MÜƏLLİM
O, bütün həyatını
ana dilinə, öz xalqına və müsəlman
dünyasının problemlərinə həsr etmişdi.
1852-ci ildə Krımın Bağçasaray şəhərində
dünyaya gəlmiş, dini təhsil alaraq bir müddət
Moskva Hərbi Məktəbində oxumuş, sonra krımlı
uşaqlara müəllimlik etmiş, İstanbula, Parisə
getmiş, bir müddət də yazıçı Turgenevin
katibi olmuş, daha sonra yenidən ölkəsinə geri
dönmüşdü.
Gəmidən
düşən kimi ortası qara, kənarları ağ panama
papaqlı bir ingilis məmurla burun-buruna gəldi. İngilis əlini
açıb: "Pasport!", - deyə
qışqırdığında cibindən rus imperatorluq
pasportunu çıxarıb uzatdı. İngilis əliylə
"arxamca gəl" işarəti göstərərək
qabağına keçib irəli yeridi.
1912-ci ilin
fevralın 4-də Misirin Ağdənizdəki liman şəhəri
Port Səiddə gəmiyə minmiş, on bir günlük
yorucu yolçuluqdan sonra Hindistanın Bombey şəhərinə
gəlmişdi.
Mərkəzində
bir milyon insanın yaşadığı Bombeydə hər
millətdən insan vardı. Yüksək binalar, dəbdəbəli
sarayların yanısıra yoxsulluq xirtdəkdən idi. Şəhərə
hakim olan ingilislərin diqqətindən heç nə
yayınmırdı.
Kömrükdəki
ingilis məmurunun ingiliscə suallarına rusca və
fransızca cavab verdi. Məmur eynəyinin arxasından diqqətlə
onu başdan-ayağa süzdükdən sonra gözəl bir tələffüzlə
rusca ona suallar verməyə başladı. Yanında gətirdiyi
kitabların xaricində başqa əşyası varmı deyə
soruşdu. Məsələn silahı?
Gülərək:
"Mən bilim adamıyam", - dedi.
İngilis məmurunun
necə bu qədər gözəl rusca
danışdığına heyrətləndi, soruşdu. Məmur
dili bir neçə il əvvəl Bombeyə gələn bir
rus həkimindən öyrəndiyini dedi.
Kömrük nəzarətindən
sonra əşyalarını bir öküz arabasına
yükləyərək tövsiyə edilən Vartsan otelinə
getdi. İşçilərin hamısı ingilis geyimli və
ingilis tipli hindlilər idi. Təqlidin və dəyişimin beləsinə
heyrət etdi. Oteldən çıxınca gözünə dəyən
hər şeydə ingilisi və ingiliscəni
görürdü.
O, bütün həyatını
ana dilinə, öz xalqına və müsəlman
dünyasının problemlərinə həsr etmişdi.
1852-ci ildə Krımın Bağçasaray şəhərində
dünyaya gəlmiş, dini təhsil alaraq bir müddət
Moskva Hərbi Məktəbində oxumuş, sonra krımlı
uşaqlara müəllimlik etmiş, İstanbula, Parisə
getmiş, bir müddət də yazıçı Turgenevin
katibi olmuş, daha sonra yenidən ölkəsinə geri
dönmüşdü. İndi isə Krımda "Tərcüman"
adında bir qəzet çıxarırdı. Qəzet Səmərqənddən
Bakıya, Tehrandan İstanbula qədər hər yerdə
oxunur, təqdir edilirdi. Qəzetin şüarı "dildə,
fikirdə, işdə birlik" idi. Buxara əmirindən
Osmanlı padşahına qədər məsələnin
vacibliyini qavrayan hər məsul şəxs onu dəvət edərək
iltifatlara boğmuşdu. Amma o, nə iltifatlara, nə də
mükafatlara dəyər verirdi. Bir tək arzu ilə
yaşayırdı, o da öz xalqının və müsəlmanların
təhsilli, məlumatlı olması və qabağa getməsi
idi.
Bu qədər
uzun yolçuluğu gözə alması və heç bilmədiyi
bir bölgəyə gəlməsi də bu məqsədi
daşıyırdı. Milyonlarla müsəlmanın ingilis əsarətində
necə yaşadığını gözləriylə
görmək istəmişdi.
