Mənim halımdan
narahat deyil
daşdan baxan əziz anam...
Neoqəzəl...
Yaxamdan tutub soruşurlar, hardasan indi, harda?
Bilsinlər, elə bu sualın
çöküntüsündə gizlənmişəm.
***
Şübhələrdən
diksinib qulağımı şəkləməm,
çünki mən
Şübhələr içindəki ol yəqində
gizlənmişəm.
***
Fikir
arılarım qanad çalır zərrələr
arasında kimyagərlərtək
Düşüncənin bala çevrilən məqamında
gizlənmişəm.
***
Qəlbimdə
ötən quşun nəğməsi yeddi rəngdədi
O rənglərin
bahar cücərtisində, yaşılında gizlənmişəm.
***
Vaqon-vaqon
ötüb keçən qatar təkərlərinin
Əbədi simfoniyasındakı xoşbəxtliklərdə
gizlənmişəm.
***
Mənim
halımdan narahat deyil daşdan baxan əziz anam,
Çün,
vaqifdir halıma, kədər içindəki
ipəkdə gizlənmişəm.
***
Sevginin
itməməsi qanunum da var, biləsən,
Təbiət arxamda durur atamtək, vəhşiliyində
gizlənmişəm.
***
Qorxmaram
qaranlıqdan, diz çöküb təslim olmaram,
Mən beynimdəki şamların mumunda gizlənmişəm.
Başqa heç nə istəmirəm
Şəlaləyə
karantin məktubu
Mənə
heç nə lazım deyil
bircə
Amur sakit yatsın
biz
yanında pıçıldaşaq
söhbətləşək, arzulaşaq
onu xəyallarımızın
üstü ilə
məktəbə yola salaq
dərslərini öyrədək
tərslərini düzəldək
gündəliyinə baxaq
sevəcəyi qızı - sinif yoldaşını
biz də
bəyənək
hərdən deyinək
başqa
heç nə istəmirəm.
Ancaq
çox istəyirəm
bir
gün dəniz sahilində
qumluqda
oturanda
dalğalar sahilə atdığı butulkada
bir məktub
gətirsin bizə.
Tıxacını
çıxarıb
oxuyaq o
məktubu.
"Amur danışacaq, narahat olmayın!"
yazılsın o məktubda.
Başqa
heç nə istəmirəm
sonra
tale bizə
bir dəfnə
ağacının yarpaqları arasında
gözəlcə hörülmüş hörümçək toru
göstərsin
şehi
də üzündə.
"Amur xoşbəxt olacaq!"
yazılsın o torun üstündə
hörümçək əlifbasıyla
o
yazıdan başqa
heç
nə istəmirəm, heç nə.
Amur əyilib
öz ayaqqabısının
qaytanlarını gül şəklində bağlasın
başqa
heç nə istəmirəm, heç nə.
Qonşu
bağında şıllaq atan
keçilərlə oynasın Amur yenə
özü də bir çəpiş olsun
keçilərin içində
başqa
heç nə istəmirəm, heç nə.
Bağda
gəzişəndə
bir
yarpaq düşsün qarşımıza
üstündə belə yazılsın:
"Dalaşmayın,
hər şey yaxşı olacaq
dünyada heç kim ölməyəcək, heç kim!"
başqa
heç nə istəmirəm.
Mən
hazırda alça ilə
"vinçester" viskisi içirəm
Amurun sən
göndərən
şəkillərinə baxıram
vörd
açıb şeir yazıram
başqa
heç nə istəmirəm.
Bizə
yersiz nifrət edənləri də
bağışlamaq istəyirəm
ancaq
bacarmıram
mənə belə rahatdı
sizi nifrət
qalxanıyla qorumaq
daha
yaxşıdı
nifrət
daha möhkəm
daha
güclüdü
nifrət
sevgidən də
güclü silahdı.
Skleroz tənha
Bəs bu çəngəl niyə arxası üstədi?
Dayan
görüm
Axı mən onu bayaq üzü üstə qoymuşdum?
Yəqin,
kasada
dolmanı qarışdırandan sonra
bu
üzünə qoymuşam.
