Vurulduğum qadınlar
“Mən”
olmağın tarixçəsindən
Qadınlarla
ilgili xatirələrimi iki qızla tamamlayım, çünki
ikisi də yaşamım üçün önəmli oldu.
Birincisi yaraşıqlı alman qızı İnqaborq Rula idi.
Biz tanış olanda mən buna yüngül sevgi macərası
kimi baxırdım. İnanmıram, İnqa başqa cür
baxaydı. Ancaq bir neçə ay sonra dedi ki, hamiləyəm.
Mən indi abort məsələsinə lap katoliklər kimi
ciddi yanaşıram. O çağlar isə qanmazdım. Dedim
istəyirsən, pul tapım abort elə. Qayıtdı ki,
Almaniyaya gedib ata-anamla məsləhətləşməliyəm.
Getdi və gələndə söylədi ki, uşağı
saxlayacam. Bundan sonra İnqaya dedim ki, gəl onda münasibətlərimizi
dəyişdirək, hər gün səninlə gəzintiyə
çıxmağa hazıram ki, uşaq sağlam doğulsun.
Elə də etdik.
Almaniyaya getməmişdən
qabaq İnqa soruşdu ki, bəlkə evlənək? O, evlənmək
üçün çox yaxşı qız olsa da deyə
bilməzdim, axı, mən yalnız
azərbaycanlıyla evlənmək istəyirəm. Onun
üçün də söylədim
ki, mən Almaniyada, sən Azərbaycanda yaşaya bilməzsən.
Uşaq doğulanda məktubda soruşdu ki, adını
Ştefan qoymaq istəyirəm, razısan? Deməyəcəkdim
ki, "Elturan" qoy, razılaşdım. Sonra bir məktub
da gəldi ki, atasını səni yazım? Dedim yaz. Məktub
gəldi ki, səni yazsam aliment verməli olacaqsan. Yazdım ki,
İnqa, mənim maaşım müəllim
maaşıdır (deyəsən, 120 rubl idi). Bunun alimenti qəpik-quruşdur.
Əvəzində səsi böyük çıxacaq. Deyəcəklər
ki, fəlsəfədən dərs deyən Niyazi Mehdiyev
Almaniyaya aliment göndərir. Beləcə, atamı başqa
qadınla evləndiyi üçün uzun sürə ürəyimdə
qınayan mən oxşar davranışı etməklə
özüm də ayıb bir iş gördüm. Dilarəyə
evlənənəcən İnqaya sevgi dolu məktub
yazırdım ki, tək uşağı
böyütdüyü üçün təskinlik tapsın.
Sözsüz, Almaniyada təkcə uşaq böyütmək
Azərbaycanda təkcə uşağı böyütməkdən
qat-qat asan idi, ancaq bu da mənim hərəkətimi uşaq
baxımından doğrultmur. Evlənəndən sonra
İnqaya qabaqlar yazdığım sevgi məktublarını
yazmaq mənə ikiüzlülük kimi ağır gəldi,
sadə məktub yazmaqsa ona travma olardı. Ona görə də
yazmağı dayandırdım. Güman daha yaxşı
variant tapmaq olardı, ancaq buna kişiliyim, mərdliyim
çatmadı. İndi keçmişə baxanda bunu aydın
görürəm.
Ştefanın
4-5 yaşı olanda kasıbçılıqdan başqa bir
ayıb işim oldu. İnqa uşaqla Moskvaya gəlmişdi ki,
mən də gedib onu görüm. Pulum olmadığından
getmədim. Bundan sonra İnqa məndən lap incidi. Bəxtimdən
o çağ anam, qardaşım Mehdi Moskvada Elçinin
yanında idilər, onlar Ştefanı gördülər,
şəkil çəkdirdilər.
