Həyat ibrət məktəbidir
«Qatarda 18 əhvalat»
Aləm Kəngərlinin
"Qatarda 18 əhvalat" kitabında təqdim olunan hekayələr
yazıçının oxucunu cəmiyyətin içindən
keçirmək, oxucunun diqqətini həyatın hamıya
tanış mənzərələrinə, fərqli insan talelərinə
və hamı üçün ortaq olan ictimai problemlərə,
sosial düyünlərə
yönəltmək və düşündürmək,
gördüklərindən ibrət götürməyə, nəticə
çıxarmağa təşviq etmək istəyinin ifadəsidir.
Adından da göründüyü kimi, kitabda 18 əhvalat
nağıl edilir. Əsərdə baş verən hadisələrdə
məkan kimi konkret rolu olmayan qatar isə əhvalatları ipə
düzmək, bir araya gətirmək üçün
düşünülmüş rəmzi obrazdır. Onu zaman və
ya içində olduğumuz tarix kimi də başa
düşmək olar. Şərqdən Qərbə yol gedən
qatarın keçdiyi yolun üstündə bir-birinə bənzəyən
və bənzəməyən, ancaq yaşadıqları həyatı
yaxından tanıdığımız insanlarla, onların
başına gələnlərlə təmasda oluruq. Sonuncu əhvalatda
("33 il sonra") fantastikaya keçid edilməsi də
oxucunu real insan və həyat mənzərələrindən
və münasibətlərindən ayırmır, bu
günümüzlə gələcək arasında xəyali
körpü salır...
Azərbaycan ədəbiyyatşünaslığında
hekayə janrının təsnifatı ilə bağlı
vaxtilə "əhvalat hekayəsi" terminindən istifadə
olunub. Mir Cəlal Cəlil Məmmədquluzadənin hekayələrini
iki qrupa bölüb: portret hekayələri və əhvalat
hekayələri. Bu baxımdan, Aləm Kəngərlinin
kitabdakı hekayələri də
istisnasız olaraq "əhvalat hekayələri" kimi qəbul
və təhlil edilə bilər. Başlıca fərq
bundadır ki, yaradıcılığında gülüş
və kəskin satira aparıcı olan Cəlil Məmmədquluzadə
əhvalatları daha çox lətifə prizmasından təqdim
etdiyi halda, Aləm əhvalatlara maarifçi kimi
yanaşır, əhvalatlarla "tutub saxladığı"
həyat dramlarından çıxış yolunu ibrət
götürməkdə görür.
"Öz metoduna
görə realist, mövzusuna görə sosioloq
yazıçı" (Əsəd Cahangir) olan Aləm Kəngərlinin
sosial axtarışlarını
müəyyənləşdirmək baxımından
kitabdakı "Oğru" hekayəsi səciyyəvidir.
Əhvalatın məğzi bundan ibarətdir ki, ailəsində
maddi sıxıntılar olan, atası işləməyən
qız uşağı mağazadan şokolad oğurlayır.
Əslində, bu əhvalat müasir həyatımızın
yetişdirdiyi uyğunsuzluqdur, ictimai münasibətlərin
ziddiyyətindən doğur: hələ dünyanın
isti-soyuğunda bərkiməmiş insanı cinayətə
yaşayışın ağır şərtləri təhrik
edir. O da maraqlıdır ki, bu problem müasir Azərbaycan nəsrinin
diqqət mərkəzindədir. Həyat şərtlərinin
qurbanı olan oğru obrazları ilə gənc nasir Taleh
Mansurun hekayələrində də rastlaşırıq.
Talehin "Banan qoxulu alma" hekayəsindəki uşaq məhəllə
dükanından alma oğurlayır. Almanı evə gətirən
uşağın oğurluğundan heç kəsin xəbəri
olmasa da, sonradan o öz içində baş qaldıran səsin
təqibindən, vicdanının mühakiməsindən
qurtula bilmir. Meyvəqabına qoyduğu oğurluq almanı tez
oradan götürür, özünə yer tapa bilmir,
oğurluğunu gizləməyə yer axtarır.
"Cibindəki
almanın rəngi üzünə çıxan" uşaq
oğurluğun izini itirmək üçün həmin
almanı yeyir və cecəsini bağda torpağa
basdırır. Bununla öz günahını basdırmaq istəyir.
Ancaq torpaq günahı götürmür, uşaq
üçün vicdan əzabı "bitirir": uşaq həmin
yaz bağda cecəni basdırdığı yerdən alma
fidanının bitdiyini, alma tumundan zoğ cücərdiyini
görür.