Olsun, bir şey deyil, razılaşıram.
Bəs,
bu
çaynikin altını mənmi yandırmışam?
Hə də!
Kofe
içmək istəyirdim axı!
Olsun!
İstəməyən
kor olsun
Verənin
oğlu olsun,
verməyənin qızı olsun
adı
da Fatma olsun
təndirə düşsün,
Qırmızı yansın.
Bu nə dəhşətdə?
Niyə yansın ki?
pay vermədiyinə
görə?
Dəhşət
demiş, əmoğlu,
bəlkə bura da baxasan
bu pəncərəni
sənmi açıq qoymusan?
Ağcaqanad dolur içəri.
Nəysə, yəqin, günortadan unutmusan.
Bəs, eynəyim hardadı, eynəyim-eynəyim?
Mən
çoxdan bilirdim, bu evdə kimsə var!
Apardılar yenə eynəyi.
Hara qoydu eynəyi o məlun alçaq?
Eynək hanı, eynək?
Bura nə
baxırsan,
soyuducuda
nə gəzir eynək?
Dayan
görüm
İnboksa məktub gəldi.
Hərfləri də güclə oxuyuram.
Amur neyniyir?
Barmağının ucunu öp dəə, Amurun.
Sən
çox xoşbəxt adamsan
Amurnan bir
yerdəsən
Onun hər
zır-zırına,
hər
dır-dırına qulaq asırsan.
Nolaydı
Amur indi yanımda olaydı
pampersini
özüm dəyişə biləydim,
iyi
burnuma vuraydı,
Nolaydı-nolaydı-nolaydı!
Amur oxuyur ee, "Tere-Qut, Tere-Qut!"
Kim bilir nə dilindədi?
Ola bilsin
qədim hunların ilahəsidi
Tere-Qut.
Bir ayini də
var
oxuyurmu
yenə?
"Yəbi-yübü,
Yəbi-yübü!".
Yəqin,
qədim hunlar bu ayinlə
Yağış çağırırmışlar.
Ya bəlkə darıxanda belə oxuyurmuşlar.
Ola da
bilsin, mənim kimi
nəyisə axtaranda belə oxuyurmuşlar.
Nə isə
Amurdan ötrü hərdən çox darıxıram.
O dəhşətli
darıxma bir dalğa kimi gəlir
İnan,
gəlib keçməsə
Azacıq uzun çəksə dəli olaram.
Bir də nə isə.
Alo, həə,
Tapdım
əşi, dolmanı qızdıranda
qazan
qapağını
eynəyin üstünə çevirmişəmmiş.
Qapağın
altından, həə!
Lələşin
o qədər də hərif deyil
Qazan qapağının altı sırf təhlükəsizdi.
Dayan
görüm,
qazın
üstündə nəsə qaynayır.
Yox, salamatçılıqdı.
Çaynik
qaynayırmış
Söndürdüm altını.
Narahat
olma,
qapını arxadan bağlamışam.
Bəs, o
resept hardadı,
Amurun resepti?
Bütün ciblərimi axtarmışam, yoxdu.
Sənədlərin içində də yoxdu.
Bəlkə sən aparmısan?
Bax
gör
çamadanın torlu gözündə deyil ki?
Gələndə mütləq alıb gətirməliyəm.
Reseptsiz vermirlər o dərmanı.
Dayan
görüm
Eynəyimi
yenə oğurladı bu alçaq
Kim olacaq?
Elə mənimlə burda yaşayır alçaq.
Sən də
lap dəhşətsən, canımçün,
Gör
kimə qısqanırsan ee, məni
Olmayan bir varlığa.
Sənin
Əziz
dostum Rəşid Süleymanova
Rəşid,
nə yaxşı ki, dünyada varsan,
Yaxşılıq tökülür əlindən sənin.
Ürəyin
var olsun, canın sağ olsun,
Tanrı muğayat olsun telindən sənin.
Göyçə
dərvişisən, bizə qarışdın,
Dərviş
ürəyinlə yanıb-alışdın,
Sözün
gözəlini seçib danışdın,
Yalan eşitmədik dilindən sənin.