90-cı illərin
birinci yarısında İnqa ilə Elçinin Latviyadakı
xanımı Elianora telefonla danışırdı, sonra
ilişgiləri kəsildi. Elçin mənə söylədi
ki, deyəsən, İnqagil başqa şəhərə
köçüblər. Ancaq 2000-ci iləcən və sonra da
kiçik oğlum Toğrul (Toto) tez-tez soruşurdu. mənim
"alman" qardaşım haradadır, niyə onu
tapmırsan? Tapmaq üçün "Google"-da
yazmışdım, bir şey çıxmamışdı.
Köməyə dostum gözəl filosofumuz Əli Abbasov
çatdı. Onun oğlu Almaniya vətəndaşı idi. Məktubdakı
ünvana zəng vurub İnqa ilə danışdı,
Ştefanın elektron poçt ünvanını soruşdu.
İnqa söylədi ki, özündən icazə alım,
razı olsa, verərəm. Razılıq verdiyi
üçün 2006-cı ildə Ştefana birinci məktubu
yolladım. Normal mehriban məktub yazmışdım, normal nəzakətli
cavab aldım. İkinci məktubda fotosunu istədim, içimdə
soru məni oyurdu, görəsən, necədir,
yaraşıqlıdır, yoxsa yapışıqsızdır?
35-36 yaşlı Ştefan mənə 24-25 yaşının
şəklini yolladı. Görünürdü ki, əlinə
nə keçib onu yollayıb, mənə yaxşı,
maraqlı görünməyi vecinə almadan ən zay şəklini
yollayıb. Bu foto məni ruhdan saldı, surətpərəst
olmasam da, bir az heyifsiləndim - mənim psixolojimdə olan
axmaqlığın, nankorluğun nəticəsi, - elə bil
qızıma oğlan seçirdim, onun üçün
heyifsilənirdim.
Vəziyyət
dostum Fəxrəddin Bağırlı fotoya baxanda dəyişdi.
Əli ilə Ştefanın üzünün aşağı
yarısını örtüb dedi: gör necə Orxana
oxşayır?!
Oxşartı məni
şoka saldı, qaşları, yanaqları, alnı.
Ştefana
növbəti məktubum daha geniş oldu. Sonrası məni
şaşırtdı. Bir həftə, iki həftə
gözlədim cavab gəlmədi. Bir məktub da yazdım yenə
cavab gəlmədi. Düşündüm ki, deyəsən,
ona maraqlı deyil yazışmanı davam etmək. Bir aydan
sonra elektron poçtuma nəzakətli məktub gəldi,
anladım ki, elə-belə yazışmanın həvəskarı
deyil. Mən də bu ritmi tutdum. İsveçrəyə
konfransa hazırlaşanda yazdım ki, filan vaxtda Cenevrədə
olacam, istəsən, gəl görüşək. Dedi gələrəm,
ancaq gəlmədi, heç nədənini də yazmadı. Mən
də soruşmadım. 2011-ci il dostum Kamalın sayəsində
Mayntsda konfransa gedəndə Ştefan Berlindən ora gəldi
və ilk dəfə görüşdük.
Görüşümüz qəribə oldu, qucaqlayıb
öpməyi qondarma saydığımdan əllə
salamlaşdım. Üç dörd günü bir yerdə
keçirib xeyli söhbət etdik. Bizim
görüşümüz konfrans iştirakçıları
üçün hadisə oldu, çünki bildilər ki, 35
yaşında oğlumla ilk görüşümdür.
Hamının başında incəsənət tarixində min
cür oynanmış "bir-birini tapmış ata-bala"
paradiqması işə düşdü. Şöhrətpərəstliyim
mənim də mutluluğuma bu paradiqmanı qatırdı,
Ştefanın isə heç bir allüziya vecinə deyildi.
Sadəcə, nə adam olmağımı bilmək istəyirdi.
Sağ olsun Kamal, Mayntsda yaşayan azərilər, fürsət
düşəndə ona sezdirirdilər ki, atan yaxşı,
sayılan adamdır.
