsrindən
bədii tərcümə nümunələrinə görə
hər iki yazıçı 2019-cu ilin xüsusi diplomunu
almışdır. Onları təbrik edir və bu istiqamətdə
yeni-yeni uğurlar diləyirik. "Ədəbiyyat qəzeti"
Atəş oldum,
külüm yox
Bülbül oldum,
dilim yox...
Xalq mahnısından
Bir günəşli
payız günündə Ovçu Firuz yanında da tulası
o quzğunu qanadlarından tutub sürüyə-sürüyə
məktəbin həyətinə gətirəndə
böyük tənəffüs yenicə
başlanmışdı və bu səbəbdən də
sinif otaqlarında demək olar ki, kimsə
qalmamışdı, uşaqlar qara gözləri, əyri, qara dimdiyi kimi də
əyri caynaqları, tüklü ayaqları ilə dərhal
diqqət çəkən quşa bir qədər yaxından
baxmaq, yüngülcə də olsa ona toxunmaq istəyirdilər.
Sağına-soluna
göz gəzdirən və çönüb tulasının
başına sığal çəkən Firuz tulaya rus dilində
nə isə söyləyəndən sonra uşaqlara ucadan xəbərdarlıq
elədi:
- Yavuq düşməyin
ona, yırtıcıdı, sizi çalar, qana düşərəm!
Bu arada Firuzun bu
qartalın yarısı boyda olan tulası da bir ağız
hürdü; sanki uşaqlara sahibinin xəbərdarlığını
it dilində də çatdırmaq istəyirdi.
Firuz bir də səsini
qaldırdı.
- Bax, sizi
çalsa, mən cavabdeh deyiləm ha!
Amma quzğun elə
bil çalağan olduğunu unutmuşdu, hətta qanı
qurumuş sallaq qanadına sığal çəkənlərə
də dimdik, caynaq atmırdı, məlul-məlul harasa uzaqlara
baxır və arabir də anlaşılmaz bir səs
çıxarırdı; sanki günahsız uşaqdı,
ağlayıb-sıtqayıb yorulmuşdu və indi də
içini çəkirdi...
Yuxarı sinif
uşaqlarından yalnız taxdıqları qalstukla seçilən
cavan müəllimlər də artıq hadisə yerində
idilər və onlar da biz uşaqlar kimi qartala bir qədər
də yaxından tamaşa etmək istəyirdilər.
Firuz, çox
güman ki, biz uşaqların diqqətini bu quşa bir qədər
də yönəltmək üçün onu sinəsi bərabərində
qaldırıb tüklü ayağında aydınca seçilən
halqanı - üzüyü nişan verdi:
- Üstü
yazılıdı, - dedi, - aranızda savadlı adam varsa, gəlib
oxusun...
Əlbəttə,
bu, aşkarca cavan müəllimlərə sataşmaq, meydan
oxumaqdı. Ovçu Firuz təhsil görməsə də,
körpəliyindən stansiyada böyüdüyündən,
hər şeydən xəbərdardı, özü də
çox vaxt rus dilində danışırdı; stansiya
klubunda, əsasən, rus dilində səslənən
kinoların da pulsuz-parasız sinxron tərcümanı Firuzdu.
O, rus dilinin jarqonlarından çox yararlanırdı, amma mən
də bilirdim ki, bu, sadəcə, adamları güldürmək,
əyləndirmək üçündü. Nə isə...
Meydan sulamağa bənzəyən bu dəvətdən sonra
quşa kimsə yaxınlaşmayanda, Firuz üzüyə
baxa-baxa bir də səsini qaldırdı.
- Mən oxuya bilmirəm,
- dedi, - deyəsən, Çin dilində, heroqliflə
yazılıb.
Mənim
sinifdaşım Fəqan da söhbətə
qarışdı:
- Yaponca da ola bilər,
- dedi, - onlar da heroqlifnən yazır.