Məsəl
var, xəncərə gümüş yaraşar,
İgidin
başında gözəl dolaşar,
Arifsən,
mahir də ovçuluğun var,
Sona əskik olmur gölündən sənin.
Aylar
dolanıram, illər aşıram,
Bu zalım dünyaya baxıb çaşıram.
Sən
verən nəmərlə aşıb-daşıram,
Bərəkət tükənmir pulundan sənin.
Köhnəqalam
burda sözünü sıxsın
Qələmi yavaşca vərəqə yıxsın.
Həmişə
qarşına yaxşılar çıxsın,
Tikanlar çəkilsin yolundan sənin.
Dəyir xətrimə
Bəhmənə
bir nəzirə
Dağlar
oğlu, elə kövrək olmuşam
Con da dəyir,
Cek də dəyir xətrimə.
Bir
arayış alammıram nə vaxtdı,
Komunal da, JEK də dəyir xətrimə.
Varı
olan papağı yan eyləyir,
Olmayanlar ahu-fəğan
eyləyir,
Marketlərdə
qiymətlər qan eyləyir,
Kassalarda çek də dəyir xətrimə.
Fəhmi
olur, zənni olur hər gözün,
Zərgər
kimi seyr edirsən sən özün,
Nə
şairin qiyməti var, nə sözün,
Oğru-quldur, "zek" də dəyir xətrimə.
Çox
vaxt həyat alçaqlara tac verir,
Ömrüm
bu cür zülümlərə bac verir,
Zər də
qısıb quyruğunu gec verir,
Şeş də dəyir, yek də dəyir xətrimə.
Qəzəblənib
şimşək kimi çaxıram,
Durulanda rəvan
olub axıram,
Ta, həyata
multfilmtək baxıram,
Tərs kimi, Şirek də dəyir xətrimə.
Bu bir tələdi
Gecənin
bətnindən əsdi bir külək,
Bütün binalarda işıqlar söndü.
Monitor da
öldü - sonuncu işıq
bir
qırıq şam tapdım qazın üstündən
yandırdım bəzəkli bir nəlbəkidə
sonra nə
etməli? - fikirləşirdim
almazla
doğranan düşüncələrim
beynimin
içinə səpələnirdi.
Birdən
uşaq səsi gəldi otaqdan
olmaya həzincə
dəli oluram?
Ürpənib
qorxaraq özüm özümdən
durub nəlbəkini
əlimə aldım
girdim
yan otağa: "kimdi ağlayan?"
rəqs
edən kölgələr mənə gülsə də
uşaq
ağlayırdı başqa otaqda
vahimə
içində əllərimdə şam
otaqdan
otağa keçib gəzirdim
uşaq
otağında ayı kuklası
sökülmüş pazllar mənə baxırdı.
Mən
qapını örtüb geri çıxanda
stula
atılmış uşaq paltarı
bir an rəqs
elədi öz kölgəsilə
güzgünün yanından ötüb keçəndə
qəfil
bir səs məni özünə çəkdi.
Döndüm
ki, güzgüdə biri dayanıb
əlində şam tutub nəlbəki yoxdu
baxdım,
güzgüdəki üzü qırışmış
qaməti
əyilmiş qoca kişidi.
"Burda nə gəzirsən?" - məndən
soruşdu
"uşaq ağlayırdı" - dedim mən
ona.
"Burda
uşaq yoxdu, heç kim ağlamır.
Çalış dəli olma, ehtiyatlı ol".
Kişinin
səsindən vücudum əsdi
Nəlbəki
oynadı, şam yerə düşdü
Aşağı
əyilib şamı götürdüm
Bu zaman zəng
gəldi telefonuma
Uşaq ağlayırdı zəngin yerində.
Tələsik
telefon tərəfə cumdum
Güzgüdəki
qoca qışqırdı mənə:
"Götürmə,
götürmə, bu bir tələdi!".
Murad Köhnəqala
Ədəbiyyat qəzeti.- 2020.- 4 iyul.- S.2-3.