Bundan bir az sonra
o, 3 günlük Bakıya, - yanıma gəldi
(qardaşlarının, onların anasının nə adam
olduğunu görməliydi, axı). Sonrakı illərdə hər
il birhəftəliyə gələndə ata-bala siqaret çəkə-çəkə
ləzzətlə söhbət edirik. İndi artıq
Ştefanı bala kimi duyuram və görürəm ki, o da məni
atası kimi çox istəyir. Bax, bu ata-bala ilişgisindən
keçmişə baxanda necə öz günahlarımı
görüb utanmayım, hərçənd mən
İnqanı aldatmamışdım.
O biri önəmli
sevgi əhvalatım İnqadan sonra Bolqarıstan türk
qızı Eylüldə ilə oldu. O, sentyabrda
doğulduğu üçün atası (vəkil idi) bu
adı vermişdi. Eylüldə sarısaçlı, bədənində
hər şey yerində olan "dünya gözəli" idi.
20 yaşı olardı və Moskva Dövlət Universitetinin
filologiya fakültəsində oxuyurdu. Yadımda deyil kim onu mənimlə
tanış etmişdi. Qardaşım Elçin deyir, mən.
Ağlabatandır, çünki Eylüldə onun
yaşadığı yataqxanada olurdu. Mənim Eylüldəyə
vurulmağım təkcə gözəlliyinə görə
deyildi. Moskvada dünyanın hər yerindən o qədər
gözəllər vardı ki, gözəlliyin
sarsıdıcı etgisi zəifləyirdi. Onun məhz türk
qızı olması mənim kimi türkçü
üçün "sarsıdıcı zərbə" idi
və gözəlliyi bundan sonra gəlirdi. Eylüldə
Bolqarıstanda bolqarca oxuyub bolqarca əla bilsə də
türkcə təmiz danışırdı.
Danışığında, davranışında naz-qəmzə
olmayan mərd qızların cizgiləri vardı.
Cin Şinoda
Bolen belə bir kitab yazmışdı: "Hər qadında
özünü göstərən Tanrıçalar". O,
Yunqun analitik psixolojisindən "arxetip" (ilkin tip)
anlayışını götürərək yunan
tanrıçalarının hər birini ayrıca arxetip kimi
açmışdı. Daha sonra dünyadakı qadın
xarakterlərinə uyğun tanrıça arxetipinin
işığından baxmışdı. Bu baxışlardan
yanaşsaq, deyə bilərik ki, tutalım, Məhsəti Gəncəvi
Afrodita tanrıçasını təcəssüm (sufi
termini ilə desəm, təcəlli) etmişdi. Çünki
bu tanrıça gözəllik və
yaradıcılığı özündə birləşdirən
ilahə idi.
Mən
Şinodun öyrətisi ilə 2000-ci ildən sonra
tanış olmuşdum. Ancaq indi Eylüldəyə
heyranlığımın nədənini düşünəndə
görürəm ki, onun xarakterində
çarpazlaşmış Artemida və Hestiya arxetipləri məni
tutmuşdu. Artemidanın yunan mifolojisində göstəriciləri
belə idi: ovçuluq tanrıçası, mərdlik,
döyüşkənlik kimi xasiyyətləri özünə
qatır. Artemida həm də bakirədir, o anlamda ki, kişilərdən
asılı deyil. Onun elə bir iç dünyası var ki,
kişilər üçün əlçatmazdır.
Özü-özünə yetərli olan, yəni
başqalarının rəyindən, rəğbət və
nifrətindən asılı olmayan qadınlarda Artemida arxetipi
güclüdür. Eylüldənin bu xasiyyəti məni
tutmuşdu (yadıma salıram ki, Ağdamda Əminə
xalamda da, Ellada da Artemidalıq vardı).