Quzğunun
ayağındakı üzüklə bağlı mübahisəni
isə, bütün yuxarı sinif uşaqları kimi, mənə
də zoologiyadan dərs demiş Hüseyn müəllim
quzğunun ayağına keçirilmiş üzüyə
baxmadan sonra qoymaq istədi, yəqin ki:
- Çin, yapon
dilində ola bilməz, - dedi, - quzğun köçəri
quş deyil ki, dünyanın o başından buralara gələ.
Hələ
qanı qurumamış sallaq qanadından mən də bilirdim
ki, quş yaralıdı, şığıya bilməz, amma
quş birdən-birə, çox güman ki, biz
uşaqların mehribançılığından təngə
gəlib çırpınaraq pərvazlanmaq istəyəndə,
quşa lap yaxınlaşmış oğlanlar hərəsi
bir tərəfə qaçdılar, qızlar isə qışqırışdılar.
- Derji, Palma!
Firuzun bu göstərişindən
sonra tula bir sıçrayışla quzğunun
başının üstünü alsa da, quş bir də
şığıdı, amma cəmi bircə dəfə qanad
çalandan sonra yerə düşdü.
- Son damla qanına
qədər beləcə şığıyacaq, - zoologiya
müəllimimiz dedi, - bu coşqu onun qanındadır!
Meydanın
ortasında şəstlə dayanmış Firuza cürbəcür
suallar verirdilər və hiss olunurdu ki, bu sorğuların
çoxusu əylənmək, gülmək
üçündü.
- Sən bu tulana öz
dilimizi niyə öyrətmirsən, ay Firuz?
Firuza belə bir
müraciətin dəfələrlə şahidi olmuşdum və
o, həmişə olduğu kimi indi də bu sorğuya sadəcə
gülümsəməklə cavab verdi.
Ovçu Firuz bu
yırtıcı quşu niyə yaralamışdı, nədən
ötrü böyük tənəffüsdə məktəbin
həyətinə gətirmişdi? Bütün bunlar çox
keçmədi ki, bəlli oldu; sən demə, o istəyirmiş
ki, rayon qəzetinə kənddə, stansiyada baş vermiş
hadisələr haqqında xəbərlər yazmaqla bir-birilə
az qala yarışa girmiş yuxarı sinif uşaqları Rəfiq
Rəhimzadə, Hüseyn Əmiraslanoğlu, ya Məmməd Rəvanlı
onun bu şücaətini, necə deyərlər,
işıqlandırsınlar; qartalın, onun
özünün, tulasının şəklini çəkib
rayon qəzetinə yollasınlar.
Yadımdadır, o
ilin yanvar-fevral aylarında rayon qəzetində canavar
ovçuları haqqında bir neçə məqalə
çap olunmuşdu, amma bu məqalələrdən sonra
Hüseyn müəllim demişdi ki, əslində,
canavarları ovlamaq olmaz, onlar təbiətin
sanitarlarıdı və qəzet bu yazıları çap eləyirsə,
demək o qəzetçilər dünyadan xəbərsizdilər.
Məsələdən
hali olan Hüseyn müəllim bu qələbəlikdə də
söhbətə qarışdı və:
- Quzğun ilbəil
azalan quşlardandı, "Qırmızı kitab"a
düşüb, - dedi, - redaksiyada bunu bilən olsa,
yazını verməyəcəklər.
Ovçu Firuz isə
dərhal etirazını bildirdi:
- Əgər bilsələr
ki, bu qartal bir gündə "Araz" kolxozunun sürülərindən
üç quzu çalıb, verəcəklər, rayona quzu
lazımdı, "Qırmızı kitab" yox.
Quzğunların
quzu apardığını mən eşitsəm də,
görməmişdim, amma buna bənzər qartalların
dovşanı, tülkünü, çaqqalı necə
çaldığını televizorda dəfələrlə
izləmişdim, ona görə də bu qartalın
"Araz" kolxozunun sürülərindən quzu
çalmasına inandım.
