Duyğular barədə
duyğu yazısı
Qənirə Paşayevanın "Hesab vaxtı" kitabına söz ardı
Allahın gözəl
günlərinin birində Rəşad Məcidlə Tovuzda
oturmuşduq. Rəşad Nigar Köçərlinin sonradan ədəbiyyat
aləmində çox məşhur olacaq "Milli kitab
mükafatı" layihəsinə dəstək vermək
üçün gəlmişdi Tovuza və onlar millət vəkili
Qənirə Paşayevanın qonağıydılar. Qənirə
xanım da bu layihənin əsas dəstəkçilərindən
biriydi. Azərbaycanın hər yerində olduğu kimi, Tovuzda
da qonağa öncə çay verirlər və bizə də
çay gəldi. Həmin anın qəribəliyi o idi ki, bizə
çayı millət vəkili olan xanım özü gətirmişdi.
Rəşadın sifətində ironik qəribə bir təbəssüm
forması yarandı və o yarızarafat, yarıdoğru dedi:
- Elxan, Azərbaycanda neçə adama millət vəkilləri
çay gətirir. Mən də gülümsündüm və
eyni tonda dedim: -Yalnız krallara və böyük şairlərə...
İndi Qənirə
Paşayevanın "Hesab vaxtı" kitabını oxuyarkən
mən həmin anı xatırladım. Kitabda öz daxili
dünyasına səyahət edən bir insanın
düşüncələri toplanıb. Bu dünyaya səyahətdən
sonra fikrimdə Qənirənin çoxdan formullaşdırmaq
istədiyim obrazı canlandı. Bilirəm ki, onun cəhətləri
çoxdur, istedadı da özünü müxtəlif
janrlarda büruzə verir. Siyasətdə də, ədəbiyyatda
da, insan münasibətlərində də... Onun cəhətlər
siyahısını, fəaliyyət arealını sadalasam
çox uzun bir cümlə alınacaq. Amma indi mənim məqsədim
o deyil. İndi, onun kitabını oxuya-oxuya sadəcə
anlamaq istəyirəm ki, qısa bir zaman kəsiyində
özünü dünyanın çox yerində sevdirməyi
bacarmış bu qadın kimdi, dünyada hansı missiyanın
daşıyıcısıdır? Vərəqdən-vərəqə
keçdikcə fəhmimin gücüylə mən də onun
daxili dünyasına səyahət edə bildim, onun kim
olduğunu, göy altındakı missiyasını anladım.
Mən Qənirə Paşayeva formulasını tapdım. Bunu
belə ifadə etmək olar - o duymağı bacarır, o
görməyi bacarır, o sevməyi bacarır. Bunlar
Allahın hər adama lütf eləmədiyi keyfiyyətlərdir
və bu üç hissi özündə birləşdirən
adamlara mən çox az rast gəlmişəm. Qənirəni
yaxşı tanıdığım üçün onun
yazdıqlarının nə qədər səmimi olduğunu
bilirəm. Onun yazdıqları ilə elədikləri demək
olar ki, eyniyyət təşkil edir. Heç bilmirəm indi yer
üzündə neçə belə adam var. Mən kitabı
vərəqlədikcə süfrəmizə böyük məmnunluq
və ilahi bir təbəssümlə çay gətirən,
içində sevgi okeanı çağlayan və
şöhrət piyaləsini gənc yaşlarında
dadmış, tükənməz enerjisi və çoxsaylı
ideyaları ilə cəmiyyəti heyran qoymuş bu cazibədar
xanımı xatırlayıram. Onun böyük iç
dünyasının fonunda nümayiş etdirdiyi sadəlik
çizgilərini xatırlayıram. Bir köy
qızının kral ədasını xatırlayıram.
Yadıma Çingiz Abdullayevin danışdığı bir əhvalat
düşür. İspaniya kralı Xuan Karlosun qəbuluna gedən
bir qrup yazıçı əlahəzrət içəri girəndə
ayağa durur. Oturun deyir kral, "yazıçı mərtəbəsi
kraldan daha yüksəkdir, çünki heç bir
yazıçı kral olmaq istəmir, amma bütün krallar
yazıçı olmaq istəyir". Əlbəttə,
böyük jest eləmək, yaradıcı insanı görə
bilmək üçün gərək özün də
böyük olasan. Görməyi bacaran könlün ola,
duymağı bacaran ürəyin. Və içində
Tanrıdan nəsə ola, kiçicik nur zərrəsi.
