Böyük ədəbiyyat,
zaman və müvəqqətilik haqqında
Anarın seçilmiş nəsri Moskvada -
"Roman-qazeta"da
"Roman-qazeta"nın
baş redaktoru, tanınmış rus nasiri Yuriy Kozlov L.Lavrovanın suallarını
cavablandırır
1927-ci ildə A.M.Qorki tərəfindən yaradılmış
"Roman-qazeta" Rusiyada ən məşhur, ən kütləvi
bədii jurnaldır. Orada yerli ədəbiyyatın
bütün əhəmiyyətli nəsr və qeyri-nəsr əsərləri
çap olunub və olunmaqdadır. "Roman-qazeta" -
Rusiyada ayda iki dəfə çıxan yeganə ədəbi-bədii
jurnaldır. Müxtəlif zamanlarda redaksiya heyətində
Yuriy Bondarev, Semyon Borzunov, Sergey Zalıgin, Leonid Leonov, Yevgeniy
Nosov, Pyotr Proskurin, Valentin Rasputin... kimi tanınmış
yazıçılar işləyiblər. Burada Nobel
mükafatı laureatı M.Şoloxovun
"Sakit Don" romanı, Marina Svetayeva, M.Koltsov, K.Simonov, Y.Bondarev, V.Nekrasov,
V.Şukşin, V.Bıkov, Ç.Aytmatov, V.Rasputin, V.Belov, Rəsul
Həmzətov, Y.Semyonov, Y.Nagibin, V.Pikul və A.Proxanovun,
ukraynalı yazıçılar P.Zaqrebelnıy və
O.Qonçar, belaruslu İvan Çiqrinov, latış Z.Skuin,
moldovalı müəllif İ.Çobanın əsərləri
işıq üzü görüb.
İndi isə
"RQ"-da Anarın "Göz muncuğu" nəsr
toplusu dərc olunub.
- Öncə icazə
verin, Yuriy Vilyamoviç, sizi artıq xeyli rəğbət
doğuran sonuncu "Yeni oğru" romanınıza görə
N.S.Leskov adına Ümumrusiya "Məftun
olmuş səyyah" ədəbi mükafatı almanız
münasibətilə təbrik edim və dərhal suala
keçim: əgər kütləvi istehlakçını nəzərə
almayıb ciddi ədəbiyyatı, xüsusən, yaxın xarici
ölkə yazarlarının kitablarını çap edirsə,
naşir bu gün necə yaşayır?
-
"Roman-qazeta"da biz yaradıcı və mədəni əlaqələri
qorumağa çalışırıq, baxmayaraq ki, bu asan
deyil. Bizdə artıq Elçinin nəsri çap olunub, indi
Anarın seçilmiş əsərlərini çap etmişik.
Rusiyada keçmiş İttifaq respublikalarının
yazıçılarını çap edən azdır, deyirlər,
artıq nə özümüzünkü kimidirlər, nə
də əcnəbi... Paradoksal acınacaqlı vəziyyətdir.
Ötən il biz vaxtilə böyük mübahisələr və
ictimai rezonans doğuran "Az i Ya" kitabı bestseller
olmuş Oljas Süleymenovu çap etdik. İndi qırx il
sonra Oljas həmin fikirlərini inkişaf etdirib. Bu müzakirədə
bəzi dəyərlər dəyişdi axı, Avrasiya Birliyi
yarandı... Əminəm, rus oxucusunun tarixən bizə
yaxın olan xalqların ədəbiyyatına tələbatı
var. Biz hamımız bir çox dramatik dəyişikliklər
və hadisələr yaşadıq! Buna görə də, bu
dəyişikliklərin vaxtilə ortaq olan mədəni məkanımızda
yazıçılar tərəfindən dərki və qiymətləndirilməsinə
maraq var. "Roman-qazeta",
bütün qalın jurnallar kimi, çətin keçinir,
dövlətdən, demək olar ki, heç bir dəstək
yoxdur. Biz sadiq oxucularımızın abunəliyi hesabına
dolanırıq, tirajın bir hissəsi Rusiya kitabxanalarına
gedir, pərakəndə satışın payına isə
çox nüsxə düşmür. Əsasən, yaxın
vaxtların az qala ən nüfuzlu və hörmətli "Bədii
ədəbiyyat" nəşriyyatının
mağazasına. Lakin hazırda həmin nəşriyyat özəlləşdirildiyinə
görə, mağazanı bağlayıblar və onun yerində
restoran yaranıb. Doğrudur, bizim nəşrimizi Moskvanın
iki ən iri kitab mağazasından - Arbatdakı
"Biblio-Qlobus" və "Kitab evi"ndən də almaq
olar.