Hər halda, məktəbimizdə
artıq rayon qəzetinin ştatdankənar xüsusi müxbiri
kimi məşhurlaşmış yuxarı sinif şagirdləri
Rəfiq Rəhimzadə, Hüseyn Əmiraslanoğlu və Məmməd
Rəvanlı fəaliyyətə başlamışdılar;
qeyd dəftərçələrini
çıxarmışdılar, ovçu Firuzun və eləcə
də "bəzi tamaşaçıların", zoologiya
müəllimimizin ağzından çıxanları havadaca
qapıb qeyd edirdilər.
Rəfiq Rəhimzadə
çaparaq, hardansa əldə etdiyi qaytan metrə ilə
quzğunun qanadlarını qoşalayıb ölçdü
və iftixar dolu səslə:
- İki metr
qırx santım! - dedi.
Qartalın diri
çəkisi isə mübahisəyə səbəb oldu.
Zoologiya müəllimimiz:
- Bir də çəkin,
- dedi, - altı kiloqramdan artıq ola bilməz!
Amma quzğunu
ikinci dəfə kisəyə sala bilmədilər ki, asma tərəzilə
çəksinlər. Çünki kisəyə salmaq istəyəndə
quş çırpındı və elə
şığıdı ki, uşaqlar hərəsi bir səmtə
qaçdılar. Amma bu quzğundan qorxmayanlar daha çoxdu və
onlar get-gedə bu yırtıcının çevrəsini daraldanda Firuz:
- Mən onsuz da bu
quşu burdan aparmayacam, sizə bağışlayacam, - dedi, -
təcrübə apararsız üstündə.
Zoologiya müəllimimiz,
yəqin ki, bu xəbərdən məmnun qaldığı üçün
quzğunun zoologiyasına da aydınlıq gətirdi.
- Bu, dağ
qartalıdı, - dedi, - Arana şikara gəlib, çox
güman ki, Savalandan gəlib...
Uşaqların əksəriyyəti
kimi, mən də çönüb Savalan dağının
başı qar içində olan zirvəsinə səmt
boylandım. Bu o zaman idi ki, mən artıq Rusiya imperiyası
ilə İran dövləti arasında imzalanmış
müqavilələrdən və bu muqavilələrin nəticəsi
olaraq dəniz səviyyəsindən beş min metrə qədər
hündürdə yerləşən Savalanın Arazın o
tayında qalmasından və ümumiyyətlə, Azərbaycanın
parçalanmasından xəbərdar idim və ən
böyük arzum da bu idi ki, bu mövzuda qoşduğum mənzumələri
səhnədən oxuyam.
Böyük tənəffüsün
bitdiyini bildirən zəngdən sonra şagirdlərin əksəriyyəti
dərhal sinif otaqlarına qaçsalar da, quzğunun çevrəsində
xeyli uşaq qaldı.
Məktəbimizin
dərs hissə müdiri Mustafa müəllim yaralı qartala
baxa-baxa qalmış uşaqlara yaxınlaşan kimi dilləndi:
- Bu nədi?
Karsız? Zəngi eşitmədiz? - Və dərhal da səsini
qaldırdı, - hamı siniflərə!
Mustafa müəllimin
barmaq silkələməsindən sonra da qartalın çevrəsində
uşaqların yaratdığı qələbəlik seyrəlməyəndə,
məktəbimizin direktoru meydana çıxdı, amma nə
üçünsə sözünü biz uşaqlara yox,
ovçu Firuza dedi:
- Qartalını
da götür tərk elə məktəbin həyətini,
bura sirk meydançası deyil!
Firuz dinməz-söyləməz
quzğunun qanadlarından tutub məktəbin həyətindən
aralanmaq istəyəndə sahibindən, demək olar ki,
aralanmayan tula direktora sarı çönüb bir ağız
hürdü. Elə bil direktora anlatmaq istəyirdi ki, onun sahibi
tək deyil.
