Planetləşmiş
şüur nəyə qadirdir?
İnsanlıq
Birlik idealında
II məqalə
Kainatın subyekti olan İnsan -
Meqasosiumda öz yerini müəyyən edə bilməklə
şüur aktını bütün istiqamətlərdə
reallaşdırmaq imkanı qazanır. Hər bir şüur
fenomeni üçlüyün vəhdət xüsusiyyətlərinə
malikdir: 1) Hər şeyi qismən öz ətrafında cəmləmək;
2) hər şeyi daha çox özündə cəmləmək;
3) ən yüksək özündəcəmləmə yolu ilə
onu əhatə edən bütün digər mərkəzlərlə
birləşmək. Şəxsiyyətlərin bir araya gəlməsi
ilə universallaşma fərdi xüsusiyyətlərdən məhrum
subyektlərin xəlitəsi, qarışığı olmur, əksinə,
bu proses - diferensiasiyalı, dürlü vəhdət
yaradır. Sistem böyüdükcə, sosial qrupların, cəmiyyətlərin
meqasintezi belə bir fərdiliyiqoruma proqramı ilə baş
verir və bu, universallaşan dünyanın
özünügerçəkləşdirmə üsuluna
çevrilir.
Planetin fiziki-geoloji-antropogen proseslərindən
tutmuş mənəvi-kosmik proseslərinədək
bütün mühüm təkamül xüsusiyyətlərini
sistemli təhlil etməyin klassik örnəklərini
yaratmış P.Şarden və V.Vernadski, təbii ki, Yer
planeti üzərində qlobal sivilizasiya məkanının
formalaşması şərtlərinə və amillərinə
də böyük diqqət yetirmişlər.
P.Şarden əsaslandırılmış
elmi təhlillər və mükəmməl fəlsəfi qənaətlərlə
sübut edir ki, bəşəriyyətin vəhdət durumu -
onun mövcudluğunun ən təbii, immanent vəziyyətidir.
Maddi həyatda olduğu kimi, mənəviyyat həyatında
da sistem daxilində elementlər müxtəlifliyin vəhdəti
prinsipi ilə harmoniyalaşmağa can atır.
Özünütəcrid və özündəntəcrid vəziyyəti,
strukturdaxili ekspansiya maddi-mənəvi (sosial) sistemin inkişaf
stimullarını dağıdır: "Təkamül -
şüurun getdikcə artmasıdır. Şüurun
artması isə - birləşməyə doğru hərəkətdir".
Hazırda Yer planeti özünün
meqasintez epoxasını yaşayır, "Yer kürəsinin
bütün düşünən elementləri individual və
kollektiv olaraq ona tabe olur". Yer noosfer sivilizasiyası onu
kamillik mərhələsinə yüksəldəcək təkamül
qanunauyğunluğuna və potensiyasına malikdir. İnsan - bəşəriyyətin,
bəşəriyyət - həyatın, həyat - universumun tərkib
hissəsidir. Universum öz təbiətinə və
ölçüsünə görə homogen
böyüklüyə malikdir: "Şüurun harmonikləşmiş
birgəliyi - şüurüstünlüyünün
özünəməxsus bir növünə ekvivalentdir".
Şüurun planetləşməsi onu o səviyyəyə gətirib
çıxarır ki, burada noosferə və sosial əlaqələrin
hiperorqanik təbiətinə tamamilə realist
baxışı hazırlamağa dəyər.
Planetləşmiş şüura malik
olan müasir insan - tarixi zaman və getdikcə genişlənən
məkan koordinatlarında homosivilizasiyanın universal dəyərlərini
öz varlığında toplayan və əks etdirən şəxsiyyətdir.
Şəxsiyyətin kamilləşməsi - onun daxil olduğu
universumun özünüquruluşlama və harmonikləşmə
stixiyasıdır. "Mən" (Eqo) - mahiyyətcə
universaldır, universallıq - "Mən"də cəmlənir
və fərdiləşir. Bu mənada İnsan - həm Kosmos,
həm də onun elementidir.