Bolendə Hestiya
yaxşı zövcələrin tanrıçası kimi ev
ocağının qoruyucusudur. Eylüldə də bu sifətlər
Artemidalıqla çarpazlaşırdı. Buna görə də
bir yerdə yaşayanda onun özü ilə, otaqla bağlı
səliqəsi, təmizkarlığı mənim ürəyimi
almışdı. Hərçənd sonra etdikləri məni
şoka saldı. Aspiranturanı bitirib Bakıya gedəndə
mən ona davamlı məktublar yazırdım, deyəsən,
evlənməyi də eyham vururdum. Bir də gördüm daha mənə
cavab vermir. Moskvaya getdim və dostlardan eşitdim ki, Eylüldəni
başqa oğlanlarla görürlər.
Görüşümüz oldu, eşitdiklərimi dedim.
Özünü onunla təmizə çıxardı ki,
qardaşının ağır xəstəliyi ona dərd
olub, fikrini dağıtmalı olub. Çox axmaq, Artemida və
Hestiya tanrıçalarına yaraşmaz bəhanə idi.
Onunla sağollaşdım, Elçinin otağına gedib bir
şüşə konyak içdim (eşitmişdim ki, dərd
çəkəndə içməlisən, beləcə iki
daşın arasında "dərddən içən
oğlan" teatral rolunu oynadım). Ertəsi elə bir məclis
qurdum ki, burada olanlar deyiləsi
deyil və onun da ertəsi Eylüldənin ürəyimdə
izi-tozu da qalmadı. Mən ilk dəfə özümə mat
qaldım. Məntiqcə uzun sürə dərd çəkməliydim,
həsrətlə Eylüldənin peşman olmasını
gözləməliydim. Əvəzində dəhşətli
şirinliyi, gözəlliyi olan bu türk qızının
magiyası məni tam buraxdı. Qardaşım Elçin bu
yaxınlarda boynuna aldı ki, o vaxt fikir çəkirdi ki, mən
Eylüldənin dərdini çəkə-çəkə
özümü alçaldacam və görəndə ki, elə
olmadım, rahat nəfəs aldı.
Niyə mən
bir günün içində Eylüldəni unutdum? Bəlkə
elə incimişdim ona görə? Bilmirəm, analiz yapmağa
da həvəsim yoxdur. 20 il sonra xanımımla Bolqarıstana
istirahətə gedəndə öz-özümə dedim, nə
olar, Eylüldə qarşıma çıxa. İndi
düşünürəm ki, iridöşlu, qarınlı,
kök qoca arvaddır, sağdırsa.
Artemida
tanrıçasının təzahür etdiyi qadının
bir özəlliyi onun iç dünyasında kişilər
üçün bilinməz, anlaşmaz, əlçatmaz qalan
ruh aləmidir. Bunu götürəndə belə
çıxır ki, Eylüldənin mərdliyinə
yaraşmaz davranışı bilmədiyim bu dünyadan
doğmuşdu. Yaxşı ki ona evlənmədim.
Mən ikinci dəfə
özümə mat qaldım xanımım Dilarə ilə evlənəndən
sonra. Uzun sürə özümü sağalmaz şorgöz,
Don Juan bilirdim. Dilarə ilə evlənəndən bir
neçə il sonra gördüm ki, demə, mən bircə
qadına bağlı olan adamlardanam. Niyə? İndi
düşünürəm ki, o mənim üçün Boyu
uzun Burla xatın təcəssümü idi, yanındakı
qızlara (qohum-qardaşa, rəfiqələrə, onların
balalarına, öz balalarımıza, Ştefana)
qayğıkeş olan gözəl-göyçək və ərdəmli
xanım!
Boyu uzun Burla
xatın mənim Bolen arxetiplərinə öz əlavəmdir,
məncə, qondarma əlavə deyil. Gənc qızlara məsləhətim
odur ki, Bolenin tanrıçalar arxetiplərini oxuyub öz
xasiyyətlərinə baxsınlar və özlərində
hansı xasiyyətləri gücləndirib, hansını zəiflətməyi
düşünsünlər. Oğlanlar da, pis olmaz ki, bu
arxetiplərdən istədikləri qızlara baxıb,
onların xasiyyətlərini bilsinlər.
Niyazi Mehdi
Ədəbiyyat qəzeti. – 2020. – 29 fevral.
–S.22.