Yaşıl simfoniya və
yaxud heykəl qu quşu
1984-cü ilin bir payız
günü "Yazıçı"
nəşriyyatının qaranlıq
koridorunda cavan bir oğlanla üz-üzə dayanmışdıq.
Rəhmətlik Zəlimxan
Yaqub bizi tanış elədi.
"Bu, Zabildi, Neftçaladan, şairdi, sözü ucalıqda saxlayan şair".
O vaxtdan
düz 36 il keçdi. Düz 36 ildən sonra Neftçalada yenidən üz-üzə gəldik.
Bütöv bir ömür keçib-getmişdi.
Ancaq Zabil heç dəyişməmişdi.
O zamankı
qaynayan gözləri,
həyəcanı, dəli-dolu
sözləri, canatmaları
- hər şey əvvəlki idi.
Və o gün mənə
son kitabını bağışladı
- "Yaşıl simfoniya".
Kitabın adını
"Yaşıl simfoniya"
qoysa da, sözlərinə
yaşıldan daha çox, ana qaranlıqdan tutmuş yeddi rəngin bütün çalarlarının
işığı düşmüşdü.
Lap özünün kitabına
yazdığı ön
söz kimi: "Poeziya mənim üçün cəmiyyət
hadisəsi deyil, təbiət hadisəsidir.
Zəlzələ kimi,
şimşək kimi,
sel kimi, yağışdan sonra yaranan göy qurşağı kimi. Hətta balıq ovunda ayağım altında qalıb üstümə cuman ilan kimi".
Zəlzələ, şimşək, sel,
yağışdan sonrakı
göy qurşağı...
Və bir oxucunu həyəcanlandıran
hər şey var bu kitabda.
Kür üstündə Neftçalanın
Qonaqkənd adlanan yurd yerində bir şam yanır
- Zabil Pərviz adında. Bu şamın işığında ruhumuzun,
olmuşların və
olacaqların rəsmini
çəkir Zabil Pərviz:
Harda qaldı o göy
dəniz,
Doğma dəniz, ögey
dəniz...
Bu da bizim taleyimiz,
Dənizə çatmayan çaylar.
Gedib dənizə çatmayan
çayların nisgili
var Zabilin şeirlərində.
Zabilin şeirlərini oxuduqca,
bir zamanlar söylədiyim "şairlik
bütün ömrü
boyu özünəbənzər
adam axtarmaqdı və sonunda da onu tapmamaqdı" fikrinin nə qədər doğru olduğuna bir daha əmin oldum. Yazılarından görünür ki, Zabil Pərviz bütün ömrü boyu axtarışda olub. Onun axtarışı
ümidlə süslənmiş
bir axtarışdı:
Əsir başım üstən
bahar yelləri,
Keçir ürəyimdən arzu
selləri,
Könlümdə ilahi bir səs dilləşir,
- Mənim
göyərməyə bir
ümidim var.
Mən həmişə o düşüncədə
olmuşam ki, şairlər haqqında yazılan bütün mübaliğəli sözlər
aldadıcı və yalançı olur.
Mənə görə böyük
şair ifadəsi yanlış, aldadıcı
ifadədir. Böyük
şair, kiçik şair olmur. Adam ya şairdi, ya da şair deyil. Hər şey bu qədər
bəsit. Zabil sözün həqiqi mənasında şairdi:
Yalançı taleyin kəs qanadını
Qanadı könlündə, közündə
axtar.
Uçmaq istəyirsən - öz
qanadını
Özgədə axtarma, özündə
axtar!
Zabil şair olmaqdan əlavə, həm də gözəl müəllimdir. O, dolanışıq
ucbatından təhsilini
buraxmış uşaqların
faciəsini, gəncliyin
faciəsi kimi qiymətləndirir və bu faciəni görün necə gözəl bir dillə poetikləşdirir:
Çəkilib xəlvətə səssiz
xəlvəti,
Yiyəsiz arzular harda ağlayır?
Az qalır qışqıram,
az qalır deyəm,
Burda bir boş qalan parta ağlayır.
Zabil Pərvizi oxuduqca
özümə qayıdıram.
70-ci illərin sonu,
80-ci illərin əvvəllərində
təyinatla müəllim
işləməyə getdiyim
və yaşadığım
Kələki və Unus kəndini xatırladım. Əyalətdə
yaşayıb Bakının,
bütöv Azərbaycanın
nəbzini tutmaq zor iş olsun
gərək. Azərbaycanın
problemləri, xalqın
ruhu Zabilin yaradıcılığında söz-söz, misra-misra qızıl bir xətt kimi keçir:
Çox oxuduq, "gözəl
Vətən,
Kolun belə, gülün
belə"
Qarabağdan Təbrizəcən,
Səpələnib külün belə.