Universumda aramsız olaraq konsentrasiya və
sintezləşmə aktı tamamilə labüd,
qarşısıalınmaz prosesdir: "Noogenezin perspektivlərində
zaman və məkan həqiqətən insanlaşır və
ya daha çox fövqəlinsanlaşır. Qətiyyən
bir-birini istisna etmədən universum və insan eyni bir istiqamətdə
artıb böyüməkdə davam edir və eyni zamanda vəhdət
məqamına çatır... Gələcəyin Universumu -
omeqa nöqtəsində yalnız fövqəlinsan ola bilər";
Yalnız özündə insan şəxsiyyətini yerləşdirməyə
qadir olan personallaşmış universum əbədi
mövcudluğundadır.
Dünyanın qlobal vəhdəti
özünün "orqanik-planetar dayağını" yaradır
və ümumplanetar enerjinin bərabər paylanmasını tələb
edir. Bu qanunauyğunluq bəşəriyyətin maddi və mənəvi
enerjisinin istismar yolu ilə planetin ayrı-ayrı mərkəzlərində
cəmlənməsini istisna edir. Dünya imperializminin
mövcudluq forması olan bu qeyri-bərabər paylanış
qlobal sivilizasiya məkanının formalaşma proseslərinə
zidd tendensiyaları qidalandırır. Buna görə də hər
cür imperiyanın əksinə olaraq, dünyanın daxilən
qloballaşması, "Yer Ruhunun birgə
yaradılması" istiqamətində bəşəriyyətin
səyləri birləşməlidir.
Dünyaquruluşu və
dünyaquruculuğunun təbiət və sivilizasiya (Materiya və
Ruh) tarixini vahid inkişaf qanunauyğunluğunda təhlilə
alan, elmi və fəlsəfi fikrin bu prosesə böyük təsir
və yönəldici effektini xüsusi nəzərə
çarpdıran V.Vernadskinin fundamental nəzəri qənaətlərinə
görə, "geoloji təkamül prosesi bütün
insanların bioloji vəhdəti və bərabərliyinə
cavab verir", "Yer planeti üzərində öz həyatı
ilə bir vəhdət təşkil edən bəşəriyyət"
- qlobal noosfer sivilizasiyasının yaradıcısına, onun
elmi fikri isə - "planet hadisəsinə" çevrilir:
Bu, təbiətin qanunudur. Bütün irqlər öz
aralarında qaynayıb-qarışır və verimli nəsil
törədirlər.
Tarixi prosesin yeni mərhələsində
insanlıq universal yaşam prinsiplərinin daha əlverişli
modellərini yaratmaq imkanlarını açır. Tarixdə
ilk dəfə olaraq xalqların maraqları və ayrıca
şəxsiyyətin azad fikri bəşəriyyətin
universal həyatında bir-birinə dayaq olur ki, bu da ədalət
haqqında təsəvvürlərin ölçü və
miqyasını dəyişir. Özünü
bütövlüyündə dərk edən bəşəriyyət
qüdrətli yaradıcı qüvvəyə çevrilir...
Müasir sivilizasiya nəzəriyyəsinin
banilərindən biri A.Toynbi ümumdünya tarixini lokal
(qapalı) sivilizasiyaların (ilk variantında 21, sonrakı
ixtisarda 13 sivilizasiyanın) yaranış, inkişaf, tənəzzül
və məhvolma mərhələlərini keçən
proseslərin ardıcıllığı kimi təqdim edir.
Eyni zamanda, o, sivilizasiyaların kontaktından daha mütərəqqi
ümumbəşəri dəyərlərin yaranmasını
tarixi təkamülün ən mühüm mənası
sayır. Zərurət budur ki, "bizim tarixi
düşüncəmizi vahid sivilizasiya kateqoriyaları ilə
düşünməyədək genişləndirmək
lazımdır", çünki getdikcə "dünya daha
çox vəhdət şəklində olmalıdır".
Bəşəriyyətin sivilizasion inkişafının bir
çox fundamental nəticələrini müəyyən edən
A.Toynbi belə hesab edir ki, "tarix Kainatın dərki
üsullarının çoxluğu arasından ən
mühüm aspektini - bəşəriyyətin
mövcudluğunu Kainatın
özünümövcudlaşdırması kimi
açır". Tarixçinin qənaətinə görə,
"sivilizasiya - mədəniyyətin özünümüəyyənləşdirməsində
çatdığı elə bir həddir ki, burada o, ümumbəşəri
və ya qlobal sivilizasiya ola bilər". Ümumiyyətlə,
A.Toynbi birtərəfli "avropamərkəzçiliyinə"
qarşı dayanaraq, bəşəriyyətin tərəqqisini
mənəvi kamilləşmə, primitiv animistik inanclardan
universal din vasitəsilə gələcəyin vahid sinkretik
dininə doğru təkamül şəklində dəyərləndirir.