Halbuki, vaxtilə
"Roman-qazeta"nın tirajı 4 milyona
çatırdı! Bizdə çap olunan yazıçı
dərhal Böyük ədəbiyyata, ittifaqın geniş
oxucu auditoriyasına, bir növ, vəsiqə alırdı.
Respublikalardan olan müəlliflər də çox vaxt
"Roman-qazeta" vasitəsilə məşhurlaşırdılar,
onların əsərləri rus dilində yaxşı tərcümələrdə
çıxır, sonra isə həm də dünyada
şöhrət qazanırdı. Çox belə
yazıçı adı çəkmək olar.
Bəli, biz vahid mədəniyyət
məkanının ənənələrini qorumağa
çalışırıq. İnsanların zehniyyəti yeni
gələn mədəni təsislərə nisbətən
daha ləng dəyişir, odur ki, ciddi ədəbiyyata tələbat
hələ var. Üstəlik, əminəm, çətin ki,
günümüzün ədəbi "avtoritet"ləri
uzun müddət davam gətirə və mədəniyyət
tarixinə düşə. Lakin çoxmillətli ədəbiyyatın,
belə demək olarsa, "qızıl fondunu" təşkil
edən adlar isə qalacaq. Biz onların əsərlərini
çap edirik ki, Rusiyanın indiki gənc oxucuları bu müəllifləri
tanısınlar. Yadda saxlasınlar ki, Anar, Çingiz Aytmatov,
litvalı Yonas Avijyus, eston Yuhan Smuul, ukraynalı Pavlo Tıçina...
kimi zirvələr olub və var. Təəssüf ki,
onların əksəriyyəti, hətta öz vətənlərində
belə, unudulublar...
"Yazıçı peşəsinin nüfuzu çox
aşağı düşdü"
- Biz yeni
qloballaşan dünyaya necə girəcəyik? Tarixsiz,
keçmişsiz, vətəndaşlığı olmayanlar,
milliyyətsiz köçərilərlə?
- Burada onu da deyim
ki, yazıçı peşəsinin nüfuzu çox
aşağı düşdü. Yazıçı marjinal
fiqur oldu... Peşə reyestrinin rəsmi siyahısında belə
bir peşə yoxdur - "yazıçı".
Yazıçı təşkilatları öz aralarında əməkdaşlıq
etmirlər. Bu isə o deməkdir ki, yazıçı
ictimaiyyəti öz iddialarını dəqiq və sərt
şəkildə ifadə edə bilmir, birləşib, deyək
ki, dövlətdən yazıçı əməyinə
lazım olan hörmətə nail ola bilmir.
Qalın jurnalların həyatı və
"ölümü" haqqında
Son zamanlar
yazıçıların rolunun dərki istiqamətində
müəyyən irəliləmələr var. Bax,
"qalın" jurnallar və onlara dəstəyin əhəmiyyətindən
bəhs olunur. Başqa bir tərəfdən isə, bu jurnallar
da dəyişilib. Əvvəllər onlar yeni istedadların
yetişdiyi özünəməxsus yaradıcılıq
laboratoriyası idilər, müxtəlif ideya istiqamətləri
ilə seçilirdilər. Vaxtilə Belinski yazırdı ki,
jurnal "istiqamətsiz" mövcud ola bilməz. Bəs bu
gün jurnallar nəyi təmsil edir? Bir neçə adam sənətə
olan sevgidən, inersiya ilə, hətta öz maddi təminatına
zərər bahasına jurnalların mövcudluğuna dəstək
olmağa davam edir. Təbii ki, jurnalların səsi
eşidilmir, ictimai rezonans sıfır dərəcəsindədir.