"Gözləmə"
Su verməyin,
ağlasa da,
Gözlərinin yaşı yansın.
Başdan-başa külə dönsün,
Dil çıxarıb daşı
yansın.
"Vadi"
Zabil cəmiyyətin faciəsini
təbiətə köçürmək
ustasıdır. O, zamanı
dəyirmanında bir toplumun mənəvi aşınmasını görün
nə qədər ürək yanğısı
ilə oxucusuna pıçıldayır:
Dayan, sonuncu dağ, belə yıxılma,
Yıxılma dərələr səmtinə
belə.
Sənin də beləcə
səssiz yıxılman,
Axır ki, ruhumu gətirdi dilə.
Yel vurar, yengələr
oynadar səni,
Apardığın nədir, gətirdiyin
nə?!
Qopur ləçək-ləçək
gülün, çiçəyin,
Xəbərin də yoxdu itirdiyindən.
"Sonuncu dağ"
Zabilin şeirlərində uydurulmuş, yapma heç nə yoxdu. Onun dövrünün
böyük ziyalısı
İmamverdi Əbilova
həsr elədiyi şeirdə həqiqətə
könül verməsini,
haqqa tapınmasını
bir şairin faciəsindən daha çox, xoşbəxtliyi
olmasını "gül
dilini bilməsi" ilə poetikləşdirir:
Gül dilini bilməyim,
Mənim faciəm oldu.
Əsdi soyuq küləklər,
Xəzanım möhkəm oldu.
Şeh gül üstə
gözəldi,
Sular öz axarında...
Gül dilini öyrəndim,
Gül gülü çağıranda.
"Gül gülü
çağıranda"
Güllərin, çiçəklərin, ağacların dilini bilmək bir şair üçün böyük xoşbəxtlikdir.
Zabil Pərviz bu dili bilir:
Bir dan üzü gördüm ki,
Güllər verib səs-səsə.
Şehli-şehli danışıb,
Məndən deyirlər nəsə.
Ona baxın,
siz Allah,
Küsüb gedir dünyadan.
Kim onu
qaytaracaq
Bu sərsəri
sevdadan.
"Gül gülü
çağıranda"
Mən həmişə düşünmüşəm
ki, dünyadakı bütün heykəllər
şairlərin daşa
dönmüş nəğmələridir.
Belə bir heykəli Zabil Pərviz də "Heykəl qu quşu"şeirində qoyub...
Mən bir şair kimi yox, oxucu
kimi sükutu sözə daşıyan şairlərin oxucusuyam. Zabil Pərviz bir az da qabağa
gedib. O, sükutun səsini yox, susmaq istəyənlərin
səsini sözə daşıyıb. O, səsi
sözə daşıya-daşıya
özü də yaddaşlara yazılıb.
O, səksəninci
illərdə ədəbiyyata
gəlmiş, özünü
təsdiq eləmiş
bir ədəbi nəslin (A.Cəmil,
İ.Türkay, Ə.Kür,
Ə.Ol, P.Qusarçaylı,
R.Məcid, M.Köhnəqala
və b.) gözəl
nümayəndəsidir.
Əsl söz sahibləri
hay-küydən, iddiadan
uzaq olur. Bu da onun ən gözəl
nümunəsi:
Ümidim var
Əsir başım üstdən
bahar yelləri.
Keçir ürəyimdən arzu
selləri...
Könlümdə ilahi bir səs dillənir:
- Mənim
göyərməyə bir
ümidim var.
Ürək qılınc çəkir
qışına bir də,
Çətin bu sevdadan daşına bir də,
Qayıdıb on doqquz yaşına
bir də
Mənim göyərməyə bir ümidim var.
Bu dünya
əlimi sıxdı,
sıxmadı,
Bu tale sonuma çıxdı, çıxmadı,
Yazına, qışına baxdı,
baxmadı,
Mənim göyərməyə bir ümidim var.
Döydü yaz günündə
xəzanlar məni,
Yazdı daş üstünə
yazanlar məni, -
Çalıb çağıracaq ozanlar məni,
Mənim göyərməyə bir ümidim var.
Axır damarımda işıqlı
bir qəm,
Bir sirli-sehrli od içindəyəm.
Eşqin "Mənsuriyyə" zirvəsindəyəm,
Mənim göyərməyə bir ümidim var!..
Əzizim Zabil Pərviz! Sən çoxdan göyərmisən. Göyərməyin
bir yana, qollu-budaqlı bir ağaca çevrilmisən.
Yarpaqların solmasın!
Sevgi və sayğı
ilə.
Rüstəm Behrudi
Ədəbiyyat qəzeti. -2020.- 29 fevral.
– S. 7.