Qlobal sivilizasiyanın
formalaşmasının siyasi-fəlsəfi qaynaqlarında
mühüm yer tutan konsepsiyalardan biri - mondializmdir. Mondializm
konsepsiyası Qərbin "Soyuq müharibə"də tam qələbəsindən
xeyli əvvəl meydana gəlib. Bu konsepsiyanın mahiyyəti
belədir: Elə bir zəruri dövr gələcək - bu,
tarixin zirvə anı kimi - tam planetar inteqrasiya baş verəcəkdir,
yəni dövlətlər, xalqlar, millətlər, mədəniyyətlər
vahid dünya məkanı yaradacaqlar.
Getdikcə daha çox rasional-praktiki
keyfiyyətlər əldə edən mondializm beynəlxalq təşkilatlanmaların
ideya prinsiplərində, bəzən də aparıcı layihələrində
önəm daşıyıb. H.Devisin "Dünya
konfederasiyası uğrunda universal hərəkat", iri
ABŞ bankiri Morqanın yaratdığı "Beynəlxalq
Münasibətlər Şurası", Vilderberq qrupu fəallarının
təşkil etdiyi "Üçtərəfli komissiya"
(Trilateral) mondialist strategiyanı dərinləşdirib və
davam etdirib. Lakin Amerika Birləşmiş
Ştatlarının dünyada qüvvətlənməsi
fonunda mondializm getdikcə atlantizm və amerikanizm xarakteri kəsb
etdiyindən, bu konsepsiyanın əsas ideya mövqeyi zədələnib.
Halbuki, yeni reallıqlara uyğun olaraq onun planetar mahiyyətinin
miqyası qorunmalı, təhrif edilməsinə yol verilməməli
idi.
K.Santorun rəhbərlik etdiyi Milan Beynəlxalq
Siyasi Tədqiqatlar İnstitutunun işləyib
hazırladığı konsepsiyaya görə,
üçüncü minilliyin başlanğıcında bəşəriyyət
ikiqütblü dünya mərhələsindən
çoxqütblü, mondialist dünyaya keçid
dövrünü yaşayır. Bu prosesdə dünya dövlətlərinin
mənafe tarazlığının yaradılması
tendensiyasının dərinləşməsi mondialist
strategiyanı birtərəfləşmədən qoruyan və
dünya ictimaiyyəti tərəfindən dəstəklənən
güclü bir istiqamətdir.
Dünya siyasi-fəlsəfi fikrinin təkamülündə
qlobal-universal ideyaların formalaşmasını diqqətlə
izlədikdə bəlli olur ki, həmin ideyaların rasional
rüşeymə və praktiki dəyərliliyə malik
olanları bəşəriyyətin orqanikləşməsi
prosesinin mənəvi dayağını təşkil
etmişlər.
Antik, İslam, Renessans fəlsəfəsi,
Avropa maarifçiliyi və XIX əsrin klassik Qərb fəlsəfəsində,
XIX-XX əsrlərin qovuşağında və bütün XX
əsr boyu Şərq və Qərbdə baş verən dini,
fəlsəfi, inqilabi-internasionalist hərəkatlarda bəşəriyyətçilik
- universalizm planetar inkişafın əsas ideologiyası olaraq
təməllənmiş, bir sıra hallarda isə kosmopolit və
radikal cərəyanlarda ifrat təzahürlərini
tapmışdır.
Tarixi internasionalizmin
saxtalaşdırılması - onun bir sinfin - fəhlə
sinfinin ideologiyasına çevrilməsi ("Bütün
dünyanın proletarları, birləşin!"), kommunizm
ideologiyasının da yenə bir dövlətin - SSRİ-nin
ekspansiya siyasətinə çevrilməsi və hər iki
platformanın uğursuzluğa düçar olması bu həqiqəti
bir daha təsdiq etdi ki, universal dünyaquruculuğu
ideologiyası süni və məcburi qaydada, birtərəfli
istiqamətdə - ayrı-ayrı siniflərin, sosial
qrupların, Transmilli Korporasiyaların, elitar birliklərin və
s.-nin mənafelərinə
uyğunlaşdırılmış şəkildə yeridilə
və gerçəkləşə bilməz, o, yalnız
bütün bəşəriyyəti təmsil edən dövlət
və xalqların bərabərhüquqluluğu şərtləri
daxilində məqbul sayılır və özünə
uğurlu perspektiv əldə edir.