Aləm Kəngərli
isə oğurluq etməsini uşağın özünün
deyil, cəmiyyətin vicdan əzabı
fonunda təqdim etməyə çalışıb. Müəllifin
mövqeyinə əsasən, ürəyi istəyən
şirniyyata möhtac uşağı oğurluğa vadar edən
cəmiyyət düşünməli, öz günahından
qurtulmağın yolunu axtarmalıdır. Acaq təəssüflər
olsun ki, cəmiyyəti təşkil edən insanlar,
ayrı-ayrı fərdlər çox vaxt günahkar
axtarışında olur, heç kəs məsuliyyəti
özündə görmək istəmir. Uşağı
marketin nəzarətçisi tutandan sonra ətrafdakı
insanların hərəsi bir mülahizə yürüdür,
"uşaqdır, qanmayıb" məntiqi ilə
uşağın səhvinə, əslində isə cəmiyyətin
günahına haqq qazandırmağa çalışır.
Burada ictimai psixologiyanın daha bir gizli düyünü
açılır: kasıb əksəriyyət varlı
azlığa ikrah bəsləyir. Bunun özü də
mövcud gerçəkliyin arzuolunmaz bir simptomudur.
Çoxluqdan fərqlənən mağaza sahibi tərəfindən
uşağın ailəsinə yardım üçün
"yüz manat mən verəcəm, adama beş manat da siz verəcəksiniz"
şərti ortaya gələndə isə qurbağa
gölünə daş atılmış kimi heç kəsdən
səs çıxmır. Cavan sahibkar fərqli və
lazımlı bir addım atır: uşağın atası ilə
görüşüb, ona münasib bir iş düzəltmək
qərarına gəlir...
Bu hekayənin məzmunundan
da göründüyü kimi, Aləm Kəngərlinin əhvalatları
daha çox bədii yaddaşın pritça ənənələrindən
qaynaqlanır.
Aləm Kəngərlinin
hekayələrinin "həm ənənəvi, həm də
orijinal" olduğuna diqqət yönəldən professor
Cavanşir Yusifli "Qatarda 18 əhvalat" kitabının
ön sözündə yazır: "Aləm Kəngərli
bu kitaba sığınan hekayələrində həqiqət
axtarışına çıxır, bu mətnlərdə
istənilən hadisəylə qarşılaşa bilərsiniz
- sevgi tarixçələrindən peşmançılıq
ifadə edən hadisələrə, bu günün, dünənin
ürək sıxan incikliklərindən gələcəyin
robot texnikasına qədər. Yəni Aləmin on səkkiz
hekayəsi nə qədər fərqli məqamlardan bəhs
etsə də, onları birləşdirən bağlar hər
an göz önündə olur".
C.Yusiflinin sözünə qüvvət olaraq onu deyə
bilərik ki, Aləmin hekayələrini birləşdirən
bağ təhkiyənin bütövlüyündə və ya fasiləsizliyində
deyil, mənbəyində, əhvalatları ortaya gətirən
məkan və zamanın məntiqindədir.
Kitabda Talehlə
Könülün uğursuz sevgi əhvalatı ("Qəfil
görüş"), bir dostunun təhriki ilə çörəkpulu
qazanmaq üçün vətəndən dərbədər
olub Ukraynaya getmiş Səfər kişinin vətən xiffəti
("Qürbətdə"), birlikdə ailəvi istirahətə
gedən iki qonşudan hər birinin fərdi xarakterinin "qar
altından üzə çıxması" ("Qaş
düzəldən yerdə"), öz istedadlı
şagirdinin dərsdən geri qalmaması üçün
gedib ona evlərində dərs verməyə hazır olan, şagirdinin ailəsindəki
münaqişəni həll etmək üçün
rahatlığı pozulan Sevil müəllimin fədakarlığı
("Missiya") gündəlik
həyatın ayrı-ayrı mənzərələridir.
Qatarın bu mənzərələr içində keçməsi
yazıçının ictimai baxışlarını,
narahatlıqlarını anlamaq baxımından
"katalizator" effekti yaradır, oxucu ilə mətn
arasındakı ünsiyyəti fəallaşdırır.
Oxucu mətnin təhriki ilə hekayədə qaldırılan
məsələnin həllinin axtarılmasına qoşulur.
Maraqlı əhvalat fonunda sosial problemin ictimai
düşüncədə əks-sədası yaranır.
Aləm Kəngərlinin
qaldırdığı ictimai mərəzlərin
önündə rüşvətxorluq gəlir.
Yazıçını narahat edən və
düşündürən ən ciddi məsələ
rüşvətxorluğun yoluxucu xəstəlik
olmasıdır. Boyunduruq kimi cəmiyyətin
boynuna keçirilmiş rüşvətxorluğun əhatə
dairəsi durmadan genişlənərək alın təri ilə
dolanan, yuxarı dairələrlə birbaşa
"alış-verişi" olmayan sadə insanları da
öz toruna salır.