Oteldə bir gecə
dincəldikdən sonra şəhər mərkəzinə
çıxdı. Gəzdiyi yerlərdə gördüyü
ingiliscə lövhələrdən narahat olurdu. "Maariflənmə
yolunda" başlıqlı məqaləsində "bu
halı gördükdən sonra atəşim daha da yüksəldi",
- deyə yazırdı.
O, həyəcan
və əsəbi halda müsəlman alimlərinə və
yerli başçılara baş vurur. Onlara ana dillərində
oxuyub-yazmağın vacibliyindən bəhs edir. Əgər istəsələr
onlara 40-50 gündə bunun öhdəsindən necə gəlinir
deyə söz açsa da, onu dinləyən olmur.
Uzun və yorucu
tədqiqatlardan sonra kəşmirli və əsilzadə bir ailədən
gələn Muhamməd Azadi adında biriylə tanış
oldu. Azadi 5-6 il Bağdadda təhsil almış, türkcə
öyrənmiş və ölkəsinə geri
dönmüşdü. Ona pul qarşılığında
müəllimlik təklif edər. Azadi qəbul edincə də
ona oteldə on günə ana dilində və ərəb hərfləriylə
necə yazılacağını öyrədər.
Muhamməd Azadi
müəllimliyə hazır olan kimi Bəndi Bazarının
yanındakı Cümə məscidinin qarşısında məktəb
üçün yer kirayələr. O, şirin ləhcəsiylə
hadisəni belə nəql edər:
"Cüma məscidinin
qarşısında məktəbxana icarə etdim və ən
lazım olanı tədarük etdirdim. Rumi martın 2-də
cüma namazından sonra
nümunə məktəbin duası icra edildi".
Məktəb
açılır, müəllim təyin edilir, amma şagird
yoxdur. Praktik düşüncəsiylə ona da çarə
tapır. Şəhərin ingilis və cücərati qəzetlərində
pullu məktəblə bağlı iki məqalə yazır.
Məqaləni oxuyan bir Osmanlı iş adamı, Bombey
qazısı və qırxa yaxın insan verilən ünvana gəlirlər.
O, öz ölkəsindən
minlərlə kilometr uzaqda şəxsi puluyla kirələdiyi
və məktəb halına gətirdiyi yerdə müraciəti
üzərinə toplanmış insanlara üz tutub belə
deyər. Dedikləri Muhamməd Azadi tərəfindən tərcümə
edilməkdədir:
"Mən sizin
əziz vətəninizə gələrkən, əliboş gəlmək
istəmədim, qardaş ərməğanı olaraq bir milyon
ingilis lirası gətirməyə qərar verdim".
Dinləyicilər
təəccübləndilər. Bir milyon ingilis pulu heç də
az miqdar deyildi. Söhbətinə davam edir:
"Sonra
düşündüm ki, sizin ölkəniz Hindistanda 80 milyon
insan vardır. Bunların ən az 9-10 milyonu tələbə
olmalıdır. Əgər bu pulu onlarla
bölüşdürsəm, hər birinə bir günlük
kömək edə biləcəm. Bu səbəbdən bu
fikrimdən daşındım. Sizə "üsuli-səvtiyəni"
(yeni bir metodu) gətirim dedim, bu metodla 40-50 gün içərisində
uşaqlarınız və təhsilsizləriniz ana dilinizdə
oxuyub-yazmağı öyrənsin, xoşbəxt olsunlar. Bu,
sizcə, bir milyon ingilis lirasından daha dəyərli
deyilmi?".
Dinləyicilər
bu gözəl örnək qarşısında sevincdən
gülümsəyir və onu hərarətlə
alqışlayarlar.
O toplantıda
hazır gözləyən dörd hindli gənc yeni
açılmış məktəbdə oxumağı qəbul
edirlər. Ana dilində yazmağı öyrənmiş olan
Azadi onlara dərs verəcək, müsəlmanların
yaşadıqları dörd önəmli vilayətə
göndərəcək, onlar da orada məktəb açaraq
müsəlman uşaqlara ana dillərində yazmağı
öyrədəcəkdilər. Metod isə asan və praktik
bir metoddur.