Yaşadığımız cəmiyyət yarasa xislətlidir
şübhəsiz, amma Yaradan bəzilərinə içində
nur daşımaq görəvi verir. Əlbəttə, bununla
yaşamaq çətindi, Qənirənin keçirdiyi
iztirablar da mənə tanışdı. Tanrı seçkini
olmaq çətindir, çox çətin. Amma o çətini
seçənlərdəndi, əfşar boyundan olan
Paşayeva Qənirə, Ələsgər müəllimin
qızı...
Mən onu uzun illərdir
tanıyıram, bu illər ərzində o çox önəmli
işlər görüb və mən heç vaxt onun
haqqında yazı yazmamışam. Bəlkə də
özümə çox yaxın, çox doğma
saymışam, biz, adətən, doğmalarımızı
sonda xatırlayırıq. Ya da tam tanımamışam,
kitabını oxuyana qədər. Əlbəttə, kitab insan
qəlbinin inikası deyil. Mən hər gün
"böyük yazıçılıq", "böyük
insanlıq" rolu oynayan insanların əhatəsindəyəm.
Onların yazdıqları kitablar həyatlarının
antipodudur. Onlar ayrı cür yaşayan, ayrı cür
görünənlərdir. Dahilərimiz. Amma Qənirə
ayrıdır, göründüyü kimi olanlardandır.
Çünki içində bir eşq var, Tanrı eşqi var.
Yəqin, onun missiyası da bu eşqi cəmiyyətdə
ölməyə qoymamaqdır.
Tanışlığımızın tarixçəsi də
qəribədir. Həm də qəmli. Qənirə Tovuzda
seçkilərə qatılmışdı, yenicə
kampaniyaya başlamışdı ki, ona müsibət üz
verdi. Atası Ələsgər müəllim rəhmətə
getdi. Gənc bir qız üçün bundan böyük zərbə
ola bilməzdi. Qəfildən belə bir zərbə almaq istənilən
insanı sındıra bilər. Mən Ələsgər
müəllimi tanıyırdım, o, ədəbiyyatı sevən,
dərindən bilən xeyirxah bir insandı. Biz onunla ədəbiyyat
söhbətləri edərdik, nələrsə öyrənərdik
ondan. Mənim yaradıcılığımdan yazan bir sıra
müəlliflər qəribə bir ironik heyrət
nümayiş etdirərək, aşıq rayonu Tovuzdan
çıxan Elxan Zalın nədən böylə fərqli
bir poeziya ortaya qoyduğunu anlaya bilmirlər. Mənim
uşaqlıq illərimdə Tovuzda Ələsgər müəllim,
İsa İsayev, Telman Tovuzlu kimi insanlar var idi, onlar bizim
dünya ədəbiyyatına açılan yol
kitablarımız idi, milli köklərdən dünya
üfüqlərinə baxmağı mən onlardan öyrəndim.
Ələsgər müəllim dünya ədəbiyyatını
yaxşı bilən müdrik insan idi. Duymağı, görməyi,
sevməyi bacaranlardanıydı. O, müəllim idi, öyrətməyi
də bacarırdı. Müəllimlər belədir, hər kəs
onlardan ağlının imkan verdiyi həddə öyrənir.
Ələsgər müəllim yol göstərməyi
bacaranlardanıydı. Onun çox cəhətləri Qənirənin
də xarakterinə hopub. Və məsul bir anda belə
arxanı, ən əziz adamını itirmək müsibət
idi. Amma o sınmadı, dözdü, çünki atası
onu cismən tərk etsə də verdiyi dərslər onunla
idi. Qənirə də dərs almağı
bacaranlardandı...