"Sanatoriyada"
hekayəsində təqdim olunan Həsən kişi
qocalığın astanasında birhəftəlik sanatoriyaya
gedir, orada can rahatlığı tapmaq əvəzinə
rüşvət bataqlığına batır, bataqlıq onu
tədricən udub dibinə aparır. Ən maraqlısı da
budur ki, düşdüyü şəraitə görə Həsən
kişi özünü qınayır.
"Düşdüyü bu anlaqsız vəziyyəti sonra
beynində nə qədər təhlil etsə də, bir nəticə
çıxara bilmədi... "İlahi, biz nə vaxt düzələcəyik?"
- deyə xeyli düşündü, özünü
yüngülcə danladı"...
Formaca qaravəlli
poetikası ilə səsləşən "Dilənçi"
hekayəsi həm ictimai məzmununa, həm də sosial
problemin bədii həllini vermək üçün müəllifin
seçdiyi üsula, əsərin bədii quruluşuna görə
maraqlıdır. Cəfərxan kişi dövlətdən
aldığı təqaüdün müddətini uzatmaq
üçün baş idarəyə arayış almağa
gedir. Ancaq bir kağız parçasını vermək
üçün onu qapılar dalına salırlar və hər
qapının arxasında da onu vəzifəcə
aşağı, "xeyirxah" məmurlar gözləyir.
Balaca və "xeyirxah" məmurlar "işini qabağa
salmaq" üçün Cəfərxan kişinin əlinə
baxırlar. O isə zəncirvari ardıcıllıqla
qapıların arxasında oturanlara pul paylayır.
Hamımıza yaxşı tanış olan hər balaca məmur
isə özündən böyük məmurun
"haqyığanı" kimi yadda qalır.
Dünya
görmüş Cəfərxan kişinin parkda
rastlaşdığı mənzərə ilə rəsmi təşkilatlarda
gördükləri bir-birini tamamlayır: burada dilənçiliyi
özünə sənət etmiş insanların biri gedir, o
biri gəlir...
"Bahalı"
həyat tərzi təsəvvürü yaradan sanatoriyada
rüşvət bataqlığının udub
apardığı Həsən kişi kimi Cəfərxan
kişi də özünü
qarşılaşdığı eybəcərliyin toruna
düşmüş kimi hiss edir. Cəfərxan kişi bu toru
cırmağa, ondan çıxmağa acizdir:
"...parkdakı adamlardan
yardım istəyən növbəti dilənçi
qadının əllərini açıb ona tərəf irəlilədiyini gördü. Bu dəfə özünü itirmədi. Sağ əlini qabağa açıb sakitcə
dayandı. Qadının
yaxınlaşdığını görcək ondan kömək istədi:
- Ehtiyacım
var. Xahiş edirəm, əl tutasınız. Allah öz
mərhəmətini sizdən əsirgəməz...
Arvad diqqətlə baxsa da, heç nə başa düşmədi...
Cəfərxan
kişi isə əli havada uzalı özü
üçün ayırd etməyə
çalışırdı ki, bu hərəkəti dilənçilik
imitasiyasıydı, yoxsa o, həqiqətən əl
açıb dilənməyə hazırlaşır"...
"O
olmasın, bu olsun" adına görə Üzeyir bəyin məşhur
komediya qəhrəmanı Məşədi İbadı
xatırlatsa da, buradakı əhvalat xeyli fərqlidir. Hekayədə
diqqət hələ içində yaşamağa
alışmadığımız "informasiya cəmiyyəti"nin
doğurduğu komik vəziyyətə yönəldilir. Sosial
şəbəkədə özünə rus məşuqə
tapan Fərman müəllim çoxbilmişliyinin
güdazına gedir. Moskvada qarşısına gözlədiyi
kimi gözəl və gənc qadın deyil, günü keçmiş
qoca qarı çıxır...
Bu yazıda
"Qatarda 18 əhvalat"dan bəziləri haqqında öz
mülahizələrimi bölüşdüm. Şərqdən
Qərbə yol gedən əhvalatlarla dolu qatar isə dayanmadan
yaşadığımız tarixin içindən keçir və
qatarın pəncərələrindən həyatın əlvan
mənzərələri, üz cizgiləri görünür.
Dünyanın və ədəbiyyatın əbədi
axtarışlarının üz tutduğu ən geniş məkan
isə əhvalatları yaşayan insanların iç
dünyasıdır. Ümidvaram ki, qatarın növbəti səfərlərində
insanların nəhayətsiz iç dünyasının ənginliklərini
də görəcəyik.
Məti Osmanoğlu
Ədəbiyyat qəzeti.- 2020.- 29
fevral.- S.28-29.