Müəllim
Azadinin bir neçə aylıq maaşını, məktəbin
kirayə pulunu və tələbələrin xərclərini
öz cibindən ödəyərək, könlü rahat bir
şəkildə iki həftə sonra məmləkətinə
doğru yola çıxdı.
Ölkəsinə
geri döndükdən sonra da Bombeydə
açdığı məktəbin taleyi ilə
maraqlandı. Amma iki ay sonra orada tanış olduğu Hacı
Ali Arslan və Hacı Abdurrahmandan gələn məktublardan
kefi pozuldu. Məktubda Muhamməd Azadinin iki ay sonra məktəbi
buraxıb Bağdada getdiyi, tələbələrin
dağıldığı və məktəbin
bağlandığı yazılırdı. O, vəzifəsini
yerinə yetirmişdi, amma təəssüf ki, müsəlmanlar
hələ də yuxuda idilər.
Bombeydə xarici
güclərin müsəlmanlar üzərindəki hakimiyyəti,
onların dillərinin, mədəniyyətlərinin
basqısından dolayı "başına hərarət
vuran", müəllimlik əzmi ilə iki həftə
içərisində dindaşlarının uşaqlarına məktəb
açan şəxs müsəlman dünyasının ən
böyük ziyalılarından biri olan İsmayıl
Qaspıralı idi. İliklərinə qədər gerçək
bir ziyalı, çalışqan bir müəllim,
şüurlu bir müsəlman idi.
1883-cü il
aprelin 23-dən 1914-cü il sentyabrın 24-də vəfatına
qədər çıxardığı və öz
övladı kimi sevdiyi "Tərcüman" qəzetinin hər
sayında təhsildən, maariflənmədən bəhs
etmişdir.
O, 1881-ci ildə
yazdığı bir məqaləsində belə deyirdi:
"Geri
qalmışlığımızın tək səbəbi cəhalətimizdir.
Avropada nəyin icad edildiyinə və ya nələr
olduğuna dair heç bir məlumatımız yoxdur. Bu
izolyasiyadan çıxmaq üçün bunları
oxumağı bacarmağımız lazımdır: Avropa fikirlərini
yenə avropalı qaynaqlardan öyrənməliyik. İlk və
orta məktəblərimizin proqramlarına bu dərsləri
qoymalıyıq ki, göz bəbəklərimiz, yəni tələbələrimizin bu fikirlərə əli
çatmalıdır".
Qaspıralıdan
günümüzə yüz ildən çox zaman
keçmişdir. Onun toxunduğu problemlərin çoxu hələ
də eyni şəkildə önümüzdə
durmaqdadır. Bütün bu problemləri aradan qaldırmaq
üçün Türkiyənin onun kimi gerçək
aydınlara, cəsur ürəklərə, fədakar və əzmli
müəllimlərə ehtiyacı vardır.
O günün
çətin şərtlərinə rəğmən
özünü gah İstanbula, gah Bombeyə ataraq oralarda bir
işıq yandırmaq ümidiylə hər cür fədakarlığı
gözə alan Qaspıralının xalqı onun
ölümündən tam 40 il sonra ruslar tərəfindən
heyvan daşıyan vaqonlara doldurularaq Sibirə sürgün
ediləcək, minlərcəsi yolda öləcək, minlərcəsi
isə 45 il sonra geriyə dönmək üçün hər
cür çətinliyi gözə alacaq, amma nə Buxaradan, nə
Bombeydən, nə də İstanbuldan onlar üçün
yetərli bir səs duyulacaqdır. Doğrudur, Türkiyə
gec də olsa Qaspıralının xalqı üçün bəzi
yardımlar etdi, amma bu yardım oradakı insanların
yarasına məlhəm olmayacaqdır.
Halbuki, müsəlman
dünyası nə etsə Qaspıralının
qısacıq ömründə onun üçün etdiklərinin
qarşılığını ödəyə bilməyəcəkdir.
Ədəbiyyat qəzeti. -2020.- 29 fevral.
– S. 8.