Qızğın yaradıcı mübahisələrin
aparılacağı, fikirlərin toqquşduğu bir redaksiya
heyəti yoxdur. İndi hər şeyi baş redaktor təkbaşına
həll edir, məsləhətləşəcək kimsə
yoxdur... Müəyyən yazıçı adlarından ibarət
ierarxiyanı təşkil edən peşəkar ədəbi tənqid
də mövcud deyil. İndi tənqid əsasən reklam
funksiyasını yerinə yetirir. Kommersiya, qazanc rəylər
və dəyərləndirmələrə təzyiq göstərir.
Həqiqi ədəbiyyat və nəşriyyat "mətbəxi"
barədə
- Bəlkə, nəşriyyatlar
istedadları kəşf etmək, yeni adları qiymətləndirmək
funksiyasını öz üzərlərinə
götürüblər?
- Əksər nəşriyyatlar
qarşılarına kitab sahiblərinin gəlirindən artıq
mənfəət əldə etmək vəzifəsini qoyurlar.
Nəşriyyatlara oxucu zövqünün idarəsini ələ
almaq, dəbi diktə etmək, bununla da ajiotajlı tələblərə
cavab verə bilmək üçün iki-üç piar
edilmiş ad vasitəsilə ictimai fikrin cazibəsini yaratmaq sərfəlidir.
İndiki "təsadüfən" dəbdə olan
yazıçılar nə ictimai rəyin lideri, nə də
hansısa nüfuzlu mütəfəkkir ola bilərlər.
Ədəbiyyat bu gün şou-biznes prinsipi ilə
mövcuddur, bəs necədir orada? Kim ekranda, internetdə
tez-tez parıldayırsa, bütün məlumat "küncləri"ndə
kimin haqqında hay-küy yaranırsa, o da məşhurdur.
Bundan başqa,
bugünkü gənclərə, onların tərcümeyi-hallarına
baxırsan və görürsən ki, onlar arasında
özünü ədəbiyyata həsr etmək istəyən
olduqca azdır. Əsasən, hüquqşünaslar, menecerlər...
gəlir. Onlar ədəbiyyata vəzifə kimi deyil, oyun kimi
yanaşırlar. Fikirləşirlər ki, hə, bu zəri
ataq, kazinodakı kimi və cek-potu qıraq. Amma məsələ
ədəbiyyatdırsa, belə olmur axı. İndiki gənclərdə
artıq təfəkkür başqadır, hər şey fərqli
dəyərləndirilir: kitab uğurludur-uğurlu deyil,
qazandım-qazanmadım... Odur ki, iki-üç kitab
çıxarırlar və əgər onlara ödəniş
etsələr, buna görə qəpik-quruş alırlar,
bununla da onların yazıçı karyerası
yekunlaşır. Onlar asanlıqla bu peşədən gedirlər.
Seriallara ssenarilər yazırlar, reklam roliklərinə
süjetlər, kimin qismətinə nə düşsə...
- Anar sizə nə
ilə yaxındır, siz onun nəsrində nəyi
vurğulamaq istərdiniz?
- Olduqca dərin
yazıçıdır. Mənimçün onun
dünyanı necə görməsi və zəmanəmizin ən
mürəkkəb problemləri haqqında bugünkü
xarakter və hadisələri də nəzərə alaraq daha
geniş, zamansızlıq kontekstində bəhs etməsi
önəmlidir. Xüsusən, "Ağ qoç, qara
qoç"u, "Otel otağı"nı,
"Qırmızı limuzin" və "Dantenin
yubileyi" novellalarını qeyd etmək istəyirəm.
