Özümə məktublar
Sonetlər çələngi
I
Keçdi
alın yazın dərd köynəyindən,
Bələndi
sükuta ömür çölləri.
Tale
ağacından fələk uçurtdu -
Bu gün
ümid adlı göyərçinləri.
Matəm
bayrağıtək qara gecələr
Asılıb bəxtinin
divarlarından.
Bəlkə
Tanrının da xəbəri yoxdur,
Asıbdı
özünü divar arından.
Yol gedir min bəla, xətər
içində,
Hara aparırsan
qan-tər içində, -
Bu ki,
ömür deyil, bir qara daşdı.
Tənhalıq
yolunda "kimsən, ay adam",
Sonuncu ümid də
yıxıldı atdan,
Əzab selə
döndü, ağrılar daşdı.
II
Əzab selə
döndü, ağrılar daşdı,
Tənhalıq
yelkəni üzdü ömürdə.
Hönkürə-hönkürə
sonuncu arzu
Donmuş əllərini
üzdü ömürdən.
Duyğular
hıçqırdı varaqlar üstə,
Misra
yollarında qələm yoruldu.
Son haray əlini
çırpdı dizinə,
Sonuncu nəğmənin
gözləri doldu.
Yaxın uzaq
oldu, uzaqlar yaxın,
Gözü
aydın olsun qara torpağın, -
Köksü
ömürlərin son güman yeri.
Göz
yaşı qoxuyur bütün gileylər,
Ömrü
qarış-qarış ziyarət eylər, -
Son ağrı -
ölümün gündoğan yeri.
III
Son ağrı -
ölümün gündoğan yeri, -
Sonun əvvəlidir,
əvvəlin sonu.
Üzünə
üzünü qoyduğun torpaq,
Sənə
pıçıldayar kim olduğunu.
Əzab
cığırları, zülüm yolları,
Həmişə
bir əlçim səbrdən keçir.
Bütün
olacaqlar, bütün olanlar,
Nə
yaxşı bir qarış qəbirdən keçir.
Daha göz
yaşları gərəyin deyil,
Taleyinə
düşən qismətə əyil,
Ölüm də
Tanrının bir naxışıdı.
Gözləri
kor olub, sözləri görür,
Divara
hörülmür, divarlar hörür, -
Son nəfəs
- dünyanın əhləd daşıdı.
IV
Son nəfəs
- dünyanın əhləd daşıdı,
Daşdı
daşlığından daşıdığım daş.
Məni bəndə
doğub, bəndə böyütdü,
Bəndənin
vurduğu bənddəyəm, qardaş.
Bir vergül
düşübdü alın yazımdan,
Bir ömür
bir sətri oxuyammadım.
Gör neçə
illərdir bu ömür üstə,
Qara bayraq kimi
yellənir adım.
Son söz - son
harayım, son həyəcanım.
Bir şam
işığında qurtaraq, canım,
Sən bu tilsimdən,
mən bu ovsundan.
Yol üstünə
gəlir, bu yoldan çəkil,
Bir qarış
torpağın gözü yol çəkir, -
Nə durub
baxırsan dərd quyusundan.
V
Nə durub
baxırsan dərd quyusundan,
Götür sətir-sətir
ömrünü oxu.
Tale
qarğışıdı, bəxt qınağıdı,
Sətirlər
içində sözün yoxluğu.
Dil töküb
yalvarma bəxt qapısında,
Daha bu taleyə
ögeysən, yadsan.
Büküb qoy
həsrəti gözlərin altda,
Bir az göz
yaşının tamını dadsın.
Təslim
bayrağıdır bəyaz tellərin,
Üstünü
qar basıb daha illərin,
Üşüyür
bu ömrün ocağı, odu.
Hər
sözün içində bir ulu sirr var,
Ömür məktubunda
bircə sətir var; -
Kəsilmiş kəndirin
- getdiyin yoldu.
VI
Kəsilmiş kəndirin
- getdiyin yoldur,
Yol kimi
qırılmış kəndiri ağla.
Ağrı
sularında qərq oldu ömür,
Ümid
bayrağını endirib, ağla.
Dilimin ucundan
yıxıldı bu söz,
Dilimin ucunda
göynəyi qaldı.
Bəxt də
sinəsindən gəldi gülləyə,
Əlimdə bir
qanlı köynəyi qaldı.
Bax, fələyin
daşı necə ağırdı.
Bir
ömürün fəryadı, qərib ahıdı -
Sözün
yaxasına sancılan ağrı.
Mənanı
misradan ilmə-ilmə çək,
Bir kimsə yol
bilib ordan keçəcək -
Aç
alnından keçən o lal cığırı.
VII
Aç
alnından keçən o lal cığırı,
Geyib
ayağına dolaş bu ömrü.
Nə qədər
gəlməyib əcəl dumanı,
Vaxtdır,
misra-misra gəl, aş bu ömrü.
Taleyin tənhalıq
yolu başlayır,
Bu səbri,
dözümü ətəyindən tök.
Ömürlük
ibadət edənlər kimi,
Özün
öz içində özünə diz çök.
Fələk
başlayıbdı əkin-biçinə,
İllər
damcı-damcı yağdı içinə,
Bu ömür
badəsi beləcə doldu.
Daha arzulara salma
mehrini,
Saxla ürəyində
sözün sehrini,
Bəlkə bir
ümidə bələdçi oldu.
VIII
Bəlkə bir
ümidə bələdçi oldu,
Bu ağrı
köynəkli sonuncu misra.
Bu keçib
getdiyin ömür-gün deyil, -
Yovşanlar
ulayan səhradı, səhra.
Doğma balan
kimi oxşa bu dərdi,
Ağrılar
içində çabala, qıvrıl.
