“İlin alimi” diplomu təqdim olunub

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda növbəti elmi şura keçirilib

 

Elmi şuranı AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib. İlk olaraq “İlin alimi” diplomları təqdim edilib. “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan ədəbiyyatşünaslıq elmi sahəsində 2019-cu ildə səmərəli fəaliyyətinə görə təltif olunub.

 

Akademik İsa Həbibbəyli Azər Turanın fəaliyyəti barəsində çıxış edərək bildirib ki, Azər Turan Azərbaycan elminin, ədəbiyyatının, ədəbi-ictimai fikrinin inkişafında özünəməxsus mühüm rolu olan tanınmış, görkəmli Azərbaycan ziyalılarından biridir. Azərbaycan ronamtizminin banilərindən olan Hüseyn Cavidin həyat və yaradıcılığının, cavidlər ailəsinin öyrənilməsində çox böyük xidmətləri var. Əli bəy Hüseynzadənin fəaliyyətini, onun fəlsəfəsini, xidmətlərini öyrənmək baxımından da Azər Turan özünəməxsus yol açıb. Sözün əsl mənasında Azər Turan “Ədəbiyyat qəzeti”nin inkişafında öz mərhələsini yaradıb. Bu, 85-dən çox yaşı olan qəzetin inkişafında xüsusi mərhələdir. Ədəbiyyat İnstitutunun elmi şurasının qərarı ilə ona ilin alimi adının verilməsi onun xidmətlərinin qiymətləndirilməsi deməkdir.

 

Eyni zamanda “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan təşəkkür nitqində bildirib ki, İsa müəllimin dediyi sözlər ona görə əhəmiyyətli və dəyərlidir ki, bu sözlərin arxasında İsa müəllimin imzası və nüfuzu dayanır. “Ədəbiyyat qəzeti” ona görə bu keyfiyyətə yüksəldi ki, mənim baş redaktor kimi fəaliyyətə başlamağım İsa müəllimin Ədəbiyyat İnstitutuna gəldiyi dövrə təsadüf etdi. Biz bu işləri paralel, bir yerdə gördük. Mənə elə gəlir ki, Ədəbiyyat İnstitutu da özünün ən parlaq dövrünü İsa müəllimin simasında yaşayır.

 

Daha sonra Şükufə Vəliyevaya, Gülnar Qənbərovaya və Elxan Nəcəfova “İlin gənc alimi”  diplomları təqdim olunub. Həmçinin institutun əməkdaşlarından Tehran Mustafayev və Lütviyyə Əsgərzadə 60, Musa Məmmədov 80 illik yubileyləri münasibətilə təltif ediliblər.

 

Gündəlikdəki digər məsələlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında  Sərəncamı və qarşıda duran vəzifələr və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq “Tədbirlər planı”nın müzakirəsi və təsdiqi idi. Həmçinin İnstitutun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə həsr olunmuş nömrəsinin çapa hazırlanması haqqında məsələ də müzakirə edilib.

 

İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli “Elmi kadrlar” Milli İnformasiya Sistemində İnstitutun bazasının formalaşdırılması istiqamətində görülən işlər haqqında  məlumat verib.

 

Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov “2019-cu il üçün elmlər və fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul olanların elmi rəhbərlərinin və mövzularının təsdiqi” və digər məsələlərlə əlaqədar çıxış edib.

 

Günədlikdə olan həmin məsələlərdən sonra institutun elmi katibi Mehman Həsənli digər işlər haqqında məlumat verərək, çapa tövsiyə olunan kitab və məqalələri elmi şura iştirakçılarına  təqdim edib, İnstitutda işə davamiyyətin vəziyyətini diqqətə çatdırıb.

 

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Ədəbiyyat qəzeti. – 2020. – 29 fevral. –S.21.