Mənim Qənirə
ilə ilk görüşüm belə bir hüznlü anda,
Ələsgər müəllimin dəfn mərasimində
oldu. Bilmirəm, Allah bu gənc qızı niyə belə
ağır sınağa çəkdi? Biz Tanrının
cızdığı yolları bilmərik. Bəlkə də
bu bir sınağıydı ona verilən böyük missiya
qarşısında. O buna tab gətirdi. Romantik duyğularla
yaşayan bir qız taleyin və siyasətin sərt
üzünə sinə gərib qalib oldu. Bilmirəm
Allahın bəsirətiydi, ya Ələsgər müəllimin
qanıydı ona güc verən, amma onun zəfər
yürüşü ağır, hüznlü bir andan
başladı...
O, ölkə siyasətinə
axan ulduz kimi girdi. Qəfil və parlaq. İnsanlar onu sevməyə
başladı, çünki o da sevirdi, o, insanları çox
sevirdi. Sevgi Allahın Adəm övladına verdiyi ən
böyük hissdir. Yalnız sevməyi bilənlər sevilir.
Sevmək və ürəyini insanlar yolunda Danko sayaq məşələ
döndərmək - bu, seçilmiş insanların taleyidir,
onlar sevgilərinə əvəz istəmirlər heç
zaman. İlahi eşq onların mahiyyətidir. Qənirənin
mahiyyətini bilmək üçün onun "Günellə
söhbət" yazısından bir parçanı misal
göstərmək istəyirəm: Bu yazı məşhur
"Qırmızıpapaq" nağılının Qənirə
sayaq yozumudur. Onun dünyagörümünə məxsus bir
yozumu.
"Bir gün
Tovuzda balaca Günellə söhbət zamanı maraqlı bir
dialoq yaşadıq.
- Qənirə
xala, bax, mənim iki əlim var...
- Böyüyəndə
çarəsiz əlləri daha yaxşı tutasan deyə...
- Bax, iki
ayağım var...
- Böyüyəndə
sənə ehtiyacı olanlara daha tez yetişəsən deyə...
- İki
qulağım var...
- Ədalətsiz
olmamaq üçün, günaha batmamaq üçün iki tərəfi
də dinləyə biləsən deyə..
- Bəs ürəyim
niyə bir dənədir?..
- Hələ
balacasan, böyüyəndə görəcəksən ki, tək
deyil"...
Bu onun həyat fəlsəfəsidir.
Duymağı, görməyi, sevməyi bacarmaq istəyidir. Bu
onun getdiyi yoldur. "Şəriət, təriqət yoldur gedənə,
həqiqət mərifət ondan içəri". O,
artıq həqiqət və mərifət yolundadır. Getdiyi
yolda Allah kömək olsun ona. Əlbəttə, onun haqqında
çox şeylər yazmaq olar, onun fəaliyyəti və
işləri rəngarəng və çoxsahəlidir. O
hansı sahədən yapışsa özündən söz
etdirməyi bacarır, çünki istedadın janrı
yoxdur. İstedadlı adam hansı sahədən yapışsa
uğur qazanacaq. Xüsusən əgər Allahın nəzəri
üstündədirsə...
O həm də qələm
dostumdur, mən hələlik yalnız qələm
dostlarımın portretlərini yazıram. Onun digər işləri
kimi, yaradıcılığını da diqqətlə izləyirəm.
Bu yazım isə Qənirənin portretinə kiçicik
ştrixlərdir. Onun "Hesab vaxtı" kitabının məndə
doğurduğu duyğulardır. Duyğular barədə
duyğu yazısıdır.
P.S. Türkiyə
Cümhuriyyətunun prezidenti sayın Rəcəb Tayyib
Ərdoğan öz çıxışlarında şairlərin
şeirlərindən sitatlar gətirməyi çox sevir. O,
Dünya Axıska Türklərinin qurultayındakı
çıxışında Qənirə Paşayevanın
"Axıska" şeirindən sitatlar gətirdi. Qənirə
xanımın şeirləri R.T.Ərdoğan
kimi şeir xiridarının diqqətini cəlb edibsə,
özünü şair hesab etmədiyini söyləsə də,
Qənirə xanımın poetik istedadından xəbər
verir. Amma
bu bir ayrı mövzunun söhbətidir.
Elxan Zal
Qaraxanlı
Ədəbiyyat qəzeti. -2020. – 29 fevral.
–S. 14;15