Anar, mənim fikrimcə, əvvəlki, klassik ədəbiyyat
anlayışına sahibdir. Qazandığı böyük həyat
və yaradıcılıq potensialının köməyilə
o, son illərdə baş verən hadisələri süzgəcdən
keçirir, insanlar və münasibətlərin,
bütövlükdə cəmiyyətin dəyişikliklərindən
yazır... O mənə bax bununla son dərəcə
maraqlıdır. Çünki siyasətçilərin nitqindən
Qazaxıstan, Azərbaycan, Özbəkistan... kimi müstəqil
ölkələrdə nə baş verdiyini çox vaxt
anlamaq mümkün olmur. Anar kimi əzəmətli
yaradıcı şəxsiyyətlər, humanizmə (vacib
deyil yalnız Avropadan gəlsin), milli, Şərq humanist dəyərlərinə
əsaslanaraq bu prosesləri bizə göstərirlər. Azərbaycanda
unikal qədim mədəniyyət mövcuddur, bu torpaq məşhur
maarifçiləri və böyük şairləri ilə
tanınır. Türk dünyası, ümumiyyətlə, bəşəriyyətə
çox şey verib. Bütün yaxşı ənənələr
Anarın yaradıcılığında əks olunmaqla vaxtilə
vahid ölkədə yaşamış xalqların içində
yaşadığı gerçəkliyin problematikasını
oxucu qarşısında açır.
- Rusiya ilə
tarixi və mədəni əlaqələrin qayğı ilə
qorunduğu, rus məktəblərinin fəaliyyətinin davam
etdirildiyi, rus dilində qəzet və kitablar çap olunan,
Slavyan Universitetinin yerləşdiyi, paytaxtının mərkəzində
Puşkinə gözəl heykəl qoyulmuş... Azərbaycan
oxucusu üçün bir neçə kəlmə deyin. Yeri
gəlmişkən, Bakının qədim hissəsində bu
yaxınlarda nəhəng və olduqca rahat təşkil
edilmiş kitab mağazası - "Book Center"
açılıb, bənzəri heç Moskvada da yoxdur! Orada
Rusiyadan gətirilmiş xeyli maraqlı və ən yeni
kitabları gördüm. Bu "Kitab evi"nə Anarın
qızı, özü də maraqlı və istedadlı nasir
olan Günel rəhbərlik edir, daha doğrusu, bizim mədəni
əlaqələrimizin "ocağını" qoruyur.
Ümid edək ki, sizin yeni romanınız "Yeni
oğru" da oraya gedib çıxacaq...
- Mənim Azərbaycanda
tanışlarım, o cümlədən, yazıçı,
jurnalist tanışlarım az deyil. Onlar hamısı
Bakının yeni siması barədə, gözəl yollar,
bağlar, respublikanın davamlı olaraq yenilənməsi,
modernləşməsi haqqında məftunluqla
danışırlar. Azərbaycan paytaxtından telesüjetlər
güclü təəssüratlar yaradır. Bu proseslər
böyük sayğı doğrurur. Və əgər digər
respublikaların nümayəndələrindən bəzən
həyatın modernləşməsinin necə çətinliklə
inkişaf etdiyi barədə eşidiriksə, azərbaycanlılardan
mən bir dəfə də ölkənin inkişaf etməməsi,
laqeyd vəziyyət haqda şikayət eşitməmişəm.
Ümid edirəm ki, mənim yeni romanım Azərbaycan
oxucusuna çatacaq, Bakının "Book Center"ində satılacaq.
Əlbəttə, yazıçı onu narahat edən məsələlər
haqqında yazır, lakin eyni zamanda, oxucunu düşünməyə
vadar edəcəyinə də ümid edir. Axı hər kəs
həyatı, ondakı hadisələri öz baxış
bucağından görür. Yazıçı isə hər
şeyi daha əhatəli görür və belə də olur
ki, öz yaradıcı istedadının gücünə hələ
cəmiyyətə bəlli olmayanı da aça bilir.
Müsahibəni
apardı: L.Lavrova
Ədəbiyyat qəzeti. -2020.- 29 fevral.
– S.6;7.