Kimsəsiz
qapıdı taleyin indi,
Adın bu
qapıda paslı bir qıfıl.
Bəxtini az
axtar, daha az ara,
Dən gəzən
sərçətək qonub yollara,
Sənin ləpirlərin,
sənin izlərin.
Bu dərdi
qarşıla, bu dərdi ötür,
Arzu dəsmalını
qəlbindən götür,
Sil göz
yaşlarını qəmli sözlərin.
IX
Sil göz
yaşlarını qəmli sözlərin,
Dolaş
misra-misra dərd küçəsini.
Fələk
yük eyləyir bir qarışqaya,
Yüz illik bir
ömrün düşüncəsini.
Kimdir unudulan,
kimdir unudan,
Açıqdır
qapısı unutqanlığın.
Səbr
daxmasının küncündə otur,
Özünə
uzaq ol, sözünə yaxın.
Kim səni
çağırır kimin səsiylə,
Dolubdur tənhalıq
kişnərtisiylə,
Ömrün dərələri,
ömrün düzləri.
Səbr
ağrı çəkir, dözüm tövşüyür,
Ora baxmaq olmur,
baxış üşüyür, -
Kədər
güzgüsüdü indi gözlərin.
X
Kədər
güzgüsüdü indi gözlərin,
O güzgüyə
baxan gözlər ağlayır.
Ömür
kitabının hər cümləsində,
Fikirlər
hıçqırır, sözlər ağlayır.
Kədər o
ağrılı baxışlarını,
Bayram libasıtək
əyninə geyir.
Köksündən
yaralı bir əsgər kimi,
Ümid
dizin-dizin sürünüb gedir.
Axır
duyğuların günahsız qanı,
Bu ömür
bir canın qara zindanı, -
Arzular, ümidlər
qarıyır - orda.
Bu nida bir səsin
qara üzüdür,
Tale dərd
aynası, qəm güzgüsüdür, -
Ölüm
saçlarını darayır - orda.
XI
Ölüm
saçlarını darayır - orda,
O yerin
ünvanı tanışdır, canım.
Qüdrətin
çatırsa misralarımı,
Ölümün
dilində danışdır, canım.
Göz
yaşı içində üzür duyğular,
Ürəyi bir
misra kiritmək olmur.
Ümidlər əriyir
güney qantək,
Ömrü sel
basıbdı, yerimək olmur.
Bu ömür
boşalır köhnə yurd kimi,
Uzaqda ulayır əcəl
qurd kimi,
Yiyəsiz at kimi
kişnəyir yollar.
Danışma,
üşüyür ümid səsindən,
Bir bax öz
ömrünün pəncərəsindən,
Tale
çöllərinə qar ələnir, qar...
XII
Tale
çöllərinə qar ələnir, qar,
Ümidlər dən
gəzən sərçə kimidir.
Ömründən
asılmış gecədən soruş,
Bu əzab qoxulu
gecə kimindir.
Kimin ümidinə
qoyub gedirsən,
Bu kövrək
arzunu, körpə diləyi.
Daha dilin üstə
söz çiçəkləmir,
Əsir
dodağında xəzan küləyi.
Bir yol əl eyləyir
baxışlarında,
Üzüb gedəmmədi
göz yaşlarında, -
Çevrildi bu
qayıq, sındı bu avar.
Sonuncu
ağrıya yüklənib köçün;
Bu son
harayını basdırmaq üçün, -
Ömrün o
başında bir qarış yer var.
XIII
Ömrün o başında
bir qarış yer var,
Gəl orda binə
qur, imarət eylə.
Orda bir
parça daş göyə sancılıb,
Gəl sancıl
o daşa qiyamət eylə.
Yığıldı
bu ömrün ayağı altdan,
İllər
naxış-naxış xalılar kimi.
Gəl
özün-özünə danış bu ömrü,
Alması
düşməyən nağıllar kimi.
Daha ümid olub
bir əlçim yalan,
İndi o əlçatmaz
illərə boylan, -
Gör səni
kim gəzir, arayır - orda.
Son sözün
içində göyərdi bu səs
Daha heç bir
ocaq onu isitməz,
Üşüyür
bir daşın harayı - orda.
XIV
Üşüyür
bir daşın harayı - orda -
Orda alov-alov
kişnəyir sükut.
Açılır
qapısı qara torpağın -
Özünü
özünə orda çıraq tut.
Hələ
yaşanmamış neçə illərin,
Külünü
başına tökərsən orda.
Vallah, səndən
başqa görən tapılmaz,
Ağamı,
yoxsa ki, nökərsən orda.
Qoy fələk
bu sətri söz-söz oxusun,
Gey təzə qəbrini
mübarək olsun.
Bu nimdaş
ömrünü soyun əynindən.
Bax, bu da son
gediş, bu da son səfər,
Daha indən belə
dərdin bəxtəvər,
Keçdi
alın yazın dərd köynəyindən.
XV
Keçdi
alın yazın dərd köynəyindən,
Əzab selə
döndü, ağrılar daşdı.
Son ağrı -
ölümün gündoğan yeri,
Son nəfəs
- dünyanın əhləd daşıdı.
Nə durub
baxırsan dərd quyusundan,
Kəsilmiş kəndirin
- getdiyin yoldu.
Aç
alnından keçən o lal cığırı,
Bəlkə bir
ümidə bələdçi oldu.
Sil göz
yaşlarını qəmli sözlərin,
Kədər
güzgüsüdü indi gözlərin, -
Ölüm
saçlarını darayır orda.
Tale
çöllərinə qar ələnir, qar...
Ömrün o
başında bir qarış yer var -
Üşüyür
bir daşın harayı orda.
Balayar Sadiq
Ədəbiyyat qəzeti. -2020.- 29 fevral.
– S. 9.