...Və bu arada
möcüzə baş verdi; hardansa peyda olan bir başqa
quzğun vahiməli bir qıyya çəkəndən sonra
ox kimi qələbəliyə şığıdı, amma
kimsəni çalmadı, elə bil yerdəki yaralı qartala
bir qədər də yaxından baxmaq istəyirmiş...
Yerdəki qartal
yaddan çıxmışdı, hamı göy üzündəki
qartalı izləyirdi və kimi deyirdi yerdəki yaralı
qartalın erkəyidi, kimi də deyirdi dişisi...
Çox dərinləşməyən
bu mübahisəyə də zoologiya müəllimimiz
aydınlıq gətirdi:
- Erkəyidi, -
dedi, - qartallarda erkək dişidən balaca olur.
Məlum oldu ki,
göydəki qartalın peyda olması bütün məktəbdə
dərsi pozub, siniflərdə olanlar da quzğunu pəncərələrdən
izləyirlər.
Dərs hissə
müdiri aşkarca sezilən təəssüflə:
- Bütün məktəbdə
dərs pozulub, - dedi, - belə şey olar?
Zoologiya müəllimimiz
mənalı tərzdə:
- Bu da bir dərsdi,
- dedi, - həyat dərsi və yerdəki qartalı nişan
verdi. Göy üzündəki qartal isə, elə bil yerdəki
hadisələri izləyirdi.
Kimi deyirdi o, yenə
qələbəliyə şığıyacaq, kimi də
deyirdi, yox, onun niyyəti tulanı, ya Firuzu çalmaqdı.
Hələ
6-cı sinifdə oxusa da, artıq çəkdiyi fotoşəkillərlə
respublika qəzetlərinə də yol tapan Əkbər
Yusifoğlu bayaqdan bəri "Zenit" fotoaparatını
işə salmışdı və bu yaralı quzğunla
şəkil çəkdirmək istəyənlərin
heç birinin könlünü sındırmırdı.
Yerdəki yaralı
quzğun yaddan çıxmışdı elə bil.
Baxışlar göy üzünə quzğunun
ağır-ağır süzdüyü
açıq-aydın səmaya zillənmişdi.
Yaralı quzğun
isə, mənə elə gəlirdi ki, yalnız göydəki
qartal qıyya
çəkəndən-çəkənə özünə
qayıdır; sanki diksinir və quzğun olduğunu anlayır.
Belə
görünürdü ki, qartalın sorağı Daşburun
stansiyasına da çatıb. Çünki, adətən, dərsin
sonunda yuxarı siniflərin qızlarına tamaşa etmək
üçün gələn stansiya cavanları indidən gəlmişdilər
və yaralı qartalla şəkil çəkdirmək
üçün növbə gözləyirdilər. Qartalın
ayağına keçirilmiş üzüyün üstündəki
yazıya da onlardan biri aydınlıq gətirdi:
- Bu Çin
yazısı-zad deyil, xüsusi işarədi, hansısa
ovçular birliyinin şifrəsidi.
Fikir verirdim, Firuzun
bu quzğunla bağlı şücaəti haqqında elə
buradaca yazmağa başlayan Rəfiq Rəhimzadə bu
faktı da vacib bir məqam kimi qeyd elədi.
Sonra kəndimizin,
artıq bir dəfə telekanala da yol tapmış şairi
Şirindil Şahsevənli gəldi və quzğunla şəkil
çəkdirəndən sonra Firuzun şücaəti
haqqında sinədən uzun bir mənzumə söylədi...
Və kimsə də dedi ki, şairin nəmərini verin.
Bir
gözünü göy üzündəki quzğundan çəkməyən
və arabir tulasının başını
sığallaya-sığallaya adamların üzünə
gülümsəyən Firuza verilən suallar müxtəlifdi.
İnsanları daha çox maraqlandıran quzğuna hansı
şəraitdə vurması idi ki, Firuz bu sualın
cavabını artıq bir neçə dəfə
vermişdi; amma hamısında da fərqli..