Qlobal sivilizasiyaya doğru dünya
inkişafı və onun hansı keyfiyyətlər kompleksi
daşıması tarix, fəlsəfə, sosiologiya,
kulturologiya və qlobal siyasətdə dünya
sivilizasiyalarının araşdırılması kontekstində
də hərtərəfli təhlil obyektinə
çevrilmişdir. Bu tədqiqatların sistemləşməsi
- sivilizasiyalar nəzəriyyəsinin yaranmasına gətirib
çıxarmışdır. Sivilizasiyalar nəzəriyyəsinin
təkmilləşməsi, öz sahə predmetini dəqiqləşdirməsi,
metodologiyasını yaratması və mövcud situasiyada
qlobalistika ilə yanaşı, eyni tarixi kontekstə
çıxması isə öz növbəsində sivilizasiologiyanın
sosial-humanitar elmlər sistemində diferensiasiyasına zəmin
yaradır. Şübhəsiz ki, sivilizasiologiya ümumdünya
sivilizasiyaları prosesinin və bu kontekstdə qlobal
sivilizasiyanın formalaşması
qanunauyğunluqlarının öyrənilməsini daha sistemli
şəkildə həyata keçirəcəkdir.
Dünya tarixini sivilizasiyalar tarixi kimi
öyrənən və onu ayrı-ayrı baxımlardan,
müxtəlif elmi məqsəd və konsepsiyalarla
araşdıran tarixçi, antropoloq, sosioloq, kulturoloq və
siyasətçilər - M.Veber, N.Danilevski, E.Dürkheym,
O.Şpenqler, P.Sorokin, A.Toynbi, A.Veber, H.Elias, A.Krober, F.Berqli,
K.Kviqli, R.Kaulborn, K.Dauson, S.Ayzenştadt, F.Brodel, U.MakNell, A.Bozemən,
İ.Uollerstayn, F.Fernandes-Armesto, təbii ki, bu və ya digər
səviyyə, dərinlik, maraq və orijinallıqda qlobal
sivilizasiya və onun problemlərinə də münasibət
bildirmiş, onların bəziləri fərqli
sivilizasiyaların universal dünya sivilizasiyasında
konsentrasiyasını mümkün, bəziləri
qeyri-mümkün, bəziləri müəyyən məkan və
zaman şərtləri daxilində gerçəkləşə
bilən proses saymış və nəhayət, bu problemlə
fundamental şəkildə məşğul olan alimlərin əksəriyyəti
- fərqli mədəniyyətlər nüvəsində təşəkkül
etməkdə olan dünya sisteminin həmin fərqliliyi
saxlamaqla qlobal sivilizasiyaya doğru dönmədən təkamül
etdiyini göstərmiş və onun mahiyyətini
proqnozlaşdırmağa çalışmışlar.
Ancaq müasir dövrümüzdə də
fərqli sivilizasiyaların qlobal sivilizasiyaya transformasiyası
və yaxud onun tərkibində hansı formada isə
strukturlaşması sosial-humanitar elmlərin və beynəlxalq
siyasətin problemi olaraq qalır. Məntiqi olaraq, burada ən
təbii təkamül - fərqli sivilizasiyaların qlobal
sivilizasiyada strukturlaşmasını harmoniyanın əsas
prinsipi olan müxtəlifliyin vəhdəti modelində müəyyən
etməyi seçir.
Fəlsəfənin əsasını -
vəhdət, vəhdətin əsasını - harmoniya təşkil
edir. Buna görə də harmoniya fəlsəfəsi -
bütövlükdə qloballaşma proseslərinin və
xüsusilə də qlobal sivilizasiya quruculuğunun
ideya-konseptual qaynaqlarını konsentrasiya edən ən
mühüm metodoloji sistemdir.
Rahid
Ulusel
Ədəbiyyat
qəzeti. – 2020. – 29 fevral. –S.27.