Firuzun
sözündən belə çıxırdı ki, beşlik
qırmaynan bildirçin vurmağa
çıxıbmış, birdən qulağına quzu mələrtisi
gəlib, özü də yerdən yox, göydən.
Başını yuxarı qavzıyanda görüb ki, gumanı onu
aldatmır, göydə mələyən quzudu, amma
qartalın caynağında mələyir, quzuya
yazığı gəlib və silahına arxayın
olduğundan, məsafənin uzaqlığına baxmayaraq, quzğunu nişan alıb.
Mənə elə
gəlirdi ki, Firuza inanmayanlar olsa da, inananlar daha çoxdu. Mən
az yaşımda artıq bu qənaətə gəlmişdim
ki, insanlar həqiqətən çox yalana maraq göstərir,
yalana inanırlar. Nə danım, hələ də bu fikirdəyəm.
Zəng vurulandan
sonra quzğunun çevrəsindəki qələbəlik daha
da böyüdü. Hiss eləyirdim, uşaqların
çoxunu maraqlandıran göy üzündəki quzğundu;
elə güman eləyirdilər o quzğun yerdəki
yaralı qartalın qisasını almaq üçün
mütləq şığıyacaq, ya Firuzu, ya onun
tulasını çalacaq....
Məlul-məlul
harasa uzaqlara baxsa da, arabir qanad çalıb pərvazlanmağa
can atan yaralı quzğun da diqqətdən
qalmamışdı; uşaqlar onun qarşısına
şor-çörək, kotlet tikəsi, çiy ət
parçası və bir kasa su qoymuşdular.
Sınıqçı
Abdullanın hadisə yerinə gəlib çıxması
yeni bir mübahisəyə səbəb oldu; kimi dedi ki, Abo bu
qartalın qanadını düzəldə bilər, kimi də
dedi ki, bu mümkünsüzdü. Sınıqçı
özü isə bildirdi ki, qartalın qanadına yaxı
salıb düzəldər, amma bir şərtlə:
qabağına qoyulanı yesə...
Bu arada Qaraca
oğlu İlyas haradansa çalıb gətirdiyi ördək
balasını diri-diri qartalın qabağına qoyanda və
yırtıcı bu canlı varlığa yaxın durmayanda
sınıqçı Abdulla:
- Bunun qanadına
yaxı salmağa dəyməz, - dedi, - çünki yemir.
- "Bəs
zooparkda bunları necə bəsləyirlər görəsən?".
Ortalığa
atılmış bu suala cavab verən olmadı. Zoologiya müəllimimiz
isə:
- Heyif, qanadı
düzəlsəydi, saxlayardıq, - dedi, - bir var uşaq bu
qartalın özünə baxa, bir də var müqəvvasına.
Göy
üzündəki qartal birdən-birə qeyb olandan sonra Firuz
yaralı qartalın qanadlarından tutub, - biz də gedək,
daha buralıq işimiz qalmadı, - dedi və
sözünün ardını üzünü tulaya tutandan
sonra gətirdi, - paşli, Palma...
Bir neçə
gündən sonra rayon qəzetinin dördüncü səhifəsində
quzğunun da, Firuzun da, onun tulasının da şəklini
gördüm. Ovçu Firuzun şücaətindən bəhs
edən yazının altında iki sinifdaşımın
imzası vardı. Məqaləyə diqqət çəkən
bir ad qoyulmuşdu: "Qanadlı yalquzaq".
Məqalədən
belə hasil olurdu ki, ovçu Firuz bu qanadlı
yalquzağın həyatına son qoymaqla yüzlərlə (bəlkə
də minlərlə!) Sovet quzusunu quzğun caynağından
xilas eləyib.
Mən yaralı
qartalın şəklini qəzetdən kəsib
götürdüm ki, haçansa uçmaq istəyib,
uça bilməyəndə bu şəklə də
baxım...
30
aprel, 2017
Məmməd ORUC
Ədəbiyyat qəzeti. -2020. – 29 fevral.
– S.3